Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1565/2021 26.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı X7in iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X7 cavabdeh Bakı şəhər Səbail rayon Polis İdarəsi Pasport Xidmətinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış hüququnun tanınması, həmin mənzilə qeydiyyatının rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan 26 may 2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanında yerləşən mənzilə passport qeydiyyatına alınması öhdəliyinin cavabdeh Səbail rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda X1 ilə birlikdə tikdiyi yaşayış evi olan Bakı şəhəri, Səbail rayonu, Neymanzadə küçəsi, ev 59 ünvanında (əvvəlki 3-cü Eksperimental s.e. 59) yaşayır. Qeyd edilən ev 20-ci əsrin 50-ci illərində ulu babası X4 tərəfindən tikilib və o, 1979-cu ildə vəfat etmişdir. Onun arvadı X2 1987-ci ildə vəfat etmişdir. X3 vəfatından sonra göstərilən tikilinin vərəsələri onun övladları olmuşdur: Yevlakova (Zaikina) Yevdokiya Fyodorovna - 1924-cü il təvəllüdlü, Çalova (Zaikina) Klavdiya Fyodorovna - 1926-cı il təvəllüdlü, X7 - 1926-cı il təvəllüdlü, Ağamalıyeva (Zaikina) Nina Fyodorovna - 1935-ci il təvəllüdlü. Qeyd edilən ünvanda atası X9 2011-ci ilə qədər, yəni ölən günə qədər yaşamışdır. İddiaçı da doğulduğu gündən - 1983-ci ilin avqust ayından atası və anası X1 ilə birlikdə həmin yaşayış evində yaşamışdır. Yaşadığı müddət ərzində bütün kommunal xidmətlərə görə ödəniş eləmişdir. Bakı şəhəri, Səbail rayonu 3 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyi MİK-nin 149 saylı arayışına əsasən o, 1983-cü ildən qeydiyyatsız daimi yaşayır. Bundan əlavə adına şəxsi hesab yazılmışdır. Qeydiyyatında olduğu və şəxsi mülkiyyətində olmayan mənzilin özü çoxdan satılıb. Qeyd edilənlərə əsaslanaraq iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsi bu barədə 05 fevral 2021-ci ildə ***-**** saylı cavab məktububda qeyd etmişdir ki, İddiaçı cavabdehə qarşı iddia tələbinə dair keçirilən bütün məhkəmə iclaslarında Səbail RPİ-nin QMB-nin əməkdaşlarının iştirakı olmadan keçirilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan; İddiaçı hazırki tələblə Bakı şəhər Səbail rayon polis idarəsinə müraciət etmiş, sonuncu tərəfindən 23.05.2019-cu il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmiş və ona “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən yaşanılan ünvanın mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, order, kirayə və icarə müqaviləsi, elecə də qanunvericilikdə nəzərdə tutulan digər sənədləri təqdim etməklə qeydiyyatın həyata keçirilə bildiyini, qeyd edilən sənədləri təqdim edə bilmədiyi halda aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Bakı Şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 149 saylı Mənzil Kommunal İstismar İdarəsi tərəfindən 4823 saylı 09.06.2015-ci il tarixli arayışdan görünür ki, X7 Bakı şəhəri, Səbail rayonu, Neymanzadə küçəsi, ev 59 ünvanında 1983-cü ildən qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 08 oktyabr 2020ci il tarixli, **********65 saylı sorğuya cavab məktubunda qeyd olunur ki, Bakı şəhəri, Səbail rayonu, Neymanzadə küçəsi, 59 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən 02 mart 2021-ci il tarixli ***-**** saylı sorğuya cavab məktubunda bildirilir ki, 05.04.1955-ci il təvəllüdlü X10 26.06.1978-ci il tarixdən 15.01.2004-cü il tarixədək Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi, bina 74, mənzil 2-də, 15.01.2004-cü il tarixdən 28.04.2011-ci il tarixədək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, 28.04.2011-ci il tarixdə vəsiqəsi “ölüm” səbəbi ilə fəaliyyətsizləşdirilmişdir. İş üzrə araşdırma zamanpı təqdim edilmiş sənədlərdən görünür ki, Volodarski adına zavodun partiya komitəsi, administrasiyası və həmkarlar komitəsi vəsatət qaldıraraq Bakı şəhəri 26 Bakı komissarı rayonunun icraiyyə komitəsinə müraciət edərək qeyd etmişdir ki, zavodlarında sürücü vəzifəsində istehsalat əlaçısı, nümunəvi nizam- intizamlı, zavod ictimaiyyətinin fəal iştirakçısı X5 çalışır. O, Bakı şəh., Eksperimental küç, 59 ünvanında xəstə (astma) həyat yoldaşı və uşağı ilə birlikdə yaşayır, yaxın zamanlara qədər onunla birlikdə nənəsi - M.Zaikina da yaşayırdı ki, o, 1987-ci ilin yanvarında vəfat etmişdir. Onların yaşadıqları bina “gecəqondu” adlanan tikintilərə aiddir, təcrübəsizlikdən və bilməməzlikdən irəli gələrək “gecəqonduda” yalnız M.Zaikina (nənə) qeydiyyatda olmuşdur. F.Zaikin anasının, həyat yoldaşı isə öz valideynlərinin yanında qeydiyyatda olub. Orada faktiki olaraq mənzil yoxdur. M.Zaikina az məbləğdə (30 rubla yaxın) təqaüd alırdı və Fyodor sığorta və digər üzrə xərcləri ödəmiş, böyük maddi xərclər çəkərək binada əsaslı təmir aparmışdır. Hazırda onun başqa mənzilə yaşamağa köçüb getməsi praktik olaraq mümkünsüzdür, “gecəqondunu” isə sökmək istəyirlər. Qeyd edilənlərə əsasən vəsatət qaldırırlar ki, tikili sökülmədən və oradan Fyodor Zaikin çıxarılmadan hər şey olduğu kimi saxlansın. Forma 28 20352 saylı Mənzil kirayəçisi haqqında məlumatda Bakı şəhəri, Səbail rayonu, Neymanzadə küçəsi, ev 59 ünvanında kirayəçi qismində X6 adı qeyd olunmuş, ölüm səbəbi ilə əlaqədar dəyişiklik olmuş 03.07.2012-ci ildən kirayəçi qismində X7 tanınmışdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: İddianın tələbinin hüquqi əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri -tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericilik normasının tələbindən də göründüyü kimi iddiaçının qeydiyyata düşmək istədiyi ünvan 4 ünvanında yerləşən mənzil onun istifadəsində olmaqla, uzun illər daimi yaşayış yeri olduğuna görə hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhər Səbail rayon Polis İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhər Səbail rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1565/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1565/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver