Məhkəmə qərarları › İş №2-1(112)-1563/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1563/2025

13.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1563/2025 13.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə (əvvəlki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 14 mart 2024-cü il tarixli, 2439/2021/072100 saylı qərarının ləğv olunması, qərar əsasında hesablanmış 28.384,01 manatın, hesablanmış və gələcəkdə həmin məbləğə hesablanacaq faizlərin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra ərizə təqdim edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh qismində, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin üçüncü şəxs qismində işə cəlb olunmasını və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 noyabr 2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21- 2-3/2-292699/2024 saylı Qərarının ləğv olunması, qərar əsasında hesablanmış 28.384,01 manatın, hesablanmış və gələcəkdə həmin məbləğə hesablanacaq faizlərin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ərizə təmin edilmiş, üçüncü şəxs qismində işə cəlb olunma barədə ərizə baxılmamış saxlanılmış, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci ildə yenidən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04 iyul 2025-ci il tarixli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” 3-21-2-3/2-737368/2025 saylı Qərarının ləğv olunması, Qərar əsasında hesablanmış 28.384,01 manatın, hesablanmış və gələcəkdə həmin məbləğə hesablanacaq faizlərin silinməsi barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 14 mart 2024-cü il tarixli, **********072100 saylı qərarına əsasən iddiaçıya kameral yoxlama nəticəsində 28.384.01 manat məbləğində vergi borcu hesablanmışdır. Kameral vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında vergi orqanı tərəfindən ona təqdim olunmuş məktub 15 mart 2024-cü il tarixlidir. Deməli, məktub ona 15 mart tarixindən sonra təqdim olunmuşdur. İddiaçıya kameral vergi yoxlaması nəticəsində vergi hesablanması barədə qərar isə artıq 14 mart tarixində qəbul olunmuşdur. Yuxarıda göstərilən səbəblərdən və vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.3-cü və 37.4-cü maddələrində müəyyən edilmiş qaydalara riayət edilmədiyindən cavabdehin qərarı ləğv olunmalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçı bir neçə dəfə mübahisələndirilən dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmişdir. Lakin, dəqiqləşmiş vergi bəyannaməsi üzrə hesabatlar nəzərə alınmamışdır. Daha sonra iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək cavabdeh orqanın xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- 737368/2025 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Təqdim edilmiş bəyannamə üzrə kameral vergi yoxlaması zamanı iddiaçı qanunvericiliklə müəyyən edilmiş vergi orqanın hüquqdan istifadə edərək Nazirlər Kabinetinin 55 nömrəli qərarına uyğun bəyannamə təqdim etdiyi müəyyən edilmişdir. Lakin, uçot-baza məlumatlarının araşdırılması zamanı iddiaçı tərəfindən 2022-ci il ərzində "Kompleks nahar xidməti” təyinatı ilə 152217,5 manat, o cümlədən "xxxx" MMC-yə (VÖEN: **********) 106013,5 manat və "xxxx" MMC-yə (VÖEN: **********) 46204,0 manat dəyərində elektron qaimə-fakturanın təqdim olunduğu, 4682,4 manat dəyərində müxtəlif ərzaq mallarının əldə edildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən hesablama metodu ilə xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində cəmi gəlirlər 152217,5 manat, o cümlədən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 152217,5 manat, cəmi xərclər 10297,44 manat, o cümlədən əmək haqqı 4250,0 manat, sosial sığorta haqqı 1661,0 manat, malın dəyəri 2582,19 manat, bank xidməti üzrə xərclər 1804,25 manat qeyd edilmiş, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən 106440,04 manat güzəşt məbləği nəzərə alınmaqla vergiyə cəlb olunan gəlir məbləğinin 35480,02 manat, hesablanmış vergi məbləğinin 7096,0 manat bəyan edildiyi müəyyən edilmişdir. Həmçinin araşdırma zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında fərdi sahibkarın iki nəfər şəxslə əmək müqavilələrinin olmasına baxmayaraq 2022-ci ilin 1-ci, 3cü və 4-cü rübü üzrə cari "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” təqdim edilmədiyi, qeyd olunan dövrlər üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə əlavə sosial sığorta haqlarının hesablandığı müəyyən edilmişdir. Lakin, daha sonra Nazirlər Kabinetinin 55 nömrəli qərarına uyğun olaraq 152217,5 manat gəlirə münasibətdə 5073,9 manat (152217,5/120*20*20%) gəlir vergisi bəyan etmişdir. İddiaçı vergi orqanına inzibati qaydada müraciət edərək 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Daxil olmuş şikayət üzrə araşdırmada iştirak etmək üçün xx.xx.2024-cü il tarixli **********817600 nömrəli "Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” məktub göndərilərək fərdi sahibkar (və ya səlahiyyətli nümayəndəsinin) Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, fərdi sahibkar İddiaçı xx.xx.2024-cü il tarixdə inzibati araşdırmada iştirak etmiş və şikayət məktubunun məzmununa uyğun olaraq izahat təqdim etmişdir. İddiaçı inzibati araşdırmaya təqdim etdiyi izahatında yeməklərin bişirilməsi və çatdırılması (ketirinq) fəaliyyəti ilə məşğul olduğunu, kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablandıqdan sonra fəaliyyətini dayandırmalı olduğunu, hal-hazırda fəaliyyət göstərmədiyini, elektron qaimə-faktura ilə təqdim edilmiş yeməklərin faktiki yaşadığı Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi 1A, mənzil 53 yerləşən mənzildə hazırlandığını, vergi qanunvericiliyindən məlumatı olmadığı üçün fəaliyyət göstərdiyi ünvanın vergi orqanında qeydiyyata qoymadığını, gündəlik 90-100 nəfər üçün yeməklərin hazırlandığını, orta hesabla bir nəfər üçün qiymətin 4,5-5,0 manat arasında dəyişdiyini, iaşə xidməti sahəsində rəqabətə davam gətirmək üçün yüksək keyfiyyətli mallardan, yəni sənaye üsulu ilə istehsal edilmiş xammaldan deyil, bilavasitə təbii xamallardan istifadə edildiyini, göstərilmiş iaşə xidmətində yalnız yüksək keyfiyyətli ət məhsullarından istifadə edildiyini, ət və meyvə-tərəvəzlərin alışı zamanı heç bir mağazanın elektron qaimə-faktura təqdim etmədiyini, ən yaxşı halda nəzarət kassa aparatının çekini təqdim edildiyini, bu çek üzrə alınmış malların dəyərini vergi orqanı xərc kimi nəzərə almadığı üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində xərc olaraq bəyan edilmədiyi qeyd edilmişdir. İnzibati araşdırma zamanı şikayətin təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi üzrə 141920,06 manat (152217,5- 10297,44) vergiyə cəlb olunan və 28384,01 manat (141920,06 x 20%) ödənilməli gəlir vergisi məbləğinin təsdiqlənmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanına əsasən İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları təsdiq edilmişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı ifadə verərək bildirdi ki, onunla əmək müqaviləsi bağlamadan sahibkarlıq fəaliyyəti onun anası tərəfindən aparılır. İctimai iaşə fəaliyyəti göstərən vergi ödəyicisi tərəfindən gəlir və xərclər sənədləşdirilmiş məlumatlar əsasında müəyyən edilməsinə baxmayaraq, “Malların anbardan mətbəxə buraxılışı qaimə-fakturası”, “Satışın nəticələrinə görə malların (məhsulların) silinməsi barədə akt” və s. kimi zəruri hesab edilən sənədlər vergi orqanına təqdim edilməmişdir. Həmçinin, uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın 2022-ci il üzrə cəmi gəlirlərinin 152217,5 manat, hesablama metodu tətbiq edilməklə xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində cəmi xərclərinin 10297,44 manat olduğu müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə vergi orqanına 2022-ci il üzrə gəlir vergi bəyannaməsi təqdim edərək (Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin şərtlərinə əsasən) vergi məbləğini 7096,0 manat, daha sonra xx.xx.2025-ci il tarixdə (Nazirlər Kabinetinin 55 nömrəli qərarına uyğun) 5073,92 manat olaraq bəyan etmişdir. İddiaçının əldə etdiyi 152217,50 manat gəlirə şərti rentabellik norması tətbiq etməklə gəlir vergisi hesablaması düzgün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38). Belə ki, xx.xx.2025-ci il tarixli qərarı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə mübahisələndirmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan iddiaçının təqdim etdiyi 2022-ci il gəlir vergisi bəyannaməsindən görünür ki, mikrosahibkar kimi 2022-ci il üzrə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 152217,50 manat, malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə xərclər 126847,91 manat, vergiyə cəlb edilən gəlir 25369,59 manat, ödənilməli gəlir vergisi isə 5073,92 manat bəyan edilmişdir. Cavabdehin təqdim etdiyi kameral vergi yoxlaması üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsindən görünür ki, mikrosahibkar kimi 2022-ci il üzrə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 152217,50 manat, malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə xərclər 10297,44 manat, vergiyə cəlb edilən gəlir 141920,06 manat, ödənilməli gəlir vergisi isə 28384,01 manat bəyan edilmişdir. Cavabdehin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” 3-21-2-3/2- 737368/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinə əsasən iddiaçıya 2022-ci il gəlir vergisi üzrə 23210,09 manat məbləğində əlavə vergi hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, təqdim edilmiş 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 23310,09 manat vergi məbləğinin azaldılmaqla təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı (VÖEN **********) tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə elektron qaimə-fakturalarla 152 217.50 manat dəyərində malların (işlərin, xidmətlərin) təqdim edildiyi, müvafiq dövr üzrə cəmi xərclərinin uçot-baza məlumatlarına əsasən 10 297.44 manat təşkil etdiyi müəyyən edilmişdir. Hesablama aparılarkən real gəlir-xərclər üzrə aparılmışdır. Hesablamanın aparılması qaydası: (152 217.50-10 297.44)*20% =28 384.01. İddiaçı hazırda cavabdehin bu hesablaması ilə razılaşmayaraq, mübahisəli qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: - Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. -Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. -Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. -Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. -Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. -Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. -Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -Maddə 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldəedilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -Maddə 67.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -Maddə 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. -Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. -Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. -Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən: -6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - Maddə 11.1 İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. -Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qeyd edilən normaların tələblərini nəzərə alan məhkəmə qeyd edir ki, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, 2022-ci ilin gəlir vergisi üzrə vergi orqanının qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarın birinci sətrində vergi ödəyicisinin hesabladığı vergi və sığorta haqlarının 5073,92 manat, üçüncü sətrində isə kameral vergi yoxlamasının nəticəsi olaraq vergi orqanı tərəfindən müəyyən edilmiş vergi və sığorta haqlarının 28384,01 manat, yəni vergi ödəyicisinin hesabladığı məbləğdən 23310,09 manat artıq olması qeyd olunmuşdur. İşdən görünür ki, vergi ödəyicisinin 2022-ci il üzrə satış dövriyyəsi 152217,50 manat olmuş, cavabdeh də bu halı qəbul etmişdir. Qərarın 1-ci sətirlərində qeyd olunan məbləğ iddiaçı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə gəlir müəyyən edilməklə hesablanmışdır. Vergi orqanı tərəfindən qərarın 3-cü sətirlərində qeyd olunan məbləğ isə satış dövriyyəsindən əldə edilmiş vəsaitdən qəbul edilən 10297,44 manat xərc çıxıldıqda əldə edilən məbləğin 20%-ə vurmaqla hesablanması ilə müəyyən edilmişdir. Halbuki xərc sənədləri olmadığı halda cavabdeh vergi orqanı bütün gəlirə 20 faiz tətbiq etməklə gəlir vergisi hesablamaqda haqlı olmamışdır. O, bu zaman Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq vergi hesablanmalı idi. Yuxarı instansiya məhkəmələri tərəfindən analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi və hüquqi mövqe ondan ibarətdir ki (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)- 2914/2024 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)-489/2025 nömrəli qərardadları), Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da, mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini həm də malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. İstinad olunan norma baxımından belə hesablama qaydasının tətbiqi yolverilməz sayılmalıdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə (xx.xx.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Yəni, vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan imkanlardan istifadə edərək, iddiaçı üçün əlverişli halları nəzərə almamış və verginin düzgün hesablanmasını təmin etməmişdir. Odur ki, cavabdeh tərəfindən aparılmış hesablama əsassız sayılmalı, iddia tələbi təmin edilməklə, xx.xx.2025-ci il tarixli qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” 3-21-2-3/2-737368/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar