Məhkəmə qərarları › İş №2-1(112)-15696/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15696/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15696/2025 09.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 İdris oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının anası Qanuni nümayəndə X6 ilə 17 may 2003-cü ildə nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü qızı İddiaçı doğulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X6 ilə aralarında olan nikah pozulmuşdur. İddiaçı Qanuni nümayəndə məcburi köçkün statusuna malik deyil və nikahda olduğu dövrdə Kəlbəcər rayonu, Yanşaq kəndinə daimi qeydiyyatda olmuşdur. Ancaq uşağın atası X6 məcburi köçkündür və ona Kəlbəcər rayonundan məcburi köçkün olmaqla xx.xx.2011-ci il tarixli, AA seriyalı, 245872 nömrəli məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Qızına məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Komitə tərəfindən xx.xx.2025-ci il tarixli, 3-36- 3/2- M-11xx-xx/2025/11700 nömrəli məktubla cavab verilərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Həmin məktubda iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6 bəndinin tələblərinə əsasən, valideynlərindən atası məcburi köçkün statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Məktubda uşağın anası Qanuni nümayəndə Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, 361A, M6, mənzil 1 ünvanında daimi qeydiyyatda olması əsas gətirilərək iddiaçının qızı İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-36-3/2-M-111xx-xx/2025/11700 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. İddiaçının anası Qanuni nümayəndə qeydiyyatının Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, 361A, M6, M1 ünvanında olduğundan iddiaçının övladı xx.xx.2008-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi Komitənin imkanı xaricindədir. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı Komitəyə müraciəti daxil olmuş və müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu ve onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6 bəndinin tələülərinə əsasən valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildirirık ki, qeydiyyatınız Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, 361A, M6, M1 ünvanında olduğundan iddiaçının övladı xx.xx.2008-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi Komitənin imkanı xaricindədir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, - İddiaçı atası X1 rayonu, Yanşaq Ə/D, Yanşaq kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir. - İddiaçı anası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir; - Qanuni nümayəndə Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, 361A, M6, M1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı anası Qanuni nümayəndə qeydiyyatı “Bakı şəhəri” olduğundan Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Cavabdeh iddiaçının tələbinin təmin edilməməsini xahiş edir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AA******* nömrəli şəxsiyyət vəsiqəsindən və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı ünvan 4i ünvanında qeydiyyatdadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsindən və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Qanuni nümayəndə Bakı şəhəri, Binəqədi rayonu, X8 küçəsi, 361A, M6, M1 ünvanında qeydiyyatdadır. AA6815537 nömrəli şəxsiyyət vəsiqəsindən və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X1 rayonu, Yanşaq ərazi dairəsi, Yanşaq kəndi ünvanında qeydiyyatdadır. AA seriyalı, 245872 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, X1 rayonundan məcburi köçkün düşmüşdür. AZ-İ 507217 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Qanuni nümayəndə arasında olan nikah Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-779/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının Daxili İşlər Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-46/2-46695 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 3ində qeydiyyatda olan İddiaçı Sevil qızı AA ******* seriyalı şəxsiyyət vəsiqəsini AR DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə aid olan 1 saylı Bakı Asan Xidmət Mərkəzində Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsindən əldə edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə, iddiaçının Qaydaların 4.1.6-cı yarımbəndə nəzərdə tutulan şəxslərin əhatə dairəsinə düşüb-düşmədiyini, onların yemək xərci alıb-almadığını müəyyən edir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Tətbiq edilən və yuxarıda sadalanan normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla, sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli, 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət – dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun alınmasının nəticəsi kimi dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququn tərkib hissəsi kimi şəxsə yemək xərci ilə bağlı aylıq müavinətin verilməsi nəzərdə tutulmuş və bu məsələlər istinad olunmuş Qaydalarda tənzimlənmişdir. Hər iki hüquqi aktın yuxarıda istinad edilmiş əlaqəli təhlili isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, oxşar qəbildən olan işlər üzrə formalaşmış məhkəmə təcrübəsi bu növ iddialarda vətəndaşın doğulduğu andan etibarən məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə edib-etmədiyini və nəticədə yemək xərci alıb-almaması istiqamətində araşdırmanın aparılmasının zəruriliyini təsbit etmişdir. (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-652/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı) Məhkəmə qeyd edir ki, iddiaçının atası xx.xx.1977-ci il təvəllüdlü X6 məcburi köçkün statusuna malik olsa da, iddiaçının anası Qanuni nümayəndə yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından, iddiaçı Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı yarımbəndinə əsasən məcburi köçkün olan şəxslərin əhatə dairəsinə düşmür. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar