Məhkəmə qərarları › İş №2-1(112)-157/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-157/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-157/2023 21.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik səbəbinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik səbəbinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 sentyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2-ci qrup “Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” əlillik səbəbinin dəyişdirilməsinin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 29 aprel 1992-ci ildə Kəlbəcər rayonunun müdafiəsi zamanı düşmən mərmisinin partlaması nəticəsində sol qolundan, sol baldırından, sol bud hissələrindən çoxsaylı qəlpə yarası almışdır. Ona aldığı hərbi travma ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2001-ci ildən “Hərbi əməliyyatlar keçirilən zonada olmaqla” ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2008-ci ildən qeyd edilən komissiya tərəfindən “Hərbi əməliyyatlar keçirilən zonada olmaqla” əlaqədar ikinci dərəcəli əlilliyi müddətsiz təyin edilmişdir. O, hərbi travmanı 844(701) saylı hərbi hissədə hərbi xidmət keçərkən alması ilə əlaqədar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmişdir. Ona Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2019-cu ildə “Hərbi əməliyyatlar keçirilən zonada olmaqla” qərarı dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. O, xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın təsdiq edilməsi haqqında Qərarının 3-cü (Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası) bəndinə əsasən əlilliyin səbəb-əlaqəsi dəyişdirilərək “Hərbi əməliyyatlar keçirilən zonada olmaqla” yox, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi ilə əlaqədar Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Lakin bugünədək ərizəsinə cavab verilməmişdir. Cavabdehin etirazları: Cavabdeh etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyəti 6 saylı Birləşdirlmiş Şəhər Xəstəxanasının xx.xx.2008-ci il tarixli göndərişi əsasında baxılmış, “Səbəbi: Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ..., Diaqnozun mətni: Sol dirsək oynağının qəlpə yaralanmsından sonrakı qalıq əlamətləri. Postravmatik kontrktura hərəkət fuksiyasının pozulması. Sol bud və baldır nahiyyəsinin çoxsaylı qəlpə yaralanmsından sonra çapıq toxumaları və postravmatik kontrakturası” səbəbi ilə ikinci dərəcə verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2691/2021 saylı qərarı ilə iddia qısmən təmin edilərək, İddiaçı təyin edilmiş əlillik səbəbinin dəyişdirilməsi ilə əlaqədar iddiaçının müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuş, iddia digər hissədə təmin edilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-349/2022 saylı qərardadı ilə, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2691/2021 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Əlillik səbəbi: Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlillik qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 210 nömrəli qərarına əsasən İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin aprel ayında aldığı və xx.xx.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı sol dirsək oynağının arxa səthində üç ədəd, sol baldırın aşağı 1/3nin ön-iç səthində bir ədəd, sağ baldırın aşağı 1/3-nin bayır səthində bir ədəd köhnə çapıq toxumalar” təyin edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin «a» yarımbəndinə əsasən Hərbi həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarı çıxarmışdır - «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». İddiaçı qeyd olunan qərarı əlillik səbəbinin dəyişdirilməsi barədə müraciəti ilə birlikdə cavabdehə təqdim etsə də (müraciət və onun çatmasını təsdiq edən poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir), cavabdeh tərəfindən iddiaçının müraciəti araşdırılmamış və bu barədə iddiaçıya məlumat verilməmişdir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli, 2-1(103)-349/2022 saylı qərardadla İddiaçı 2-ci qrup “Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” əlillik səbəbinin dəyişdirilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin olunması barədə ərizəsinə (müraciətinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün bir aylıq müddət təyin edilməsi qərara alınmışdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin **********7 nömrəli, xx.xx.2022 tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı 11 aprel 2022-ci ildə Agentlikdə nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı tibbi sənədlərlə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş diaqnoz – anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Bundan sonra İddiaçı təyin olunmuş 2-ci qrup əlilliyin verilməsinə əsas olan “Sol dirsək oynağının qəlpə yaralanmsından sonrakı qalıq əlamətləri. Postravmtik kontrktura hərəkət fuksiyasının pozulması. Sol bud və baldır nahiyyəsinin çoxsaylı qəlpə yaralanmasından sonra çapıq toxumaları və postravmatik kontrakturası” diaqnozu ilə onun döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin aprel ayında aldığı və xx.xx.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələrinə əsasən qoyulmuş “Odlu silah mərmi partlamasından sonrakı sol dirsək oynağının arxa səthində üç ədəd, sol baldırın aşağı 1/3-nin ön-iç səthində bir ədəd, sağ baldırın aşağı 1/3-nin bayır səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydasının 1.5.2.1-ci maddəsində qeyd olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbli əlaqənin olub-olmamasını müəyyən etmək üçün məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4- Təcrübi və Tədris Birliyinin T275/2022 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisənin göndərişində qeyd edilən “sol dirsək oynağının qəlpə yaralanmasından sonrakı qalıq əlamətləri, postravmatik kontraktqra, hərəkət funksiyasının pozulması, sol bud və baldır nahiyəsinin çoxsaylı qəlpə yaralanmasından sonra çapıq toxumaları və postravmatik kontrakturası” diaqnozu nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik dərəcəsini təyininə əsas vermədiyinə görə ona 413 nömrəli Əsasnamənin meyarlarına aid etmək mümkün olmadı. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya): 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il “ 26” dekabr tarixli “19- 1” nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 1.1. Bu Təlimat Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 163-cü maddəsinin birinci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə (bundan sonra Silahlı Qüvvələr), hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda), habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət (hərbi toplanış) keçmiş şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması qaydalarını tənzimləyir. 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 2.1.5. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik; 2.1.6. Ümumi xəstəliklə əlaqədar əlillik. 2.2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik” səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi, əlilliyin səbəbinin dəyişdirilməsi əsaslarından biri də əlillik müəyyən edildikdən sonra digər səbəbin müəyyən olunmasıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik cavabdeh inzibari orqan tərəfindən müəyyən edilən əlillik səbəblərindən biridir. Qeyd edilən səbəbin hansı hallarda müəyyən edilməsi və bu zaman əsas götürülən hərbi tibbi sənədlər konkret olaraq təsbit edilmişdir. İddiaçıya xx.xx.2008-ci il tarixdən ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Əlillik səbəbi: Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlillik qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 210 nömrəli qərarına əsasən İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin aprel ayında aldığı və xx.xx.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı sol dirsək oynağının arxa səthində üç ədəd, sol baldırın aşağı 1/3-nin ön-iç səthində bir ədəd, sağ baldırın aşağı 1/3-nin bayır səthində bir ədəd köhnə çapıq toxumalar” təyin edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin «a» yarımbəndinə əsasən Hərbi həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarı çıxarmışdır - «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». Məhkəmə araşdırması zamanı, iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 T429/2023 nömrəli ekspert rəyindən görünür ki, şəxsin özünün əyani, kliniki, laboratorinstrumental müayinələrinin nəticələri, həmçinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə, onda “Sol dirsək oynağının qəlpə yaralanmasından sonrakı qalıq əlamətləri. Postravmtik kontrktura hərəkət fuksiyasının pozulması. Sol bud və baldır nahiyyəsinin çoxsaylı qəlpə yaralanmasından sonra çapıq toxumaları və postravmatik kontrakturası” müəyyən edilmişdir. Göründüyü kimi iddiaçınn əlilliyinə əsas olmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydasının 1.5.2.1-ci maddəsində qeyd olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, İddiaçı təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” müəyyən edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” müəyyən edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar