Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1567/2022 31.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Qəbələ rayon Əhaliyə Məişət Xidməti kombinatında işlədiyinə dair illərin sosial sığorta stajına hesablanaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, iddiaçının Dövlət Arxiv İdarəsinin arayışında və əmək kitabçasında qeyd edilən illər nəzərə alınmaqla, 1975-ci ildən 1981-ci illər sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi və son 3 illik pensiyanın hesablanaraq verilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1947-ci ildə Qəbələ rayonun Vəndam kəndində anadan olmuşdur və 2009-cu ildə o vaxtkı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin icazə verdiyi kimi, iddiaçı 62 yaşının tamam olmasından sonra yaşa görə pensiyaya çıxmaq üçün Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinə 13 noyabr 2009-cu ildə sənədlərlə birlikdə ərizə verib müraciət etmişdir. O vaxt qanunvericiliyə görə iddiaçıdan ən azı 5 il sosial sığorta stajı tələb olunurdu. Ona görə də 1973-1995-ci illərə qədər fasilələrlə işlədiyi İ. Qayıbov adına (O vaxtkı Miçurin adına) kolxozda olan stajının nəzərə alınmasını, təqdim etdiyi Kolxoz arxivindən verilən arayışa və sonradan əldə etdiyi Qəbələ rayon Dövlət Arxivinin 13.07.2021-ci il tarixli arayışı, 1966-1968-ci illərdə hərbi xidmətdə olduğu haqqında sənədi təqdim etmişdir ki, bu da üst-üstə 5 ildən artıq staj edirdi. Bu məsələlərin həlli üçün son dəfə 21 yanvar 2021-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun sədrinə, Ombudsman Aparatı rəhbərinə və Dövlət Sosial Müdafiə X4 şöbəsinə etdiyi müraciətlərdən sonra Dövlət Sosial Müdafiə X5 sədr müavininin 11 fevral 2021-ci il tarixli imtina məktubu və Ombudsman Aparatından iddiaçının elektron poçtuna daxil olan 15 aprel 2021-ci il tarixli cavab məktubunda qeyd edilir: “Bildirilir ki, Sizin 2017-ci il, 28 noyabr yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF-nin Qəbələ regional Şöbəsinə (indiki 14 saylı regional ərazi idarəsi) əmək kitabçası və 1973-1995-ci illərdə (fasilələrlə) İ.Qayıbov adına (o vaxtki Miçurin adına) kolxozda işləməyiniz barədə Qəbələ Arxivinin verdiyi 13.03.2017-ci il tarixli, 75 saylı arayış təqdim etmisiniz. Həmin arayışda sizin adınız deyil, X2 adına rəsmiləşdirilmişdir. Həmçinin 01.04.1975-ci ildən 1981-ci ilədək Qəbələ rayon Əhaliyə Məişət Xidməti kombinatında işləməyiniz barədə əmr kitabında aparılmış qeydlər, kombinatın əmr kitabına baxış keçirərkən işə qəbul olunmaqla bağlı əmr təsdiqini tapsa da, işdən azad olunma barədə əmr aşkar olunmadığından yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir” Rəsmi imtinada da yazıldığı kimi, Qəbələ Sovezi bəhanə ilə iddiaçının pensiyaya çıxmağına razılıq etməmişdir ki, iddiaçının kolxozda cəmi stajı 2 il 27 gün olmuşdur və 1 ili çatmır. Yəni 5 illik staj tələb olunur. Bundan sonra iddiaçı 1975-1981-ci il tarixlərində Qəbələ Məişət ASC-də sürücü vəzifəsində işləməyi barəsində əmək kitabçasında aparılmış qeydlər ƏMXK-nın əmr kitablarında işə daxil olma və işdən azad olma barədə qeydlər öz təsdiqini tapsa da, Məişət Kombinatının əmrlər kitabında işdən azad olunma barədə qeydə rast gəlinmədiyi bildirilmişdir. Halbuki, iddiçının əvəzedici aldığı əmək kitabçasında 01.04.1975-ci il tarixli, 44 N-li əmrlə motoroller sürücüsü vəzifəsinə təyin edildiyi və 09 sentyabr 1981-ci il tarixli, 257 N-li əmrlə başqa işə keçməsiylə əlaqədar işdən azad olunmağı direktorun möhürü ilə təsdiq olunmuşdur. İddiaçı qeyd edir ki, hansısa idarənin əmr kitabında işə daxil olma qeyd edilsə də işdən çıxma tarixinin göstərilməmisi onun günahı deyil. Lakin sonradan ekspertlərin apardığı hesablamalardan müəyyən olmuşdur ki, iddiaçının kolxoz işləyərkən 1973-1981-ci illərdə cəmi 432 adam günü olmuşdur ki, o vaxtın qanunvericiliyinə görə illik adam günü norması 190 adam günü olduğundan 2 il 02 ay 07 gün sığorta stajı, 1985-1995-ci illərdə isə 225 adam günü norması işlədiyimdən həmin illər üzrə adam günü norması 210 adam günü olduğundan 1 il 7 gün sığorta stajı mövcud olmuşdur. Yəni ümumilikdə 03 il, 2 ay, 14 gün sığorta stajı olmuşdur. Əlavə olaraq 2 illik hərbi xidməti də nəzərə alınsaydı iddiaçının cəmi 5 il 02 ay 14 gün sığorta stajım olduğu halda və əlavə olaraq Məişət kombinatında 10 il 07 ay 14 gün sığorta stajı kifayət edirdi ki, iddiaçı 2009-cu ildən 62 yaşından əmək pensiyasına çıxmışdır. İddiaçı hesab edir ki, bu bəhanələrin ona heç bir aiddiyyəti olmamalıdır. Çünki iddiaçının 62 yaşı 2009-cu ilin sentyabrın 9-da tamam olmuşdur və dərhal həmin vaxt da iddiaçı ərizə və sənədləri yaşa görə pensiyaya çıxmaq üçün təqdim etmişdir.
4. Məhkəmənin 27.07.2021-ci il tarixli mümkünlük iclasında tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmə iclasına nümayəndəsini göndərməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
5. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş müraciətdə (dəftərxana vasitəsilə) bildirilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə inzibati iş Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Abdullayevanın icraatında halhazırda baxılmaqdadır (yeni nömrə: 2-1(112)-7302/2021 saylı iş). Bakı İnzibati Məhkəməsindən daxil olmuş (hakim Aygün Abdullayevə) 08.06.2021-ci il tarixli, 2-1(112)-7302/2021 nömrəli İddiaçı “1975-ci ildən-1981-ci ilədək olan dövrün sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyası təyin eilməsi və son illərin pensiyasının hesablanaraq veilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair məhkəmənin hazırlıq iclası 22.07.2021-ci il tarixdə, saat 12:30-da keçirilmiş və iş icraata qəbul edilmişdir. Buna baxmayaraq, qeyd olunan inzibati iş üzrə məhkəmənin hazırlıq iclası 30.08.2021-ci il tarixə, saat 17:30-a təyin olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Maddə 153-cü maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməsindən bəhs edilir. Həmin Məcəllənin 153.2.4-cü maddəsində əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu səbəbdən də, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında başqa iş olduğu üçün, hazırkı iş üzrə iddiaya baxılması yolverilməzdir və məhkəmə tərəfindən ərizəni qəbul etməkldən imtina edilməlidir. Bundan əlavə, Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il 5 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına, həmçinin 45.1-cimaddəsinə əməl olunmasına ciddi diqqət yetirsinlər. Belə ki, İPM 45.5.1-ci maddəsinə əsasən, iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz, bununla əlaqədar, yuxarıda qeyd olunanları və İPM-in 1.2, 35-ci və MPM-in 153cü maddələrinin tələblərini rəhbər tutaraq, sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi” dair iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin 30.08.2021-ci il tarixli hazırlıq iclasında tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmə iclasına nümayəndəsini göndərməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tərəflərin iştirakını təmin etmək məqsədilə iclas növbəti tarixə təxirə salınmışdır.
7. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunmuş (dəftərxana vasitəsilə) etirazda bildirilmişdir ki, İddiaçı yaşa görə pensiyanın təyin edilməsi tələbi ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala müraciət etmişdir. Vətəndaşın müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və cavablandırılmışdır. Cavabdeh orqanın 11.02.2021-ci il tarixli **********9 nömrəli imtina məktubuna qeyd edilmişdir ki, yaşa görə sosial müavinətininin yaşa görə əmək pensiyası ilə əvəzlənməsi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə 25 il sosial sığorta stajınız olmalıdır. İddiaçı 1973-1995-ci illərdə aşağıdakı müəssisələrdə işlədiyini iddia edir: - 1973-1995-ci illərdə Qəbələ rayon “İ.Qayıbov” adına kolxozda; - 01.04.1975-ci il tarixdən-09.09.1981-ci il tarixədək “X9 Xidməti Kombinantı”nda. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni pensiyanın təyin olunması üçün kifayət edəcək sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, iddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Milli Arxiv idarəsi X6 filialına 01.07.2021-ci il tarixdə **********4 nömrəli sorğu göndərilmişdir.Sorğuya gələn 16.07.2021-ci il tarixli 99/2 nömrəli cavab məktubunda “X9 Xidməti Kombinantı”mn əmr kitabları və əmək haqqı cədvəllərinin arxivə təhvil verilmədiyi qeyd edilmişdir. Yuxarıda qeyd olunan sorğuya gələn 99/1 nömrəli cavab məktubunda iddiaçının 1973-1995-ci il dövrlərdə “İ.Qayıbov” adına kolxozda işləməsi barədə arxiv arayışı təqdim edilmişdir. Həmin arayışla bağlı mövcüd olan mübahisəli məqama toxunmaq istərdik: Qeyd etmək lazımdır ki, İddiaçı şəxsiyyətini təsdiq edən sənəddə ad və soyadı İddiaçı kimi qeyd edilmişdir.Məhz kolxozda işlədiyi dövrə aid sənədləşmədə fərqli soyadının istifadə edilməsi; iddiaçıya aidiyyatı olmayan, şəxsiyyətini təsdiq edən heç bir rəsmi sənəddə qeyd edilməyən Əsgərov adının arxiv sənədlərində öz əksini tapması həmin arayışların məhkəmədə mötəbər sübut kimi təqdim olunması yolverilməzdir. Mülki Prosessual Məcəllənin 307-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı da aid edilmişdir. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2 və 3.2.1-ci maddələrində qeyd olunur ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun həm 7-ci maddənin hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə (65 yaş) çatmışdır.Lakin vətəndaşın yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı olmadığı üçün ona pensiya təyin edilməsi qanuna ziddir. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallan başqa sübutlarla təsdiq oluna bilməz. İddia tələbinin təmin edilməsini mümkünsüz edən həm də, bu növ münasibətləri tənzimləyən maddi huquq normalarıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Cavabdeh orqan bunlar nəzərə alınaraq, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7302/2021 saylı iş üzrə 23.09.2021-ci il tarixli qərardadına əsasən (sədrlik edən Aygün Abdullayeva) Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-7302/2021 saylı və 2-1(112)-8440/2021 saylı inzibati işlər 2- 1(112)-8440/2021 sayı altında bir icraatda birləşdirilmişdir.
9. Məhkəmənin 18.10.2021-ci il, 26.11.2021-ci il və 31.01.2022-ci il tarixli iclaslarında cavabdehin nümayəndəsi iştirak etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
II. İddianın geri götürülmüş sayılması
10. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
11. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
12. İddiaçının məhkəmənin 27.07.2021-ci il tarixdə hazırlıq icraatı üzrə iclasının keçirilməsi vaxtı barədə 13.07.2021-ci il tarixdə xəbərdar edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən iclasda iştirakını təmin etmək məqsədilə hazırlıq icraatı üzrə məhkəmə iclası 30.08.2021-ci il tarixə təyin edilmiş, iddiaçı yenidən iclasda iştirak etməmişdir. Məhkəmə iclası yenidən eyni qaydada təxirə salınmış, hazırlıq icraatı üzrə iclas 18.10.2021-ci il tarixə təyin edilmişdir, iddiaçıya göndərilən bildirişdə İPM-in 55.3cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş, lakin qeyd edilən tarixdə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası 26.11.2021-ci il tarixə təxirə salmışdır, iddiaçı yenidən iclasda iştirak etməmişdir. Məhkəmənin 31.01.2022-ci il tarixli baxış iclasında cavabdehin nümayəndəsi iştirak etsə də, iddiaçı yenidən iş üzrə məhkəmə iclasında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona göndərilən bildirişdə aydın ifadə edilmiş, qeyd edilən bildiriş iddiaçıya lazımi qaydada çatdırılmışdır.
13. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
14. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
15. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
16. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
17. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
18. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
19. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
20. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva