Məhkəmə qərarları › İş №2-1(112)-15677/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15677/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15677/2025 17.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinə qarşı “müqaviləyə dəyişiklik edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küç.29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə AR DİN-nin BDYPİ-də bağlanmış, buraxılış ili 2023 olan “Honda Ensi minik” markalı avtomobilin alqı-satqısına dair müqavilənin avtomobilin qiyməti ilə bağlı hissədə dəyişiklik edib, həmin dövrə avtomobilin real bazar qiymətininə uyğun qiymətin (30.000 manat) yazılmasına dair müvafiq qeydiyyat aparmaq vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə vətəndaş X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən buraxılış ili 2023-cü il olan “Honda Ensi minik” markalı avtomobili 34.000 manata alqı-satqı edilmiş və avtomobil onun adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Həmin vaxtı işləmədiyi üçün avtomobili atasının maddi dəstəyi ilə almışdırm. Sonra arvadının işləri və müalicəsi üçün aldığı mal-material və pullara görə borcları yaranmış və avtomobili satıb borclarını qarşılamaq zərurəti yaranmşdır. Bu məqsədlə avtomobili atasının adına keçirməli olmuşdur ki, özü satsın. Odur ki, adına olan “Honda Ensi minik” markalı, ** RF ***, buraxılış ili 2023 olan avtomobil xx.xx.2024-cü il tarixdə BDYPİ-də bağlanmış alqı-satqı müqaviləsi əsasında atası X2 adına keçirildi. Həmin alqı-satqı müqaviləsində avtomobilin alqı-satqı qiyməti iş üzrə 3-cü şəxs olan Qeydiyyat-İmtahan İdarəsinin əməkdaşı tərəfindən texniki səhv, formal olaraq real bazar qiymətindən əhəmiyyətli dərəcədə yüksək qiymətlə - 50.000 manat olaraq göstərilmişdir. Müqavilədə qiymət barədə qeyd yazılarkən müqavilə tərəfləri olaraq onlardan bu barədə soruşulmamış, müqavilədən də görünür ki, sonradan əl yazısı ilə icra edilmişdir. Hansı ki, həmin “Honda Ensi minik” markalı avtomobili elə həmin il - xx.xx.2024cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Tural Məlikovdan cəmi 34.000 manata almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nə əsasən İddiaçı tərəfindən “Honda Ensi minik” markalı, 77RF627 qeydiyyat nömrəli, buraxılış ili 2023 olan avtomobil X1.Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş kompüter çıxarışından görünür ki, sözügedən müqavilə qeydiyyata alınaraq xx.xx.2024-cü il tarixdə şəhadətnamə verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Hazırkı iddia ərizəsi ilə iddiaçı xx.xx.2024-cü il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilənin avtomobilin qiyməti ilə bağlı hissədə dəyişiklik edilib qeydiyyata alınmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: 2.9. Nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: ... nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X4-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı (Əsasnaməyə 1 nömrəli əlavə), yaxud dəyişmə (Əsasnaməyə 2 nömrəli əlavə) müqaviləsi. Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən mövqeyinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdlərin əsasında aparılmışdırsa, qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırkı iş üzrə mübahisə daşınmaz əmlakla bağlı deyil, daşınar əmlakla bağlı olsa da, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən yanaşma hazırkı iş üzrə də tətbiq edilməlidir. Belə ki, iddiaçı tələbində nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilənin avtomobilin qiyməti ilə bağlı hissədə dəyişiklik edilməsini tələb edir və cavabdeh tərəfindən qeydiyyat müqavilə əsasında aparıldığından hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında həll etmək hüququ vardır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPMin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinə qarşı “müqaviləyə dəyişiklik edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar