Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1552/2023 19.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə, onun "xxxx" MTK-nın Ümumi Yığıncağının qərarı ilə payçı qəbul edildiyi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 181 E, 48 saylı mənzilə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Sosial Rifah Partiyası üçün ünvan 1 ünvanında, 12 mərtəbəli (+mansard) yaşayış və qərargah binası "xxxx" MTK tərəfindən tikilmişdir. Tərəflər arasında imzalanmış 3 iyul 2006-cı il tarixli müqavilədə razılaşdırılan qaydada binanın 2 mərtəbəsi Azərbaycan Sosial Rifah Partiyasına verilib. Mənzillər isə, paylarına müvafiq olaraq MTK-nın üzvlərinə təhvil verilmişdir. Binanın istismara qəbul edilməsi aktı Bakı şəhəri İcra Hakimiyyətinin 30 oktyabr 2014-cü il tarixli, 523 saylı sərəncamı ilə təsdiq olunub. 27 noyabr 2014-cü ildə həmin akt MTK tərəfindən cavabdehə təqdim olunub. xx.xx.2022-ci il tarixli ərizə ilə (Mənzilə dair MTK tərəfindən verilmiş Protokoldan Çıxarış və maliyyə arayışı əlavə edilməklə) cavabdehə müraciət edilib. Lakin, Cavabdeh- Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi 22 iyun 2022-ci il tarixli (N**********178) məktubu ilə əmlak üzərində hüquqlarımı dövlət qeydiyyatına almaqdan imtina edib. Buna səbəb kimi isə, həmin binada mənzillərin "xxxx" MMC-nin adına Dövlət Reyestrdə qeydə alınmamasıdır. İddiaçı qeyd etmişdir ki, "xxxx" MMC artıq təşkilati hüquqi formasını dəyişərək MTK-ya çevrilib. Buna dair sənədin surəti Reyestr Xidmətinə təqdim edilmiş ərizəyə əlavə edilib. Bundan əlavə, sözü gedən binada mənim təqdim etdiyi sənədlərə uyğun sənədlər əsasında 15 nəfərdən artıq sakinin mənzili artıq qeydiyyata alınmışdır. Onların bəzilərinin Bakı İnzibati Məhkəməsində iddiaları təmin edilib, Apellyasiyanın və Ali Məhkəmənin qərarı ilə birinci instansiya məhkəməsinin qərarları qanuni hesab edilib. Odur ki, cavabdehin onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməsini əsasız hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən mənzilin İddiaçı adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1552/2023 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** saylı ərizə ilə idarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 523 saylı sərəncamına əsasən verilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında sifarişçinin nümayəndəsi Azərbaycan Sosial Rifah Partiyası, podratçının nümayəndəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əlaqələndirici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********78 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, mənzilin ümumi sahəsi faktiki olaraq 110.4 kv.m təşkil edir və binanın 8-ci mərtəbəsində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55-ci və 56-cı maddələrində hüquqi şəxsin yenidən təşkili və hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi məsələsi öz əksini tapmışdır. Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında sifarişçi və podratçı hüquqi münasibətləri olmuş (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür), tikiltisi başa çatmış çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq "xxxx" Mənzil Tikinti Kooperativinin balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 57.2-ci maddəsinə əsasən təhvil aktı və bölünmə balansı hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş onun təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və nizamnamələrlə birlikdə yeni yaranmış hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxslərin nizamnamələrində dəyişikliklər edilməsi üçün təqdim olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətinə imtina olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubu; - Bakı Şəhər İcra Hakimiyyətinin 523 saylı xx.xx.2014-cü il tarixli Sərəncamının surəti; - “Tikintisi başa çatmış obyektlərin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının” Aktının (istismara qəbul edilməsinə dair) surəti; - "xxxx" MTK-nın üzvlüyünə qəbul edilməsi və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə 09 saylı protokoldan Çıxarış; - xx.xx.2022-ci il tarixli Maliyyə arayışı; - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktub; - cavabdeh orqanın xx.xx.2022-ci il tarixli etiraz məktubu; - xx.xx.2008-ci il tarixli Müqavilə.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Hazırkı mübahisə mahiyyət etibarı ilə Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən 1 girişli, 12 mərtəbəli yaşayış binasının, 1-ci girişinin, 8-ci mərtəbəsində yerləşən, 48 saylı mənzil üzərində hüququn dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən müvafiq çıxarışın verilməsi ilə bağlıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2022-ci il tarixli imtina məktubunda və xx.xx.2022-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əlaqələndirici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55-ci və 56-cı maddələrində hüquqi şəxsin yenidən təşkili və hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi məsələsi öz əksini tapmışdır. Azərbaycan Sosial Rifah Partiyası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında sifarişçi və podratçı hüquqi münasibətləri olmuş (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür), tikiltisi başa çatmış çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq "xxxx" Mənzil Tikinti Kooperativinin balansına verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İş materiallarından görünür ki, Azərbaycan Sosial Rifah Partiyasının Yasamal rayonu, Şərifzadə küçəsi, 3152-3156-cı məhəllə, A.M. Şərifzadə küçəsi, 181 E saylı ünvandakı 12 mərtəbəli (+mansarda) 1 girişli yaşayış və qərargah binasının (1 və 2-ci mərtəbələri partiya qərargahı, -3.30m səviyyəsində zirzəmi və -6.60m səviyyəsində qaraj) mövcud vəziyyətdə istismara qəbul edilməsi üzrə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 523 nömrəli xx.xx.2014-cü il tarixli “Yasamal rayonu, Şərifzadə küçəsi, 3152-3156-cı məhəllədə inşa olunmuş yaşayış və qərargah binasının mövcud vəziyyətdə istismara qəbul edilməsi üzrə dövlət qəbul komissiyasının aktının təsdiq olunması haqqında” Sərəncam qəbul edilmişdir. İş materiallarında olan, “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının Aktı”na əsasən Yasamal rayonu, A. M. Şərifzadə küçəsi, 3152-3156-cı məhəllədə 12 mərtəbəli (+mansarda) 1 girişli yaşayış və qərargah binası (1 və 2-ci mərtəbələri partiya qərargahı, -3.30m səviyyəsində zirzəmi və -6.60m səviyyəsində qaraj) istismara qəbul edilmişdir. İş materiallarında olan, "xxxx" MTK-nın üzvlüyünə qəbul edilməsi və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə 09 saylı protokoldan Çıxarışa əsasən "xxxx" MTK-nın üzvlüyünə və Bakı şəhəri, ünvan 8 ünvanda tikilən 12 mərtəbəli 1 girişli yaşayış binasının 8-kv.m olan 48 saylı mənzilə İddiaçı payçı qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İlkin-Y Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçıya ünvan 9 ünvanında yerləşən 1 girişli, 12 mərtəbəli yaşayış binasının, 1-ci girişinin, 8-ci mərtəbəsində, ümumi sahəsi 117,3 kv.m olan 3 otaqlı, 48 saylı mənzilin pay haqqı vətəndaş İddiaçı Firudin oğlu tərəfindən tam ödənildiyi və kooperativə borcu olmadığına dair Maliyyə Arayışı verilmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli Müqaviləyə əsasən, ünvan 9 ünvanında yerləşən 1 girişli, 12 mərtəbəli yaşayış binasının, 1-ci girişinin, 8-ci mərtəbəsində, ümumi sahəsi 117,3 kv.m olan 3 otaqdan ibarət, 48 saylı mənzilinə dair "xxxx" MMC, sonralar MMC adlanan "xxxx" MMC ilə İddiaçı(alıcı) arasında müqavilə bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci madəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: - (maddə 8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (mərkəzi və yerli icra hakimiyyəti orqanları) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (maddə 8.0.2) qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindənkeçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; (maddə 8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr,vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; (maddə 8.0.4) qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (maddə 8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (maddə 8.0.6) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); (maddə 8.0.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; - (maddə 8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - (maddə 8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - (maddə 8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; (-)... Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Hüquq sahibinin istəyi əsasında çıxarış kağız formada təqdim olunur, yaxud elektron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin olunur. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Məhkəmə cavabdeh inzibati orqanın iddiaya dair yazılı etirazında göstərdiyi imtina dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Kooperativ üzvlərinin yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi öhdəliyi daşıyır. Belə ki, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, həmçinin Mülki Məcəllənin 157.1-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, iddiaçı "xxxx" MTK-ya üzv qəbul edilmiş və onun ünvan 9 ünvanında yerləşən 1 girişli, 12 mərtəbəli yaşayış binasının, 1-ci girişinin, 8-ci mərtəbəsində, ümumi sahəsi 117,3 kv.m olan 3 otaqlı, 48 saylı mənzilin payçı olmasının təsdiq edilməsi qərara alınmışdır. "xxxx" MTK ünvan 9 ünvanında yerləşən 1 girişli, 12 mərtəbəli yaşayış binasının MTK-ya məxsus olması, mübahisəli yaşayış sahələsinin (mənzilin) pay dəyərinin payçı olan iddiaçı tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı vermişdir. Göründüyü kimi, "xxxx" MTK-ya məxsus ünvan 9 ünvanında yerləşən 1 girişli, 12 mərtəbəli yaşayış binasının istismarına xx.xx.2014-cü il tarixli (istismara icazə sənədi) icazə verilməsi və "xxxx" MTK-ya məxsus ünvan 9 ünvanında yerləşən 1 girişli, 12 mərtəbəli yaşayış binasının 1-ci girişinin, 8-ci mərtəbəsində, ümumi sahəsi 117,3 kv.m olan 3 otaqlı, 48 saylı mənzilin pay dəyərinin payçı olan iddiaçı tərəfindən tam ödənilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); və 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, iddiaçının "xxxx" MTK ilə yaşayış sahəsinə dair bağladığı müqavilə, ödəniş sənədi, binanın istismarına qəbul aktı mövcud olduğundan cavabdehin hüququn qeydə alınmasından imtinasının iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. Eyni zamanda cavabdeh inzibati orqanın imtina məktubunda və iddiaya dair yazılı etirazda göstərdiyi dəlillərin əsassız olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, məhkəmə cavabdehin imtinasını iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. “İnzibati icraat haqqında” Qanunun15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 61-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (maddənin 1,2,4-cü bəndləri). İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən mənzilin İddiaçı adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən mənzilin İddiaçı adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev