Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15548/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "piket keçirilməsinə icazə verilməsi" tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan, 04 noyabr 2024-cü il tarixdə, saat 12:00-dan 13:00-adək müddətdə, yəni 60 dəqiqə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə “Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevi 2023-2024-cü ilin korrupsiya çempionu seçilməsi münasibəti ilə ürəkdən təbrik edirik” şüarı ilə piket keçirilməsinə icazə verilməməsi barədə cavabdeh Şəhər İcra Hakimiyyətinin 31 oktyabr 2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 10 gün ərzirdə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə “Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevi 2023-2024-cü ilin korrupsiya çempionu seçilməsi münasibəti ilə ürəkdən təbrik edirik” şüarı ilə piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələri vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). İşin hallarından müəyyən olunur ki, hazırkı iddia üzrə iddiaçılar Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə piket keçirilməsinə icazə verilməsini mübahisələndirirlər. İddiaçılar hazırkı iddia ərizəsini xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişlər. Eyni zamanda müəyyən olunur ki, iddiaçılar xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan, 27 sentyabr 2024-cü il tarixdə, saat 12:00-dan 13:00-dək müddətdə, yəni 60 dəqiqə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə "Binəqədi İcra Hakimiyyətində korrupsiyaya son, korrupsioner icra başçısını həbs edin" şüarı ilə piket keçirilməsinə icazə verilməməsi barədə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 23 sentyabr 2024cü il tarixli qərarının qanunsuz hesab edilməsi, iddiaçılara qərar qüvvəyə mindikdən sonra 10 gün ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə "Binəqədi İcra Hakimiyyətində korrupsiyaya son, korrupsioner icra başçısını həbs edin" şüarı ilə piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər (inzibati iş №-1(112)-14042/2024) İnzibati Prosessual Məcəllənin 45.1-ci maddəsinə əsasən iddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 45.5.2. aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır. Göründüyü kimi iddiaçılar eyni cavabdehə qarşı eyni mübahisəyə və nəticə etibarı ilə eyni hüquqi marağa xidmət edən- Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə piketin keçirilməsinə icazə verilməsinə dair iddia tələbi ilə hazırkı iddiadan əvvəl xx.xx.2024-cü il tarixdə inzibati məhkəmə icraatında iddia qaldırmış, həmin iddia üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Beləliklə, iddiaçılar eyni tələblə məhkəmə icraatında daha əvvəl qaldırdıqları iddiaya məhkəmədə baxıldığı halda eyni iddia ilə yenidən məhkəməyə müraciət etməklə İPM-nin yuxarıda qeyd olunan 45.5.1-ci maddəsinin tələbini pozmuşlar. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı iddiaya baxılması məhkəmə icraatının vahidliyi, prosessual qənaət, eyni iddia üzrə iki ayrı məhkəmə icraatında məhkəmə aktının qəbul edilməsinin yolverilməzliyi prinsipinə zidddir və bu əsasdan iddia mümkünlük tələbinə cavab vermir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 45, 52, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-15548/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15548/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver