Məhkəmə qərarları › İş №2-1(112)-15580/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15580/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15580/2025 23.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin Cavabdeh qarşı “aksiz markaları ilə markalanmamış malların müsadirə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək cavabdehə məxsus, aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış, istifadəyə yararlı hesab edilmiş 1585 qutu tütün və istifadə müddəti bitdiyindən standart tələblərə uyğun olmadığı üçün qiymətsiz müəyyən edilmiş 07 qutu məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********6420 nömrəli “X2nin həyata keçirilməsi haqqında” Qərarına əsasən, fərdi sahibkar Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Kiosk-Press 228” adlı obyektdə X2 tədbiri həyata keçirilmişdir. X2 tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 2215,80 manat olan 1740 qutu tütün məmulatları aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş X2nin nəticəsinə dair” xx.xx.2024-cü il tarixli DVX seriyalı Na 000379 nömrəli Akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2024-cü il tarixli DVX seriyalı 000103 nömrəli Protokol tərtib edilərək götürülmüşdür. Vergi ödəyicisi Cavabdeh X2 tədbiri zamanı yoxlama materialları ilə tanış olmuş və imzalamışdır. Eyni zamanda yoxlama zamanı yazılı izahat verərək izahatı ilə sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə ona məxsus olan, aksiz markaları ilə markalanmamış alış dəyəri 2215,80 manat olan 1740 qutu tütün məmulatlarının aşkar edilməsi faktını təsdiqləmişdir. Tərtib edilmiş akt əsasında vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********8195 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 192,20 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda bildirilir ki, kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aşkarlanmış 1740 ədəd tütün məmulatları ekspert tədqiqatına təqdim edilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş kompleks məhkəmə-bioloji və məhkəməəmtəəşünaslıq ekspertizasının 24 oktyabr 2024-cü il tarixli, 3-16-16/2- 7/1594-9/7891 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş müxtəlif adlarda olan 1740 qutu tütün məmulatlarından 148 qutu tütün məmulatları ekspert rəyinə əsasən tədqiqata sərf edilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh X1 qarşı “aksiz markası olmayan malların müsadirə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2 (119)-1883/2022 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilmişdir. Məhkəmə qərardadında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli qərarına istinad edərək bildirmişdir ki, hazırkı iddia ərizəsi üzrə iddiaçı inzibati orqan olduğundan və “aksiz markası olmayan malların müsadirə edilməsi” barədə iddia tələbi onun ümumi (publik) hüquq sahəsindən irəli gələn fəaliyyəti ilə bağlı tələb olduğundan bu mübahisə subyekt tərkibi və mübahisənin irəli gəldiyi hüquq münasibətinin xarakterinə görə inzibati mübahisədir. Yəni, dövlət orqanlarının yalnız mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində iştirak etdiyi hüquq münasibətlərindən irəli gələn mübahisələr (müəyyən xüsusi icraat işləri istisna olmaqla) kommersiya mübahisəsi hesab olunur. Dövlət orqanının inzibati orqan kimi ümumi (publik) hüquq sahəsindən irəli gələn fəaliyyəti (hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı) ilə bağlı iddialara baxılması isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən inzibati məhkəmələrin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 23.1.15-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda bildiririk ki, Ali Məhkəmənin respublikanın məhkəmələrinə ünvanlanmış xx.xx.2016-cı il tarixli 2-388 nömrəli metodiki məktubunda isə məhkəmələrə tövsiyə olunmuşdu ki, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna tabe olan struktur qurumlar tərəfindən məcburi sosial sığorta haqları üzrə yaranmış borcun tutulmasına dair qaldırılmış iddialara məhkəmə təcrübəsində hələ də məhkəmə aidiyyəti qaydalarına zidd olaraq mülki mühakimə icraatı qaydasında iqtisadi mübahisə kimi baxılmaqda davam edilir. Halbuki, İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinin tələbinə əsasən həmin mübahisələrə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, "Sosial sığorta haqqında" Qanunla tənzimlənən mübahisə tərəfləri arasındakı münasibətlər ümumi (publik) hüququn nizamasalma predmetinə aiddir və həmin münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Bu səbəbdən, tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquqla tənzimləndiyinə görə vergi orqanı tərəfindən qaldırılmış iddialara da İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr baxır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(120)-3918/2025 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılaraq məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(106)-622/2025 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2025-ci il tarixli e-2-1(120)-3918/2025 nömrəli qərardadı ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh yaşayış yeri üzrə Masallı rayonu Təzəkənd kəndində qeydiyyatdadır, vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçotdadır, vergi uçotu orqanının ünvanı, o cümlədən vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) Bakı şəhərində yerləşir, odur ki, işə onun uçotda olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddianın mümkünlük məsələsinin müzakirə edilməsi məqsədilə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş gödərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (nümayəndələri) hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən, inzibati akt– inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən: -3.2. Bu Qanun inzibati orqanların: -3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə, -3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İPM-in 1.1-ci maddəsinə əsasən, Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. X4 11-ci bəndində göstərilmişdir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Həmçinin, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarının 7.2-ci bəndində göstərilir ki, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmayan və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarındandır. Həmin Məcəllənin 24.1.2-2-ci maddəsinə əsasən vergi orqanları vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin “İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin cavabdeh X1 qarşı iş üzrə” 2(102)-2010/2022 nömrəli, 10 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mülki prosessual qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı 2 qaydada həyata keçirilir: iddia icraatı və xüsusi icraat. Qeyd olunan icraat qaydalarının heç birində şəxsin əmlakının müsadirə edilməsi proseduru müəyyən edilməmişdir... Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.1.2-2-ci maddəsində vergi orqanı tərəfindən siyahıya alınmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vəzifəsinin vergi orqanlarının üzərinə qoyulması da hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmasına əsas vermir. Çünki mülki məhkəmə icraatının həyata keçirilməsi qaydaları Vergi Məcəlləsi ilə deyil, MPM-lə tənzimlənir və yuxarıda da qeyd olunduğu kimi MPM-in 1.4-cü maddəsinə əsasən digər qanunlarda olan prosessual hüquq normaları MPM-in müddəalarına uyğunlaşdırıldığı halda mülki prosesə tətbiq oluna bilər. Digər tərəfdən isə, müsadirə anlayışına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsində verilmiş anlayış bu cür iddialara mülki məhkəmə icraatı qaydasında baxılmasını birmənalı istisna edir”. Məhkəmə göstərilən hüquqi mövqeyi, inzibati icraat haqqında qanunvericiliyin tələblərini nəzərə almaqla, hesab edir ki, inzibati məhkəmə icraatının aparılması qaydaları Vergi Məcəlləsi ilə deyil, İPM və İPM-də başqa qayda müəyyən edilmədiyi, prosessual prinsiplərə zidd olmadığı hallarda isə MPM-lə tənzimləndiyindən, Vergi Məcəlləsində müəyyən edilmiş müvafiq qaydalar İPM və MPM-ə daxil edilməklə uyğunlaşdırılmadığından Vergi Məcəlləsinin 24.1.2-2-ci maddəsində nəzərdə tutulmuş norma hazırkı iddiaya inzibati məhkəmə icraatında baxılması üçün yetərli əsas qismində çıxış etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212-ci maddəsində əsasən müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Göründüyü kimi əmlakın mülkiyyətçidən məcburi qaydada alınması formalarından biri olan müsadirənin tətbiqi üçün həmin məcburiyyət tədbiri birbaşa qanunda nəzərdə tutulmalıdır. Buna görə, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı əsasında müsadirə formasında əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması yolveriləndir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-203/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında analoji mübahisəyə eyni hüquqi mövqe göstərilmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında yaranmış hazırkı mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar