Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1566/2022 04.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 №-li Zeytun sovxozu, ev 8, 3 saylı mənzilin atası X2 adına qeydiyyata alınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 №-li Zeytun sovxozu, ev 8, 3 saylı mənzil 1979-cu ildə atası X3 verilmişdir. Atası həmin vaxtdan ailə ilə birlikdə həmin evdə yaşamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məkhəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı tərəfindən qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsin uyğun hüquqmüəyyənedici sənədlər İdarəyə təqdim edilməmişdir. İddiaçı qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. İddiaçı 04.02.2021-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İbiş Məmmdov küçəsi, 8 saylı evin 3 saylı mənzilinin mərhum X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1 saylı Zeytun Sovxozu tərəfindən verilmiş 12.01.1999-cu il tarixli 32 saylı orderin təsdiq olunmuş surətindən görünür ki, Hövsan qəsəbəsi, 8 saylı evin 3 saylı 64 kv.m. 3 otaqlı mənzili X3 verilmişdir; 1 saylı Bakı Ərazi İdarəsinin 11.06.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, iddiaçı tərəfindən qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsin uyğun hüquqmüəyyənedici sənədlər İdarəyə təqdim edilməmişdir. İddiaçı qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Suraxanı Rayon İcra Hakmiyyətinin 27.12.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 21.12.2021-ci il tarixli 71 saylı arayışa əsasən Suraxanı rayonu, Hövsan qəsəbəsi, i.Məmmədov küçəsi, 8 saylı evin 3 saylı mənzili keçmiş 1 saylı Zeytun Sovxozu tərəfindən 12.01.1999-cu il tarixli 32 saylı orderlə iddiaçının mərhum atası X3 verilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İbiş Məmmdov küçəsi, 8 saylı evin 3 saylı mənzilin üzərində vərəsəsi olduğu şəxsin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə arayışın verilməsini xahiş edir. İddiaçı eyni tələblə cavabdeh orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs, istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən mənzil üzərində isə həmin hüququn qeydiyyata alınması üçün nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla bağlı olaraq məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş order yuxarıda adıçəkilən qanunla siyahısı konkret olaraq müəyyən edilmiş hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməz. Qanunun 8.0.11-ci maddəsində orderin nəzərdə tutulması da məhkəmə hesab edir ki, vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, maddənin tələbindən də göründüyü kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) verilmiş o orderlər mülkiyyət hüququnun qeydiyyata alınması əsası qismində çıxış edə bilər ki, order müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş olsun. Müvafiq icra hakimiyyəti orqanı dedikdə isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azrbaycan Respublikası Prezidentinin 2014-cü il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.8-ci yarımbəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları başa düşülür. Hazırkı iş üzrə order iddiaçıya müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən verilməmiş, 1 saylı Zeytun Sovxozu tərəfindən verilmişdir. Göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olan sənədlər konkret olaraq müəyyən edilmişdir ki, müəssisə tərəfindən verilən order və onun verilməsinə əsas olmuş sənədlər yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş orderi, sərəncamı və ya bağlanılmış kirayə müqaviləsini əvəz etmədiyindən yuxarıda adıçəkilən qanunun tələbləri baxımından mülkiyyət hüququ yaradan sənəd hesab edilə bilməz. Yalnız yerli icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair order, sərəncam və ya kirayə müqaviləsi maddənin məqsədləri baxımından mülkiyyət hüququnun yaranması əsası qismində çıxış edir. Bu zaman dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair orderlə, yataqxanalardan istifadə edilməsi ilə bağlı verilən orderin fərqləndirilməsi baxımında 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq müddəalarının da təhlili zəruridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş): Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin verilməsi adlanan İİ bölməyə daxil olan 1-ci fəslində mənzil fondunun qeyd olunan kateqoriyalarına aid yaşayış sahələrinin verilməsi qayda və prosedurları konkret olaraq qeyd edilmişdir. Həmin Fəslə daxil olan 46-cı maddədən göründüyü kimi ictimai mənzil fondu evlərində (Məcəllənin 4-cü maddəsinə əsasən ictimai mənzil fondu dedikdə kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri başa düşülür) yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq inzibati orqana məlumat verilir. 48-ci maddəyə əsasən isə istər dövlət, istərsə də ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında müvafiq inzibati oqan tərəfindən vətəndaşa order verilir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Göründüyü kimi istər dövlət, istər ictimai mənzil fondu evində yaşayış sahəsinin verilməsi haqqında qərar əsasında order vermək səlahiyyəti müvafiq inzibati orqana aid hesab edilmişdir ki, yaşayış sahəsinə köçmək üçün yeganə əsas qismində həmin orderin müəssisənin özü tərəfindən verilməsi nəzərdə tutulmamışdır. Müəssisə tərəfindən yataqxanalarla bağlı orderin verilməsinə dair qaydalar isə adıçəkilən Məcəllənin dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin verilməsi adlanan İİ bölməyə daxil olan 1ci fəsli ilə deyil, yataqxanalardan istifadə adlanan 4-cü fəsil ilə müəyyən edilmişdir. Həmin fəslə daxil olan 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. 107-ci maddəyə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Göründüyü kimi 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsi ilə dövlət və ya ictimai mənzil fonduna daxil olan yataqxana tipli yaşayış sahəsinin verilməsi ilə bağlı orderlə, yataqxanalardan istifadə ilə bağlı verilən order arasında fərqləndirmə aparılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş sənədlər həmin maddədə adıçəkilən qüvvədən düşmüş Məcəllənin İİ bölmə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin verilməsi adlanan 1-ci fəsil ilə müəyyən edilmiş prosedur qaydalara uyğun olaraq verilmiş müvafiq inzibati orqanın verdiyi orderi nəzərdə tutur, yataqxanalardan istifadə ilə bağlı verilən order isə müəssisənin müdriyyəti tərəfindən verilir ki, adıçəkilən maddədə nəzərdə tutulan mülkiyyət hüququnun qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənəd hesab edilmir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1566/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1566/2022
04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver