Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15626/2025 21.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 İdris oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqanın qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş ziyan əvəzi 20.000 AZN kompensasiya (sağlamlığın bərpasına çəkilmiş xərclərin) və cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində qeyri-qanuni olaraq vurulmuş mənəvi ziyanın əvəzi 100.000 AZN məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş ziyan əvəzi 20.000 AZN kompensasiya, qeyri-qanuni olaraq vurulmuş mənəvi ziyan əvəzi 100.000 AZN məbləğin cavabdehdən tutularaq ödənilməsi və cavabdeh orqanın cavabdehlik daşıyan əməkdaşları barəsində “xüsusi” qərardad qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 07.2000-ci ildən xx.xx.2021-ci ilədək səhhətində olan xəstəliyə görə 2-ci qrup əlillik pensiyası (müddətsiz) almışdır. Sonradan pensiya təminatı cavabdeh orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafıə Fondu tərəfındən qanunsuz olaraq dayandırılmışdır. Bununla bağlı DSMF-уə yazılı müraciətinə baxmayaraq həmin orqanın əməkdaşları tərəfindən müraciətinə aidiyyatı üzrə açıqlama verilməmişdir. DSMFnin təqdim etdiyi 3 arayışa baxmayaraq, onların bu qanunsuz hərəkəti onu kritik stress durumuna salmış, mənəvi sarsıntılara məruz qoymuş, eyni zamanda maddi cəhətdən aclıq çəkməyə məcbur etmişdir. Məhz bunun nəticəsində səhhətində baş verən halsızlıq, pisləşmə ilə bağlı poliklinikaya, təcili tibbi yardıma müraciətlər etmişdir. Cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində sağlamlığına ciddi ziyan vurulubdur. Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyi də öz növbəsində vermiş olduğu və alt sistemdə yerləşdirilmiş məlumata, arayışa baxmayaraq məhkəməyə yalan məlumat vermiş, 2 dəfə komissiyadan keçdiyini bildirmişdir. İddia ərizəsinə əlavə olunmuş ərizədən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə cavabdehə ərizə ilə müraciət olunmuş, lakin cavabdeh təərəfindən iddiaçının sözügedən müraciəti cavablandırılmamışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, , Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 8-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olunsun. Qərar icra edilmişdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(112)-15626/2025 nömrəli qərardadı ilə iddiaçının dövlət hesabına vəkillə təmin edilmə barədə ərizəsi təmin edilmiş, İddiaçı hazırkı iş üzrə dövlət hesabına vəkillə təmin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(112)-15626/2025 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “cavabdeh orqanın qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş ziyan əvəzi 20.000 AZN kompensasiya (sağlamlığın bərpasına çəkilmiş xərclərin) və cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində qeyriqanuni olaraq vurulmuş mənəvi ziyanın əvəzi 100.000 AZN məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab məktubu göndərilməmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu və cavabdehin buna görə məsuliyyət daşıdığını iddia etsə də, cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olaraq ona zərər dəyməsi ilə bağlı Məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə aşağıdakı qanunvericilik normalarına istinadən hesab edir ki, iddia tələbi rədd edilməlidir. “İnzibati icraat haqqında” AR Qanununun 67 və 68-ci maddələri ilə maraqlı şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, kompensasiya maraqlı şəxsin müraciətinə əsasən və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olaraq ödənilir. Həmin Qanunun 89.1-ci maddəsinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə bildirir ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM- 2.2.7) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İPM-34.1, ikinci cümlə). İnzibati orqanların qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinin əsaslı sayılması üçün: 1. inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2. inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3. inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4. hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalı; 5. maraqlı şəxsə zərər vurulmuş olmalı, onun hüquqi vəziyyəti inzibati orqanın öz vəzifələrini pozması vasitəsilə pisləşmiş olmalıdır (inzibati orqanın daşıdığı vəzifəni pozması və zərərin meydana gəlməsi arasında səbəbli əlaqə mövcud olmalıdır). Başqa sözlə, zərərin əvəzinin ödənilməsi tələb edilərkən ilk əvvəl hüquq pozuntusunun baş verməsi sübut edilməli, bu sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması təsdiqini tapmalıdır. Lakin sadalanan şərtlərdən üçüncü və beşinci şərtə, yəni inzibati orqanın öz fəaliyyəti ilə qanunla daşıdığı vəzifələrini pozması, inzibati orqanın daşıdığı vəzifəni pozması ilə zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması şərtinə iş üzrə əməl olunmur. Bu da o deməkdir ki, iddiaçının hüquqlarının pozuntusuna cavabdeh tərəfində yol verilməmişdir. Çünki, inzibati orqan kimi fəaliyyəti ümumi hüququn tənzimləmə predmetinə aid olan cavabdehin öz fəaliyyəti ilə qanunla daşıdığı vəzifələri iddiaçıya münasibətdə pozması, eləcə də iddia ərizəsində vurulduğu irəli sürülən zərərin cavabdehin hərəkətləri nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifələrini pozması ilə pisləşmiş olması, yəni, cavabdehin hərəkətləri ilə vurulduğu güman olunan zərərin meydana gəlməsi və onlar arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. İddiaçı ona dəymiş ziyanın cavabdeh orqanın qanunsuz və əsassız hərəkətləri nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu, zərərin cavabdeh tərəfindən və onun hərəkətlərinin nəticəsi olaraq yaranması öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd deyil və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM 58.7 və 68.2). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqanın qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş ziyan əvəzi 20.000 AZN kompensasiya (sağlamlığın bərpasına çəkilmiş xərclərin) və cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində qeyri-qanuni olaraq vurulmuş mənəvi ziyanın əvəzi 100.000 AZN məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: Bakı şəhəri, N.Vəzirov, 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №2-1(112)-15626/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15626/2025
21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver