Məhkəmə qərarları › İş №2-1(112)-1556/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1556/2023

30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1556/2023 30.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçıların fərdi yaşayış evinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçıların fərdi yaşayış evinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd edilir ki, Bakı ŞİH Texniki İnventarlaşdırma və Mükiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 17 sentyabr 1996-cı il tarixdə verilmiş MH seriyalı 021172 saylı qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran Soxvozu, 7 saylı yaşıyış evi iddiaçıların mərhum atası X2 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 694 səhifədə, 104209 qeydə alma nömrəsi ilə 17 sentyabr 1996-cı il tarixdə qeydiyyat aparılmışdır. X4 9 fevral 2005-cı il tarixdə vəfat etmiş və Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən 30 aprel 2022-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran Soxvozu, 7 saylı yaşayış evinin 1/2 hissəsində İddiaçı1, 1/2 hissədə isə İddiaçı2 payı müəyyən edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması ilə bağlı 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları dövlət reyestrindən arayışda ünvanın qarşısında ünvan 2 qarşısında mənzil qeyd olunmasını əsas gətirərək, çıxarışın verilməsindən imtina etmişlər. Lakin Bakı ŞİH Texniki İnventarlaşdırma və Mükiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 17 sentyabr 1996cı il tarixdə verilmiş MH seriyalı 021172 saylı qeydiyyat vəsiqəsində evin ünvanı ünvan 3iyindən, qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə də qeydiyyat vəsiqəsindəki kimi göstərilmişdir. Forma 1 arayışında ev 7 ünvanın qarşısında “mənzil” sözünün qeyd olunması iddiaçıların təqsirimizdən baş verməmiş və məhz bu səbəb onlara daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina üçün əsas ola bilməz. Bakı şəhəri 17 saylı Notariat Ofisinin 30 aprel 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran Soxvozu, 7 saylı yaşıyış evi 1/2 hissədə İddiaçı1 və 1/2 hissədə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və paylara uyğun çıxarış verilməsi (çıxarışla əvəz olunması) ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin cavabdeh tərəfindən 14 iyun 2022-ci il tarixli **********25 saylı məktubla bildirilmişdir ki, İdarədə mövcud arxiv məlumatlarına əsasən sözügedən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır. Qeyd edilən əmlakın fərdi yaşayış evi kimi hüquqların dövlət reyestrində qeydiyyata alınması və yerləşdiyi torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublika Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənəd toplusu təqdim olunmamışdır. Müraciəti təmin etməkdən imtina olunsa da, məktubun sonunda bu məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır qeyd edilmişdir. Lakin mübahisəli ünvanda yerləşən evə dair hüquqmüəyyənedici sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş, evin hüquqmüəyyənredici sənədlərində ünvan ev 7 olaraq göstərilsə də, yalnız daşınmaz əmlakın dövlət reyestrində mənzil 7 kimi qeyd edilmişdir. Həmin ünvanın hansı səbəbdən mənzil kimi qeyd edilməsi barədə heç bir məlumat yoxdur. Cavabdehin əsassız olaraq iddiaçıların müraciətinin təmin olunmasından imtinası isə onların hüquqlarını pozur. İddiaçılar reyestrdən çıxarışda göstərilən ünvanın dəyişdirilməsi ilə bağlı müraciətin təmin edilməməsi səbəbindən mülkiyyət hüquqlarından istədikləriu kimi istifadə edə bilmirlər, həmin ünvanda yerləşən evə dair sərəncam verə bilmirlər. Bu isə, onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29-cu maddələrinə, İPM-in 2.2.3, 34.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1, 15.1-ci maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının müddəalarına əsaslanaraq, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda dəyişiklik edilərək, Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən 30 aprel 2022-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşıyış evinə 1/2 hissədə İddiaçı1 və 1/2 hissədə İddiaçı2 mülkiyyət hüquqları qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş 31 avqust 2022-ci il tarixli məktubunda iddia ilə bağlı məktubunda bildirilir ki, İddiaçı1 və İddiaçı2 iddiası etirazla qarşılanır. İddiaçılar müvafiq iddia tələbi ilə 20 may 2022-ci tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarədə mövcud arxiv məlumatlarına əsasən sözügedən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır. İddiaçı tərəfindən qeyd edilən əmlakın fərdi yaşayış evi kimi hüquqların dövlət reyestrində qeydiyyata alınması və yerləşdiyi torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim olunmamışdır. Bu səbəbdən 1 saylı Bakı Əraziu İdarəsi tərəfindən ərizənin icrası mümkün olmamış və iddiaçıya 14 iyun 2022-ci il tarixli **********25 saylı cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunun 8, 11.1, 23-cü maddələrinə əsaslanaraq və İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci madfdəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, Bakı ŞİH başçısı X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran Sovxozu, 7 saylı fərdi yaşayış evinə dair X2 adına MH seriyalı 021172 nömrəli 17 sentyar 1996-cı il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsində həmin evin X2 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keməsi qeyd olunmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş 30 aprel 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 9 fevral 2005-ci il tarixdə vəsat etmiş X2 vərəsələri İddiaçı2 və İddiaçı1 miras əmlak ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə hər birinin miras payı 1/2 olmaqla irs almışlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışda X2 ünvan 7 ünvanında yerləşən mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 694öz nömrəli reyestr kitabının 104209 nömrəli vərəqində qeydiyyata alındığı göstərilmişdir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 30.2-ci maddəsinə görə mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Sabunçu rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 1382 nömrəli 26 iyun 2021-ci il tarixli Fərmanının 7-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: - (7.2) Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. İnzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıların müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, iddiaçıların müvafiq daşınmaz əmlakla bağlı subyektiv hüququ olduğundan, inzibati orqan müvafiq səlahiyyətə malik olduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə qeyd olunanları, habelə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasını istisna edən halların mövcud olmadığını (o cümlədən İPM-in 30-cu maddəsi üzrə prosessual həmiştirakçılığn yolverilənliyini) nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Sabunçu rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə mövcud qanunvericiliyin aşağıdakı normalarını diqqətə çəkur: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı, 8.0.5-ci maddəsinə görə isə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 16.1-ci maddəsinə görə qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İnzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır (maddə 63.3). İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur (maddə 64.4). Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və vərəsəlik hüququ haqqında şəhadətnamələr, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri bu əsaslar sırasında nəzərdə tutmuşdur. Hazırkı işin hallarına görə ünvan 6 ünvanında yerləşən fərdi ev iddiaçıların mərhum atası X2 mülkiyyətində olmuş və bu barədə 17 sentyabr 1996-cı il tarixdə səlahiyyətli qurum tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. X4 9 fevral 2005-ci ildə tarixdə vəfat etdikdən sonra, müvafiq notarius tərəfindən həmin miras əmlakdan onun vərəsələri kimi hazırkı iddiaçılar İddiaçı2 və İddiaçı1 hər biri 1/2 irs alması barədə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. İddiaçılar sözügedən qeydiyyat vəsiqəsini və vərəsəlik şəhadətnaməsini cavabdeh inzibati orqana təqdim etsələ də, cavabdeh onların həmin fərdi yaşayış evinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, İdarədə mövcud arxiv məlumatlarına əsasən sözügedən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası əsaslı və qanuni qiymətləndirilə bilməz. Bu qənaət ondan irəli gəlir ki, miras əmlakın mənzil olması hər hansı hüquq müəyyənedici sənədlə təsdiqlənmir, əksinə müvafiq sənədlərdə daşınmaz əmlak “ev” kimi göstərilmişdir. Eləcə də, iddiaçıların istinad etdiyi qeydiyyat vəsiqəsi 1996cı ildə verlmişdir və mövcud qanunvericilik həmin sənədi hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi müəyyən etmişdir. İdarənin arxiv məlumatlarında əmlakın statusunun “mənzil” qismində göstərilməsi halı isə, «İnzibati icraat haqqında» Qanunun 63-cü maddəsinin və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 16.1-ci maddəsinin tələbləri rəhbər tutularaq yazı səhvi kimi inzibati orqanın özü tərəfindən aradan qaldırıla bilər. Bu siə, o deməkdir ki, cavabdeh imtinasını formal mülahizələrə istinadən əsaslandırmışdır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən 30 aprel 2022-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşıyış evinə 1/2 hissədə İddiaçı1 və 1/2 hissədə İddiaçı2 mülkiyyət hüquqları qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən 30 aprel 2022-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşıyış evinə 1/2 hissədə İddiaçı1 və 1/2 hissədə İddiaçı2 mülkiyyət hüquqları qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar