Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1569/2022 16.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Qax rayon Filialına qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, 1968-1971-ci illərdə Qax rayonu İlisu kəndi Kirov adına kolxozda işlədiyi müddətin və təhsil aldığı müddətin staja daxil edilməsi və yaranmış fərqin ona pensiya təyin edildiyi vaxtdan hesablanıb birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1952-ci il tarixdə doğulmuşdur. 01.10.1967-ci ildən 22.08.1968-ci ilədək Qax peşə Liseyində təhsil almışdır. 2015-ci ildə ona pensiya təyin edilmişdir. Lakin ona pensiya təyin edilərkən Kirov adına kolxozda işlədiyi müddət və təhsil aldığı müddət onun stajına daxil edilməmişdir. O, 02.03.2021-ci il tarixdə bu barədə cavabdehə rəsmi qaydada ərizə göndərsə də, ərizəsi cavabsız qalmışdır. İddiaçı 04.06.2021-ci il tarixdə nöqsanların aradan qaldırıldığı iddia ərizəsini məhkəməyə təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1968-1971-ci illərdə Qax rayonu İlisu kəndi Kirov adına kolxozda işlədiyi müddətin və təhsil aldığı müddətin staja daxil edilməsi və yaranmış fərqin ona pensiya təyin edildiyi vaxtdan hesablanıb birdəfəyə ödənilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2-1(116)-907/2021 nömrəli qərardadı ilə, ərizə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2-1(116)-907/2021 nömrəli qərardadı ilə, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş imtina cavabında iddiaçı H.Allahverdinin 10.03.2021-ci il tarixli müraciətinə müvafiq olaraq 01.01.2006-cı il tarixədək təhsil illəri nəzərə alınmaqla ona 23 il 06 ay sosial sığorta stajına uyğun olaraq 261,48 manat pensiya təyin edildiyi və keçmiş dövr üzrə yaranmış fərq məbləği cari pensiyaya əlavə edilərək ödənildiyi qeyd edilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizə ilə 25.04.2015-ci il tarixdə Fondun Qax rayon şöbəsinə müraciət etmiş və ona hüququnun yarandığı tarixdən-25.04.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı məxsus 020745 №-li pensiya işinə müvafiq olaraq onun əmək kitabçası və hərbi biletinə əsasən 22 il 08 ay sosial sığorta stajı nəzərə alınmaqla 25.04.2015-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-907/2021 nömrəli, 07.06.2021-ci il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçıya ilkin pensiya təyin edilən zaman sosial sığorta stajına əmək kitabçası və hərbi biletində qeyd edilən illər nəzərə alınmış, daha sonra Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən iddiaçnın 10.03.2021-ci il tarixli müraciətinə müvafiq olaraq onun sosial sığorta stajına təhsil illəri də əlavə edilməklə yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi arxiv arayışı məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməməlidir. Çünki İddiaçı qeyd etdiyi Qax rayonu İlisu kəndi “Kirov adına kolxoz”da işlədiyini təsdiq edən əmək kitabçası olmadığı və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edildiyi üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq deyildir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının təhsil aldığı müddət onun sığorta stajına əlavə edilməklə pensiyası yenidən hesablanmışdır. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia “təhsil aldığı müddətin staja daxil edilərək pensiyanın yenidən heasblanması” hissəsində mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbində formal xəta olmamış, tələb aydın surətdə ifadə olmuş və müvafiq iddia növü kimi verilmişdir. Odur ki, irəli sürülmüş tələb mümkünlük şərtləri üzrə qiymətləndirilməlidir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəndə irəli sürülmüş tələblərdən biri iddiaçının təhsil aldığı müddətin staja daxil edilərək pensiyanın yenidən hesablanmasıdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 22 sentyabr 2021-ci il tarixli, **********1 nömrəli məktubu ilə təqdim olunmuş İddiaçı pensiya işində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 13.04.2021-ci il tarixli **********4 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarın surətindən görünür ki, İddiaçı təyin olunmuş 259 manat 70 qəpik pensiya məbləğinə təhsil əlavəsi edilməklə yenidən hesablanaraq, əmək pensiyasının ümumi məbləği 261 manat 48 qəpik olmuşdur. İşin faktiki hallarından göründüyü kimi, iddia tələblərindən biri olan təhsil illərinin sığorta stajına əlavə edilməklə pensiyanın yenidən hesablanması olmuş və bununla bağlı müraciət hazırkı iş üzrə iddia verilməzdən əvvəl cavabdeh tərəfindən təmin edilmişdir. Belə olan halda, iddia ərizəsində qeyd edilən hal iddia ərizəsi verilənədək aradan qalxdığından (təhsil illəri pensiya məbləğinə hesablandığından) və məhz iddiada göstərilən bu tələblə bağlı məhkəmə müdafiəsi hüququnun realizəsi üçün zərurət olmadığından hazırkı tələbə mahiyyəti üzrə baxıla bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia “təhsil müddətinin sığorta stajına əlavə edilməklə pensiyanın yenidən hesablanması” hissəsində mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1569/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1569/2022
16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver