Məhkəmə qərarları › İş №2-1(112)-1552/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1552/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1552/2025 10.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddaçı İddiaçı məxsus Bakı Xətai rayonu, İlham Məmmədov küçəsində istifadəsində olan 0.0212 ha torpaq sahəsində yerləşən 17 nömrəli, 3 mərtəbəli fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınaraq adına çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı Xətai rayonu, İlham Məmmədov küçəsində istifadədə olan 0.0212 ha torpaq sahəsiində yerləşən 17 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində 1-ci mərtəbəsində, 49 kv.m ümumi, 28 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı nömrəli mənzil tam mülkiyyət hüququ üzrə vətəndaş İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəlli reyestr kitabının 1736 nömrəli vərəqəsində qeydə alınaraq, **********38-05101-093001 reyestr nömrəli və ********* qeydiyyat nömrəli xx.xx.2006-cı il tarixli Çıxarış verilmişdir. Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının 21 noyabr 2017-ci il tarixli, 319 saylı “köhnə evi sökərək, yeni yaşayış evinin tikintisinə icazə verilməsi haqqında” Sərəncama əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, İlham Məmmədov küçəsində istifadəsində olan 17 saylı fərdi yaşayış evinin sökülüb təqdim edilmiş layihəyə əsasən yenidən tikilməsinə icazə verilmişdir. Yeni fərdi yaşayış evinin layihəsi Bakı şəhər Xəyati İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş və layihəyə uyğun əvvəlki evin yerində 3 mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Qanun və Kostitusiyasının tələblərini rəhbər tutaraq Ərizəçi İddiaçı məxsus Bakı Xətai rayonu, İlham Məmmədov küçəsində istifadəsində olan 0.0212 ha torpaq sahəsində yerləşən 17 nömrəli, 3 mərtəbəli fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Qeydiyyata alınaraq adına çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2021-cü il tarixli 3-21-3-30/2- 10056-8/2024 / **********27 saylı məktubu ilə iddiaçının müraciətinə imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, fərdi yaşayaış evinə dair “Daşınmaz Əmlakın dövlət Reyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsində nəzərdə tutulmuş torpmaq sahəsi üzərində mülkiyyət,icarə və ya istifadə hüququnu təsdiq edən sənəd və sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq təsdiq edən sənəd təqdim olnmamışdır. Bundan başqa daşınmaz əmlakın reyestrində qeydiyyata alınmış mənzil sökülmüşdür və sökülmüş əmlak üzərində hüquqların ləğvinə dair notarial qaydasında təsdiq olunmuş ərizə təqdim olunmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********427 nömrəli xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci maddəsində nəzərdə tutulmuş torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd və sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd təqdim olunmamışdır. Bundan başqa, ərizəyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzil sökülmüşdür və sökülmüş əmlak üzərində hüquqların ləğvinə dair notariat qaydasında təsdiq olunmuş ərizə təqdim olunmamışdır. Qeyd olunanlarla yanaşı elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin bir hissəsi digər şəxsin (X7) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. Seriya MX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov küçəsində istifadəsində olan 0,0212 ha torpaq sahəsində yerləşən 17 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsndə, 49 kv.m ümumi, 28 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 1736 nömrəli vərəqində qeydiyyata alınmışdır. Xəzər Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 319 nömrəli Sərəncamından çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan İlham Məmmədov küçəsində 17 saylı fərdi yaşayış evinin sökülüb təqdim edilmiş layihəyə əsasən yenidən tikintisinə icazə verilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov küçəsi, 0.0212 ha torpaq sahəsində yerləşən 17 nömrəli, 3 mərtəbəli fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İddiaçı adı ilə bağlı ünvan 1 ünvanında yerləşən mənzilə dair arxiv qovluğunda saxlanılan sənədlər təqdim olunmuşdur. Həmin sənədlərdən görünür ki: -XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli orderdən görünür ki, həmin mənzil X3 ayrılmışdır. -xx.xx.2003-cü il tarixli vəsiyyətnaməsi üzrə vərəsəlik haqqında şəahdətnamədən görünür ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X2 vərərəsi X1r. -xx.xx.2004-cü il tarixli, № 219329 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X4 ona məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 49,0 kv.m, yaşayış sahəsi 28,0 kv.m olan 2 otaqdan ibərət mənzili alıcı X5 mülkiyyətinə vermişdir -xx.xx.2005-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X9 ona məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 49,0 kv.m, yaşayış sahəsi 28,0 kv.m olan 2 otaqdan ibərət mənzili alıcı X10 mülkiyyətinə vermişdir. -xx.xx.2006-cı il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X11 ona məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 49,0 kv.m, yaşayış sahəsi 28,0 kv.m olan 2 otaqdan ibərət mənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə təqdim olunmuş sənədlərdən görünür ki: -Seriya ÖM № 226919 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 49,0 kv.m, yaşayış sahəsi 28,0 kv.m olan 2 otaqdan ibərət mənzil X10 mülkiyyətində olmuş. -Texniki pasportdan görünür ki, mənzilin ümumi sahəsi 51,6 kv.m, yaşayış sahəsi 27,7 kv.m, köməkçi sahəsi 23,9 kv.m olmuşdur. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, təqdim edilən kadastr məlumatlarına əsasən ərazinin 53 kv.m hissəsi və həmin hissədə yerləşən İ tikilisi X6 məxsus əmlakla üst-üstə düşür. X7 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, İddiaçı məxsus olan çıxarışa və eskiz layihəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov küçəsi, 0,0212 ha torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinə çıxarışın verilməsinə etiraz etməmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 525.7 kv.m təşkil edir. Arxiv texniki pasportunda göstərilən qeydiyyata alınan mənzil faktiki olaraq sökülmüşdür. Bundan əlavə torpaq sahəsinin üzərində tikintialtı sahəsi 161.2 kv.m, həmçinin 1-ci mərtəbənin döşəməsindən 3-cü mərtəbənin tavanının altına qədər hündürlüyü 10.8 m olan üçmərtəbəli fərdi yaşayış evi və köməkçi tikililər inşa olunmuşdur. Sözügedən fərdi yaşayış evində mütəxəssis tərəfindən aparılan müayinə zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq aşırımlar arası məsafənin gözlənildiyi müəyyən edildi. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan “İ” tikilisi və torpaq sahəsinin bir hissəsi digər şəxsin (X7) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Beləliklə işin faktiki hallarından görünür ki, mübahisə predmetini təşkil edən əmlak ilk öncə order əsasında X3 verilmiş, onun ölümündən sonra həmin əmlakın sahibi X4 olmuş, daha sonra müvafiq mülki əqdlər əsasında əmlakın özgəninkiləşdirilməsi həyata keçirilmiş və xx.xx.2006-cı il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən son olaraq əmlakın mülkiyyətçisi İddiaçı olmuşdur. İddiaçı mənzili aldıqdan sonra, onun Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov küçəsində istifadəsində olan 0,0212 ha torpaq sahəsində yerləşən 17 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1ci mərtəbəsndə, 49 kv.m ümumi, 28 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı nömrəli mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirilmişdir. Daha sonra müvafiq yerli icra hakimiyyətinin sərəncamı əsasında həmin əmlak sökülmüş və eskiz layihəsinə uyğun olaraq fərdi yaşayış evinin tikintisi həyata keçirilmişdir. İddiaçı hazırda həmin əmlakın təyinatı üzrə mənzil deyil də fərdi yaşayış evi olduğunu nəzərə alaraq, əmlakın fərdi yaşayış evi kimi qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təminindən, torpaq sahəsinə dair sənədlərin olmaması əsası ilə imtina etmişdir. İddiaçı hazırda həmin imtinanın mübahisələndirir. Məhkəmə hesab edir ki, imtina qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə görə bu Məcəllənin 79- 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fəsadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazəsinin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə görə barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.5-ci maddəsinə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli, 695 saylı Fərmanının 4.7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Məhkəmə qeyd edir ki, MX № ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, İlham Məmmədov küçəsində olan 17 nömrəli, 1 mərtəbəli binanın 1ci girişində, 1-ci mərtəbəsində olan mənzilin yerləşdiyi 0,0212 ha torpaq sahəsinə dair iddiaçının istifadə hüquqları qeydiyyata alınmışdır. Yəni torpaq sahəsi vətəndaşın qanuni istifadəsində və sahibliyində olmuşdur. Məhkəmə araşdırması zamanı həmin sənədin, yəni reyestr qeydinin mötəbərliyini şübhə altına alan hər hansı bir əsasın mövcud olması müəyyən olunmadığı, eləcə də cavabdeh tərəfindən də həmin sənədin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmadığından, qeyd edilən çıxarış reyestrin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası prinsipi baxımından mötəbər sayılmalıdır. Qeyd edilənlər isə hüquqları dövlət qeydiyyatına alınmış toraq sahəsi üzərində Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının reyestrdə qeydiyyat alınması üçün əsas hesab oluna bilər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mütəxəssis rəyindən də göründüyü kimi iddiaçı tərəfindən fərdi yaşayış evinin inşası zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq aşırımlar arası məsafənin gözlənildiyi müəyyən olunmuşdur. Göründüyü kimi torpaq sahəsi iddiaçının qanuni istifadəsində və sahibliyində olduğu halda, həmçinin fərdi yaşayış evinin inşası eskiz layihəsinə uyğun həyata keçirildiyi halda, ən əsası isə həmin ünvanda əvvəlki əmlakın sökülüb və təqdim edilmiş layihə əsasında inşasına icazə Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 319 nömrəli sərəncamı əsasında həyata keçirildiyindən, mövcud olan sənədlər əsasında iddiaçının iddia etdiyi əmlakın təyinatı fərdi yaşayış evi olaraq, onun hüquqlarının qeydiyyatı həyata keçirilməlidir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, göstərilən dəlillər qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, iddia təmin edilməli, İddiaçı məxsus Bakı Xətai rayonu, İlham Məmmədov küçəsində istifadəsində olan 0.0212 ha torpaq sahəsində yerləşən 17 nömrəli, 3 mərtəbəli fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınaraq adına çıxarış və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus Bakı Xətai rayonu, İlham Məmmədov küçəsində istifadəsində olan 0.0212 ha torpaq sahəsində yerləşən 17 nömrəli, 3 mərtəbəli fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınaraq adına çıxarış və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar