Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1563/2021 15.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə inzibatı mübahisəyə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı mənzilə dair kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən, 81 saylı binanın 126-cı mənzilində 2002-ci ildən qeydiyyatda olmaqla yaşayır və bütün kommunal xərcləri ödəyir. Qeyd olunan mənzil binanın əvvəllər məxsus olduğu Bakı Baştikinti Mənzil Kommunal İdarəsinin xx xxxxx 2002-ci il tarixli, 672 saylı orderi əsasında 2 nəfər ailə üzvü ilə birlikdə (iddiaçı və oğlu – X2) istifadəsinə verilmişdir. Hal-hazırda mənzildə qeydiyyatda olmaqla faktiki olaraq 3 nəfər ailə üzvü (iddiaçı və oğlu – X2, qızı – X1) yaşayır. Bina 2003-cü ilin əvvəllərindən Bakı Şəhər İcra Hakmiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Cavabdeh təşkilat tərəfindən bina sakinlərinin əksəriyyətinə yaşadıqları mənzillərə dair adlarına kirayə müqaviləsi bağlanılmış və kirayə müqaviləsi əsasında bir çox mənzillər özəlləşdirilmişdir. İddiaçının kirayə müqaviləsi bağlanılması müraciətinə Departamentin xx.xx.2020-ci il tarixli, Q-19 saylı məktubu ilə bildirilmişdir ki, “mövcud mənzil qanunvericiliyinə əsasən yaşayış sahəsinin kirayə müqaviləsi mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd (order, sərəncam, əmr və s.) əsasında bağlanılır. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 81 saylı evin 126 saylı mənzilinin istifadəyə verilməsinə dair hüquqmüəyyənedici sənəd təqdim olunmadığından yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə xahişi təmin etmək mümkün olmamışdır. Əlavə olaraq yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması (və ya dəyişdirilməsi) ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir”. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən yaşadığı mənzilə dair kirayə müqaviləsinin bağlanılmasına sərəncam verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin qanuni və əsaslı olduğundan təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları Azərbaycan Respubikası İPM-nin 58.7-ci maddəsinin tələblərinə müvafiq tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir kı, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş sənədlər: - Bakı Baş Tikinti Mənzil Kommunal İdarəsi tərəfindən verilmiş xx xxxxx 2002-ci il tarixli 672 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ETK-3-də katibə-makinaçı vəzifəsində işləyən İddiaçı 2 nəfər ailə tərkibi olmaqla (özü və oğlu) Bakı şəhəri, Bəhruz Nuriyev 81-də yerləşən 8 nömrəli yataqxananın 172 saylı otağı ayrılmışdır. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 12 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx xxxx 2020-ci il tarixli, 617 saylı arayışdan görünür ki, arayış verilib İddiaçı ona görə ki, o, həqiqətən Bəhruz Nuriyev küçəsindəki 81 nömrəli evin 126 nömrəli mənzili 5-ci mərtəbəsində 17,0 kv. metr sahəsi olan 1 otaqlı, 5 mərtəbəli binada yaşayır. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 12 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli, 1131 saylı arayışdan görünür ki, arayış verilib İddiaçı ona görə ki, o, həqiqətən Bəhruz Nuriyev küçəsindəki 81 nömrəli evin 126 nömrəli mənzilində qeydiyyatdadır, ünvanın keçmiş adı B. Nuriyev 81 otaq 172 olmuşdur. İddiaçı tərəfindən 2005-ci ildən sözügedən mənzilə dair ödənilmiş mənzil haqqlarının, kommunal xərclərin kassa mədaxil orderinin qəbzləri iş materiallarına əlavə edilmişdir. İş üzrə araşdırma zamanı məhkəmə sorğularına cavab məktublarından görünür ki: Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilən xx.xx.2020-ci il tarixli 613 saylı məktubdan görünür ki, Bakı Baştikinti Mənzil Kommunal İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2021-ci il tarixli 7-810/17 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı Baş Tikinti Mənzil Kommunal sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin arxivinə daxil olmamışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2021-ci il tarixli 7-809/17 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı Baş Tikinti Mənzil Kommunal tərəfindən verilən orderlər Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edlməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icraədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Bakı ŞİH Başçısının xx.xx.2000-ci il tarixli 154 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nizamnaməsi”nin 2.4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə nəzərdə tutulmuş kirayə (icarə) müqaviləsinin dəyişdirilməsi, rəsmiləşdirilməsi tədbirlərinin (işlərinin) yerinə yetirilməsi Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentin vəzifələri sırasına daxildir. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı adına müvafiq order verildiyindən, MKİS-nin qeydiyyat kartockasına əsasən 2003-cü ildən həmin mənzildə qeydiyyatda olmaqla yaşadığından, habelə onun həmin mənzildə yaşaması üçüncü şəxslərin hüquqlarını pozmadığından (bu barədə məhkəmə icraatında heç bir dəlil, sübut gətirilməmişdir), cavabdeh Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin “mənzilə dair kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi”dən imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati atın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə Məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ilə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 81, 126 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı ŞİH MKT Departamentinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsının 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ilə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 81, 126 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1563/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1563/2021
15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver