Məhkəmə qərarları › İş №2-1(112)-15691/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15691/2025

04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15691/2025 04.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı üçüncü şəxslər X20, X15, X10, X21 və X16 “qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X20, X15, X10, X21 və X16) “mənzildən qeydiyyatdan çıxarma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 4 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş Seriya RX: ******* nömrəli, **********63-05101-093001 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 13 ünvanında yerləşən mənzil paylı mülkiyyət hüququ üzrə X6 5 otaq (69.7 kv.m, k/s-110.45kv.m) və İddiaçı (bundan sonra – iddiaçı) – 7 otaq (61.47 kv.m, k\s-18.4kv.m), adlarına dövlət reyestrində qeydiyyata alınmışdır.. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2025-ci il tarixli arayışa əsasən iddiaçı 21 may 2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda olan digər şəxslər X22, xx.xx.1982; X25, xx.xx.2002; X20, xx.xx.1987; X11, xx.xx.2015; X26, xx.xx.2002; X33, xx.xx.1961; X15 xx.xx.1965; X29, xx.xx.2010; X10, xx.xx.2015; X21, xx.xx.2011; X17, xx.xx.2010 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən xx.xx.1982-ci il təvəllüdlü X22 xx.xx.2004-cü il tarixdən, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı xx.xx.2005-ci il tarixdən, xx.xx.2002-ci il təvəllüdlü X25 xx.xx.2016-cı il tarixdən, xx.xx.1987-ci il təvəllüdlü X20 xx.xx.2005-ci il tarixdən, xx.xx.2002-ci il təvəllüdlü X27 xx.xx.2016-cı il tarixdən, xx.xx.1961-ci il təvəllüdlü X33 xx.xx.2003-cü il tarixdən, xx.xx.2010-cu il təvəllüdlü X29 xx.xx.2016-cı il tarixdən, xx.xx.2010-cu il təvəllüdlü X17 xx.xx.2017-ci il tarixdən və xx.xx.1983-cü il təvəllüdlü X7 xx.xx.2003-cü il tarixdən hazıradək ünvan 3iyyatdadırlar. xx.xx.2015-ci il təvəllüdlü X11 xx.xx.2021-ci il tarixdən, xx.xx.2015-ci il təvəllüdlü X10 xx.xx.2017-ci il tarixdən və xx.xx.2011-ci il təvəllüdlü X21 xx.xx.2017-ci il tarixdən azyaşlı kimi valideynlərinin ünvanı üzrə ünvan 3iyyatdadırlar. Azərbaycan Respublikası Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi X3 5-15-2/2-107/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubuna əsasən İddiaçı, X33, X22, X23, X25, X26, X29, X17, X2 rayonu, Sarabski küçəsi ev 13 ünvanında faktiki yaşayırlar. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması üçün Nəsimi rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh müraciəti təmin etməkdən imtina etmiş və xx.xx.2025-ci il tarixli imtina məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxsin (şəxslərin) ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilir. Odur ki, mülkiyyətçisi olduğunuz ünvanda qeydiyyatda olan şəxs(lər)in qeydiyyatdan çıxarılması məsələsinə baxılmasından ötrü aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməniz tövsiyyə olunur.”. İddia tələbi, iddianın əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1987-ci il təvəllüdlü X8, xx.xx.1965-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X9 ünvan 1-dən qeydiyyat çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1-ə xüsusi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (Seriya RX 0999602) Çıxarış ilə təsdiq edilmişdir. Həmin Çıxarışa görə, 260 kv.m ümumi sahəsi olan daşınmaz əmlakın 79.87 kv.m (7 otaqdan ibarət, y/s-61.47, k/s 18.4 kv.m) sahəsinin hüquq sahibidir, (qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi: xx.xx.2017). İddiaçı evin sənədləri ilə bağlı “Asan Xidmət” Mərkəzinə müraciət edəndə ona “Asan Xidmət” Mərkəzindən bildiriblər ki, onun xüsusi mülkiyyətində olan evə (mənzilə) digər şəxslərin də qeydiyyatları var. Həmin şəxslər mülkiyyətində olan evdə (mənzildə) yaşamırlar və xəbəri olmadan həmin evə (mənzilə) qeydiyyata düşüblər. Həmin şəxslərin mübahisəli mənzilə dair heç bir hüququ yoxdur. Mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları mülkiyyət hüququnun maneəsiz şəkildə həyata keçirilməsinə imkan vermir, buna maneələr törədir. Bu qeydiyyat sadəcə formal xarakter daşıyır və əsassız olaraq mənzilinə olan mülkiyyət hüquqlarını məhdudlaşdırır. Mülkiyyət hüququnun məzmunu mülkiyyətində olan əşyadan həm istifadəni, həm də onun üzərində müstəqil surətdə sərəncam verməyi nəzərdə tutur. Bu halda isə ona məxsus mənzildə əsassız olaraq qeydiyyatda qalmaları həmin əmlaka müstəqil sərəncam vermək hüququnu məhdudlaşdırır, bununla da Konstitusiya ilə təsbit olunmuş mülkiyyət hüququnun tam və azad həyata keçirilməsinə maneə törədir.. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Məhkəmənin qərardadına əsasən üçüncü şəxs qismində cəlb edilmiş X20 yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkoməsinin 27 may 2009-cu il tarixii, 2(103)-2130/2003 saylı eyni predmet, eyni əsaslar, əlaqəli şəxslər üzrə mübahisəyə dair qanun: qüvvəyə minmiş qətnaməsi mövcuddur. Hərnin iş hazırki iş üzrə iddiaçının atası X30 tərəfindən Nəsimi rayon məhkəməsində qaldırılmış, həmin məhkəmənin 18 yanvar 2008-ci il tarixli, 2(006)-183/2008 saylı qətnaməsi ilə iddiaçının cavabdehler Mikayılov Əli Babaş oğlu, X12 və X13 qarşı "mənzilə hüququn itirilməsi" tələbinə dair iddiası təmin edilmiş, onların Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 13 N-li evə istifadə hüquqlarının itirilmiş hesab olunması, qətnamə qanuni qüvvəyə mindikdən sonra "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə cavabdehlərin sözügedən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacağı qət edilmişdir. Cavabdeh Mikayılov Əli Babaş oğlu məhkəmənin həmin qətnaməsi ilə razılaşmayaraq, qətnamədə maddi və prosessual normalara düzgün riayət edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması əsası ilə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2008-ci il tarixli, 2(103)- 4634/2008 saylı qətnaməsi ilə Nəsimi rayon məhkəməsinin 18 yanvar 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya qaydasında şikayətə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2009-cu il tarixli, 2(102)-518/09 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2008-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə yenidən apellyasiya qaydasında baxılmış, Bakı Apellyasiya Məhkəməsinin 27 may 2009-cu il tarixli, 2(103)-2130/2009 nömrəli qətnaməsi ilə Nəsimi rayon məhkəməsinin 18 yanvar 2008-ci il tarixli, 2(006)-183/2008 saylı qətnaməsinin ləğv edilməsi, onun icrasından geriyə dönüş edilməsi Nəsimi rayon Polis İdarəsinin şəxsiyyət və qeydiyyat vəsiqəsi şöbəsinə tapşırılmışdır. Cavabdeh Mikayılov Əli Babaş oğlu 2002-ci ildə yenidən ailə qurduqdan sonra qeydiyyatda olduğu evdən getmiş, hal-hazıradək özbaşına tikinti olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən ərazisində yerləşən sənədsiz evdə qeydiyyatsız yaşamaqdadır. Lakin, onun qeydiyyata düşmək üçün başqa yaşayış yeri yoxdur. Qeydiyyatda olunan evin tərk edilməsi və orada yaşamağa maneə törədılmişdir. Bu maneənin səbəbi iddiaçı X30 tərəfindən bacısı, eyni zamanda cavabdeh Mikayılov Əlinin arvadı Zərxanımın vəfat etməsindən sonra onun başqa qadınla ailə qurması, evin mülkiyyətçisinin isə həmin qadının bacısının yaşadığı evə gəlməsinə razılıq verməməsi və tərəflər arasında mübahisə düşməsi olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına istinad edilərək, yaşayış sahəsində uzun müddət yaşamamağın səbəblərinin araşdırılmalı olması, bu xüsusatın digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı va məhkəmənin müvafiq qərarında əsaslandırılmalı olması bildirilmişdir. Mənzil Məcəlləsinin 60 va 87-ci maddələrinə istinadən bildirilmişdir ki, cavabdehlərin sözügedən yaşayış sahəsinə hüquqlarından məhrum edilməsinin mümkün olması üçün onlar daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Bunun üçün həmin yaşayış yeri qanuni və rəsmi olmalıdır. İddiaçı cavabdehin özbaşına tikdiyi evə köçüb getdiyini bildirsə də, cavabdehlərin mülkiyyətində, icarəsində və ya istifadəsində başqa yaşayış sahəsinin olması, yaxud cavabdehlərin hər hansı bir şəxsin mülkiyyətində və ya icarəsində olan başqa yaşayış sahəsinə onun ailə üzvü kimi və ya digər əsaslarla istifadə hüququ əldə etməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Nəhayət, AR Konstitusiyasının 33 və 43-cü maddələrinə istinadən hər kəsin mənzil toxunulmazlığı hüququ olduğu, heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməyəcəyi diqqətə çatdırılmışdır. Nəticə olaraq, Bakı Apellyasiya Məhkəməsinin 27 may 2009-cu il tarixli, 2(103)-2130/2009 nömrəli qətnaməsi ilə Nəsimi rayon məhkəməsinin 18 yanvar 2008-ci il tarixli, 2(006)-183/2008 saylı qətnaməsinin ləğv edilməsi, onun icrasından geriyə dönüş edilməsi Nəsimi rayon Polis İdarəsinin şəxsiyyət və qeydiyyat vəsiqəsi şöbəsinə tapşırılmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmiş, icra olunmuşdur. Hazırda mənzildən qeydiyyatdan çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş iddiaçı sözügedən məhkəmə işində iddiaçı olmuş X18 oğludur. İddia predmeti və əsası eyni olmaqla bərabər, əlaqəli şəxsə qətnamə verilmiş işdəki cavabdeh X20 və hazırki işdə özü ilə birlikdə mövcud olan onun övladları X10 və X14 qarşı qaldırılmışdır. Cavabdehə qarşı qaldırılmış iddia ilə Bakı Apellyasiya Məhkəməsinin 27 may 2009-cu il tarixli, 2(103)-2130/2009 qanuni qüvvəyə minmiş qətnaməsində qət edilmiş məsələlər arasında mahiyyət olaraq heç bir fərq və ya yenilik mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə olarsa hakim iddianın məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi dair yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən, məhkəmə iddiaçı cavabdehə qarşı iddia ərizəsini yolverilməzliyinə görə qəbul etməkdən imtina etməlidir. Digər tərəfdən məhkəmə baxışa qəbul edilsə belə, iddiaçının tələblərinin təmin olunması hüquqi-faktiki cəhətdən mümkün deyildir. Belə ki, iddiaçı özünün də qeyd etdiyi kimi, o, 260 kv.m olan ümumi əmlakın sadəcə 79.87 kv.m-inin hüquqi sahibidir. O, "mənzildən qeydiyyatdan çıxarılma barədə" iddia qaldırdığı zaman əmlaka paylı mülkiyyət qaydasında hüquq sahibliyi edən digər şəxslərin də razılığını almalı idi. Onlar razılıq vermədiyi halda, iş üzrə icraata cəlb edilmələri üçün müvafiq addımları atmalı idi. Bundan əlavə cavabdehlərin də evdən istifadə və yaşamaq hüquqları mövcuddur. Onların razılığı olmadan qeydiyyatdan çıxarılmaları yolverilməzdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı mübahisəli mənzilin paylı mülkiyyətçisidir və üçüncü şəxslər həmin mənzildə pasport qeydiyyatındadır. İddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Həmin mənzilin digər paylı mülkiyyətçisinin üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına etirazı yoxdur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə görə, şəxs yaşayış yerini dəyişdikdə (yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən) müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı işdən müəyyən olunur ki, üçüncü şəxs X5 həmin mənzildə faktiki olaraq yaşamaması və istifadə hüququnun olmaması işin mübahisələndirilməyən halıdır. Belə olan halda üçüncü şəxs X15 iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxs olduğundan mənzilin hazırkı mülkiyyətçisi onun qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdehin isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Ona görə də, iddia tələbi üçüncü şəxslərdən X5 mübahisəli mənzildən qeydiyyatdan çıxarılması hissədə əsaslı olmaqla təmin edilməlidir. Lakin digər üçüncü şəxslərə, yəni X20, onun uşaqları X10 və X14 dair hissədə məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması üçün əsaslar müəyyən edilmir. Belə ki, iş materialına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 27 may 2009cu il tarixli, 2(103)-2130/2009 nömrəli qətnaməsinə əsasən müəyyən olunur ki,Nəsimi rayon məhkəməsinin 18 yanvar 2008-ci il tarixli, 2(006)-183/2008 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı X18 cavabdehlər Mikayılov Əli Babaş oğlu, X12 və X13 qarşı cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, 13 saylı evə hüquqlarının itirilməsinə dair iddia tələbinin təmin edilməməsi, Nəsimi rayon Məhkəməsinin 18 yanvar 2008-ci tarixli 2(006)-183/2008 saylı qətnaməsinin icrasından geriyə dönüş edilməsi Nəsimi rayon Polis İdarəsinin şəxsiyyət və qeydiyyat vəsiqəsi şöbəsinə tapşırılmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmiş, icra olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd olunan məhkəmə aktı üçüncü şəxs X8 mübahisəli mənzilə əmlak hüququ olmayan şəxs kimi qiymətləndirilməsini istisna edir və onun həmin mənzildən qeydiyyyatdan çıxarılması üçün hüquqi əsas olmadığından cavabdehin imtinası həmin hissədə əsaslı olmuşdur. Bundan başqa digər üçüncü şəxslər X10 və X1 Elçin Əli oğlunun uşaqları olmaqla azyaşlı kimi valideynlərinin ünvanı üzrə ünvan 3iyyata alındığından iddia tələbi onlara qarşı hissədə də təmin edilə bilməz. Ona görə də, həmin şəxslərə münasibətdə istifadə hüququna xitam verilməli olmasına dair məsələlər mülki mühakimə icraatının predmetidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsi qeydiyyatı həyata keçirən orqana qeydiyyatdan çıxarılmaya əsas olan halları müəyyənləşdirmək deyil, yalnız artıq hüquqi mübahisə doğurmayan faktlar əsasında (müvafiq icra hakimiyyəti orqanlarının məlumatı, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, qərarı, eləcə də əmlaka dair hüquqla bağlı-yaşayış sahəsindən çıxarma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi) qeydiyyatdan çıxarılmanı həvalə etmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, üçüncü şəxslərdən X20, onun uşaqları X10 və X9 mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi məsələsi mülki mühakimə icraatında həllini tapdıqdan sonra iddiaçının hazırkı tələblə yenidən inzibati orqana müraciət etmək, təmin olunmadığı halda isə inzibati məhkəmədə iddia qaldırmaq hüququ vardır. Oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1983/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-70/2024 nömrəli, 2-1(102)-363/2023 nömrəli, 2-1(102)-2307/2023 nömrəli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının nəticə hissəsinin 2-ci bəndinə göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Göründüyü kimi, üçüncü şəxsin qeydiyyatdan çıxarılması onun istifadə hüququna xitam verilməsi ilə ola bilər. Hazırkı mübahisə üzrə işin hallarından üçüncü şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş olması halı müəyyən edilmir. Bundan əlavə Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji faktlara əsaslanan digər qərarında (2-1(102)-1934/2023 nömrəli,) qeyd edilmişdir ki, ... hazırkı işdə iddiaçı 3cü şəxslərin istifadə hüququ və ya belə hüquqa xitam verilməsi, yaxud da olmaması ilə bağlı heç bir məhkəmə qərarı təqdim etmədən inzibati orqandan onun ailə üzvlərinin yaşayış sahəsində faktiki olaraq yaşamadığını, həmin yaşayış sahəsinə heç bir hüququnun mövcud olmadığını müəyyən etməyi tələb edir. Yəni iddiaçının qənaətinə görə, ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələrdə nəzərə alınmalı olan Konstitusiya Məhkəməsinin qərarlarının mövqeyi inzibati orqanda da rəhbər tutulmalı və polis orqanı əsaslar mövcud deyilsə istifadə hüququna kompensasiya ödənilmədən ehtiyac meyarının aradan qalxmasına əsas olaraq xitam verilməsini müəyyən etməli və şəxsi qeydiyyatdan çıxarmalıdır. Halbuki həmin halların, yəni üçüncü şəxsin ailə qurduqdan sonra yaşayış sahəsində yaşayıb-yaşamaması, servituta xitam verilmə əsaslarının mövcud olubolmaması, ehtiyac meyarının olub-olmaması, istifadə hüququna xitam əsaslarını mövcuddursa, kompensasiya və ya kompensasiya olmadan istifadə hüququna xitam verilməli olub olmamasının müəyyən edilməsi inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz. Həmin halların araşdırılması eləcə də inzibati məhkəmə araşdırmasının predmeti qismində də çıxış etmir. Belə ki, inzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən pozulub pozulmaması, inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçının hər hansı hüququnun pozulub-pozulmamasını araşdırır. Yəni inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər”. Oxşar işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1268/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qeydiyyatdan çıxarılması istənilən şəxsin istifadə hüququnun olub-olmaması ümumi məhkəmədə müəyyən edilməli, əgər istifadə hüququ olmadığı müəyyən edilməklə iddia rədd edilərsə və ya istifadə hüququ itirilərsə onda hazırkı növ iddia təmin edilir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2024/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2871/2023 nömrəli qərarları). Hazırkı işdə iddiaçı evdən qeydiyyatdan çıxarmaq istədiyi şəxslərin istifadə hüququnun itirilmiş hesab edilməsi və ya istifadə hüququndan məhrum edilmə ilə əlaqədar iddia ilə ümumi məhkəməyə müraciət etmədən inzibati orqana müraciət etmiş və aldığı imtinadan sonra isə inzibati məhkəməyə iddia vermişdir. Bu tip işlərdə nəticə iddianın rədd olunması ilə yekunlaşmalı olduğundan məhkəmələr iddianı rədd etmişlər” İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia qismən təmin edilsin. X5 Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 13 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. X20, X10 və X9 Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 13 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə həvalə edilməsi hissədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar