Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1559/2022 21.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun sosial hüquqlarının bərpa olunması, əlilliyin 5 il müddəti deyil, müddətsiz təyin edilməsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildə beyin nahiyəsində cərrahiyə əməliyyatı keçirmişdir. Əməliyyatdan sonra Respublika Onkoloji Mərkəzdə müalicə almışdır. 2009-cu ilin mart ayında ilk dəfə ona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ qrup əlillik təyin olunmuş və həmin tarixdən də hal-hazırkı vaxtadək Dövlət Sosial Müdafiə Fondundan fasiləsiz olaraq əlilliyə görə müavinət alır. 2021-ci ilin mart ayında yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 5 il müddətinə İİ qrup kimi şəhadətləndirilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik təyin olunan zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı 30.12.2015-ci il tarixli Qərarı ilə qüvvəyə minmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4-cü paraqrafının (Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri) 2-ci bəndinin (İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir) tələbləri kobud surətdə pozulmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona əlillik təyin olunan zaman onun 2009-cu ildən 2021-ci ilədək fasiləsiz olaraq 12 il müddətində İİ qrup əlil olmağını həmin komissiya nəzərə almamışdır. Həmin komissiyanın rəyini aldıqda yenidən əlilliyin 5 il müddətinə verildiyini aşkar etmişdir. Bu isə onun sosial hüquqlarının tibbi komissiya tərəfindən pozulması deməkdir. İlk dəfə may 2021-ci il tarixdə 1 saylı DOST mərkəzinin Regional Tibbi Sosial Ekspert Komissiyasına müraciət etmişdir. Komissiyası ona Nazirlər Kabinetinin 413 saylı Qərarının 2015-ci ildə çıxdığını və əlilliyin əvvəlki müddətləri (6 il) fasiləsiz müddətə daxil olunmur” kimi cavab vermişdir. Sonradan o, yazılı surətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına ərizə ilə müraciət etməli olmuşdur. Həmin Komissiya isə hal-hazırkı vaxtadək ona cavab verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti 11 saylı Uşaq Poliklinikasının 19.02.2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: İİ Sinif - Xoşxassəli yenitörəmələr => D32 - Beyin qişalarının xoşxassəli yenitörəmələri => D32.9 - Beyin qişalarının dəqiqləşdirilməmiş xoşxassəli yenitörəməsi; Diaqnozun mətni: Beyinciyin sol yarım kürəsinin kistalı şişi. Meoluloblastoma. Hidrosefaliya cərrahi əməliyyatdan sonrakı vəziyyət; Meyar: 2.2. 2. İki il müddətinə: => DİGƏR: Beyinciyin kistalı şişi” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra 15 saylı Şəhər Poliklinikasının 02.08.2011-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye...; Diaqnozun mətni: Beyinciyin sağ yarımkürəsinin meolullablastomasina görə kombinə olunmuş müalicədən sonrakı vəziyyət şüa terapiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bədxassəli şişlər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Poliklinikanın 16.11.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69- C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye...; Diaqnozun mətni: Beyinciyin sağ yarımkürəsinin meolullablastomasina görə kombinə olunmuş müalicədən sonrakı vəziyyət şüa terapiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Beyinciyin daxili şişi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 26.12.2014-cü ildə sözügedən poliklinikanın göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye..; Diaqnozun mətni: Beyinciyin sağ yarımkürəsinin beyin daxili şişi cərrahi əməliyyatdan və şüa terapiyasından sonrakı vəziyyət; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Bədxassəli şişlər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sözügedən poliklinikanın 03.03.2015-ci il tarixli 0033003AAA49 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye...; Diaqnozun mətni: Beyinciyin bədxassəli yenitörəməsi. Beyinciyin sağ yarımkürəsinin medulloblastoması. Cərrahi əməliyyatdan və şüa müalicəsindən sonrakı vəziyyət; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bədxassəli şişlər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 03.03.2016-cı ildə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye...; səbəbi ilə beş il müddətinə verilmişdir. Bakı 34 nömrəli Şəhər Poliklinikasının 18.03.2021-ci il tarixli 2784003AACBA saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye...; Diaqnozun mətni: Baş-beyin törəməsi. Medulloblastoma Grade İV. Cərrahi əməliyyat və şüa terapiyasından sonrakı vəziyyət; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər - (C00- C97)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin, cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın baxılmamış saxlanılması barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə 11 saylı Uşaq Poliklinikasının 13.02.2009-cu il tarixli göndərişi əsasında 19.02.2009-cu ildə baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: İİ Sinif - Xoşxassəli yenitörəmələr => D32 - Beyin qişalarının xoşxassəli yenitörəmələri => D32.9 - Beyin qişalarının dəqiqləşdirilməmiş xoşxassəli yenitörəməsi; Diaqnozun mətni: Beyinciyin sol yarım kürəsinin kistalı şişi. Meoluloblastoma. Hidrosefaliya cərrahi əməliyyatdan sonrakı vəziyyət; Meyar: 2. İki il müddətinə: => DİGƏR: Beyinciyin kistalı şişi” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə 15 saylı Şəhər Poliklinikasının 02.07.2011ci il tarixli göndərişi əsasında 02.08.2011-ci ildə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye...; Diaqnozun mətni: Beyinciyin sağ yarımkürəsinin meolullablastomasina görə kombinə olunmuş müalicədən sonrakı vəziyyət şüa terapiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bədxassəli şişlər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə 15 saylı Şəhər Poliklinikasının 03.11.2013cü il tarixli göndərişi əsasında 16.11.2013-cü ildə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye...; Diaqnozun mətni: Beyinciyin sağ yarımkürəsinin meolullablastomasina görə kombinə olunmuş müalicədən sonrakı vəziyyət şüa terapiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Beyinciyin daxili şişi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə 15 saylı Şəhər Poliklinikasının 27.11.2014cü il tarixli göndərişi əsasında 26.12.2014-cü ildə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye..; Diaqnozun mətni: Beyinciyin sağ yarımkürəsinin beyin daxili şişi cərrahi əməliyyatdan və şüa terapiyasından sonrakı vəziyyət; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Bədxassəli şişlər” səbəbi ilə bir il müddətinə üçüncü dərəcə əlillik dərəcəsi verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə Bakı 15 nömrəli Şəhər Poliklinikasının 18.02.2015-ci il tarixli göndərişi əsasında 03.03.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye...; Diaqnozun mətni: Beyinciyin bədxassəli yenitörəməsi. Beyinciyin sağ yarımkürəsinin medulloblastoması. Cərrahi əməliyyatdan və şüa müalicəsindən sonrakı vəziyyət; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bədxassəli şişlər” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. Daha sonra elektron təyinatla 03.03.2016-cı il tarixli göndəriş əsasında eyni tarixdə iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye...; Diaqnozun mətni: Beyinciyin bədxassəli yenitörəməsi. Beyinciyin sağ yarımkürəsinin medulloblastoması. Cərrahi əməliyyatdan və şüa müalicəsindən sonrakı vəziyyət; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bədxassəli şişlər” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 34 nömrəli Şəhər Poliklinikasının 17.03.2021-ci il tarixli 2784003AACBA saylı göndərişi əsasında 18.03.2021-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye...; Diaqnozun mətni: Başbeyin törəməsi. Medulloblastoma Grade İV. Cərrahi əməliyyat və şüa terapiyasından sonrakı vəziyyət; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər - (C00-C97)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Beləliklə, hazırkı iş üzrə İddiaçı xx.xx.1993-cü il təvəllüdlü olmaqla sonuncu dəfə 18.03.2021-ci il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik verilmişdir. İddiaçı ona təyin edilmiş əlillik dərəcəsinin müddətsiz təyin edilməsini hazırkı inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Qeyd edilməlidir ki, məcburetmə haqqında iddia vasitəsilə iddiaçı məhkəmə qarşısında inzibati orqandan “İnzibati icraat haqqında” Qanunun 2.0.10-cu maddəsində nəzərdə tutulmuş mənada onun üçün əlverişli vəziyyət yaradan inzibati akt qəbul edilməsini, yəni özünün hüquqi vəziyyətinin genişləndirilməsini tələb edə bilər. Eyni zamanda məcburetmə haqqında iddia onunla səciyyələnir ki, şəxs həmin Qanunun 28.1.1ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün ərizə ilə inzibati orqana müraciət etsin və inzibati orqan həmin ərizəni rədd etsin. Hazırkı iddiaçının tələbi iddiaçıya təyin edilmiş ikinci əlillik dərəcəsinin müddətsiz təyin edilməsi ilə bağlıdır. Əlilliyin müddətsiz təyin edilməsinin iddiaçının hüquqi vəziyyətinin bilavasitə genişləndirilməsinə gətirib çıxaracağı nəzərə alındıqda məhkəmə hesab edir ki, hazırkı iddia məcburetmə haqqında iddia növünə uyğundur. İddia mahiyyət üzrə əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir. -2.4-cü bəndinə əsasən tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.2. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9, Q60, Z90.5); 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9); 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); 2.4.5. dağınıq skleroz (G35); 2.4.6. bir budun güdülü (Z89.8); 2.4.7. bir əlin olmaması (Q71.2, Z89.1); 2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5); 2.4.9. tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya (D66); 2.4.10. heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1). -4.1-ci bəndinə görə birinci dərəcə əlillik və tibbi göstərişolan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. -4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. -4.3-cü bəndinə görə əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, ikinci dərəcə əlillik aşağıdakı iki haldan birinin mövcud olduğu təqdirdə müddətsiz təyin edilir: - Tibbi göstəriş olan xüsusi hallarda; - İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il ərzində təyin olunduğu halda. İddiaçının əlillik diaqnozu: “Baş-beyin törəməsi. Medulloblastoma Grade İV. Cərrahi əməliyyat və şüa terapiyasından sonrakı vəziyyət”; meyar: 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər - (C00-C97) olmaqla yuxarıda adıçəkilən Əsasnamənin 2.4-cü bəndində sadalanan xüsusi tibbi göstəriş olan xəstəliklərə aid deyildir. Əlilliyin müddətsiz təyin edilməsinin birinci halı hazırkı iddiaçıya münasibətdə mövcud deyildir. İddiaçıya təyin edilmiş ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi üçün tələb olunan ikinci hala gəldikdə məhkəmə aşağıdakıları qeyd edir. İşin hallarından müəyyən olunur ki, iddiaçının əlillik təyinatı aşağıdakı qaydada aparılmışdır: - 19.02.2009-cu il tarixində 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaq; - 02.08.2011-ci ildən 1 il müddətinə ikinci dərəcə əlillik; - 16.11.2013-cü ildə 1 il müddətinə ikinci dərəcə əlillik; - 26.12.2014-cü ildə 1 il müddətinə üçüncü dərəcə əlillik; - 03.03.2015-ci ildə 1 il müddətinə ikinci dərəcə əlillik; - 03.03.2016-cı ildə 5 il müddətinə ikinci dərəcə əlillik. Məhkəmə qeyd edir ki, Əsasnamənin 4.2-ci bəndində ikinci dərəcə əlilliyin məhz fasiləsiz olaraq 10 il müddətinə təyin edildiyi halda növbəti əlilliyin müddətsiz təyin edildiyi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçıya ikinci dərəcə əlillik dərəcəsinin təyin edildiyi 02.08.2011-ci ildən hesabladıqda onun fasiləsiz olaraq 10 il müddətinə ikinci dərəcə əlilliyi müəyyən olunmur. Belə ki, iddiaçıya 26.12.2014-cü ildə 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir ki, qeyd edilən üçüncü dərəcə əlillik ikinci dərəcə əlilliklə bağlı olan 10 il müddətin fasiləsiz axımını kəsmişdir. Fasilədən sonra yenidən 03.03.2015-ci ildən ikinci dərəcə əlillik təyin edilmişdir ki, həmin müddətdən hesablandıqda iddiaçıya sonuncu dəfə 18.03.2021-ci ildə ikinci dərəcə əlillik təyin edilənədək əlillik müddətinin 06 il fasiləsiz olduğu müəyyən olunur. İddiaçı ona 26.12.2014-cü ildə ikinci dərəcə əlillik təyin edildiyini, hətta bununla əlaqədar ona ödənilmiş sosial müavinətin həmin dövrdə ikinci dərəcə əlillik üçün təyin edilmiş 50 manat məbləğində verildiyini iddia etmişdir. Məhkəmə işin qeyd edilən halının araşdırılması üçün sorğu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından müavinət işini tələb etmiş və Filialın 03.11.2021-ci il tarixli, **********0 nömrəli məktubu ilə təqdim edilmiş İddiaçı ******* nömrəli müavinət işinin təsdiq olunmuş surətindən müəyyən olunmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 saylı Səbail Tibbi Sosial Ekspert Komissiyasının 471071 nömrəli müayinə aktından çıxarışda İddiaçı diaqnozunun beyinciyin sol yarımkürəsinin beyindaxili şişi cərrahi əməliyyatdan sonrakı vəziyyət olmaqla 26.12.2014-cü ildə üçüncü dərəcə əlilliyin təyin edildiyi, növbəti müayinə tarixinin 26.12.2015-ci il olduğu qeyd edilmişdir. 10 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Binəqədi rayon şöbəsinə ünvanladığı 12.01.2015-ci il tarixli məktubunda İddiaçı tibb idarəsinin göndərişi ilə 26.12.2014-cü il tarixdə komissiyaya müraciət etdiyi və komissiya tərəfindən tibbi ekspert müayinəsindən keçirilərək ona üçüncü dərəcə ümumi səbəbdən bir il müddətinə əlillik təyin edildiyi qeyd edilmişdir. Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 12.01.2015-ci il tarixli 13 nömrəli sərəncamı ilə İddiaçı üçüncü qrup əlillik üzrə 01.01.2015-ci ildən 01.01.2016-cı ilədək 43 manat sosial müavinətin verilməsi qərara alınmışdır. Eyni zamanda müavinət işindən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 saylı Səbail Tibbi Sosial Ekspert Komissiyasının 471252 nömrəli müayinə aktından çıxarışına əsasən İddiaçı 03.03.2015-ci ildən növbəti müayinə tarixi 03.03.2016cı il olmaqla bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 12.03.2015-ci il tarixli 10 nömrəli sərəncamı ilə İddiaçı ikinci qrup əlillik üzrə 03.03.2015-ci ildən 01.04.2016-cı ilədək 50 manat sosial müavinətin verilməsi qərara alınmışdır. Beləliklə, müavinət işinin surəti ilə də müəyyən olunur ki, iddiaçıya TSEK-in qərarı ilə 26.12.2014-cü ildə üçüncü dərəcə əlillik təyin edilmiş, daha sonra 03.03.2015-ci ildən ikinci dərəcə əlillik təyin edilmiş və hər dəfə əlillik dərəcəsinin növünə uyğun müvafiq sosial müavinətin ödənilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik təyinatı ona ödənilmiş sosial müavinətin məbləği ilə deyil, əlillik dərəcəsini təyin edən TSEK-in qərarı ilə müəyyən olunduğundan TSEK-in qərarından kənar əlillik dərəcəsinin təyini (neçənci dərəcə olması, tarixi və s.) mümkün deyildir. Hazırkı halda da iddiaçının əlillik dərəcəsi təyinatının fasiləliliyinin pozulması isə TSEK-in 26.12.2014-cü il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1559/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1559/2022
21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver