Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15675/2025 05.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Yeyintisənayelayihə” X2 Komitəsinin 30 iyun 1993-cü il tarixli, 11 nömrəli protokolundan çıxarışa əsasən iddiaçıya ayrılmış “Bənövşə” yoldaşlıq bağçılıq təsərrüfatına aid 0,06 hektar ərazisi olan 13 nömrəli bağ sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və planölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Yeyintisənayelayihə” X1 Komitəsinin 30 iyun 1993-cü il tarixli, 11 nömrəli protokolundan çıxarışa əsasən iddiaçı “Bənövşə” yoldaşlıq bağçılıq təsərrüfatına üzv qəbul edilmiş və həmin qərarla X5 ayrılmış 0,06 ha ərazisi olan 13 nömrəli bağ sahəsi ona verilmişdir. Həmin bağ sahəsi 06 iyul 1993-cü il tarixdə yerində ona təhvil verilmiş və həmin tarixdən də bağ sahəsi istifadəsində və sahibliyində olmuş, lakin bu vaxta qədər həmin sahəyə dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtina əsaslarına münasibətdə qeyd edir ki, bağ sahəsi 30 iyun 1993-cü il tarixədək bağ yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında X3 adı olmuş, 30 iyun 1993-cü il tarixdə iddiaçı “Bənövşə” yoldaşlıq bağçılıq təsərrüfatına üzv qəbul edildikdən sonra həmin bağ sahəsi ona verilmişdir. Həmin tarixdən isə onun adı siyahıya salınsa da, həmin siyahı cavabdehə təqdim edilməmiş, cavabdehdə olan siyahı isə 1993-cü ildən əvvəl tərtib edilmiş siyahı olduğuna görə onun adı həmin siyahıda olmamışdır. Həmçinin, qeyd edir ki, hal-hazırda sahibliyində və istifadəsində olan bağ sahəsi 13 nömrəli olsa da, hələ xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınmamış, cavabdehin bildirdiyi 13 saylı bağ sahəsinin isə onun bağ sahəsinə heç bir aidiyyəti yoxdur. Belə ki, bir nömrənin iki bağ sahəsinə verilməsi onun təqsiri deyil, əgər xüsusi mülkiyyət hüququ ilə başqa bir şəxsin adına qeydə alınmış başqa bir bağ sahəsinin nömrəsi ona məxsus bağ sahəsinin nömrəsi ilə eynilik təşkil edirsə bu hal ona məxsus bağ sahəsinin öz adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmasından imtina üçün əsas deyildir. Digər tərəfdən, protokoldan çıxarışda ona məxsus bağ nömrəsinin qeyd olunmaması texniki məsələdir və ona X5 ayrılmış 0,06 hektar ərazisi olan bağ sahəsi verildiyinə və bu halın artıq ona verilən bağın hansı bağ olmasını müəyyənləşdirməyə imkan verdiyinə görə cavabdehin imtinası bu hissədə də əsassızdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Həmçinin eyni bağçılıq-yoldaşlıq təsərrüfatı nəzdində 13 nömrəli bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (bu ərazinin şərqində yerləşir). Bundan başqa, protokoldan çıxarışda bağ nömrəsi qeyd olunmamışdır. Habelə, bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi qovluqda aşkar olunmadığından bağ sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Surəti iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri X7 İcraiyyə Komitəsinin İ/25 saylı, 1988-ci il tarixli qərarına əsasən bir sıra rayonlarda kollektiv bağçılıq cəmiyyətlərinin yaradılması üçün ayrılmış topraq sahələri müvafiq rayon icraiyyə komitələri yanında yaradılmış işçi komissiyalarının sərəncamına verilmişdir. ”Yeyintisənayelayihə” İnstitu və X8 arasında bağlanmış 05 iyun 1991-ci il tarixli, 12 nömrəli müqaviləyə əsasən sonuncuya 0,06 ha sahəsi olan 13 nömrəli bağ sahəsi müddətsiz istifadəyə verilmiş və o, 2 il ərzində sahənin mənimsənilməsinə başlamağı, habelə bütün fəaliyyətini ona qonşu olan istifadəçilərin maraqlarına zərər vurmadan aparmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əasasən X8 bu şərtləri pozduğu təqdirdə sahə onun əlindən alına bilər və başqa istifadəçiyə təhvil verilə bilər. Surəti iddia ərizəsinə əlavə edilmiş “Yeyintisənayelayihə” X1 Komitəsinin 30 iyun 1993-cü il tarixli, 11 nömrəli protokolundan çıxarışa əsasən iddiaçı “Bənövşə” yoldaşlıq bağçılıq təsərrüfatına üzv qəbul edilmiş və həmin qərarla X5 ayrılmış 0,06 ha ərazisi olan 13 nömrəli bağ sahəsi ona verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “Yeyintisənayelayihə” X2 Komitəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Cavabdeh tərəfindən məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən “Bənövşə” bağçılıq yoldaşlıq birliyinin üzvlərinin siyahısı, həmin yoldaşlığın 13 saylı bağ sahəsinə dair hüquq müəyyənedici sənədlər və müayinə aktı məhkəməyə təqdim edilmişdir. Həmin məktubla məhkəməyə təqdim edilmiş “Bənövşə” bağçılıq yoldaşlıq birliyinin üzvlərinin siyahısında 48-ci sırada X3 adı qeyd edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Hövsan bağ massivindəki 13 saylı bağ sahəsi hüquq müəyyənedici sənəd üzrə 500 kv.m, faktiki isə 500 kv.m şərti - 614 kv.m üm/sahə təşkil edir. “Bənövşə” bağçılıq yoldaşlığı yığıncağının xx.xx.1993-cü il tarixli 27 nömrəli protokolundan çıxarışa əsasən 1200 kv.m 13 nömrəli bağ sahəsi X6 adına keçirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən **********70 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bənövşə” b/y-ın 13 nömrəli bağ sahəsi X6 mülkiyyətindədir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın, plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, “Yeyintisənayelayihə” X2 Komitəsinin 30 iyun 1993-cü il tarixli, 11 nömrəli protokolundan çıxarışa əsasən iddiaçıya 0.06 hektar ərazisi olan 13 nömrəli bağ sahəsi ayrılmışdır. Hazırda iddiaçı həmin protokola əsaslanaraq sözügedən sahə üzərində mülkiyət hüququnun qeydə alınmasını istəyir. Cavabdehin imtinasının əsaslarını o təşkil etmişdir ki, idarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. 13 nömrəli bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Protokoldan çıxarışda bağ nömrəsi qeyd olunmamışdır. Bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi qovluqda aşkar olunmadığından bağ sahəsinin yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən dəlillər iddia tələbinin təmin edilməməsi üçün əsas deyildir. Belə ki, sözügedən bağ sahəsi ilk dəfə “Yeyintisənayelayihə” X2 Komitəsi tərəfindən X4 ayrılmış və onunla xx.xx.1991-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin əsli məhkəməyə təqdim edilmişdir. Müqavilədən görünür ki, bağ sahəsi 2 il müddətinə ona verilmiş və müqavilədə müəyyən şərtlərin pozulduğu təqdirdə bağın başqasına verilə biləcəyi müddəası qeyd edilmişdir. Bundan sonra iddiaçı Bənövşə” yoldaşlıq bağçılıq təsərrüfatına üzv qəbul edilmiş və “Yeyintisənayelayihə” X1 Komitəsinin 30 iyun 1993-cü il tarixli, 11 nömrəli protokolundan çıxarışa əsasən X5 ayrılmış 0,06 ha ərazisi olan 13 nömrəli bağ sahəsi ona verilmişdir. Yəni, bağçılıq üzvlərinin ilkin siyahısında iddiaçının adının olmaması təbiidir. Belə ki, yoldaşlıq üzvlərinin üzvlükdən çıxması, yenilərinin üzvlüyə qəbul edilməsi halları tez-tez baş verdiyi üçün sözügedən siyahılar yenilənə bilər. Odur ki, ilkin siyahıda iddiaçının adının olmaması, sonrakı siyahılarda olmadığı mənasına gələ bilməz və sonrakı siyahıların cavabdehin arxivində mövcud olmaması iddiaçının ziyanına şərh edilməməlidir. Cavabdehin digər imtina əsaslarına münasibətdə qeyd edilməlidir ki, fərqli bağ sahələrinə eyni nömrənin verilməsi, protokoldan çıxarışda bağın nömrəsinin qeyd edilməsi, habelə bölgü sxeminin tərtibi müvafiq orqanların səlahiyyətinə aid məsələlərdir və bunların edilməməsində iddiaçının təqsiri olmadığı üçün sözügedən hallar da iddiaçının ziyanına şərh edilə bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Yeyintisənayelayihə” X2 Komitəsinin 30 iyun 1993-cü il tarixli, 11 nömrəli protokolundan çıxarışa əsasən iddiaçıya ayrılmış “Bənövşə” yoldaşlıq bağçılıq təsərrüfatına aid 0,06 hektar ərazisi olan 13 nömrəli bağ sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Yeyintisənayelayihə” X2 Komitəsinin 30 iyun 1993-cü il tarixli, 11 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı ayrılmış “Bənövşə” yoldaşlıq bağçılıq təsərrüfatına aid 0,06 hektar ərazisi olan 13 nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-15675/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15675/2025
05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver