Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15551/2025 16.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin təyin edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı faktiki olaraq Azərbaycan Respublikasının Müdafiəsi zamanı düşmənə qarşı döyüşlərdə, ön cəbhədə düşmənin atdığı mərminin yaxın məsafədə partlaması nəticəsində ağır yaralanaraq sağlamlığını itirdiyi üçün ona Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinin əleyhinə çıxardığı imtina qərarı ləğv edilərək iddiaçıya 2018-ci ilin dekabr tarixindən 2-ci qrup əlillik dərəcəsi təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildə Azərbaycan Respublikasının Müdafiəsi zamanı cəbhə bölgəsində başının və bədəninin müxtəlif nahiyələrindən ağır qəlpə yaraları və kəllə-beyin travması almışdır. Uzun müddət aldığı travmalar və stasionar müalicə və müayinələr keçmişdir. 2016-cı ildən etibarən aldığı yaralanmalar nəticəsində sağlamlığını itirdiyi üçün əmək fəaliyyətini tam itirdiyi səbəbindən həmin xəsarətlərin sənədləşdirilməsinə başlamışdır. Dəfələrlə stasionar və ambulator müayinə və müalicələr keçmişdir. Döyüşlərdə yaralanmağı MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiqlənmişdir. Sağlamlığının itirilməsi stasionar müalicələr və qeydiyyatda olduğu poliklinikaların həkim-ekspertiza komissiyaları tərəfindən dəfələrlə təsdiqlənərək, əlillik dərəcəsinin təyin edilməsi üçün TƏBİB vasitəsi ilə Tibbi Sosial Ekspertiza və X1 88 doldurularaq göndərilmişdir. Nəticə etibarı ilə TSERA ən azı 5 dəfə ona əlillik təyinatına imtina vermişdir. 8 ildir eyni hərəkətlər təkrarlanır, baxmayaraq ki, yaşla əlaqədar səhhətində xeyli ağırlaşmalar müayinələr zamanı aşkar edilmişdir. Əsas mahiyyət ondan ibarətdir ki, faktiki olaraq səhhəti ağırdır, buna səbəb Qarabağ müharibəsi zamanı N saylı hərbi hissədə zabit rütbəsində, batareya komandiri vəzifəsində xidmət edən zaman düşmən tərəfindən atılan mərminin yaxın məsafədə partlaması nəticəsində yaralanmağı, həmçinin kəllə beyin travması almağı olmuşdur. Sonuncu dəfə 2025-ci ilin əvvəlində İsmayıllı Rayon Xəstəxanası tərəfindən Forma 88 dolduraraq TSERA göndərilmişdir. 2025-ci ilin aprel ayında əlillərin bərpa mərkəzində növbəti əyani müayinə keçdikdən sonra, təkrarən ona əlilliyin təyin edilməsinə imtina verilmişdi. Bütün bu ədalətsizliyə tab gətirməyərək bu ilin iyun ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə ərizə ilə müraciət etmişdir. xx.xx.2025-ci il tarixində ona Agentliyin idarə heyətinin sədr müavini Rəşad Məhərrəmovun imzası ilə şablon terminlərdən istifadə olunmuş imtina cavabı verilmişdir. O, ƏƏSMN-nin tabeliyində olan TSERA-nın illər boyunca iddiaçının əleyhinə çıxardığı imtina qərarları ilə qəti razı deyil, səhhətinin ağır olması TƏBİB tərəfindən tərtib olunaraq TSERA göndərdiyi sənədlərlə tam sübutunu tapır.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Odlu silah qəlpə yaralanmalarından sonra başın sol ön alın nahiyəsinin bir ədəd, başın sağ təpə nahiyəsinin bir ədəd, sol bazu oynağının bayır səthinin bir ədəd, sol budun orta 1/3-nin ön səthinin bir ədəd, sol baldırın yuxarı 1/3-nın içəri səthinin bir ədəd, sağ diz oynağının bayır səthinin bir ədəd, sol budun yuxarı 1/3-nin arxa səthinin bir ədəd köhnə çapıq toxumaları. Dəqiqləşdirilməmiş ensefalopatiya. Xoşxassəli kəllədaxili hipertenziya. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş siptomatik epilepsiya və epileptik sindrom. Baş-beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pоzuntular. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2025-ci il tarixli göndəriş əsasında baxılmış, 29 aprel 2025-ci il tarixdə iddiaçıya imtina barədə qərarın mətni və ondan şikayət vermək qaydasının izah olunduğu sms onun mobil telefon nömrəsinə göndərilmişdir. (Bunu təsdiq edən elektron sistemdən çıxarış etiraza əlavə edilir.) İddiaçı isə sms-in ona çatdırıldığı tarixdən 30 gün müddətində, yəni 29 may 2025-ci il tarixədək məhkəməyə şikayət vermək hüququnun olmasına baxmayaraq, şikayəti 1 sentyabr 2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İddiaçı müddətin üzrlü səbəbdən ötürüldüyünə dair məhkəməyə müraciət etməmiş, müraciət etsə belə, müddətin üzrlü səbəblərdən ötürülməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
4. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2018-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, əlavə müalicəyə ehtiyacın olması – ixtisaslaşdırılmış stasionar müayinə və müalicə davam etdirilsin. xx.xx.2019-cu il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, göndərişin natamam doldurulması – nevropatoloqun rəyi ətraflı yazılmayıb, əsas xəstəliyin ağırlaşmalarını əks etdirmir. xx.xx.2019-cu il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, əlavə müalicəyə ehtiyacın olması – xəstənin əlavə stasionar və müalicəyə ehtiyacı var. xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, əlavə müalicəyə ehtiyacın olması – 1993-2018-ci illərərzində ambulator vvə stasionar müalicələrin aparılması xəstəliyin ağırlıq dərəcəsinin əlillik səviyyəsində olduğunu təsdiq etmir. xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etmir – diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, göndəriş natamam doldurulmuşdur. xx.xx.2025-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etmir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
7. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
8. İddia tələbi qərarın ləğv edilməsi, iddiaçının əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
9. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; - 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; - 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; - 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
10. Hazırkı iddia məcburetməyə dair iddiadır.
11. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
14. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
15. Məhkəmə qeyd edir ki, İddiaçı əlillik vəziyyəti İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli göndərişi əsasında sonuncu dəfə xx.xx.2025-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyin edilməsindən imtina olunmuşdur.
16. Lakin iddiaçı sonrakı dövrdə iddia müddəti çərçivəsində inzibati orqanın əlilliyin qiymətləndirilməsinə dair qərarını mübahisələndirməmişdir. Belə ki, cavabdehin etirazından məlum olur ki, 29 aprel 2025-ci il tarixdə iddiaçıya imtina barədə qərarın mətni və ondan şikayət vermək qaydasının izah olunduğu sms onun mobil telefon nömrəsinə göndərilmişdir. Yəni iddiaçı qərarın qəbul edildiyi tarixdən (xx.xx.2025) ən geci xx.xx.2025ci il tarixdə məlumatlı idi. Bununla belə iddiaçıya qərarın qəbul edildiyi tarixin növbəti ayından, yəni 2025-ci ilin mart ayından əlilliyə görə müavinətin ödənilməməsi onun həmin tarixdən əlilliyin təyinindən imtina edilməsi barədə xəbərdar olduğunu deməyə əsas verir.
17. Göründüyü kimi iddiaçıya əlilliyin verilməsindən xx.xx.2025-ci il tarixdə imtina edilmiş, inzibati aktdan qanunvericiliklə müəyyən olunmuş müddətdə şikayət verilməmiş və həmin müddətdə iddiaçı tibb müəssisələrinin həkim-məsləhət komissiyalarına müəyinədə olmamış, nəticədə xəstəliyi barədə yeni göndəriş tərtib edilməmişdir. Beləliklə tibbi müəssisənin sonuncu göndərişi artıq qüvvədən düşmüş hesab edilmişdir.
18. İddiaçı əlilliyinin qiymətləndirildiyi tarixdən 6 aydan çox müddət keçəndən sonra məhkəməyə müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür.
19. Yeni göndəriş mövcud olmadığı təqdirdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq əlilliyinin qiymətləndirilməsi mümkün deyildir.
20. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır.
21. Məhkəmə tərəfindən məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək həmin müddətin ötürülməsini əsaslandıran hallar barədə məlumat verilməsi təklif edilmiş, iddiaçı iddia müddətinin ötürülməməsinə istinad edərək, tələbin təmin edilməsini qeyd etmişdir.
22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının arzuladığı tələbə uyğun inzibati aktın qəbulu ilə bağlı vəzifə cavabdehin üzərinə qoyula bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır.
23. Yuxarıda qeyd edildiyi kimi məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona əlillik təyin olunması üçün təkrar olaraq səhiyyə müəssisəsi tərəfindən tərtib olunmuş göndəriş əsasında tibbi sosial ekspert komissiyasına müraciət edə bilər.
24. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
25. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva