Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15591/2025 09.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsi Cavabdehnə qarşı “tibb müəssisəsinin vurduğu ziyanın ödənilməsi, maddi və mənəvi zərərin ödənilməsi” barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsi Cavabdehnə qarşı ona mənəvi ziyan vurduqlarına görə cavabdehin məsuliyyətə cəlb edilsin, dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq 150000 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, səhhətində olan bel-oma fəqərələrində L4, L5 disk yırtığı 4 mm yaranmışdır. O, xx.xx.2025-ci il tarixdə Bakı şəhərində yeni klinikaya müayinə və müalicə olunması üçün müraciət etmişdir. O, neyrocərrah stasionar yatışa qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə onu bel yırtığına görə əməliyyata qaldırmışlar və 5 ədəd implant qoyulmuşdur. xx.xx.2025-ci il tarixdə onu həkim ambulator müalicəyə evə yazmışdır. Lakin, o, həkimə bildirmişdir ki, özünü yaxşı hiss etmir. Ancaq həkim ona yaxşısız deyərək evə buraxmışdır. xx.xx.2025-ci il tarixdə həkimin ona verdiyi tövsiyləri vaxtlı-vaxtında etsə də, səhhətində ciddi ağırlaşmalar başlamışdır. O və cavabdeh həkiminə təzədən müraciət etmişdir. xx.xx.2025-ci il tarixə kimi stasionar müalicə almış və həkim ona bildirmişdir ki, implant qoyulan xəstələrdə belə hallar olur, getsin ərizə yazsın, burada yatmasının heç bir mənası yoxdur. O da, ərizə yazıb xəstəxanadan çıxmışdır. Evə gəldikdən sonra səhhətində günü-gündən ağırlaşmalar davam etmişdir. O, Sait Mərcan adlı həkimə görüntülü zəng edərək səhhətindəki yaranan problemi göstərərək həkimə səhhətinin pis olmasını demişdir. Həkim ona bir neçə dərman pereparatları yazmış və davamlı şəkildə həmin dərmanları davam etmişdir. Əməliyyat olduğunu yerdən çirk axıntısı gəlirdi və yara bitişmirdi. Həkim ona bildirmişdir ki, etdikləri müraciətlər effetk vermədiyi üçün yenidən əməliyyat olunmasına qərar vermişdir. xx.xx.2025-ci il tarixdən cavabdehə müraciət etmişdir. Onu stasionar yatışa qəbul etmişlər. Elə həmin gün MRT müayinəsi etmişlər, əvvəlki göstəricini nəzərə alaraq 6 mm, L4, L5 fəqərəsində aşkarlanmışdır. xx.xx.2025-ci il tarixdə onu təkrar əməliyyat etmişlər və qoyduqları 5 ədəd implantı çıxarmışlar. xx.xx.2025-ci il tarixdə onu yaxşılaşma ilə evə yazmışlar. Lakin, o etiraz etsə də, özünü yaxşı hiss etmir, sol ayağında şiddətli ağrılar var, həkim ona bildirmişdir ki, əməliyyatdan yeni çıxmışdır, narahat olmasın, belindən 6 mm yırtıq götürülmüşdür, tam sağalmışdır. xx.xx.2025-ci il tarixdə bel və sol ayağında olan şiddətli ağrılarla Bakı şəhərində yerləşən Nevrocərrahiyyə institutuna Kabus həkimə müayinə olunmaq üçün müraciət etmişdir. Kabus həkim onu MRT müayinəsinə göndərmişdir. Onda MRT müayinəsi zamanı 8.11 mm yırtıq və digər fəsadlar aşkarlanmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (vəsatət) təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Vəsatətə əsasən, iddiaçıya Cavabdeh PHŞ-də həkim-neyrocərrah vəzifəsində işləyən Səid Mərcan tərəfindən müvafiq tibbi xidmətlər göstərilmişdir. Belə ki, ona xx.xx.2025-ci il tarixdə L4-L5 bel fiksasiyası və sol L4-L5 mikrodiskkentomiya əməliyyatı icra olunmuş, sonradan o, Şəki şəhərində digər cərrah-həkimə müraciət etmiş və yaraya hidrogen peroksit sıxılmışdır. O, 1 ay sonra yenidən Klinikaya müraciət etmiş və yaraya baxış olmuş, bundan sonra öz istəyi ilə evə buraxılmışdır. İddiaçı bel ağrısı ilə təkrar müraciət etdikdə xx.xx.2025-ci il tarixdə infeksiya səbəbindən implant çıxarılmış, laborator göstəricilərinin nəticələrinə və yaxşılaşması ilə əlaqədar evə buraxılmışdır. Lakin, bir neçə gün sonra o, yenidən Klinikaya müraciət etmiş, ona müvafiq müayinələrdən keçməsi təklif edilsə də, o, müayinələrdən keçməkdən imtina etmişdir. Qeyd edilməsi zəruridir ki, onun bütün müayinə və əməliyyat xərcləri tibbi sığorta çərçivəsində İcbari Tibbi Sığortanın vəsaiti hesabına həyata keçirilmişdir. İş üzrə məhkəmə mümkünlük iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətə uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüququ münaibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndində göstərilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndində göstərilmişdir ki, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 6.2 bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunlamüdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. İşin hallarından göründüyü kimi, tərəflər arasındakı mübahisənin predmetini iddiaçının tibb müəsisəsində, hazırki halda iş üzrə cavabdeh olan Yeni Klinika” publik hüquqi şəxsində müalicə alması zamanı onun sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Məhkəmə işin faktiki hallarını qanunvericiliyin yuxarıda sadalanan normalarına tətbiq edərək hesab edir ki, hazırki mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlər ümumi (publik) münasibətlərə aid olmayıb, inzibati məhkəmə icraatının predmetinə aid olan mübahisə deyil, iddiaçının sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı olub, həmin mübahisələr mülki hüquq pozuntusundan irəli gələrək mülki məhkəmə icraatının predmetini təşkil etməklə xüsusi hüququn nizamasalma predmetinə aid mübahisədir və sözügedən mübahisəyə ümumi məhkəmə icraatı qaydasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddia tələbi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-15591/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15591/2025
09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver