Məhkəmə qərarları › İş №2-1(112)-1560/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1560/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1560/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkii Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi iddiaçıya 58 yaş 6 ayının tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi dəqiqləşdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1965-ci ildə anadan olmuşdur. 1982-1983-cü illərdə Azərbaycan SSR X5 məktəbinin 26 saylı texniki məktəbində toxucu dəzgahlarında toxucu peşəsi üzrə tam kursu bitirmiş, təhsilini bitirdikdən sonra xx.xx.1983cü ildən xx.xx.1991-ci ilədək, xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək, xx.xx.1994-cü ildən xx.xx.2001-ci ilədək X3 adına (keçmiş V.İ.Lenin adına Toxuculuq kombinatı) toxucu işləmişdir. İşlədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən peşələrin siyahısına uyğun gəlir. Sonradan xx.xx.2011-ci il tarixdən 133 saylı Mənzil- Kommunal İstismar sahəsinə dalandar vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu ildə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin”a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2019-cu ildə "xxxx" İş Mərkəzi MMC-nin Bakı şəhəri regional filialına təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təyin edilmiş, halhazırda da orada işləyir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün sənədləri təqdim etmiş, lakin cavabdeh işlədiyi toxucu vəzifəsinin sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan metal və sintetik tor toxuyan toxucular vəzifəsinə uyğun olmadığını hesab edərək onun güzəştli iş stajının olmadığı qənaətinə gəlmişdir. İddiaçı bildirir ki, pensiya təminatına imkan verən ən azı 32 il sığorta stajı vardır və bu stajın azı 12 il 6 ayını güzəştli pensiya hüququ verən zərərli və ağır işlərdə çalışmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı ümumi iş stajı 22 il, 7 ay, 20 gün (xx.xx.2006-cı il tarixədək 15 il 4 ay 20 gün (xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1999xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 7 il 3 ay), fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı isə 20591,07 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın toxuculuq istehsalatı bölməsində (32) toxucular: metal və sintetik tor toxuyan toxucular peşəsi nəzərdə tutulub. İddiaçı S.X1 təqdim etdiyi “H.Z.Tağıyev adına Toxucutikişsənaye kombinatı" ASCnin xx.xx.2024-cü il tarixli 01 nömrəli arayışda xx.xx.1983-xx.xx.1991-ci il və xx.xx.1991xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər ərzində toxucu peşəsində işlədiyi qeyd olunub. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı toxucu peşəsində işlədiyi müddətdə pambıq parça toxuculuq işləri ilə məşğul olduğu müəyyən olunub. Bu fakt “H.Z.Tağıyev adına Toxucutikişsənaye kombinatı" ASC-nin 18 mart 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Göründüyü kimi, İddiaçı işlədiyi toxucu vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan metal və sintetik tor toxuyan toxucular vəzifəsinə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildiririlmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün həmin tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat məbləğində hesablanmışdır. İddiaçı ümumi stajının tələb olunan 25 il sosial sığorta stajından az olması və güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndə-vəkili tələbin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli, 3-17-1/2-M-93579/2024 nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazın dəlillərinə uyğun imtina cavabı verilmişdir. -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası vətəndaşıdır. -xx.xx.1983-cü il tarixdən doldurulmağa başlamış iddiaçının ИТ-İ № 12366097 nömrəli əmək kitabçasından görünür ki, iddiaçı 1982-1983-cü illərdə 26 saylı Texniki Peşə məktəbində təhsil almış, xx.xx.1983-cü ildən xx.xx.1991-ci ilədək V.İ. Lenin adma Toxuculuq kombinatında toxucu, xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək Parça sexinin 5ci bölməsində, xx.xx.1994-cü ildən xx.xx.2001-ci ilədək X3 adına BTBB-də 5-ci dərəcəli toxucu, xx.xx.2011-ci ildən tarixdən xx.xx.2019-cu il tarixədək 133 saylı MKİS-də dalandar, xx.xx.2019-cu ildən DOST İş Mərkəzi MMC-nin Bakı şəhəri Regional Filialında təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə qəbul edilmiş və hazıradək həmin vəzifədə işləyir. -"xxxx" ASC-nin şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü Mirzəliyeva (Məmmədova) Seylan Səttar qızı H.Z.Tağıyev adına TTSK ASC-nin (keçmiş Lenin adına Toxuculuq istehsalatında) xx.xx.1983-cü ildən xx.xx.1991-ci ilədək, xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək, xx.xx.1994-cü ildən xx.xx.2001-ci ilədək toxucu peşəsində işləmişdir. İşin xüsusiyyətləri: Toxucu dəzgahlarında parça istehsalı. Əriş və arğac saplarının qırılmalarının aradan qaldırılması. Kəsici mexanizminin bıçaqlarının dəyişdirilməsi. Parçadakı qüsurların qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi. Toxunma raportunun bərpa edilməsi. Parçanın sıxlığına, əriş və arğac saplarının keyfiyyətinə nəzarət. Lamel cihazlarının, kəsici mexanizmlərinin və toxunan parçanın keyfiyyətinə nəzarət. Düyünlənmiş və dəzgaha doldurulmuş sapların emal edilməsi. Növbə ərzində işin planlaşdırılması və xidmət maşınlarının seçilməsi. Dəzgahların təmirdən qəbul edilməsində iştirak etmək. Avadanlıqların və iş yerini qaydaya salmaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək haqqındakı qərarı, güzəştli şərtlərlə pensiya olmağa səlahiyyət verir. 32. Toxuculuq istehsalatı - səhifə 199. Toxuculuq; metal və tor toxuyan toxucular - səhifə 200. -"xxxx" ASC-nin sorğuya cavab məktubundan görünür ki, həqiqətən İddiaçı xx.xx.1983-xx.xx.1991, xx.xx.1991-xx.xx.1994, xx.xx.1994-xx.xx.2001-ci illərdə X2 toxucu sexində toxucu peşəsində işləmişdir.Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək haqqındakı qərarı güzəştli şərtlərlə pensiya almağa səlahiyyət verir. 32 Toxuculuq istehsalatı – kağız, pambıq, kətan, yun, ipək, kəndir-cüt, trikotaj. Səh 200. Toxuculuq; metal və tor toxuyan toxucular. 2.Sovet Ministr SSR-10 noyabr 1967-ci il 1 №li 1021 qərarında göstərilmişdir., səh 275-səh276-da. Toxucular; metal və tor toxuyan toxucular. -Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda aşağıdakılar bildirilmişdir: vətəndaş İddiaçı xx.xx.1983-xx.xx.1991, xx.xx.1991-xx.xx.1994, xx.xx.1994-xx.xx.2001-ci illərdə X2 toxucu sexində toxucu peşəsində işləmişdir. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək haqqındakı qərarı güzəştli şərtlərlə pensiya almağa səlahiyyət verir. 32 Toxuculuq istehsalatı. kağız, pambıq, kətan, yun, ipək, kəndir-cüt, trikotaj. Səh 200. Toxucular; metal və tor toxuyan toxucular. 2.Sovet Ministr SSR-10 noyabr 1967-ci il 1 №li 1021 qərarında göstərilir ki, səh 275səh 276-da. Toxucular; metal və tor toxuyan toxucular. -"xxxx" ASC-nin 13 mart 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Lenin adına Toxuculuq Kombinatı xx.xx.1991-ci il tarixdən Azərbaycan Respublikası Yüngül Sənaye Nazirliyinin 350 saylı xx.xx.1991-ci il tarixli əmri ilə H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyi adlandırılmışdır. xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 308 saylı xx.xx.2001-ci il tarixli əmri ilə H.Z.Tağıyev adına BTBB-nin bazası əsasında, "xxxx" ASC yaradılmışdır. Həqiqətən də xx.xx.1983-cü ildən xx.xx.1991-ci ilədək, xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək, xx.xx.1994-cü ildən xx.xx.2001-ci ilədək "xxxx" ASC-nin (keçmiş V.İ.Lenin adına Toxuculuq KombinatıO) Toxuculuq istehsalatının toxucu peşəsində işləmişdir. 1.Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək haqqındakı qərarı güzəştli şərtlərlə pensiya almağa səlahiyyət verir. Qərarda göstərilmişdir. 32 Səh 199. Toxuculuq istehsalatı – kağız, pambıq, kətan, yun, ipək, kəndir-cüt, trikotaj. Toxucular; metal və tor toxuyan toxucular. Sovet Ministr SSR-10 noyabr 1967-ci il 1 №li 1021 qərarında göstərilmişdir., səh 275-səh276-da. Toxucular; metal və tor toxuyan toxucular. -Cavabdeh tərəfindən təqdim edilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20591,07 manat təşkil edir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün həmin tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat məbləğində hesablanmışdır. -Sığortaolunan İddiaçı hesabından çıxarışdan görünür ki, 2011-ci ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək işlədiyi Mənzil Kommunal Təsərrüfat Birliyində sığorta ödənişləri aparılmamışdır. İşin faktiki hallarından görünür ki, xx.xx.1965-ci il təvəllüdlü iddiaçının cavabdeh inzibati orqana güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən onun qanunla tələb olunan (25 il) ümumi stajının toplanmadığı, eləcə də işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün uyğun olmadığı qənaətinə gəlmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. İddiaçının dəqiqləşdirilmiş tələbi üzrə istəyi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq 58 yaş 6 ayı tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 5.2-ci bəndinə əsasən 1 iyul 2023 - 30 iyun 2024-cü illər arasında qadınların pensiya yaş həddi 63 il 6 aydır. Məhkəmə qeyd edir ki, qadınların pensiya yaşı həmin vaxt üçün 63 il 6 ay kimi müəyyən edildiyindən, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına görə güzəştli şərtlərlə yaşa görə pensiya təyini üçün yaş həddi 5 il azaldılmaqla, daha dəqiq desək 58 yaş 6 ay kimi müəyyən olunur. Deməli, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: a) 58 yaş 6 ay yaşına çatması; b) azı 25 il ümumi iş stajının mövcud olması; c) azı 12,5 il güzəştli iş stajının mövcud olması. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatması, həmçinin fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olmaması tərəflər arasında mübahisəli deyil. Bununla belə, iş materiallarında olan sənədlərdən iddiaçının xx.xx.2024-cü il tarixdə 58 yaş 6 ayının tamam olduğu və qanunla tələb olunan pensiya kapitalının yığılmadığı (40320,00 manat tələb olunduğu halda, 20591,07 manat pensiya kapitalı mövcuddur) müəyyən edilir. İşin mübahisəli halları iddiaçının xx.xx.2024-cü il tarixə ümumi və güzəştli iş stajının yetərli olmamasıdır. Məhkəmə iddiaçının ümumi stajı ilə bağlı məsələyə münasibətdə bildirir ki, iddiaçı əmək kitabçasındakı qeydlərə istinad edərək 32 il sığorta stajının olmasını iddia etsə də, cavabdeh iddiaçının xx.xx.2011-xx.xx.2019-cu illərdə 133 saylı MKİS-də dalandar vəzifəsində işlədiyi müddəti onun sığorta stajına daxil etmir və bu halı onunla əsaslandırır ki, iddiaçının işlədiyi həmin müddət üzrə məcburi sosial sığorta haqları ödənilməmişdir. Məhkəmə qeyd edir ki, həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsi qanunverciliyin tələbləri baxımından istisna olunur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarından: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən. 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı münasibətlər “Sosial sığorta haqqında” Qanunla tənzimlənir. Həmin Qanuna əsasən, sosial sığorta münasibətlərinin iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Belə ki, sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərdir. “Sosial sığorta haqqında” Qanunla hər üç subyektin hüquq və vəzifələri müəyyən edilmişdir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Hazırkı işdə isə iddiaçıya, yəni sığortaolunana 2011-2019-cu illərdə onun işəgötürəni (MKİS) tərəfindən əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqları sığortaçıya, yəni cavabdehə köçürülməmiş və bunun üzərindən onun fərdi hesabında qeydə alınmamışdır. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalara görə, cavabdeh məcburi dövlət sosial sığortası sahəsində idarəetməni, eləcə də məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarəti həyata keçirir. Həmin səlahiyyətlər çərçivəsində sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir. Məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, cavabdeh sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda, sığortaedənin hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır, eləcə də ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün məhkəmədə iddia qaldırır. Məhkəmənin qənaətinə görə, cavabdeh tərəfindən nəzarət funksiyası çərçivəsində məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin təmin edilməməsi və ya bunun üçün müvafiq tədbirlərin görülməməsi, yuxarıda istinad olunan normaların birgə təhlili baxımından onun məsuliyyət sferasına aid olan və həmin normalarda təsbit olunmuş vəzifələrin lazımi şəkildə yerinə yetirilməməsi və buna görə məsuliyyət daşıması anlamında təfsir olunmalıdır. Lakin cavabdehin qeyd olunan məsuliyyəti (yəni məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin təmin edilməməsinə və ya bunun üçün müvafiq tədbirlərin görülməməsinə görə daşıdığı məsuliyyət) sığortaedən tərəfindən ödənilməmiş məcburi dövlət sosial sığorta haqqının sığortaçıya ödənilmiş sayılması nəticəsini və şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmamış məcburi dövlət sosial sığorta haqqının pensiyanın yenidən hesablanması zamanı nəzərə alınması öhdəliyini yaradan (yaranmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz. Belə ki, istinad olunan normalar sığortaçını yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təmin etmək üçün həmin normalarda təsbit olunmuş müvafiq tədbirlərin görülməsinə yönəlik səlahiyyətlərlə təchiz edir və bu mənada onun məsuliyyət sferası həmin tədbirlərin həyata keçirilməsi ilə məhdudlaşır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının 2011-2019-cu illər üzrə məcburi sosial sığorta haqlarının ödənilməsi müəyyən olunmadığından, həmin dövrlərin onun sığorta stajına daxil edilməsi yolverilməzdir. Belə olan halda iddiaçının 58 yaş 6 ayının tamam olduğu xx.xx.2024-cü il tarixədək ümumi iş stajı 25 ildən az olduğundan, onun "xxxx" ASC tərəfindən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair xx.xx.2024-cü il tarixli arayışda göstərilən vəzifələrin güzəştli pensiya hüququ verən vəzifə kimi qəbul edilməsi belə, vəziyyətin iddiaçının lehinə dəyişməsinə və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasın yaranmasına səbəb olmur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanuni olmuşdur. Odur ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar