Məhkəmə qərarları › İş №2-1(112)-1567/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1567/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1567/2025 19.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 mart 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikasının Prezidenti xx.xx.2001-ci il tarixdə 562 nömrəli Fərman imzalamışdır. Fərmanın 25 may 2006-cı il tarixə qədər qüvvədə olmuş 7-ci bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsi təmin edilsin. Həmin Fərmanın icrası ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin 7.07.2004-cü il tarixli, 137 № li Sərəncamına əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2004-cü il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 27 saylı DNK-nın xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi İddiaçı (bundan sonra – iddiaçı) satılmışdır. Fərdi yaşayış evi (yeni qaydalarla ev 51) dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçının adına qeydə alınmış və həmçinin fərdi yaşayış evinə dair iddiaçının adına xx.xx.2024-cü il tarixli Texniki Pasport tərtib edilmişdir. Çıxarışda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü – dövlət, torpaq sahəsi üzərində hüququnun növü - istifadə, kateqoriyası – yaşayış məntəqələrinin torpaqları qeyd edilmişdir. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə hüququnun qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-ci il tarixli cavab məktubunda iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...elektron kadastr baza məlumatlarına əsasən İdarənin arxivində mövcud olan texniki pasport ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcud olmaqla, sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Torpaq sahəsinin ölçüsü faktiki 495.0 kv.metr təşkil edir. Biundan əlavə faktiki torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin ilkin qeydiyyata alınmasına əsas olmuş Bakı şəhər İcra Hakimiyyəti başçısının 7.07.2004-cü il tarixli, 137 № li Sərəncamı ilə təsdiq edilmiş protokoldan çıxarışa münasibətdə qeyd edilməlidir ki, “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarında didərgin salınmış azərbaycanlıların məskunaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli, 562 saylı Fərmanın həmin dövrdə qüvvədə olmuş 7-ci bəndinə əsasən 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur...”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1, yeni qaydalarla ev 51 ünvanında yerləşən 520.5 kv.metrdən ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində maddi və prosessual hüquq normalarına və işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilərək cavabdehin imtinası əsassız hesab edilmiş, lakin iddia tələbi əsaslandırılmamışdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubu ilə eynidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin emtəmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabadehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 137 № li Sərəncamına əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2004-cü il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmiş və xx.xx.2004-cü il tarixli alqısatqı müqaviləsinə əsasən iddiaçıya satılmışdır. Fərdi yaşayış evi hazırda iddiaçının mülkiyyətindədir, lakin evə dair dövlət reyesttindən verilmiş çıxarışda evin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü – dövlət, torpaq sahəsi üzərində hüququnun növü - istifadə, kateqoriyası – yaşayış məntəqələrinin torpaqlsarı qeyd edilmişdir. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı həmin mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu qeydə aldırmağa yönəlmişdir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina edir və iddiaya etiraz edir. 1) torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməməsi; 2) elektron kadastr baza məlumatlarına əsasən İdarənin arxivində mövcud olan texniki pasport ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcud olması; 3) sahənin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi; 4) Torpaq sahəsinin faktiki ölçüsünün 495.0 kv.metr təşkil etməsi. Məhkəmə hesab edir ki, cavabdehin imtinası və etirazının əsası kimi istinad etdiyi dəlillər əsassızdır. Belə ki, 1-ci dəlillə bağlı məhkəmə qeyd edir ki, fərdi yaşayış evinə dair Bakı şəhər İcra Hakimiyyətinin 7.07.2004-cü il tarixli, 137 № li Sərəncamı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarından biridir. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Təqdim edilən Sərəncamın məzmunundan görünür ki, həmin Sərəncamla Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictima komissiyasının xx.xx.2024-cü il tarixli, 7a № li iclas protokolu təsdiq edilmişdir. Həmin iclasda qərar alınmışdır ki, BŞİH-nə daxil olmuş xx.xx.2004-cü il tarixli, Binəqədi RİH-in 173 №li məktubu - Ermənistan Respublikasından qaçqın düşmüş X1 yaşadığı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sarabski küçəsi, 29 № li özbaşına tikilmiş evə qeydiyyat vəsiqəsi verilsin. Bu Sərəncamdan sonra fərdi yaşayış evi X1 adına sənədləşdirilmiş və evə dair Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004cü il tarixdə texniki pasport tərtib edilmişdir. Həmin texniki pasporta əsasən evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 520.5 kv.metr göstərilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin 7.07.2004-cü il tarixli, 137 № li Sərəncamının verilməsinin məqsədi erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış X1 yaşayış sahəsi ilə təmin edilməsi və özbaşına tikilmiş evin onun adına sənədləşdirilməsi olmuşdur. İddiaçının təqdim etdiyi Sərəncam (inzibati akt) forma, məzmun, səbəb və məqsəd baxımından Qanunun yuxarıda istinad edilən normasının (8.0.1) tələbləri baxımından torpaq sahəsinə hüququn qeydə alınması üçün əsas hesab edilən sənəd hesab edilməlidir. Belə ki, həmin Sərəncam “erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikasının Prezidenti xx.xx.2001-ci il tarixdə 562 nömrəli Fərmanınn icrasının təmin edilməsi nəticəsində verilmişdir. Fərmanın 7 və 8-ci bəndlərində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsini təmin etsin. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, müvafiq mərkəzi və yerli icra hakimiyyətləri orqanları tərəfindən bu Fərmanın 2-ci bəndində göstərilən torpaq sahələrinin və onların üzərində yerləşən tikililərin digər qanuni mülkiyyətçilərinin olub-olmamasının müəyyənləşdirilməsindən sonra həmin torpaq sahələrinin və tikililərin Ermənistan Respublikasından 1988-1992-ci illərdə qovulub çıxarılan və burada daimi yaşayan vətəndaşların mülkiyyətinə verilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin rəsmiləşdirilməsini iki ay müddətində təmin etsin. Odur ki, cavabdehin iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməməsi barədə imtinası imtinası əsassızdır. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsini 2-1(112)- 2282/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarında (üç ulduzla işarələnmiş) hüquqi mövqe bu istiqamətdə olmuşdur. Məhkəmə cavabdehin imtinasının birinci dəlili ilə bağlı həmçinin qeyd etməyi zəruri hesab edir ki, həm “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Fərman”, həm də, “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Fərman eyni subyekt tərəfindən, yəni Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmişdir. Həmin Fərmanın verilməsində məqsəd isə, Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli, yəni məskunlaşdıqları evlərin onların adına sənədləşdirilməsi, həmçinin vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsini təmin edilməsinə yönəlmişdir. Cavabdeh İdarə isə, Azərbaycan Respublikasının Prezidenti xx.xx.2001-ci il tarixdə 562 nömrəli Fərmanının nəzərə alınmamasını nə imtina məktubunda, nədəki yazıl etirazında əsaslandırmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilən siyahı məhdudlaşdırıcı xarakter daşımır. Bu barədə hüquqi mövqe “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 53-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2 və 139- 1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 129-cu maddəsinin İ və İİ hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Plenumun xx.xx.2024-cü il tarixli qərarında əks olunmuşdur. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, “...xüsusilə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 139-1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların dairəsini müəyyən etsə də, bu siyahı məhdudlaşdırıcı xarakter daşımır. Daşınmaz əmlak üzərində qanuni əsaslardan yaranan hüququn həmin əsasın bu siyahıda olmaması səbəbi ilə qeydiyyatından imtina edilməsi qeydiyyatın məqsəd və təyinatından kənar olmaqla mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxara bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi də daşınmaz əşya üzərində qanuni əsaslardan əmələ gələn hüquqların dövlət qeydiyyatının prosessual qayda və əsaslarını müəyyən edir. Odur ki, bu normalarda birbaşa göstərilməməsi səbəbi ilə borclunun əmlakını qəbul etmiş tələbkarın mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina edilməsi yolverilməzdir”. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin birinci imtina dəlilini əsassız hesab edir. Məhkəmə 2-ci dəlillə bağlı qeyd edir ki, cavabdeh İdarə fərdi yaşayış evinə dair İdarənin arxivində olan texniki pasport dedikdə hansı texniki pasportu nəzərdə tutmasını imtina məktubunda və iddiaya qarşı yazılı etirazında göstərməmişdir. İş materiallarından göründüyü kimi, fərdi yaşayış evinə dair həm ilkin mülkiyyətçi X1 adına Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə tərtib edilmiş Texniki Pasport, həmçinin iddiaçının adına cavabdeh İdarə tərəfindən xx.xx.2024-cü ildə tərtib edilmiş Texniki Pasport mövcuddur. Cavabdeh İdarə elektron kadastr baza məlumatlarına əsasən İdarənin arxivində mövcud olan texniki pasport ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqibub mövcud olmasını dedikdə, ilkin mülkiyyətçinin adına olan texniki pasportu nəzərdə tutursa, bununla bağlı qeyd edilməlidir ki, fərdi yaşayış evi iddiaçıya satılmış və cavabdeh tərəfindən yeni texniki pasport tərtib edilmiş və əvvəlki texniki pasport əhəmiyyətini itirmişdir. Cavabdeh İdarə iddiaçının adına olan texniki pasportu nəzərdə tutursa, cavabdeh İdarənin özü tərəfindən tərtib edilmiş sənəddə uyğunsuzluğun olmasının iddiaçıya aid edilməsi anlaşılan deyil. Həmin sənədin düzgünlüyünə cavab verməli olan şəxs cavabdehin özüdür. Məhkəmə əlavə olaraq qeyd edir ki, Texniki Pasportla faktiki vəziyyət arasında hər hansı uyğunsuzluq varsa belə, həmin uyğunsuzluğu aradan qaldırmaq cavabdehin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Məhkəmə 3-cü imtina dəlili ilə bağlı qeyd edir ki, bu hal torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən: - bənd 6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - bənd 7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. - bənd 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh İdarə eyni sahədə yerləşən və elektrik xəttinin mühafizəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə mülkiyyət hüququnu qeydə almış, lakin bu əsasa istinad edərək torpaq sahəsini qeydə almaqdan imtina etməkdə haqlı olmamışdır. Cavabdehin 4-cü dəlili torpq sahəsinin faktiki ölçüsünün 495 kv.m olması ilə bağlıdır. İddiaçı bununla razılaşmır və iddia tələbinin tam təmin olunmasını xahiş edir. Məhkəmə bu ziddiyətli halın müəyyən edilməsi ilə bağlı məhkəmə-tikinti texniki eksertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 10/6871 № li rəydə torpaq sahəsinin faktiki ölçüsünün 495 kv.m olması müəyyən edilmişdir. Odur ki, məhkəmə cavabdehin 4-cü dəlili ilə razılaşır və iddia tələbinin qismən təmin edilərək 495.0 kv.metr torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınması nəticəsinə gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq göstərilmişdir: Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud deyil. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. MPM-in: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia qismən təmin edilsin. ünvan 1, yeni qaydalarla ev 51 ünvanında yerləşən 495.0 kv.metrdən ibarət torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə, yəni 25.5 kv.metr hissədə rədd edilsin. İş üzrə ekspertiza xərci 100 manat pulun 70 manatı cavabdehdən, 30 manatı isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar