Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1557/2025 11.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********4112 nömrəli qərarın və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli **********123100 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********4112 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin 28 noyabr 2024-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixində ********** saylı şəhadətnamə (VÖEN) ilə fərdi sahibkar kimi vergi uçotuna alınmışdır. Əsas fəaliyyət növü uşaq və kişi geyimlərinin pərakəndə satışı olmuşdur. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5009 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal-qərbi ünvanda yerləşən mağazada xx.xx.2024-cü il tarixdə “malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi (ləri) üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli 100311 nömrəli Akt tərtib edilməklə rəsmiləşdirilmişdir. Həmin akta əsasən guya təsərrüfat subyektində (obyektində) 11.224.670,34 manat (2% ticarət əlavəsi və 18% ƏDV daxil olmaqla) dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən malların topdansatış qaydasında satıldığı aşkar edildiyi qeyd edilmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 1122467,03 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Halbuki, operativ vergi nəzarəti tədbiri zamanı təsərrüfat subyektində (obyektində) mal qalığının aşkar edilmədiyi müəyyən edilərək xx.xx.2024-cü il tarixli DVX seriyalı 100323 nömrəli Akt tərtib edilmişdir. Satışda mal olmadığı və mağazanın boş olduğu halda xx.xx.2024- cü il tarixdə “11224670,34 manat dəyərində mal satışının aşkar edilməsi” tamamilə əsassız yanaşmadır. Bütün bunlara baxmayaraq, cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbirinin nəticələrinə baxılmış və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********4112 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara görə iddiaçı tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturanın tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13cü maddəsinə əsasən 1.122.467,03 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı malların satışının olmadığı və bu zaman obyektdə mal qalığının aşkar edilmədiyi, idxal edilmiş malların obyektdə quraşdırılmış NKA vasitəsi ilə satıldığı və NKA-dan kənar malların satışının olmadığı, mal alan şəxslərin fiziki şəxslər olduğu, elektron qaimə-faktura verilməli olan, lakin elektron qaimə-faktura təqdim edilməli olan sahibkarlıq subyektləri müəyyən edilmədiyi halda heç bir qanuni əsas olmadan, əvvəllər başa çatmış əməliyyatlara (satılmış mallara) görə iddiaçı vergi məsuliyyətinə cəlb edilərək ümumi satış dəyərinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Tətbiq edilmiş maliyyə sanksiyasının vergi qanunvericiliyinin tələblərinə zidd olması və həmin qərarın ləğv edilməsi barədə cavabdehin yuxarı orqanı olan AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2024-cü il tarixdə (qeydiyyat nömrəsi - **********794100) inzibati şikayət verilmişdir. İnzibati şikayətə baxılmış və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********4112 nömrəli qərar dəyişdirilmədən saxlanılmaqla inzibati şikayətin təmin edilməməsi barədə xx.xx.2024-cü il tarixli **********123100 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən aparılmış təhlillər nəticəsində hesab etmişdir ki, iddiaçının 2022-2023-cü illər ərzində idxal etdiyi mallar topdansatış qaydasında satılmış və mallar satılarkən alıcılara elektron qaiməfaktura verilməmişdir. Cavabdeh bu nəticəyə gələrkən seçmə üsulu ilə götürülmüş NKA çeklərində yuxarı məbləğlərdə ifadə olunan alışın fiziki şəxs olan istehlakçıların istehlak edə biləcəyi ağlabatan məbləğdən və miqdardan yuxarı olması ehtimalını əsas tutmuşdur. Cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbirinin təhlillər və ehtimallar əsasında həyata keçirməsi həmin nəzarət tədbirinin hüquqi anlamına tamamilə ziddir. Göründüyü kimi, qanunverici operativ vergi nəzarətinin əvvəlki dövrə şamil edilməməsini müəyyən etmişdir. Operativ vergi nəzarəti tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbiridir. Qeyd olunanlarla yanaşı, Vergi Məcəlləsinin 50.2ci maddəsi ilə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar müəyyən olunmuşdur. Ədliyyə Nazirliyinin Vahid məlumat reyestrindən çıxarışlarda isə tədbirin keçirilməsi üçün əsas Məcəllənin 50.2.2-ci maddəsi, yəni "vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar” göstərilir. Halbuki, iş materialında operativ vergi nəzarət tədbirindən əvvəl vergi orqanlarının hansı mənbəyi bəlli məlumat əsasında belə tədbirinin keçirilməsinin müəyyən olunmasına dair hər hansı təsdiqedici sənəd yoxdur. Operativ vergi nəzarəti ilə vergi ödəyicisinin yalnız tədbir zamanı cari fəaliyyəti üzrə baş verən pozuntuları rəsmiləşdirməli olduğu halda, vergi orqanıin əvvəlki dövrün əməliyyatlarına müdaxilə etməsi, həmçinin ümumiyyətlə bu tədbirin həyata keçirilməsi üçün hər hansı mənbəyi bəlli məlumatın mövcud olmaması mübahisənin mahiyyəti araşdırılmadan inzibati aktın ləğvi üçün əsasdır. İşdə olan NKA çeklərindən görünür ki, iddiaçı tərəfindən idxal olunmuş mallar ƏDV və ticarət əlavəsi tətbiq edilməklə pərakəndə satış qaydasında satılmış və bu zaman hər hansı bir qanun pozuntusu halına yol verilməmişdir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinin tələbinə görə elektron qaiməfakturanın təqdim edilməsi sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada alıcıya təqdim edilməlidir. Digər halda isə (pərakəndə satış zamanı) malın təqdim edilməsi qəbz və ya nəzarət-kassa aparatının çeki və POS-terminal tətbiq edildikdə çıxarış təqdim edilməklə həyata keçirilir. Qanunun tələbindən görünür ki, elektron qaimə-fakturanın verilməsi topdansatış qaydasında malların satışı həyata keçirildiyi halda sahibkarlıq fəaliyyəti məqsədləri üçün yalnız sahibkarlıq fəaliyyəti göstərən şəxslərə onların tələbi ilə verilməlidir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı tərəfindən idxal edilmiş mallar pərakəndə satış qaydasında həyata keçirilmiş və alıcılara NKA çeki təqdim edilmişdir. Malın satışı ilə bağlı alıcılara NKA çekinin və ya onların tələbi ilə elektron qaimə-fakturanın təqdim edilməməsi barədə vergi orqanına hər hansı şikayət və ya müraciət daxil olmamışdır. Eyni zamanda idxal olunmuş malların satışı bütünlüklə NKA çekləri təqdim edilməklə satılmışdır. Cavabdeh tərəfindən alıcıların subyektiv tərkibini-yəni fiziki şəxs və ya sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxs olmalarını müəyyən etmədən iddiaçının üzərinə qanunsuz vergi öhdəliyi qoymaqla onun sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaiməfaktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POSterminaldan çıxarış verilir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.2-ci bəndinə əsasən vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Deməli, qanunvericilik bir təsərrüfat subyektində (obyektində) hər iki ticarət növündən istifadə etməyə yol verir. İstər “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda, istərsə də “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda satışın miqdar əlaməti fərqləndirilməmiş, bununla bağlı hər hansı məhdudiyyətlər qoyulmamışdır. Cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbirinin əhatə etdiyi dövrdən əvvəlki dövrlərə aid edilərək vergi məsuliyyəti müəyyən etməsi qanunvericiliyin tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanunu ilə Vergi Məcəlləsinə 50.4-1-ci maddə əlavə edilmiş və həmin qanun 1 yanvar 2024-cü il tarixdən qüvvəyə minmişdir. Yeni Qanunun tələbinə görə bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbinə görə Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (...) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbinə görə isə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq (...) hüququna malikdirlər. Operativ nəzarət tədbiri zamanı Vergi Məcəlləsinə 50.4-1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixdən qüvvəyə minməsi və həmin qanunun qüvvəyə mindikdən sonrakı dövrə tətbiq edilməli olması, yeni qanunun vergi ödəyicilərinin hüquqi vəziyyətini ağırlaşdıran qanun olması nəzərə alınmadan, eyni zamanda nəzarət tədbiri zamanı vergi qanunvericiliyinin tələblərinin pozulmasını təsdiq edən mənbəyi bəlli hər hansı real sübut aşkar edilmədən əvvəlki dövrlərdə idxal edilmiş və satılmış malların satışına da müdaxilə edilərək vergi məsuliyyəti yaradılmışdır. Vergi Məcəlləsinin xx.xx.2024-cü il tarixdən qüvvəyə minmiş 50.4-1-ci maddəsi operativ vergi nəzarəti tədbiri baxımından fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini ağırlaşdıran norma olduğundan həmin qanunun geriyə tətbiqinə yol verilmir. Yəni qanun qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə vergi qanunvericiliyinin tələblərinin pozulması anından 3 il müddət keçməmişdirsə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İstər qanunun qüvvəyə mindiyi tarixdən əvvəlki, istərsə də qanunun qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə idxal olunmuş malların satışında real olaraq qanun pozuntusu halı qeydə alınmadığı, yəni pozuntu halı malların satışı anında aşkar edilmədiyi halda istinad edilən qanunun geriyə tətbiqinə yol verilmir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən X1 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi. Sədərək TM-ə gedən yolun şimalqərbi ünvanında yerləşən obyektdə malların Vergi Məcəlləsinin 58.8-cı maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2024-cü ıl tarixdə saat 16:20-də Baş İdarə tərəfindən X2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi. Sədərək TM-ə gedən yolun şimal-qərbi ünvanında yerləşən obyektdə idxal edilmiş mallardan 9.325.914,21 manat dəyərində olan hissəsi 2% ticarət əlavəsi və 18% ƏDV tətbiq edilməklə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron qaimə-faktura verilmədən 11 224 670.34 manat məbləğində malların topdan qaydada satılması faktı aşkar olunmuş və xx.xx.2024-cü il tarixli 100311 nömrəli akt tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli 100311 nömrəli akt İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 təqdim edilmiş, nümayəndə aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir. Bu barədə sərbəst akt tərtib edilmişdir. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı məxsus olan obyektdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2024-cü il tarixli 100311 nömrəli akta və digər sənədlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13cü və 71-1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı barəsində 1 122 467.03 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Nəzarət anına İddiaçı məxsus təsərrüfat subyektləri aşağıdakılardır: 1. Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi. Sədərək TM-ə gedən yolun şimal-qərbi (11002 kodlu) - anbar; Yuxarıda qeyd olunan obyektin ünvanına və şəkillərinə nəzər yetirdikdə görünür ki, obyekt pərəkəndə ticarət fəaliyyətinə uyğun olmamaqla yanaşı, ümumiyyətlə formal xarakter daşıyır, tam şəraitsiz və boşdur. Eyni zamanda iş materiallarında mövcud olan NKA-nın çeklərinə əsasən pul vəsaitlərinin nəzarət-kassa aparatına eyni vaxtlarda, eyni məbləğlərdə və qısa vaxt aralığında mədaxil olunduğu müəyyən olunur. Həmçinin iş materiallarında mövcud olan yük gömrük bəyannamələri barədə hesabata əsasən təqdim edilən əksər malların bir vahidinin alış qiyməti 0.08 - 15.0 manat aralığındadır. Eyni zamanda iş materiallarına əlavə edilmiş “NKA-nın çekləri barədə məlumatda" əks olunan əksər çeklər üzrə məbləğin 750,0 - 999,0 manat aralığında olması müəyyən olunur. Nəzərə alınsa ki, iddiaçının satdığı malların dəyəri 15 manatdan aşağıdır, o zaman bır nəfərin şəxsi istehlak məqsədləri üçün minimum dəyəri 750.0 manat və ondan yuxarı olan mal alması ziddiyyət doğurur və ağlabatan deyildir. Beləliklə, qeyd olunan hallar üzrə malların fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarlar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi ilə bağlı əvvəlcə yuxarı instansiyaya müraciət etmiş, şikayət instansiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə şikayəti təmin edilmədiyindən xx.xx.2024-cü il tarixdə hazırkı iddia ərizəsini məhkəməyə təqdim etməklə qanunla nəzərdə tutulmuş müddətdə məhkəmədə iddia qaldırmışdır. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********5009 nömrəli qərarına əsasən İddiaçı məxsus olan obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5, 10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək operativ vergi nəzarəti təyin olunmuşdur. -Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən görünür ki, operativ vergi yoxlamasının aparılma müddəti xx.xx.2024-xx.xx.2024 dövrləri əhatə etmişdir. -Operativ vergi yoxlaması zamanı iddiaçının nümayəndəsi tərəfindən verilmiş izahatdan görünür ki, X4 məxsus təsərrüfat subyekti Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bakı-Salyan-Lökbatan dairəsi yol ayrıcının qərbi ünvanında yerləşən 11.001 kodlu mağazadır. Digər yerdə mal, anbar, saxlanc yeri yoxdur. Satılan malların üzərinə 2 % ticarət əlavə qoyulmuşdur. -Operativ vergi nəzarətinin nəticəsi haqqında aktdan görünür ki,xx.xx.2024-cü ildə saat 11:30-da keçirilmiş operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin qeydiyyatda olduğu Bakı-Salyan-Lökbatan dairəsi yol ayrıcının qərbi ünvanında yerləşən 11001 kodlu obyektin pərakəndə ticarət üçün uyğun olmayan ərazidə yerləşməsi və idxal etdiyi 6850479,08 manat malları üzərinə ticarət əlavəsi və ƏDV tətbiq etməklə topdan şəkildə 8245236,62 manata mütəlif vergi ödəyicisinə satması faktı müəyyən olunmuşdur. -Vergi ödəyicisi haqqında məlumatdan görünür ki, iddiaçının təsnifatı – Pərakəndə ticarət kişi geyimlərinin satışı. -Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********4112 nömrəli qərarına əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 1122467.03 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -“İnzibati şikayətin təmin edilməməsi haqqında” 04 iyun 2024-cü il tarixli, **********123100 nömrəli qərardan görünür ki, İddiaçı keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2024-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, cavabdeh vergi orqanının xx.xx.2024-cü il tarixli, **********4112 nömrəli qərarı dəyişdirilmədənm saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.69. vergi üstünlüyü – vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma; 13.2.70. vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”ndan: 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti 4.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”ndan: - bənd 1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 1.3.4. ticarət (xidmət) obyekti – ticarət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən, vergiödəyicilərinə mülkiyyət və ya digər əşya hüququ əsasında məxsus olan əmlak. -bənd 3.5. Pərakəndə ticarət fəaliyyəti göstərən vergiödəyicisinə məxsus malların təsərrüfatdaxili hərəkəti (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. Pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, istehsal (o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı) və topdansatış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların pərakəndə satış fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. -bənd 3.12. Vergiödəyicisi pərakəndə ticarətlə yanaşı, digər fəaliyyət növlərini həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Bu zaman həmin mallar “anbarda olan mallar”, “pərakəndə ticarətdə olan mallar”, “dolu və boş taralar”, “satın alınan məmulatlar”, “kirayə (yolda olan) mallar” və digər təyinatlar üzrə mədaxil edilir. -bənd 4.3. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. Məhkəmə ilk növbədə müəyyən edir ki, operativ vergi nəzarəti İddiaçı münasibətdə xx.xx.2024-xx.xx.2024-cü il tarixləri (xx.xx.2024-cü il tarixi daxil olmaqla) əhatə etsə də, faktiki olaraq vergi ödəyicisinin ümumi fəaliyyətli yoxlanılmış və yoxlama nəticəsində müvafiq olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********4112 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə nəzərə alır ki, operativ vergi nəzarətinin mahiyyəti və məqsədi Vergi Məcəlləsinin 50.1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində isə operativ vergi nəzarəti ilə əhatə olunan halların və məsələlərin dairəsi təsbit edilmişdir. İstinad olunan həmin normaların məzmununa görə, operativ vergi nəzarəti mahiyyət etibari ilə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində təsbit olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Başqa sözlə, operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin cari fəaliyyəti yoxlanılır. Təsadüfi deyildir ki, vergi orqanları tərəfindən qəbul edilən belə qərarların əksəriyyətində də vergi ödəyicisinin cari fəaliyyətinin yoxlanılacağı bildirilir, eləcə də yoxlamanın həyata keçiriləcəyi konkret müddətlər göstərilir. Hazırkı mübahisənin müəyyən olunmuş hallarından görünür ki, operativ vergi yoxlamalarının İddiaçı münasibətdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla), müddəti əhatə etməsinə rəğmən, cavabdeh vergi orqanı faktiki olaraq operativ vergi nəzarəti ilə əhatə olunmayan keçmiş dövr üzrə həyata keçirilmiş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdehin belə davranışı operativ vergi nəzarəti institutunun mahiyyəti ilə ziddiyyət təşkil edir. Bununla belə məhkəmə xüsusilə nəzərə alır ki, vergi nəzarəti institutun əsas hüquqi məqsədi vergi öhdəliklərinin tam və vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi, vergitutma prosesinin şəffaflığının təmin olunmasıdır. Belə ki, vergi nəzarəti yalnız inzibati prosedur deyil, ictimai maliyyə sabitliyinin qorunmasına xidmət edən hüquq-mühafizə mexanizmidir. Bu baxımdan vergi nəzarəti tədbiri zamanı faktiki olaraq aşkarlanmış və sübutlarla təsdiq edilmiş vergi pozuntularına hüquqi qiymət verilməsi qanunçuluq prinsipindən irəli gəlir. Vergi orqanı tərəfindən həyata keçirilmiş yoxlama zamanı vergi ödəyicisinin sistematik və məqsədyönlü şəkildə vergidən yayınması, vergi üstünlüyünün əldə edilməsi məqsədi ilə qəsdən vergidən yayınma sxeminin tətbiq edilməsi, kölgə iqtisadiyyatının yaradılması kimi hallar aşkar edildiyi təqdirdə, yalnız formal hüquqi çərçivədən yanaşılması (operativ vergi nəzarətinin tətbiq olunduğu müddətlərlə məhdudlaşılması) vergi hüququnun maddi normalarının mahiyyəti və qanunvericiliyin məqsədi ilə ziddiyyət təşkil edə bilər. Vergi nəzarəti zamanı aşkar edilmiş sistematik və davamlı xarakter daşıyan vergi pozuntularına hüquqi qiymət verilməməsi vergi intizamının pozulması və vergidən yayınma hallarının artması ilə nəticələnə bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, bu hallarda hüquqi yanaşma fərdi işin konkret hüquqi və faktiki halları əsasında balanslaşdırılmış tətbiq olunmalıdır. Vergi nəzarətinin tətbiq olunduğu hüquqi forma və müddət çərçivəsi nəzərə alınmaqla yanaşı, vergi pozuntusunun xarakteri, təkrar olunub-olunmaması, qəsdin mövcudluğu və ictimai təhlükəlilik səviyyəsi də qiymətləndirilməlidir. Odur ki, vergi nəzarətinin hüquqi sərhədləri ilə onun funksional məqsədi arasında prosessual və maddi hüquqi balans təmin edilməli, bu institut formal prosedur kimi deyil, vergi hüququnun effektiv tətbiq vasitəsi kimi qiymətləndirilməlidir. Cavabdeh orqan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarların qəbul edilməsi üçün əsas olaraq bildirmişdir ki, vergi ödəyicilərinin fəaliyyətləri pərakəndə satış fəaliyyətinə uyğun gəlmədiyi halda əldə edilmiş mallar NKA ilə pərakəndə satış formasında rəsmiləşdirilmişdir. Məhkəmə nəzərə alır ki, sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıqla məşğul olan şəxslərə topdan qaydada sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsi məqsədilə iri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması birbaşa "kölgə iqtisadiyyatı”nı yaradan əsas amillərdəndir. Belə ki, faktiki olaraq topdan qaydada satılan malların vergi ödəyicisi tərəfindən pərakəndə ticarət kimi rəsmilləşdirilməsi nəticəsində həmin mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur, nəticədə, kölgə iqtisadiyyatına zəmin yaranır və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Odur ki, dövlət büdcəsinə əhəmiyyətli ziyan vuran bu növ sistematik və məqsədyönlü vergidən yayınma sxemlərinin aşkar edilməsi halında (hazırki işin hallarına uyğun olaraq təkzibolunmaz dəlillərlə sübut edildiyi təqdirdə) vergi nəzarəti ilə bağlı formal hüquqi müddətlərin tətbiqi istisna edilməklə vergi ödəyicisinin keçmiş dövr üzrə fəaliyyətinin yoxlanılması qəbul ediləndir. Məhkəmə İddiaçı münasibətdə müəyyən edir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olunan dövr ərzində nəzarət-kassa aparatına ümumilikdə 10151 çek üzrə məbləğ mədaxil olunmuş, daxil edilmiş məbləğlər arasında intervallar bütün hallarda çox qısa müddəti əhatə etmiş, “NKA-nın çekləri barədə məlumatda" əks olunan əksər çeklər üzrə məbləğin 750,0 - 999,0 manat təşkil etmişdir. Həmçinin iş materiallarında mövcud olan yük gömrük bəyannamələri barədə hesabata əsasən idxal edilən əksər malların bir vahidinin alış qiyməti 0.08 - 15.0 manat aralığında olan əsasən fərdi geyim əşyaları və aksessuarları (çanta, eynək, qol saatları və s.) təşkil etmişdir. Nəzərə alınsa ki, iddiaçının satdığı malların dəyəri 15 manatdan aşağı və əsasən fərdi geyim əşyaları və aksessuarlarından ibarət olmuşur, o zaman bir nəfərin şəxsi istehlak məqsədləri üçün minimum dəyəri 750,0 manat və ondan yuxarı olan mal alması ziddiyyət doğurur və ağlabatan deyildir. Belə olan təqdirdə pərakəndə satışın mahiyyətinə zidd olaraq hər çek üzrə davamlı intervallarla fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən və miqdardan yuxarı həddə pul vəsaitlərinin nəzarət-kassa aparatına mədaxil olunması məhkəmədə şübhə yaratmır. Məhkəmə eyni zamanda müəyyən edir ki, təsərrüfat subyekti kimi nəzarət anına İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal-qərbi (11002 kodlu) – anbar qeydiyyat alınmışdır. Vergi ödəyicisinə məxsus qeyri-yaşayış sahəsinə dair fotoşəkillərdən görünür ki, obyekt pərəkəndə ticarət fəaliyyətinə uyğun olmamaqla yanaşı, tam şəraitsiz və boşdur. İddiaçının hər hansı digər obyektinin və ya saxlanc yerinin olması müəyyən edilmir. Belə olan təqdirdə vergi ödəyicisinə məxsus obyektin formal xarakter daşıması, malların mütəmadi olaraq iri həcmli partiyalarla satılması pərakəndə satış fəaliyyətinin mahiyyətinə uyğun gəlmir. Həmçin diqqətə alınmalıdır ki, “NKA-nın çekləri barədə məlumatda" olan çeklərin vurulma tarixlərinə nəzər saldıqda pərakəndə satış aparıldığı iddia edilən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olunan dövr ərzində 2-16 gün aralıqlarında heç bir “satışın” olmaması (məsələn, 12.10.203-xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2023-cü il, xx.xx.2023xx.xx.2023-cü il və xx.xx.2023-xx.xx.2024-cü il və s.) bundan dərhal sonrakı günlərdə isə fasiləsiz olaraq, bir neçə saat ərzində 20-30 saniyə intervallarla “satışın” olması müəyyən edilir. Buna görə də, malların fiziki şəxslərə bu tarix aralıqlarında nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə pərakəndə satışı faktiki olaraq topdan qaydada sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının gizlətmək məqsədi daşıması kimi qiymətləmdirilməldir. Hazırkı iş üzrə iddiaçı barəsində qəbul edilmiş vergi məsuliyyətinə cəlb etmə barədə qərarın ləğvini iddia edən iddiaçının malları pərakəndə deyil, topdan qaydada satışı aşkardır. Belə ki, təqdim edilən çeklərdə malların satış intervalı, satılan malın bir ədədinin qiyməti və ümumilikdə satılan malın dəyəri, pərakəndə satışın həyata keçirildiyi iddia edilən obyektin həmin fəaliyyətə yararsızlıq xüsusiyyətləri kimi hallar göstərir ki iddiaçı həqiqətən də topdansatış fəaliyyəti həyata keçirmişdir. Obyektin yararsız vəziyyətdə və dislokasiya baxımından yerləşməsi, mağazanın kriteriya baxımından pərakəndə satış həyata keçirən obyekt olmasını istisna edən arqumentlərdən biri kimi qiymətləndirilir. Topdansatış həyata keçirildiyi təqdirdə elektron qaimə-faktura təqdim edilməli, malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədir. Lakin, vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilmişdir. Eyni zamanda məhkəmə onun da qeyd edilməzini zəruri hesab edir ki, işin faktiki halları iddianın təmininin istisna edilməsi ilə bağlı məhkəmədə daxili inamın formalaşmasına səbəb olur. Belə ki, təkcə iddiaçının irəli sürdüyü dəlillər işin digər hallarının nəzərə alınmaması əsası qismində çıxış edə bilməz. Məhkəmənin işin mahiyyətinə münasibətdə mövqeyinin daxili inamla bağlılığı isə inzibati prosessual qanunvericiliklə birbaşa tənzimlənmişdir. Belə ki, AR İPM-nin 68.1-ci maddəsi konkret olaraq 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Eləcə də, həmin prinsip ümumi norma kimi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə də öz təsbitini tapmışdır. Adıçəkilən Qanunuun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi qərar əsaslı olmuşdur. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1557/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1557/2025
11.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver