Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1560/2022 04.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı (üçüncü şəxs Zəngilan Rayon İcra Hakimiyyəti) “müavinətin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona və uşaqlarına məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin dayandırıldığı vaxtdan bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ailə üzvləri ilə 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün düşməklə Sumqayıt şəhərinə pənah gətirmiş və X10 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan 1997-ci il təvəllüdlü oğlu Firidun və 1998-ci il təvəllüdlü qızı Fəridə və 2002-ci il təvəllüdlü oğlu Fərid anadan olmuşdur. Lakin münasibətləri pozulduğu üçün Sumqayıt Şəhər Məhkəməsinin 26.11.2004-cü il tarixli qətnaməsinə əsasən boşanmış və həmin vaxtdan uşaqları ilə yaşayır. Bundan başqa keçmiş həyat yoldaşı valideynlik borcunu yerinə yetirmədiyi üçün məhkəmə qətnaməsinə əsasən valideynlik hüququndan məhrum edilmişdir. İddiaçı 2-ci qrup əlil, əmək qabiliyyətsizdir. İddiaçı övladlarına görə bir müddət yemək xərci pulu almış, lakin 2019-cu ilin iyul ayından çörək pulu müavinəti dayandırılmışdır. Bundan sonra o, cavabdeh AR Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə müraciət edərək həmin müavinətin bərpa edilməsini xahiş etmiş, lakin nəinki həmin müavinət bərpa olunmuş, sentyabr 2019-cu il tarixdən də iddiaçının da yemək xərci müavinəti kəsilmişdir. İddiaçı və uşaqlarının adında hər hansı bir ev, mənzil yoxdur, müavinətin dayandırılmasına səbəb kimi onun yerli sakinlə ailə qurmağı göstərilir, lakin artıq 17 ildir ki, həmin şəxslə boşanmış və bütün ailə bağları qırılmışdır. İddiaçı şəxsiyyət vəsiqəsi üzrə Zəngilan rayonunun qeydiyyatındadır və bu rayonun sakini sayılır. Pandemiya ilə əlaqədar qapanmaların olması, Covid-19 virusuna yoluxduqları və uzunmüddətli müalicələr səbəbindən bu problemlə bağlı müraciət edə bilməmiş, lakin 2021-ci ilin iyun ayının əvvəlində cavabdeh təşkilata müraciət edərək onun və uşaqlarının aylıq çörək pulu müavinətinin 2019-cu ilin iyul ayından bərpa edilməsini və ödənilməsini xahiş etmişdir. Lakin bir ay müddət keçsə də həmin ərizəsinə cavabdeh tərəfindən cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı4, İddiaçı2 və İddiaçı3 İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “müavinətin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə birgə iddiaçı qimsində məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərardadı ilə Zəngilan Rayon İcra Hakimiyyəti inzibati məhkəmə icraatrına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı1 26.05.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə müraciət edərək, vahid aylıq müavinətin bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Komitə tərəfindən iddiaçının sözügedən müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq müvafiq qaydada baxılması üçün 17.06.2021-ci il tarixli 01/3460 nömrəli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Zəngilan Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4cü bəndinə əsasən vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə əsasən Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən hazırlanan adlı siyahıların hazırlanmasına, həmçinin həmin siyahıların dəqiqliyinə və düzgünlüyünə görə heç bir cavabdehlik daşımır. Qaydanın tələblərindən göründüyü kimi, vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə işğal olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Müvafiq iddia tələbi üzrə cavabdeh qismində Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi deyil, aidiyyəti rayon icra hakimiyyəti çıxış edir. Bununla yanaşı bildirilir ki, İddiaçı1 Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən vahid aylıq müavinətin verilməməsi qanunvericiliyin tələbinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara vahid aylıq müavinət şamil olunmur. Aparılmış araşdırma zamanı İddiaçı1 məcburi köçkün düşdükdən sonra 12.11.1994-cü il tarixində məcburi köçkün statusu olmayan və ünvan 1 ünvanında daimi qeydiyyatda olan 24.08.1965-ci il təvəllüdlü X10 ilə rəsmi nikaha daxil olduğu, lakin Sumqayıt Şəhər Məhkəməsinin 26.11.2004-cü il tarixli 2-2390 nömrəli qətnaməsi ilə nikah münasibətlərinə xitam verildiyi müəyyən olunmuşdur. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə uyğun olaraq, İddiaçı1 vahid aylıq müavinət verilə bilməz. Xüsusilə vurğulamaq lazımdır ki, qadının sonradan boşanması halı belə ona vahid aylıq müavinət verilməməsini istisna etmir. Odur ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı1, vahid aylıq müavinətin verilməsinə dair heç bir imtina cavabı təqdim olunmadığından, həmçinin heç bir hərəkətsizlik halı mövcud olmadığından və ümumiyyətlə, müvafiq iddia tələbi üzrə Komitə cavabdeh şəxs qismində çıxış etmədiyindən, İddiaçı1 iddia tələbi inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə tərəfindən mümkünsüz sayılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında işirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1977-ci il təvəllüdlü İddiaçı1 Zəngilan şəhərində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1997-ci il təvəllüdlü Həsrətli X6 şəhərində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 000***** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1998-ci il təvəllüdlü X2 şəhərində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.2002-ci il təvəllüdlü Həsrətli X11 şəhərində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 02.12.2004-cü il tarixli 098351 nömrəli məcburi köçkün vəsiqəsinin surətinə əsasən X1 şəhərindən məcburi köçkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin surətini Zəngilan Rayon İcra Hakimiyyətinə ünvanladığı 17.06.2021-ci il tarixli, 01/3460 nömrəli məktubunda məcburi köçkün İddiaçı1 tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə daxil olmuş teleqram müraciəti baxılması üçün göndərilir. Məhkəmənin sorğusuna cavab olaraq Zəngilan Rayon İcra Hakimiyyətinin ünvanladığı 25.10.2021-ci il tarixli, 825 nömrəli məktubla təqdim edilən sənədlərdən görünür ki: - Zəngilan Rayon İcra Hakimiyyətinin İddiaçı1 qızna ünvanladığı 25.10.2021-ci il tarixli, 824 nömrəli məktubunda bildirilmişdir ki, sizin vahid aylıq müavinətin verilməməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə ünvanladığınız ərizəniz aidiyyəti üzrə baxılması üçün rayon İcra hakimiyyətinə göndərilmişdir. Ərizənizin icrası ilə bağlı bildirilir ki, siz məcburi köçkün statusu olmayan şəxsə nikaha daxil olmadan ərə getdiyinizə görə sizə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə (məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, nikahla və ya nikaha daxil olmadan, həmçinin sonradan boşanmış qadınlara), övladlarınıza isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vahid aylıq müavinətin ödənilməsinə dair Qaydaları”nın 2.6-cı bəndinə (valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan uşaqlara) əsasən vahid ayhq müavinətin verilməsi dayandırılmışdır. Əsas: Zəngilan rayon İHB-nın Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14.07.2021-ci il tarixli, 31 nömrəli məktubu. - Zəngilan Rayon İcra Hakimiyyəti Başçısının Zəngilan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Zəngilan Rayon İcra Hakimiyyətinə ünvanladığı 22.10.2021-ci il tarixli, 58 nömrəli məktubunda bildirilmişdir ki, Zəngilan şəhərində daimi qeydiyyatda olan, Həsrətova (Paşayeva) Elnarə Mansur qızı məcburi köçkün statusu olmayan şəxslə ailə həyatı qurmuşdur, həmin nigahdan İddiaçı4, İddiaçı2 və İddiaçı3 anadan olmuşdur. Onlar arasındakı nigah 2004-cü ildə pozulmuşdur. Onun uşaqları İddiaçı4, İddiaçı2 və İddiaçı3 2019-cu ilin iyul ayınadək, Həsrətova (Paşayeva) Elnarə Mansur qızının özünə isə 2019-cu ilin sentyabr ayınadək vahid aylıq müavinət ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”nın 2.6-cı maddəsinə əsasən uşaqlara verilən vahid aylıq müavinət iyul 2019-cu ildən, həmin qaydaların 2.4-cü maddəsinə və 02.06.2017-ci ildə həmin qaydaların 2.4-cü maddəsinə edilmiş dəyişikliyə əsasən İddiaçı1 (Paşayevaya) verilən vahid aylıq müavinət sentyabr 2019-cu il tarixdən dayandırılmışdır. Onların vahid aylıq müavinət hesabatından çıxarılması barədə sənədin surəti məktuba əlavə edilir. Həmin məktuba əlavə edilmiş Zəngilan şəhər ərazi dairəsi üzrə nümayəndəliyində vahid aylıq müavinət alan əhalinin sayındakı dəyişikliklər barədə iyul 2019-cu il tarixə tərtib edilmiş məlumata əsasən: -7-ci sıra. İddiaçı4, İddiaçı2 və Həsrətli X9 əsasən maddə 2.6. Zəngilan şəhər ərazi dairəsi üzrə nümayəndəliyində vahid aylıq müavinət alan əhalinin sayındakı dəyişikliklər barədə sentyabr 2019-cu il tarixə tərtib edilmiş məlumata əsasən: -29-cu sıra. Həsrətova X3 əsasən maddə 2.4. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı1 Zəngilan şəhərindən məcburi köçkündür. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 məcburi köçkünlər üçün vahid aylıq müavinət verilmiş, İddiaçı1 məcburi köçkünlər üçün vahid aylıq müavinətin verilməsi 2019-cu ilin sentyabr ayından, İddiaçı4, İddiaçı2 və İddiaçı3 isə 2019-cu ilin iyul ayından dayandırılmışdır. İddiaçı1 verilmiş vahid aylıq müavinətin bərpa edilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə müraciət etmiş, Komitə ərizəni baxılması üçün aidiyyəti üzrə Zəngilan Rayon İcra Hakimiyyətinə göndərmişdir. Hazırkı iş üzrə birgə iddiaçılar onlara verilmiş vahid aylıq müavinətin verilməsinin bərpa edilməsi vəzifəsinin Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmasını mübahisələndirirlər. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə münasibətdə mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Eyni Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Eyni Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddiaçılar məcburi köçkünlər üçün vahid aylıq müavinətin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmasını tələb etsələr də Komitənin iddia üzrə iddiaçıların hüquqlarını pozan hərəkəti (və ya hərəkətsizliyi) müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın: -3-cü bəndinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin ödənilməsinin ümumi qaydaları aşağıdakılardır: 3.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; 3.2. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları və Komitə aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısından ibarət informasiya sisteminin “Elektron hökumət” portalında yerləşdirilməsini və müntəzəm olaraq yeniləşdirilməsini təmin edirlər; 3.3. aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir; 3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; 3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir; 3.6. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri iki iş günü müddətində daxil olmuş vəsaitin müvəkkil bankın filiallarına köçürülməsini təmin edir və bu barədə Komitəyə rəsmi məlumat verir; 3.7. məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə verilən aylıq müavinətin ödənilməsi üçün müvəkkil bank Komitə tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilir. -4-cü bəndinə görə məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə verilən aylıq müavinət əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən onların müvəqqəti məskunlaşdıqları ərazilər üzrə ayrı-ayrılıqda müvəkkil bankın filiallarına təsdiq edilmiş adlı siyahılar əsasında ödənilir. Filial müavinətin ödənilməsi üçün daxil olmuş vəsaiti məcburi köçkünlərə ödəniş kartları vasitəsilə ödəyir. Sadalanan normalardan müəyyən olunur ki, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları tərəfindən vahid aylıq müavinətin veriləcəyi məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin illik ümumi adlı siyahısı və müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatı tərtib edilir və Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə göndərilir. Komitə təqdim olunmuş hesabatları dürüstləşdirdikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edir və bundan sonra Maliyyə Nazirliyi aldığı sifarişə uyğun olaraq bu məqsəd üçün vəsait ayırır və həmin vəsaiti əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Göründüyü kimi vahid aylıq müavinətin verilməsi ilə bağlı birinci mərhələ əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının vahid aylıq müavinətin veriləcəyi məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin illik ümumi adlı siyahısı və müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatı tərtib edərək Komitəyə təqdim etməsi, sonrakı mərhələ isə Komitənin təqdim edilmiş siyahıya uyğun olaraq Maliyyə Nazirliyinə sifariş verməsi və Maliyyə Nazirliyi tərəfindən müvafiq vəsait icra hakimiyyəti orqanlarının xəzinə hesabına köçürüldükdən sonra daxil olmuş vəsaitin müvəkkil bankın filiallarına köçürülməsidir. İşin hallarından görünür ki, Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən müavinət alacaq məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar tərtib edilmiş və İddiaçı4, İddiaçı2 və İddiaçı3 adı iyul 2019-cu il tarixə tərtib edilmiş hesabatdan, İddiaçı1 adı isə sentyabr 2019-cu il tarixə tərtib edilmiş hesabatdan çıxarılmışdır. Göründüyü kimi Zəngilan Rayon İcra Hakimiyyəti vahid aylıq müavinətin verilməsi ilə bağlı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydası ilə müəyyən edilmiş səlahiyyətlərindən çıxış edərək vahid aylıq müavinət alanların sayını azaltmış, iddiaçıların adlarını vahid aylıq müavinət alacaq şəxslərin siyahısından çıxarmış, müavinət alacaq şəxslərin yenilənmiş adlı siyahısı Komitəyə təqdim edilmiş, bundan sonra iddiaçılara hər ay ödənilmiş aylıq müavinətlərin ödənilməsi dayandırılmışdır. Beləliklə, iddiaçıların müavinətlərinin dayandırılmasına səbəb bilavasitə iddiaçıların müavinət alacaq şəxslərin siyahısında adlarının qeyd edilməməsidir. Məhkəmənin qənaətinə görə müavinət alacaq şəxslərin siyahısının tərtib edilməsi bilavasitə Zəngilan Rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid olduğundan, iddiaçıların adlarının həmin siyahıdan çıxarılmaları və ya həmin siyahıya yenidən daxil edilmələri ilə bağlı səlahiyyət də Komitəyə deyil, məhz Zəngilan Rayon İcra Hakimiyyətinə aiddir. Nəzərə alınmalıdır ki, iddiaçıların da adlarının olduğu siyahı Komitəyə təqdim edildikdən sonra Komitə təqdim olunmuş siyahı üzrə vəsaitin ödənilməsi barədə Maliyyə Nazirliyinə müvafiq sifariş verə bilər. Belə bir siyahı təqdim edilmədən isə iddiaçılara müavinətin verilməsinin bərpa edilməsi mümkün deyildir. Komitə isə hazırkı mərhələdə müavinət alacaq şəxslərin adlı siyahının tərtibində məsul orqan deyildir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərar, hərəkət və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Beləliklə, hazırkı halda cavabdeh qismində qoyulmuş Komitənin inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş qeyd edilən iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “müavinətin bərpa edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1560/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1560/2022
04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver