Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1566/2020 11.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı bağ sahəsinin naturada ona təhkim olunması barədə işə Bakı şəhəri, N.Vəzirov küçəsi, 56 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 0.06 ha ölçüdə, JN – 22685D, KOD 00600036 nömrəli torpağın mülkiyətə verilməsinə dair şəhadətnaməyə əsasən istifadəsində olan bağ sahəsinin sərhədlərinin yerdə (naturada) ona təhkim olunması vəzifəsinin cavabdehə həvalə edilməsi və cavabdehin hərəkətlərinin (imtinasının) qanunsuz hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 11/625 saylı qərarı və Bakı Baş tikinti İdarəsi SİB-in “Savalan” bağçılıq yoldaşlığının xx.xx.1996-cı il tarixli, 05 saylı protokolu ilə 0,12 ha torpaq sahəsində yerləşən xx/xx-2346 b saylı bağ sahəsi ona ayrılmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 X1 inkişaf və istismarı Birliyinin “Hövsan ərazisindəki xx/xx/2346 b nömrəli bağın istifadəyə verilməsi haqqında” 32360 nömrəli müqaviləsinə əsasən 0,12 hektar ölçüdə bağa dair onunla müqavilə bağlanmışdır. Göstərilən əraziyə dair torpağın mülkiyyətə verilməsinə dair ona xx.xx.2005-ci il tarixdə, JN-21369D, KOD 00600036 saylı şəhadətnamə də verilmişdir. Həmin bağ sahəsinə dair X6 və İstismarı Birliyi tərəfindən torpaq sahəsinin planı da tərtib edilərək təsdiq edilmişdir. xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən ona məxsus Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 9108 nömrəli arayışa əsasən Hövsan bağ massivində yerləşən xx/xx-2346 b saylı 1200 kv.m bağ sahəsinin 600 kv.metrini X5na bağışlamışdır və digər 600 kv.m sahə isə onun mülkiyyətində qalmışdır. Həmin bu bağışlama müqaviləsi Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontorunda xx.xx.2005-ci il tarixdə 4Ə-2-306 saylı reyestrlə rəsmiləşdirilərək təsdiq olunmuşdur. X5 onun bağışladığı bağ sahəsinə dair xx.xx.2005-ci il tarixdə, JN-22684D KOD 00600036 saylı torpağın mülkiyyətə verilməsinə dair öz adına şəhadətnamə almışdır. Həmçinin o, da yerdə qalan 0,06 ha bağ sahəsinə dair xx.xx.2005-ci il tarixli, JN- 22685D KOD 00600036 saylı torpağın mülkiyyətə verilməsinə dair öz adına şəhadətnamə almışdır. Bacısı X2 onun ona bağışladığı bağ sahəsi üzərində bağ evi inşa edərək həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il tarixdə, ********** qeydiyyat nömrəli çıxarış da almışdır. Sözügedən əmlak Çıxarışa əsasən Daşınmaz əmlakın dövlət reyestrində 153 nömrəli reyestr kitabının 15243 nömrəli vərəqində qeydiyyata alınmışdır.Ona məxsus olan bağ sahəsi ilə əlaqədar daxilində müəyyən narahatçılıqlar olduğundan torpaq sahənin ona rəsmi qaydada təhkim olunması barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsinə xx.xx.2019-cu il tarixli məktubla müraciət etmişdir. Torpaq sahəsi 2005-ci ildən daş hasar daxilindədir. Lakin, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsi ona bağ sahəni yerində təhkim etmək əvəzinə heç bir məntiqə sığmayan cavab verməklə müraciətinə baxılmasından imtina etmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********09 saylı məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, xx/xx-2346 saylı sahədə yerləşən torpaq sahəsinin sənədlərində və faktiki vəziyyətində uyğunsuzluqların araşdırılması ilə bağlı xx.xx.2019-cu il tarixli, ********* nömrəli ərizəsinə baxılaraq bildirilir ki, sözügedən torpaq sahəsinin kadastr planı ilə üst-üstə düşmə halı və şimal qonşuya yol verilməsi ilə bağlı məhkəmə mübahisəsi olduğundan ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Hesab edir ki, cavabdehin sözügedən məktubu qanunuz və əsassızdır. Belə ki, ilk öncə onun ərizəsinin tarixi xx.xx.2019-cu il deyil, xx.xx.2019-cu il tarixlidir. Daha sonra isə, onun müraciəti Bakı şəhı şəhəri, Suraxanı rayonu. Hövsan qəsəbəsi, xx/xx-2346 saylı sahədə yerləşən torpaq sahəsinin sənədlərində və faktiki vəziyyətində uyğunsuzluqların araşdırılması ilə bağlı deyil, sözügedən bağ sahəsinin ona naturada təhkim olunması ilə bağlı olmuşdur. “Sözügedən torpaq sahəsinin kadastr planı ilə üst-üstə düşmə halı” dedikdə reyestr xidmətinin Bakı şəhər Ərazi İdarəsi hansı kadastr planı ilə və bu üst-üstə düşmənin nədən ibarət olmasını qeyd etməmişdir. “şimal qonşuya yol verilməsi ilə bağlı məhkəmə mübahisəsi olduğundan ərizəsinin icrası tərəflərindən mümkün olmamışdır” cümləsinin onun bağının naturada ona təhkim olunması ilə bağlı işlərinə nə aidiyyatının olmasını da, əsaslandırmayıb. Çünki, o, bağ sahəsinə dair dövlət reyestrində qeydiyyat istəməmişdir. Bundan əlavə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilməli olduğu halda, o, ərizə və lazımi sənədlərlə cavabdeh orqana müraciət etdikdən günlər sonra belə ona hər hansı bildiriş göndərilməmişdir. Ona ümumi qaydada müraciətinə baxılaraq 20 gün sonra imtina məktubu göndərilmişdir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığı halda, onun müraciətinə imtina verilməyi də, qanunsuzdur. O, qeydiyyat istəmədiyi halda. Məktubda məhkəmə mübahisəsinin olması halının vurğulanması da, qanuni deyildir. Çünki, həmin məhkəmə mübahisənin onun hazırki müraciətinə heç bir aidiyyatı yoxdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 0.06 ha ölçüdə JN-22685D, KOD 00600036 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən istifadəsində olan bağ sahəsinin sərhədlərinin yerdə (naturada) ona tanıdılması-təhkim olunması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilməsi və cavabdehlərin hərəkətlərinin (imtinalarının) qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1566/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İş üzrə hazırlıq iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan, hazırlıq icraatı mərhələsində məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçıya yardım etmək məqsədi ilə məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13 və 48.1-ci maddələrinə müvafiq olaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, natamam faktiki məlumatların tamamlanması, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması tövsiyyə edilmiş, lakin iddiaçı iddiasını müdafiə etdiyini bildirərək, iddiaya olduğu kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına baxış keçirilən zaman məhkəmə tərəfindən müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən Hövsan bağ massivində yerləşən, xx/xx-2346 “b” saylı bağ sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair JN-22685D, KOD 00600036 nömrəli, xx.xx.2005-ci il tarixli “torpağın mülkiyyətə verilməsinə dair” iddiaçının adına şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü də, təsdiq edilmişdir. -İddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, **********09 nömrəli məktubla onun müraciətinə cavab olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinin kadastr planı ilə üst-üstə düşmə halı və şimal qonşuya yol verilməsi ilə bağlı məhkəmə mübahisəsi olduğundan ərizənin icrası tərəflərindən mümkün olmamışdır. - X4 xx xxxxxxxx 2020-ci il tarixli, 284 nömrəli ekspert rəyinə əsasən Mürslova (İbrahimova) Turanə Mədət qızına JN-22685D nömrəli (KOD 00600036) şəhadətnamə əsasında məxsus olan toorpaq sahəsi ilə hasara alınmış bağ torpaq sahəsinin eyni olması, Mürsəlova (İbrahimova) Türanə Mədət qızının hasara aldığı 0.06 ha bağ torpaq sahəsinin hər hansı hissəsidnən ümumi istfadə üçün gediş-gəliş yolu nəzərdə tutulmamış və bununla da, İddiaçı hasara aldığı torpaq sahəsi ilə gediş-gəliş yolunun zəbt olunmaması (bağlanmaması), Mürsəlova (ibrahimova) Turanə Mədət qızının istifadəsində olan (JN-21369 D, Kod 00600036 saylı şəhadətnamə ilə 0.12 ha torpaq sahəsindən 0.06 ha torpaq sahəsini X5na bağışlamışdır) üzərində tikili olmayan və naturada hasara alınmış torpaq sahəsi 0.0657 ha (657 kv.m) təşkil edir və torpağın artıq 57 kv.m hissəsi bağın giriş-çıxış qapısı olan darvaza tərəfdən mövcud yola düşür. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Eləcə də, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İşin hallarından göründüyü kimi, JN-22685D, KOD 00600036 nömrəli şəhadətnaməyə əsasında iddiaçıya məxsus olan torpaq sahəsi ilə hasara alınmış bağ-torpaq sahəsi eynidir, sözügedən bağ sahəsi naturada ayrılaraq ona təhvil verilib, hazırda iddiaçının faktiki istifadəsində və mülkiyyətindədir, bağ sahəsi hasar daxilindədir, döngə nöqtələri bəllidir. Bununla bağlı məhkəmə qeyd edir ki, bağ sahəsinin bölgü sxemi və ya plan-cizgisi bağ sahəsinin faktiki yerləşmə yerinə uyğun situasiya planıdır və əgər bağ sahəsinin yerini müəyyən etmək mümkün deyildirsə, o halda, mərzçəkmə qaydasında torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsi, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi üçün iddia verilə bilər. Lakin, iddiaçıya ayrılmış bağ sahəsi naturada ayrılaraq ona təhvil verilib və onun faktiki istifadəsində və mülkiyyətindədir, döngə nöqtələri bəllidir. Belə olan halda, iddiaçı hal-hazırda qüvvədə olan qanunvericiliyə əsasən, bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etməlidir. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçının hüquqlarının pozulması halı və onun hüquqi müdafiəyə ehtiyacı olması halı hazırki iddia üzrə müəyyən edilmədiyindən iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli Qərarının 4.1-ci maddəsinə əsasən İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 6.2-ci maddəsinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1566/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1566/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver