Məhkəmə qərarları › İş №2-1(112)-1562/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1562/2020

24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1562/2020 24.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadəninkatibliyi İddiaçı Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməklə “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdi: İddiaçıAzərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsində iddia qaldıraraq, Ukrayna Respublikası Milli Aerokosmik Universiteti «X6» tərəfindən adına verilmiş B17 № 211442 saylı, xx.xx.2017-ci tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2014-cü il tarixdə Ukraynanın Milli Aerokosmik Universiteti «X6»nun qiyabi şöbəsinə daxil olmuşdur. 2017-ci il tarixdə həmin Universitetin tam kursunu bitirmişdir. İddiaçı Ukraynanın Milli Aerokosmik Universiteti «X6» tərəfindən adına verilmiş B17 № 211442 saylı, xx.xx.2017-ci il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət etmişdir. Lakin ərizəsi nazirlik tərəfindən imtina məktubu ilə cavablandırılmışdır. İddiaçı diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması ilə bağlı ərizəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təmin olunmamasını əsassız və qanunsuz hesab edir. Buna görə də hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ukrayna Respublikası Milli Aerokosmik Universiteti «X6» ali təhsil ocaqlarından biri hesab olunmaqla tam qanuni şəkildə fəaliyyət göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə ilkin cavabdeh Təhsil Nazirliyinə göndərilmiş, nazirlikdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilmişdir. Təhsil Nazirliyindən iddiaya dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Hazırlıq icraatının gedişində Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə 2-1(112)-1562/2020 nömrəli inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh X5 Agentliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. X5 Agentliyinin xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddiaya dair yazılı etirazında bildirilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə ekspert qrupu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş ’’Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya’’nın 3.1.2 maddəsini (ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş "Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarını rəhbər tutaraq, iddiaçının ixtisas üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq qurumları tərəfindən sənədləri araşdırılarkən, aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert Qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini (ukrayna dili) bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Sonda iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddiaya dair etirazda qeyd edilənlərə uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; - xx.xx.2017-ci il tarixli 211442 nömrəli diplomun Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 2017-ci ildə Ukraynanın Milli Aerokosmik Universiteti “X6”nun tam kursunu bitirmiş, “psixologiya” hazırlıq istiqaməti üzrə bakalavriat proqramını mənimsəmiş, yekun dövlət attestasiyasını uğurla başa vurmuş və ona bakalavr dərəcəsi verilmişdir. Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2017-ci ildə A-49153-17 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. - 17104855 nömrəli, xx.xx.2017-ci il tarixli diploma əlavədən görünür ki, iddiaçı Ağazadə X3 Milli Aerokosmik Universiteti “X6”nda “psixologiya” ixtisası üzrə humanitar fakültədə xx.xx.2013-xx.xx.2017-ci il tarixlərdə təhsil almış, həmin müddətdə tədris edilmiş 55 fənndən kafi və məqbul qiymətlər almış, 1 ümumi kurs işi yazmış və həmin kurs işindən, o cümlədən, ümumi milli imtahandan və dövlət imtahanından kafi qiymətlər almışdır. Diplom ali təhsilin ikinci pilləsinə, ikinci ali təhsil hazırlığı və qabaqcıl təlim kurslarına giriş hüququ verir, diplom üzrə professional status “psixoloq”dur. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, A-565/03-ANİ saylı məktubda bildirilmişdir ki, xx.xx.2018-ci il tarixli elektron müraciətin nəticəsi barədə ona xx.xx.2019cu il tarixdə müvafiq elektron xidmət vasitəsilə əlavədə qeyd olunmuş məlumat verilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx xxxxxxxx 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xx xxxxx 1997-ci il tarixli «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın 3.7-ci maddəsinə əsasən 143B02FF0FC nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün sayılmamışdır. İşdə olan sənədlərdən məlum olur ki, Ağazadə X3 Milli Aerokosmik Universiteti “X6” tərəfindən adına verilmiş xx.xx.2017-ci il tarixli 211442 nömrəli bakalavr diplomu üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə Təhsil Nazirliyinə müraciət etmiş, lakin ona imtina edilmiş, imtinaya əsas kimi təhsil aldığı ixtisasın mənsimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı göstərilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın (bundan sonra Qaydalar) 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qaydaların 1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir.Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçıya verilmiş imtina məktubunda mənfi rəy verilməsi üçün sadalanan hallardan hər hansı birinə istinad edilməmişdir. Azərbaycan Respublikasının xx xxxxxxxx 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xx xxxxx 1997-ci il tarixli «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın 2.3-cü bəndinə əsasən həmin konvensiyada heç nə mövcud və ya gələcək razılaşmalara üzv ola biləcək, hazırkı Konvensiyanın iştirakçısı olan dövlət tərəfindən verilən ixtisasların tanınması ilə əlaqədar daha əlverişli şərtlərin ləğv edilməsi kimi hesab oluna bilməz. Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş»in 1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Həmin Sazişin 5-ci maddəsinə görə Azərbaycan tərəfi Ukraynada verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Həmin Sazişin 6-cı maddəsinə görə bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinə yuxarıda şərh edilən normativ hüquq aktlarının tələblərinə uyğun olaraq yenidən baxmalıdır. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 52.1-ci maddəsinin tələblərinə görə səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 61.1-ci maddəsində qeyd edilmişdir ki, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda iddianın predmetini inzibati orqan tərəfindən məcburi olaraq və ya diskresion səlahiyyət əsasında qəbul edilən qərarlar təşkil edir. Hər iki halda məhkəmə özü inzibati akt qəbul etmir, çünki hakimiyyətlərin bölgüsü prinsipinə müvafiq olaraq inzibati aktın qəbulu inzibati orqanların işidir. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə hesab edir ki, iddiaçının müraciəti üzrə inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadığından hazırkı vəziyyətdə Ukraynanın Milli Aerokosmik Universiteti “X6” tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 211442 nömrəli bakalavr diplomu üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi ilə bağlı İddiaçı müraciəti üzrə İnzibati Prosessual Məcəllənin 73-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2. maddəsində qeyd edilmişdir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilsin. Ukraynanın Milli Aerokosmik Universiteti “X6” tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 211442 nömrəli bakalavr diplomu üzrə ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi ilə bağlı İddiaçı müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə X5 Agentliyinin üzərinə öhdəlik qoyulsun. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar