Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1559/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “X1 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu” tərəfindən verilmiş 5867 qeydiyyat nömrəli, xx.xx.2005-ci il tarixli, BCВ ******* seriyalı “psixoloq” ixtisası üzrə bakalavr dərəcəsi üzrə təltif olunmasına dair bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2000-ci ildə “X1 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu”nun pedoqoqika-psixologiya fakültəsinə qəbul olunmuşdur. Təhsilini əyani təhsil formasında almış və uğurla başa vuraraq 2005-ci ildə həmi institutun pedaqoqika-psixologiya fakültəsini bitirərək psixoloq, pedoqoqika-psixologiya ixtisasına yiyələmişdir. Buna dair “X1 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu” tərəfindən ona 5867 qeydiyyat nömrəli, xx.xx.2005-ci il tarixli, BCB ******* nömrəli diplom verilmiş və xx.xx.1961-ci il tarixli “Xarici rəsmi sənədlərin qanuniləşdirilməsi tələbini dəyişdirən konvensiya”ya uyğun olaraq diploma apostil əlavə edilmişdir. Təhsilini bitirdikdən sonra xx.xx.2005-ci il tarixdə hərbi xidmətə yollanmışdır. Ali təhsilini nəzərə alaraq bir il müddətinə hərbi xidmətini yerinə yetirdikdən sonra xx.xx.2006-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında ehtiyata buraxılmışdır. 2008-ci iln oktyabr ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin nəzdində təşkil olunmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kursuna qəbul olunmuşdur. 2008-ci ilin dekabr ayında kursu “kiçik çavuş” rütbəsi ilə bitirmişdir. 2009-2015-ci ilədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini suüstü gəmilərdə davam etdirmişdir. Ali təhsilli olduğunu nəzərə alaraq 2015-ci il iyun ayının 8-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin nəzdində təşkil olunmuş “Ehtiyat zabit hazırlığı” kursunu “bölük komandirinin tərbiyəvi işlər üzrə müavini” ixtisası üzrə 2015-ci il avqust ayının 28-dək təhsilini davam etdirmişdir və kursu bitirərək Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasə “leytenant” hərbi rütbəsi verilmiş və zabit vəzifəsinə təyin olunmuşdur. Yuxarı vəzifəyə təyin olunması ilə əlaqədar olaraq cəbhə bölgəsində xidmət etdiyi dövrdə, 2019-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin nəzdində təşkil olunmuş “Tabor komandirinin tərbiyəvi işlər üzrə müavini” ixtisası üzrə kursu bitirmişdir. xx.xx.2020-ci il tarixdə Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının azad olunması uğrunda gedən əməliyyatlarda iştirak etmişdir. Müdafiə nazirinin müvafiq əmrinə əsasən müvəqqəti olaraq Dövlət Sərhəd Xidmətinin tabeçiliyinə göndərilmişdir. Dövlət Sərhəd Xidmətinin müvafiq hərbi hissənin mənəvi-psixoloji hazırlıq üzrə şöbənin baş zabiti (psixoloq) vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda ixtisasına uyğun Cəmşid Naxçıvanski adına hərbi liseyin İdeoloji iş və mənəvi psixoloji təminat üzrə bölməsi rəisinin köməkçisi-psixoloq vəzifəsində xidmət edir və 17 (on yeddi) il xidmət ili var. O, diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün qüvvədə olan qaydalara müvafiq olaraq elektron müraciət formasında xx.xx.2023-cü il tarixdə cavabdeh Agentliyə elektron kabinet üzərindən ərizə ilə müraciət etmişdir. Hazırda ərizsinin cari statusu “Ərizəniz qəbul edilmişdir” kimi qeyd edilmişdir. Lakin, onun müraciətindən bugünədək müəyyən müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən müraciətinin təmin edilməsi və ya müraciətindən imtina edilməsinə dair ona hər hansı bir məlumat verilməmişdir. Əlavə olaraq bildirir ki, xx.xx.2024cü il tarixdə elektron e-mail vasitəsi ilə (TKTA) təkrar müraciət etmiş, müraciətinə cavab olaraq müvafiq sorğuların cavablandırılmamasını əsas göstərmişdir. Sənədin icraatının surətləndirilməsi məqsədilə bitirdiyi təhsil müəssisəsinin əldə etdiyi məlumatları müvafiq qurumla bölüşmüşdür. Davamlı olaraq ixtisasına uyğun şəkildə bilik və bacarıqlarının artırılması üçün çalışır, hal-hazırda dövləti və xalqı qarşısında tutduğu vəzifənin məsuliyyətini tam dərk edərək ixtisasına uyğun xidmətini dava etdirir və ixtisası üzrə təhsilini artıqmaq arzusundadır. Lakin, sənədinin qanunauyğun şəkildə tanınmasında yaranmış çətinliklər bu arzusunun həyata keçirilməsinə çətinlik yaradır. Odur ki, müəyyən müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən müraciətinə baxılmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq İddiaçı X4 İnstitunun akkreditasiyasız fəaliyyət göstərən Bakı filialında təhsil alması səbəbilə xx.xx.2024-cü il tarixli müvafiq qərarla iddiaçıya tanınma haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Bildirilmişdir ki, ali təhsil müəssisəsinin müvafiq lisenziyaya və akkreditasiyaya malik olmasının müəyyənləşdirilməsi xarici kvalifikasiyaların tanınması sahəsində araşdırılması mühüm olan vacib məsələlərdən biridir və beynəlxalq təcrübədə də məhkəmələr tərəfindən deyil, səlahiyyətli qurumlar tərəfindən müəyyən edilir.
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. Apostil edilərək notarial qaydada təsdiq edilmiş 20 iyun 2005-ci il tarixli ВСВ ******* nömrəli bakalavr diplomuna əsasən İddiaçı X1 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunu qiyabi təhsil alma formasında “Psixoloq, pedaqogika və psixologiya müəllimi” ixtisası üzrə bakalavr təhsiini müvəfəqqiyyətlə başa vurmuş və ona bakalavr ali ixtisas-peşə dərəcəsi verilmişdir.
7. Diploma əlavə iş materiallarına əlavə edilmişdir.
8. “Sankt X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnsitutu” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05.01-18/29 nömrəli arxiv arayışına əsasən İddiaçı 2000-2005-ci illərdə Ali peşə təhsilli qeyri-dövlət təhsil müəssisəsi “Sankt X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu”un Bakı Filialında təhsil almışdır. Dövlət attestasiya komissiyasının 28 iyun 2005-ci il tarixli qərarına əsasən ona “Pedoqogika və psixologiya” ixtisası üzrə “Psixoloq, pedaqogika və psixologiya müəllimi” ixtisası üzrə psixoloq, pedaqogika və psixologiya müəllimi ixtisası verilmişdir. 19 sentyabr 2005-ci ildə ВСВ seriyalı, ******* nömrəli diplom verilmişdir.
9. Cavabdehin 16 dekabr 2024-cü il tarixli NA00035020 nömrəli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərarına əsasən ərizəçinin müraciətinə baxılaraq onun əldə etdiyi kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə təhsil fəaliyyəti göstərmək üçün səlahiyyətli qurum tərəfindən dövlət lisenziyası əldə etmədiyi və səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.1-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasikyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınmaya dair ümumi tələblərə aiddir. Ərizəçinin təhsil aldığı müddətdə qüvvədə olan “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə əsasən təhsil müəssisələrinin fəaliyyəti lisenziyalaşdırılan fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növünə aid edilmişdir. Lakin, ərizəçinin təhsil aldığı müəssisənin təhsil fəaliyyəti göstərməsi üçün müvafiq lisenziya əldə etmədiyi müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir.
11. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
14. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər
15. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
16. Məcburetmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etməsidir ki, iş materiallarından görünür ki, iddiaçı müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
22. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
23. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
24. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları: 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; ... 4.1.1. Müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. Müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. Müvafiq kvalifikasiyanın verldiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; ...
25. Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli 455-İİQ №-li, Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin (bundan sonra mətndə - Saziş): 1-ci maddəsinə əsasən, bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur (maddənin 1-ci bəndi). Bu Sazişin müddəaları onun qüvvəyə minməsindən əvvəl Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazisində verilmiş, bu maddənin 1-ci bəndində göstərilən sənədlərə münasibətdə də tətbiq olunur (maddənin 2-ci bəndi); 6-cı maddəsinə əsasən, dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır; ...
26. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
27. Hazırki mübahisə ilə eyni faktiki və hüquqi hallara söykənən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-987/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında işin faktiki halları və formalaşmış hüquqi mövqe aşağıdakı kimi olmuşdur: “Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçıya “Hüquqşünas” ixtisası və təhsil aldığı müəssisəni bitirməsinə dair diplom Rusiya Federasiyasında akkreditasiya olunmuş ali təhsil müəssisəsinin Dövlət İmtahan Komissiyasının qərarı ilə verilmiş, diplom səlahiyyətli orqanı tərəfindən apostil olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya diplom Rusiya Federasiyasında akkreditasiya olunmuş ali təhsil müəssisəsi tərəfindən verildiyindən, bu qərarın 26-cı bəndində istinad edilən Sazişin müddəaları hazırkı mübahisəyə tətbiq olunmalıdır. Sazişin 6-cı maddəsinin tələbinə əsasən, dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır Cavabdehin istinad etdiyi “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın tələblərinə gəldikdə, nəzərə alınmalıdır ki, həmin Konvensiya onun iştirakçıları arasında eyni məsələləri tənzimləyən sazişlərin bağlanmasını qadağan etmir. Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkibi hissəsi olan, həmçinin iki dövlət arasında münasibətləri tərəflərin müəyyən etdiyi xüsusi normalar vasitəsi ilə tənzimləyən Sazişin müddəalarını hazırkı mübahisəyə tətbiq etməməkdə cavabdeh haqlı olmamışdır. Sazişin tərəfi olan dövlət məzuna verdiyi diplomla onun ali təhsil proqramını uğurla başa vurduğunu təsdiq etmişdir (Qaydaların 1.2-ci bəndi). Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə və 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsinə istinadla qeyd etmişdir ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu baxımdan, təhsil müəssisəsinin filialının qanunsuz fəaliyyəti orada təhsil alan şəxslərin hüquqlarının pozulması ilə nəticələnə bilməz. Ona görə də cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqları qanunauyğun təmin olunmalıdır. İstinad edilən qətnamə ilə cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunmuşdur. Həmçinin, istinad edilən qətnamədən aydın olur ki, qeyd edilən filial 1999-cu ildən 2007-ci ilədək fəaliyyətdə olmuşdur. Filialın fəaliyyəti dayandırılanadək faktiki təhsil alan şəxslərin təhsil hüquqlarının təmin olunması məqsədilə digər müvafiq ali təhsil ocaqlarına köçürülmüşdürlər. Belə olan halda, məhkəmə qaydasında fəaliyyəti dayandırılana kimi təhsilini başa vurmuş şəxslərin də hüquqları təmin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.”
28. Məhz bu baxımdan hazırkı halda iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinin yuxarıda istinad edilən qərarda qeyd edilən ali təhsil müəssisəsi olması və həmin qərardakı mübahisə üzrə işin faktiki və hüquqi hallarının hazırki mübahisə ilə eyni olmasını nəzərə alaraq məhkəmə, artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən hesab edir ki, iddiaçının iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
29. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının diplomunun tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Odur ki, cavabdehin imtinası iddiaçının təhsil hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı adına X1 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən verilmiş 28 iyun 2005-ci il tarixli ВСВ ******* nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva