Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15688/2025 06.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı (3-cü şəxslər X6, X1, X4 və X7 cəlb edilməklə) “X6, X1, X4 və X3 ünvan 1 ünvanından “qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı (3-cü şəxslər X6, X1, X4 və X7 cəlb edilməklə) “X6, X1, X4 və X3 ünvan 1 ünvanından “qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi 21B saylı ev İddiaçı məxsusdur. 3-cü şəxslər X6, X1, X4 və X7 həmin evdə qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar, qeydiyyatları formal xarakter daşıyır. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək fərdi yaşayış evinin özbaşına tikili olması nəzərə alınmaqla mövcud məhkəmə təcrübəsini əsas götürərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki Prosessual Məcəllənin 135.7-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə qeyd edir ki, bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. İş materiallarından məlum olur ki, iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbi ilə çıxış etsə də, üçüncü şəxsin qeydiyyatda olduğu ünvanda yerləşən yaşayış sahəsinin mülkiyyətçisi (kirayəçisi, icarəçisi) deyil. İddiaçı iddia ərizəsinə həmin yaşayış sahəsinin mülkiyyətçisi olmasını təsdiq edən hüquqmüəyyənedici sənəd qismində kommunal xidmətlərin göstərilməsi barədə (işıq, su, qaz təchizatı) müvafiq müqavilələri əlavə etsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu xüsusat iddia ərizəsinin məzmunundan da (əlavə edilmiş sənədlər də nəzərə alınmaqla) anlaşılır. Bu səbəbdən kommunal xidmətlərin göstərilməsi barədə müqavilələr iddiaçının həmin daşınmaz əmlaka hansısa hüququnun olmasını təsdiq edən sənəd qismində çıxış edə bilməz. Müəyyən edilir ki, 3-cü şəxslər iddiaçının qardaşı və onun (qardaşının) ailə üzvləridir. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardımın göstərilməsi barədə müvaviq bildiriş göndərilmiş, müvafiq poçt qəbzinə əsasən müəyyən edilir ki, bildiriş iddiaçıya xx.xx.2026-cı il tarixdə təqdim edilmişdir. Lakin, iddiaçı keçirilmiş ümumilikdə 3 məhkəmə iclasında iştirak etməmiş, sözügedən fərdi yaşayış evinə dair subyektiv hüququnun olması barədə müvafiq sübutlar təqdim etməmiş, şifahi formada da olsa izahat verməmiş, mülahizə bildirməmişdir. Məhkəmə qərar qəbul edərkən mövcud məhkəmə təcrübəsini (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-3106/2024 nömrəli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-1951/2022 nömrəli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-2650/2023 nömrəli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)- 2014/2024 nömrəli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-2052/2024 nömrəli qərardadı və s.) əsas götürür. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı (3-cü şəxslər X6, X1, X4 və X7 cəlb edilməklə) “X6, X1, X4 və X3 ünvan 1 ünvanından “qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2-1(112)-15688/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15688/2025
06.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver