Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-156/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi X1 (Ünvanı: Bakı şəhəri, M.Cəlal küçəsi ev 2a, mənzil 38) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddiaçıya kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 31.03.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “ünvan 2 saylı binanın yanında yerləşən dəmir qarajın sökülməsi ilə bağlı 26.000 (iyirmi altı min) manat məbləğində kompensasiyanın, həmçinin həmin qarajın qiymətləndirilməsi ilə bağlı çəkilmiş 400 manat xərcin İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasıyaların ödənilməsi lələbinə dair iddialara da baxılır. İddia ərizəsində bildirilmişdir ki, ünvan 2 saylı binanın qarşısında iddiaçının metal konstruksiyalı qarajı var idi. Qaraja dair DƏRX tərəfindən verilmiş Daşınmaz Əmlakın Texniki Pasportu mövcuddur. Buna baxmayaraq Binəqədi Rayon İH-i tərəfindən 09.04.2019-cu il tarixindən başlayaraq, heç bir rəsmi, yazılı xəbərdarlıq olmadan, həmin ərazidə yerləşən qarajların demontaj prossesinə başlanılmışdır. Binəqədi Rayon İcra Hakimiyyətindən verilən məlumata görə qarajların söküntü və demontaj prossesi bitdikdən sonra həmin ərazidə İDEA İB tərəfindən park salınacağı bildirildi. İddiaçıdan şifahi olaraq qısa zamanda, heç bir əvəzləşmə və kompensassiya ödəməmək şərti ilə qarajın boşaldılmasını tələb etdilər. 15.07.2019-cu il tarixində heç bir xəbərdarlıq olmadan, onun iştirakı olmadan qarajın qapıları kustar üsulla sökülüb və içində olan əşyalar kənara tullanılıb. Özünü hadisə yerinə çatdıranda artıq qarajı avtokrana yükləyib naməlum istiqamətlə apardılar. O, sözügedən demontaj prossesinə etirazını bildirdikdə polis əməkdaşları söküntü prossesini aparan əməkdaşlara mane olmağına imkan vermədilər. Baxmayaraq ki, iddiaçı dəfələrlə söküntü prosesinin qanunsuz olduğunu bildirdi, yəni həmin ərazidə söküntü prosesini aparmaq üçün, nə məhkəmə qərarı, nə də ki Nazirlər Kabinetinin qərarı mövcud deyildir, demontaj prossesini davam etdirdilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 21.09.2021-ci il tarixli məktubla Bakı şəhəri, Binəqədi rayonu, 9a mkr, Mir Cəlal küçəsi, 49-cu binanın yanında dəmir qaraja dair İddiaçı adına tərtib olunmuş 11.12.2008-ci il tarixli texniki pasportun və bununla bağlı digər sənədlərin təsdiqlənmiş surətini məhkəməyə göndərmişdir. İş materiallarından görünür ki, Kirov Rayon XDS İK-nin 27.09.1991-ci il tarixli 17/409 saylı qərarı ilə 9a mkrn, Mir Cəlal küçəsi, 49, mənzil 11 ünvanında yaşayan İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9a mkrn, Mir Cəlal küçəsi, 49 saylı binanın qarşısında dəmir qaraj quraşdırılmasına icazə verilmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 9a mkrn, Mir Cəlal küçəsi, 49 saylı binanın yanında dəmira qaraja dair 11.12.2008-ci il tarixdə Texniki Pasport tərtib edilmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, 2019-cu ildə iddiaçıya məxsus qaraj sökülmüş və həmin qaraja görə kompensasiya məbləği ödənilməmişdir. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək sözügedən qarajın sökülməsinə görə ona kompensasiya ödənilməsini xahiş etmiş, cavabdeh isə bundan müxtəlif səbəblərlə imtina etmişdir. Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 24.05.2019-cu il tarixli, 395 nömrəli məktubunda göstərmişdir ki, iddiaçının yaşadığı həyətin abadlaşdırılması ilə əlaqədar ərazidə yerləşən qarajların bir hissəsi sahibləri tərəfindən götürülmüş, digərləri isə sahibləri tərəfindən hissələrə bölünərək metal toplayanlara təhvil verilmişdir, abadlıq işləri zamanı qarajların götürülməsinə və əvəzlənməsinə görə kompensasiya verilməsi nəzərdə tutulmayıb. Məhkəmə qarajın cavabdeh inzibati orqan tərəfindən sökülməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.3-cü bəndinə əsasən müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayişin qorunmasını təmin etmək yerli icra hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Məhkəmə kompensasiyanın məbləği ilə bağlı qeyd edir ki, məhkəmənin 09.12.2021-ci il tarixli qərardadı əsasında "xxxx" (Konsaltinq xidmətləri) MMC tərəfindən 27.01.2022-ci il tarixli 01/22-031 nömrəli mütəxəssis rəyi verilmişdir. "xxxx" (Konsaltinq xidmətləri) MMC-nin 27.01.2022-ci il tarixli 01/22-031 nömrəli mütəxəssis rəyinə əsasən aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, İddiaçı məxsus olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 14.42 m2 olan, qeyri yaşayış binasının 27.01.2022-ci il tarixə olan bazar dəyəri: 26 000 (iyirmi altı min) manat təşkil edir. Ekspetizanın aparılması üçün 400 (dörd yüz) manat xidmət haqqı təyin edilmişdir. Xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, mübahisə predmeti olan dəmir qarajın quraşdırılmasına dair İddiaçı icazə verilməsi, həmin qaraja dair iddiaçının adına texniki pasportun tərtib edilməsi, həmçinin qeyd edilən qarajın sökülməsi və bununla əlaqədar iddiaçıya kompensasiya ödənilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 2 saylı binanın yanında yerləşən dəmir qarajın sökülməsi ilə bağlı 26.000 (iyirmi altı min) manat məbləğində kompensasiyanın, həmçinin həmin qarajın qiymətləndirilməsi ilə bağlı çəkilmiş 400 manat xərcin İddiaçı ödənilməsi öhdəliyi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. ünvan 2 saylı binanın yanında yerləşən dəmir qarajın sökülməsi ilə bağlı 26.000 (iyirmi altı min) manat məbləğində kompensasiyanın, həmçinin həmin qarajın qiymətləndirilməsi ilə bağlı çəkilmiş 400 manat xərcin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun təqdim olunduğu gündən, 30 (otuz) gün müddətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-156/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-156/2022
31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver