Məhkəmə qərarları › İş №2-1(112)-15618/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15618/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15618/2025 21.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yerləşmə sxeminin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, X7nda yerləşən 0,10 hektar torpaq sahəsinin və inşa edilmiş evin yerləşmə sxeminin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Abşeron rayonu S.Əliyev adına Südçülük Maldarlıq üzrə X9 X1 17 fevral 2000-ci il tarixli əmrinə əsasən ayrılmış X7 ərazisində yerləşən 0,10 hektar torpaq sahəsinin yerləşmə sxeminin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon S.Əliyev adına südçülükmaldarlıq üzrə X9 X1 17 fevral 2000-ci il tarixli, 6№-li əmri və Abşeron İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 25№-li qərarına əsasən sovxozda işləyən fəhlə və mütəxəsislərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş X4 0,10 hektar torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. İddiaçı ailəsiylə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, X7nda 2009-cu ildə torpaq sahəsinin üzərində ev inşa etdirmişlər və hal-hazırda həmin evdə yaşayırlar. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Ramana qəsəbəsində həyətyanı torpaq sahələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrıla bilərdi. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evinin tikintisi ilə bağlı torpaq sahəsinin ayrılması qanunsuzdur. Həmçinin, torpaq sahəsi ayrılarkən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və kordinatlar barədə məlumat cavabdehdə yoxdur. Qanunvericiliyin tələbindən də açıq aydın görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı onun sərhədləri naturada müəyyən edilməli idi. Həmçinin, Azərbaycan SSR Ali Sovetinin 1963cü il 4 yanvar tarixli Fərmanı əsasında kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqəsilə Bakı şəhərinin inzibati ərazisinə aid torpaq sahələrindən, o cümlədən Sabunçu rayon inzibati ərazisindən kənd təsərrüfatına yararlı 8560 ha torpaq sahəsi Abşeron rayonunun idarəçiliyinə verilmiş və həmin ərazilərdə kənd təsərrüfatı müəssisələri kolxoz və sovxozlar yaradılmışdır. Bu torpaq sahələrindən 1990-cı illərin əvvəllərinə qədər təyinatı üzrə səmərəli istifadə olunsa da, sonrakı illərdə həmin təsərrüfatların əksər hissəsi öz fəaliyyətini dayandırmış, istifadələrində olan torpaq sahələri isə Abşeron Rayon İcra Hakimiyyəti və bələdiyyələrinin qərarları əsasında ayrı-ayrı fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilmişdir. Ayrılan torpaq sahələrinin əksəriyyəti yaşayış məntəqələrindən kənarda kənd təsərrüfatına tam yararlı və ya gölməçələrin əraziləri, sututarlar və eyni zamanda bütün kommunikasiyalardan uzaqda yerləşən torpaq sahələri olmuşdur. Vətəndaşlar isə həmin torpaq sahələrində pərakəndə formada fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri inşa etmişlər. “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 iyun 2008-ci il tarixli, 2866 saylı Sərəncamı əsasında Sabunçu rayonunun inzibati ərazisində yerləşən 5 kənd təsərrüfatı müəssisəsi üzrə Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan 2502,81 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Bundan istifadə edən vətəndaşlar onlara ayrılmış torpaq sahələrinin sənədləşməsi məqəsdilə Sabunçu RİH-nə müraciət edərək torpaq sahələrinin mövcud vəziyyətdə koordinatlarının müəyyən edilməsi və torpaq sahələrinə cizginin çəkilib verilməsini xahiş edirlər. Kənd təsərrüfatı müəssisələri tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin müəyyən hissəsi Cavabdeh idarəçiliyinə qaytarılan ərazilərdən kənarda olduğundan, eyni zamanda həmin ərazilərin vaxtı ilə sututarlar və ya gölməçələr olması, bu ərazilərdə vətəndaşlara torpaq sahələrinin ayrılmasının praktiki olaraq mümkün olmaması səbəbindən Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşların xahişinin təmin edilməsində çətinliklər yaradır. Müraciət edən vətəndaşlar dövlət arxivindən torpaq sənədlərinə dair arayışlar təqdim etsələr də həmin vətəndaşların vaxtı ilə qeyd edilən müəssisələrdə işləmələri müvafiq sənədlərlə təsdiq edilmir və şübhə doğurur. Həmin dövrdə qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə əsasən vətəndaşlara fərdi yaşayış evinin tikintisi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı əsasında yalnız yaşayış məntəqələrinin torpaq sahələrinə aid kateqoriyadan olan torpaq sahələri ayrıla bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1950-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Abşeron rayonu S.Əliyev adına südlükmaldarlıq üzrə X9 X1 17 fevral 2000-ci il tarixli, 06 nömrəli əmrindən arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Abşeron rayonu S.Əliyev adına südlük-maldarlıq üzrə X9 X1 17 fevral 2000-ci il tarixli 06 nömrəli əmrində göstərilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən sovxozda yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. S.Əliyev adına müəssisə həmkarlar komitəsi və əmək kollektivi şuralarının birgə iclas protokolu və İcra Hakimiyyətinin sərəncamını nəzərə alaraq X4 0,10 hektar torpaq sahəsinin ayrılması əmr edilmişdir. 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X2 vərəsəlik işi ilə əlaqədar adına 2V-641 reyestr nömrəli 14 iyul 2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X5 vərəsəsi oğlu – X3 tanınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxifi 1091 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində 2 ədəd yaşayış evi və köməkçi tikililər mövcuddur. Torpaq sahəsi daxildən mişar daşı ilə 3 hissəyə ayrılıb. Sahənin cənub-qərb yol serheddindən 5.4 metr məsafədə 6 kVt-lıq transformator mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 1091 kv.m sahə S.Əliyev adına Südçülük Maldarlıq və Damazlıq sovxozunun ərazisirldən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sözügedən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin üst-üstə düşmə halı yoxdur. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində istifadəsində olan torpaq sahəsinin yerləşmə sxeminin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İşdən görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil edir (3.16.2.). “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən şəhər inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasını təmin edir (3.16.3.). Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli 936- İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, ərazi vahidlərinin Dövlət reyestrinin və bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılmasında, habelə ərazi vahidlərinin və bələdiyyələrin xəritələrinin hazırlanmasında iştirak edir (3.16.4.). Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində göstərilmişdir ki, yerquruluşu - torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir (43.1). Yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibini ehtiva edir (43.3). Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır (43.4). Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (65.1). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (65.2). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (65.5). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (68). Yuxarıda qeyd edilən hüquq normalarının məzmunudan görünür ki, hazırkı iş üzrə cavabdeh dövlət mülkiyyətində olmaqla onun idarəçiliyində olan və ayrı-ayrı fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair yerləşmə sxeminin tərtib edilməsində məsuldur. İşdən göründüyü kimi iddiaçının yerləşmə sxeminin verilməsini xahiş etdiyi torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti başçısının 12 yanvar 1995-ci il tarixli sərəncamı və Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X9 X1 17 fevral 2000-ci il tarixli, 06 nömrəli əmri əsasında iddiaçının mərhum həyat yoldaşı X4 ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tələbdən imtina etmişdir. Cavabdehin imtina əsaslarını o təşkil etmişdir ki, torpaq sahəsi sovxoz ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ayrılmışdır. Torpaq sahəsi ayrılarkən yerləşmə sxemi verilməmişdir. Torpaq sahəsinin ayrıc aktı, baş planı və ayrılmış sahənin koordinatları barədə məlumat cavabdehdə yoxdur. Qeyd edilməlidir ki, Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X9 X1 17 fevral 2000-ci il tarixli, 06 nömrəli əmrindən arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Həmin əmrdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının 12 yanvar 1995-ci il tarixli sərəncamına istinad edilmişdir. Sözügedən əmr və sərəncamın mötəbərliyi məhkəmədə şübhə doğurmur. Həmçinin, göstərilən torpaq sahəsi Abşeron rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə sovxoz işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə ayrılmış və sovxozun müvafiq əmrləri ilə vətəndaşlar arasında bölüşdürülmüşdür. Həmin torpaq sahələrinin sovxoz ərazisi olması və yalnız kənd təsərrüfatı məqsədi ilə ayrılması ilə bağlı cavabdehin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, həmin torpaq sahələrinin məhz sovxozun kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərə tutulmuş ərazisi olması müəyyən edilmir. Yəni, qeyd edildiyi kimi həmin torpaq sahəsi sovxoz işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə ayrılmışdır və kənd təsərrüfatı təyinatlı olması hər hansı sənədlə təsdiq edilmir. Həmin torpaq sahələri sovxoz ərazisinə aid ola və ya olmaya bilər. Göründüyü kimi Abşeron Rayon İcra Hakimiyyəti başçısının 12 yanvar 1995-ci il tarixli sərəncamı və Abşeron rayon S.Əliyev adına südlük-maldarlıq üzrə X9 X1 17 fevral 2000-ci il tarixli, 06 nömrəli əmri qüvvədədir, yəni mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmışdır. Yerləşmə sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini istisna edən bir hal məhkəmə tərəfindən aşkar edilməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X9 X1 17 fevral 2000-ci il tarixli əmrinə əsasən iddiaçıya ayrılmış X7 ərazisində yerləşən 0,10 hektar torpaq sahəsinin yerləşmə sxeminin (plan cizginin) verilməsi öhdəliyi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X9 X1 17 fevral 2000-ci il tarixli əmrinə əsasən ayrılmış X7 ərazisində yerləşən 0,10 hektar torpaq sahəsinin yerləşmə sxeminin (plan cizginin) İddiaçı verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar