Məhkəmə qərarları › İş №2-1(112)-1557/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1557/2022

06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1557/2022 06.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı diplomun tanınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təhsildə Keyfıyyət Təminatı Agentliyinin xx.xx.2021-ci il, №-973/03-TKTA qəbul etdiyi imtina qərarını ləğv edərək, təhsil aldığı Tolyatti Dövlət Universitetində hüquq ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1997-2001-ci il tarixdə Sumqayıt Dövlət Universitetinin mexanika və riyaziyyat fakultəsində təhsil almışdır. 2011-2013-cü ildə İqtisad Universitetinin maliyyə fakultəsində təhsil almışdır. 2015-2017-ci il tarixədək Rusiya Federasiyasının Tolyatti Dövlət Universitetinin hüquq üzrə magistratura pilləsini əyani formada təhsil almışdır. Hal-hazırda Tolyatti Dövlət Universitetinin hüquq üzrə doktorantura pilləsində təhsil alır. xx.xx.2021-ci il tarixdə Təhsildə Keyfıyyət Təminatı Agentliyi növbəti müraciətinə imtina vermişdir. İmtihanın əsas səbəbi bakalavriat səviyyəsində bir ixtisas üzrə təhsil almış şəxs magistratura səviyyəsinin digər ixtisaslarının ixtisaslaşmaları üzrə təhsil ala bilməz. O, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Xüsusi olaraq vurğulamaq istəyir ki, ilkin təhsil forması qiyabi olmuş, sonra isə əyani formaya keçmişdir. Bu səbəbdən diplom əlavəsində göstərilən normativ müddət ümumi əyani təhsil tələb müddətindən azdır. Təhsilin qiyabidən əyaniyə keçməsi faktını təhsil aldığı universitetə sorğu göndərərək yoxlaya bilərlər. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il - getməyib, İİ il - 3 ay 10 gün) və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları" təsdiq edilmişdir. Konvensiyanın Vl.l-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarına” əsasən: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.4 İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240- 300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. 3.2.7. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 3.2.7.1. auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; 3.2.7.2. auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; 3.2.7.3. təcrübələrdə iştirak etməsi; 3.2.7.4. laboratoriya işlərini yerinə yetirməsi; 3.2.7.5. kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; 3.2.7.6. imtahanlara hazırlığı və imtahanları verməsi; 3.2.7.7. buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. 3.2.8. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür: 3.2.8.1.məcburi və ardıcıl öyrənilən fənlər üzrə; 3.2.8.2 məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə; 3.2.8.3. tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə. 3.2.9. Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən, müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarf’nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas yoxdur. Ona görə də iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Sumqayıt Dövət Universiteti tərəfindən verilmiş A№077699, 2001-ci il tarixli diplomun surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının 28 iyun 2001-ci il tarixli qərarı ilə İddiaçı “Texnoloji maşın və avadanlıqlar” “Kimya istehsalının maşın və aparatları” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. - Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən verilmiş 2013-cü il tarixli, YB 017305 №-li diplomun surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının 39/1 saylı, 11 aprel 2013-cü il tarixli qərarı ilə İddiaçı maliyyə ixtisası verilmişdir. - Rusiya Federasiyasi Tolyatti Dövlət Universiteti tərəfindən verilmiş 3328/17 qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli magistr diplomunun və həmin diploma əlavənin azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, əyani təhsil forması üzrə magistratura proqramını mənimsəmə müddəti 2 il olmaqla İddiaçı Dövlət İmtahan Komissiyasının qərarı ilə 40.04.01 “Hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə magistr ixtisası verilmişdir. Diplom xx.xx.2017-ci ildə Samara Vilayəti Təhsil, Elm və Nazirliyi tərəfindən apostil edilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2017-cu il tarixli, 2304-376 İANİ nömrəli məktubun surətindən görünür ki, xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifaksiya İdarəsinə daxil olmuş xx.xx.2017-ci il tarixli elektron müraciətinə baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, o bakalavr təhsilini kimya istehsalının maşın və aparatları, magistr təhsilini isə hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı” və 12 may 2010-cu il tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistatura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.2-ci bəndinə görə magistratura səviyyəsində bakalavr təhsil bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramlarının əsasında mütəxəssislər hazırlanır. Göründüyü kimi Azərbaycan Respublikasında magistatura təhsili bakalavriat ixtisasının ixtisaslaşmaları üzrə həyata keçirilir. Bu baxımdan bakalavriat səviyyəsində bir ixtisas üzrə təhsil almış şəxs magistratura səviyyəsinin digər ixtisaslarının ixtisaslaşmaları üzrə təhsil ala bilməz. Ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyası Tolyatti Dövlət Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Bununla da qeyd edilən ali təhsil müəssisəsinin diplom əlavəsində göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bəndində göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəbdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 00-05-616/TKTA, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 8399/2021 saylı qərardadının icrası məqsədilə İddiaçı Rusiya Federasiyasının Tolyatti Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********17 nömrəli diplom üzrə ixtisasın alınması məsələsi yenidən araşdırılmış və həmin ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. - Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, NA00003292 nömrəli “Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə” qərarının surətindən görünür ki, ərizəçi İddiaçı Rusiya Federasiyasının Tolyatti Dövlət Universiteti təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”iddiaçının nümayəndəsi V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarına əsasən, xarici ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması o şərtlə mümkün hesab edilir ki, xaricdə əldə olunmuş ixtisasla həmin ixtisasa ekvivalent hesab edilən milli ixtisas arasında məzmun, profil, dərs yükü, keyfiyyət və təlim nəticələrinə münasibətdə əhəmiyyətli fərq aşkarlanması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistatura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3-cü bölməsinə əsasən ərizəçinin ixtisaslı üzrə aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Belə ki, ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət müvafiq tədris proqramının mənimsənilməsi üçün kifayət hesab oluna bilməz. Göründüyü kimi ərizəçinin aldığı təhsilin məzmun və müddəti qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun deyildir. Bundan əlavə ərizəçinin tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2 maddəsinə əsasən müraciətə baxılması zamanı tərəflər ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.43-cü maddəsinə görə təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"na əsasən, ali təhsilin dövlət standartı özündə təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini ehtiva edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunanlara əsasən ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmasının mümkün hesab olunmaması qərara alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 33/402 №-li məktubdan görünür ki, İddiaçı 2015-2017ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatlar qeydə alınmışdır: xx.xx.2017 çıxış Rusiya – xx.xx.2017 giriş Rusiya. - Tolyatti Dövlət Universiteti Rusiya Təhsil və Elm Nazirliyi Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “Tolyatti Dövlət Universiteti” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 300 №-li arxiv arayışının tərcümə edilmiş surətindən görünür ki, xx.xx.1980-cı il təvəllüdlü Nəbiyev X2 Dövlət Universitetinin şəxsi heyət üzrə arxiv fonunun sənəd materiallarında aşağıdakı qeydlər var: İddiaçı xx.xx.2015-ci il tarixində Tolyatti Dövlət Universitetinin (TDU) hüquq institunun qiyabi (distant təhsil texnologiyalarının tətbiqi ilə) təhsil formasının magistatura proqramı üzrə 1-ci kursun tələbələri sırasına qəbul edilib, xx.xx.2015-ci il tarixli, 4785 saylı əmr. Tolyatti Dövlət Universitetinin (TDU) hüquq institutunun qiyabi təhsil formasının (distant təhsil texnologiyalarının tətbiqi ilə) magistatura proqramının 2-ci kurs tələbəsi İddiaçı xx.xx.2017-ci il tarixindən TDU-nin magistatura institutunun əyani təhsil formasına köçürdülüb, xx.xx.2017-ci i tarixli, 2492 saylı əmr. Magistaturanın əyani təhsil formasının 2-ci kurs tələbəsi İddiaçı universiteti bitirməsi ilə əlaqədar olaraq xx.xx.2017-ci il tarixində universitetdən xaric edilib, xx.xx.2017-ci il tarilxi, 3315 saylı əmr, 106305 ******* saylı diplom verilib (xx.xx.2017-ci il tarixli, 3328/17 saylı qeydiyyat nömrəsi) və “Hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə dövlət imtahan komissiyasının xx.xx.2017-ci il tarixli protokoluna əsasən “Magistr” dərəcəsi verilib. Əsas: İddiaçı şəxsi işi. - Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin “Toylatti Dövlət Universiteti” ali təhsil federal dövlət büdcə təhsil müəssisəsi ilə İddiaçı arasında bağlanmış ödənişli təhsil xidmətlərinin göstərilməsi üçün xx.xx.2015-ci il tarixli, ******* №-li müqavilənin azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, müqavilənin predmeti hazırlıq istiqaməti (ixtisas) 40.04.01 Hüquqşünaslıq (cinayət hüquqi, kriminologiya və cinayət-icra hüququ), ali təhsilnin səviyyəsi magistratura, distant təhsil texnologiyalarından istifadə etməklə qiyabi təhsil forması, təhsil müddəti 2,5 il müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: - 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. - 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. - 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: - 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. - 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: - 1.1-ci bəndinə görə bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. - 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.4-cü bəndinə görə isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. - 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. - 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının xx.xx.2003-cü il tarixli, 455-İİQ №-li Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında" Saziş təsdiq edilmişdir. Həmin Sazişin: - 1-ci maddəsinə əsasən bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. - 6-cı maddəsinə əsasən dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. - 7-ci maddəsinə əsasən beş ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən, mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali ixtisas təhsili haqqında diplom və mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali təhsil müəssisəsinin yaxud elmi müəssisənin tələblərinə uyğun olaraq təhsilin növbəti mərhələlərində təhsilin davam etdirilməsi zamanı tanınır. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. - 11-ci maddəsinə əsasən bu Sazişin 4, 5, 6, 7, 8, 9 və 10-cu maddələri tədris müddətinin və hazırlıq sahələrinin əsasən üst-üstə düşməsini nəzərdə tutur. Ayrıayrı hallarda sorğu verilən Tərəfin səlahiyyətli orqanları bu maddələrdə göstərilmiş diplom sahiblərindən konkret tədris proqramında məxsusi fərqi olan fənnlər üzrə əlavə kurslar keçmələri və imtahan vermələri haqqında sənədlər tələb edə bilər. Ekvivalentlik barədə şəhadətnamə verilməsi ilə bağlı məsələnin həlli zamanı həmin Sazişin 11-ci maddəsinə əsasən, iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa uyğunluğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın: - 5.5-ci bəndinə görə, ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. - 8.7.1-ci bəndinə əsasən ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. - 8.7.2-ci bəndinə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. - 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilkin olaraq təhsil forması qiyabi (distant təhsil texnologiyalarının tətbiqi ilə), müddəti 2,5 il, tədris dili rus dili olmaqla xx.xx.2015-ci il tarixində Rusiya Federasiyası Tolyatti Dövlət Universitetinin hazırlıq istiqaməti (ixtisas) 40.04.01 Hüquqşünaslıq (cinayət hüquqi, kriminologiya və cinayət-icra hüququ) fakultəsinə daxil olmuş, xx.xx.2017-ci il tarixindən həmin fakultənin əyani təhsil formasına köçürülmüş, dövlət imtahan komissiyasının xx.xx.2017-ci il tarixli protokoluna əsasən 40.04.01 “Hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə 3328/17 qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli diploma əsasən magistr ixtisası verilmişdir. İddiaçı Rusiya Federasiyası Tolyatti Dövlət Universiteti tərəfindən ona verilmiş hüquq ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması barədə müraciəti cavabdeh inzibati orqan tərəfindən sonuncunun təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olması, tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması əsas gətirilərək təmin edilməmişdir. İddiaçı 1-ci tədris ilində ümumiyyətlə təhsil aldığı müəssisəinin yerləşdiyi ölkədə olmamış, 2-ci tədris ilində isə 3 ay 10 gün təhsil aldığı müəssisənin yerləşdiyi ölkədə olmuşdur. İddiaçı ilkin olaraq tədris müəssisəsinə xx.xx.2015-ci il tarixdə qiyabi təhsil formasında qəbul olunsa da xx.xx.2017-ci il tarixində əyani təhsil formasına köçürülmüş, 29 gün ərzində əyani təhsil forması üzrə təhsil aldıqdan sonra dövlət imtahan komissiyasının xx.xx.2017-ci il tarixli qərarına əsasən ona magist dərəcəsi verilmişdir. Göründüyü kimi iddiaçının qısa müddət ərzində tədris prosesində iştirak etməklə müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş tədris proqramını mənimsəməsi qeyri-realdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati araşdırma zamanı həmçinin iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ali təhsil sahəsində ixtisas almaq üçün müəyyən olunmuş ümumi tədris müddəti ərzində şəxsin davamiyyətli olaraq tədrisdə iştirak etməməsi, həmçinin təhsil aldığı dili bilməməsi onun ixtisasının tanınması zamanı mənfi rəyin verilməsi üçün zəmin yaradır. Bundan əlavə yuxarıda sadalanan normalardan görünür ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyətinin kifayət qədər olmasıdır və bu hal Qaydalarda nəzərdə tutulmuş ixtisasın tanınmasından imtina üçün nəzərdə tutulmuş 3.7-ci bəndin geniş təfsirinə əsas verir. Cavabdeh orqanın isə diplomun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirmək hüququ «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»na uyğun olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Rusiya Federasiyasının Tolyatti Dövlət Universiteti tərəfindən İddiaçı verilmiş 3328/17 qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli magistr diplomu üzrə ali təhsilə aid kvalifikasiyanın tanınmasından cavabdehin imtinası işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olduğundan iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Ona görə də iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar