Məhkəmə qərarları › İş №2-1(112)-15699/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15699/2025

21.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15699/2025 21.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmə qətnamələrinin hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək RX0011398 seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın hüquqi əsasının olmaması, onun saxta yollarla əldə olunması və nəticədə bu sənədə əsaslanan məhkəmə qətnamələrinin hüquqi nəticələrinin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə 10A ünvanında yaşayır. Lakin məlum ünvana dair RX0011398 seriyalı daşınmaz əmlakın çıxarışı 2012-ci ildə "Lalə" firması adına rəsmiləşdirilmişdir. Həmin dövrdə firmanın icraçı direktoru X1 olmuş, daha sonra firma adını dəyişərək "xxxx" MMC adı ilə fəaliyyətini davam etdirmişdir. Onun bu ünvanda uzunmüddətli, fasiləsiz və faktiki yaşamağı, çıxarışın verilməsi zamanı onun və ailə üzvlərinin hüquqlarının nəzərə alınmaması, həmçinin sənəd dövriyyəsindəki ciddi uyğunsuzluqlar çıxarışın etibarlılığını şübhə altına alır. Bu məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə 2022-ci ilin fevral ayında ünvanladığım müraciətə verilmiş xx.xx.2022-ci il tarixli, **********49 saylı rəsmi cavab məktubunda mənim iddialarım əsassız hesab edilərək çıxarışın ləğvindən imtina olunmuşdur. Bu cavab subyektiv və qeyri-obyektiv olmaqla onun konstitusion yaşayış hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdeh iddia tələbinə hər hansı yazılı münasibət təqdim etməmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələlər iddiaçı ilə müzakirə edildi. İddiaçı izah edilənlərin ona aydın olduğunu, iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı iddia tələbində iddiaçı hüquqi şəxsin adına dövlət reyestrində aparılmış çıxarışın ləğv edilməsi xahiş edir. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 27 oktyabr 2025-ci il tarixli məktub və ona əlavə edilmiş arxiv qovluğundan müəyyən edilir ki, baxılan işdə hüquqi şəxsin adına reyestr qeydinin aparılmasına Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 1939/5-378 nömrəli, xx.xx.2006-cı il tarixli Qətnaməsi əsas olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. İstinad edilən Plenum qərarlarındakı hüquqi mövqelərdən görünür ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılması əsas inzibati aktdırsa, həmin inzibati akt, inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Verilmiş iddia tələbində iddiaçı reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarışı mübahisələndirir ki, belə iddiaya baxılması mümkünlük şərtlərini ödəmir. Məhkəmə iddiaçıya izah edir ki, iddiaçı nail olmağ istədiyi hüquqi marağa çatmağ üçün, mübahisələndirdiyi qeydin aparılmasına əsas olmuş sənədin, yəni qanuni qüvvəsini almış məhkəmə Qətnaməsinin iddiaçının hüquq və marağlarına toxunduğu halda, həmin Qətnaməni qəbul edən məhkəməyə həmin işə üçüncü şəxs qismində cəlb edilməsi və icraatın təzələnməsi barədə ərizə ilə müraciət bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar