Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1563/2023 03.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı “mənzildən istifadə edilməsinə şərait yardılması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra –İddiaçı) ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə müraciət edərək, onun işğaldan azad edilmiş Füzuli rayonu bərpa edilənədək onu atası Ə.M.Xəlilovun müvəqqəti məskunlaşdığı Bakı şəhəri Binəqədi rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün verilmiş 2 nömrəli evtikmə kombinatında 5 saylı otaqda yaşamağına icazə verilməsinə köməklik göstərilməsini xahiş etmiş, həmin müraciətin aidiyyəti üzrə göndərildiyi Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti (bundan sonra – Cavabdeh) iddiaçının tələbini təmin etməkdən imtina etmiş və iddiaçıya ünvanlanmış məktubda bildirmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən valideynlərinə müvəqqəti məskunlaşmaq məqsədilə Binəqədi rayonu 2 saylı evtikmə kombinatı ərazisində yerləşən yaşayış kompleksində verilmiş bina 1, 5 saylı mənzil valideynləri vəfat etdiyi üçün Komitənin boş mənzil fonduna daxil edilmişdir. Həmin mənzil Komitə tərkibində fəaliyyət göstərən Xüsusi Komissiya tərəfindən məcburi köçkün X4 ailəsinin müvəqqəti istifadəsinə verilmişdir. Həmçinin həyat yoldaşının məcburi köçkün statusu olmadığı üçün onun məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə salınmış qəsəbələrdə mənzillə təmin olunmağı imkan xaricindədir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun atası Ə.M.Xəlilovun müvəqqəti məskunlaşmış olduğu Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 2 nömrəli evtikmə kombinatının inzibati binasındakı qeyri-yaşayış sahəsi olan 5 saylı otaqda yaşamağına imkan verilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1970-ci ildə Azərbaycan Respublikasının Füzuli rayonunda doğulmuşdur. Nikaha daxil olduqdan sonra ərinin yaşadığı Türkmənistan Respublikasına köçmüşdür. Füzuli rayonu işğal olunduqdan sonra orada yaşayan ata və anası Bakı şəhərində məskunlaşmışlar. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 11 iyun 2010-cu il tarixli 5 saylı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün 2 nömrəli evtikmə kombinatında iki otaqlı qeyri-yaşayış sahəsi olan 5 saylı otağı Füzuli rayonunun Pirəhmədi kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşmaq üçün həmin kənddən məcburi köçkün olan atası X9 və X2nın istifadəsinə verilmişdir. O, 2017-ci ildə Azərbaycan Respublikasına qayıtmış və valideynlərinə qulluq göstərməklə onların yanında yaşamışdır. X2 08 yanvar 2019-cu il tarixdə vəfat etdikdən sonra isə 1933-cü ildə doğulmuş atası X1 problemlər yaranmış və o, atasına qulluq etməklə mübahisəli qeyri-yaşayış sahəsində yaşamaqda davam etmişdir. Atası Ə.M.Xəlilov 14 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtdan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ona bildiriş göndərərək atasının istifadəsində olan və hazırda onun yaşadığı yaşayış sahəsini boşaltmasını tələb edir. Onun Azərbaycan Raspublikasında başqa yaşayış sahəsi yoxdur. O, özü də Füzuli rayonunun Pirəhmədli kəndinin sakinidir və həmin kənddə qeydiyyatdadır. İki qardaşı birinci Qarabağ müharibəsində iştirak etmiş, müharibə veteranları olmuş, onlardan biri ölmüş, digəri isə qazidir. Atası ölümündən əvvəl 11 fevral 2021-ci il tarixli vəsiyyətnamə ilə özünə məxsus bütün daşınar və daşınmaz əmlakını ona vəsiyyət etmişdir. 44 günlük müharibə zamanı Füzuli rayonunun Pirəhmədli kəndi işğaldan azad edilsə də, kənddə yerləşən bütün tikililər dağıdılmış və ərazilər minalanmışdır. O, evləri bərpa olunandan sonra Füzuli rayonunda yaşamağa gedəcək və hazırda istifadə etdiyi qeyri-yaşayış sahəsinə heç bir ehtiyacı olmayacaqdır. Lakin cavabdeh qurum gah elektrik xəttini kəsdirməklə, gah da polis göndərməklə onun göstərilən sahədə yaşamasına imkan vermir. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2010-cu il tarixli, 5 nömrəli müqavilədən görünür ki, Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Binəqədi rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş 2 nömrəli evtikmə kombinatında iki otaqlı 5 saylı ev Füzuli rayonunun Pirəhmədi kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşmaq üçün 1 nəfər ailə üzvü ilə birlikdə həmin kənddən məcburi köçkün olan X9 istifadəsinə verilmişdir. İşdə olan “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, X14 xx.xx.2022-ci il tarixdə, X6 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İşdə olan Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 433 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 6 binadan ibarət 369 mənzilli yaşayış kompleksi Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin balansındadır. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-21004- 1222 nömrəli məktubundan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən hazırkı vaxtadək Füzuli rayonu, Pirəhmədli kəndində qeydiyyatdadır. İşdə olan Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Füzuli rayon bölməsinin 164 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Füzuli rayonu Pirəhmədli kəndində qeydiyyatdadır və məcburi köçkünlük statusu yoxdur. Məcburi köçkünlər üçün Dövlət tərəfindən verilmiş imtiyazlardan istifadə etmək hüququ yoxdur. İddiaçı hazırda onun atası Ə.M.Xəlilovun müvəqqəti məskunlaşmış olduğu Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 2 nömrəli evtikmə kombinatının inzibati binasındakı 5 saylı otaqda yaşamağına imkan verilməsini, yəni cavabdehin onun həmin mənzildə yaşamasına mane olan hərəkətlərdən çəkinməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə əsasən: - Bənd 1.1. Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. - Komitənin əsas vəzifələri aşağıdakılardır: - 2.3. qaçqınlar və məcburi köçkünlər üçün mənzil və sosial obyektlərin təmir-tikinti işlərinin aparılmasını və tikinti obyektlərinin müvafiq layihə-smeta sənədləri ilə təminatını təşkil etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən: - 1.3. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. - 1.4. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. - 1.5. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) qərarı ilə həyata keçirilir. - 2.1. Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. - 2.2. Yeni yaşayış sahələrinə köçürüləcək məcburi köçkün ailələrinin siyahısının düzgünlüyünə və dəqiqliyinə görə həmin siyahını tərtib və təsdiq etmiş müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri məsuliyyət daşıyırlar. - 2.3. Rayon (şəhər) icra hakimiyyətlərinin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edərək Komitəyə təqdim etdikləri siyahılar və məcburi köçkünlərin mənzillə təmin edilməsi barədə Komitəyə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim etdikləri ərizələr Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir. - 2.4. Müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir: - 2.4.1. məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə; - 2.4.2. yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə. - 2.5. Məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra - kirayə müqaviləsi) əsasında verilir. - 2.6. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu ilə məcburi köçkün arasında 2(iki) nüsxədən ibarət olmaqla yazılı formada bağlanılır və bir nüsxəsi kirayəçiyə (məcburi köçkünə) verilir. - 2.7. Kirayə müqaviləsində müvəqqəti istifadəçinin ailə üzvləri də göstərilməklə müqavilənin predmeti, yaşayış sahəsindən müvəqqəti istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu tərəfindən şifahi qaydada məcburi köçkünə izah edilir. - 2.9. Kirayə müqaviləsi məcburi köçkünün ona verilmiş yaşayış sahəsində qalma müddətinə şamil edilir və məcburi köçkün yaşayış sahəsindən çıxdıqda və ya çıxarıldıqda, onunla bağlanılmış kirayə müqaviləsi ləğv edilir. - 2.12. Əvvəllər həmin köçürülmə obyektində yaşamış, sonradan başqa yerdə yaşayan şəxslə nikaha daxil olmuş və boşanaraq geri qayıtmiş məcburi köçkünlərə ayrıca yaşayış sahəsi verilmir. - 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. - 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. - 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. - 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. - 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. İstinad olunan normalardan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi, o cümlədən onun Mənzil İstismar Departamenti məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması vəzifəsi daşıyır. İddiaçının məcburi köçkün olmaması işin mübahisəsiz halını təşkil edir. Belə olan halda aydındır ki, cavabdehin iddiaçıya münasibətdə qanundan irəli gələn hər hansı bir öhdəliyi, o cümlədən mənzillə təmin etmək vəzifəsi mövcud deyil. Buna görə də məhkəmə hesab edir ki, məcburi köçkün olmayan iddiaçının cavabdehin balansında olan mənzilə münasibətdə hazırkı məzmunda iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1563/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1563/2023
03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver