Məhkəmə qərarları › İş №2-1(112)-157/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-157/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-157/2024 24.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti və Bakı şəhəri üzrə Təhsil İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti və Bakı şəhəri üzrə Təhsil İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi 99 ünvanında yerləşən 0,109 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınması öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 12 may 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti və Bakı şəhəri üzrə Təhsil İdarəsi üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanında yerləşən 0,109 ha ölçüdə yaşayış məntəqəsi torpaqlarına aid olan sahə üzərində onun icarə hüquqları ********** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd edilən torpaq sahəsi üzərində Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi ilə 11 aprel 2005-ci il tarixli və 10 oktyabr 2017-ci il tarixli məktubları ilə razılaşdırılmış cizgi əsasında qeyri-yaşayış sahəsinin layihəsi hazırlanmış və tikilmişdir. Həmin qeyri-yaşayış sahəsinin istismarına 04 mart 2016-cı il tarixli, 49 saylı icazə verilmişdir. Sözügedən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etmiş, cavabdehin 08 sentyabr 2021-ci il tarixli, **********60 saylı məktubu ilə müraciət təmin edilməmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında'* Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmuəyyənedicı sənədlər təqdim edilməmişdir. Torpaq sahəsinin cizgi və tayihədəki ölçüləri ilə faktiki ölçüləri arasında fərqlər mövcuddur. Həmçinin, qeyri-yaşayış binasının tikintiyə icazə sənədi təqdim edilməməyib və istismara icazə sənədi Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyətindədir. Müraciət olunan sahə Təhsil Nazirliyinin balansında olmaqla 80 saylı orta məktəbin ərazisi ilə üst-üstə düşür. Bununla bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil idarəsinin müraciəti (Təhsil müəssisələrinin texniki pasportlarının hazırlanması barədə) idarəyə daxil olmuşdur. Yuxanda qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********49 qeydiyyat nömrəli. xx.xx.2021ci il tarixli məktub ünvanlanmışdır. Üçüncü şəxslərin etirazı: Üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, həmin ərazi Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Bakı şəhəri 80 nömrəli tam orta məktəbin ərazisidir və dövlət mülkiyyətindədir. 80 nömrəli məktəb 1969-cu ildən fəaliyyət göstərir və mübahisəli torpaq sahəsi həmin vaxtdan məktəbin ərazisidir. Bakı şəhəri 80 nömrəli tam orta məktəbə ilk dəfə 2008-ci ildə, daha sonra isə məktəbin ərazisində əlavə korpusun tikilməsi ilə bağlı yeni texniki pasportun verilməsi məqsədilə 2019-cu ildə Bakı şəhəri üzrə Təhsil İdarəsinin Daşınnaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciəti nəzərə alınaraq Bakı şəhəri 80 nömrəli tam orta məktəbə 2020-ci ildə **********16-12101 reyestr nömrəli texniki pasport verilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və digər üçüncü şəxsin nümayəndəsi gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddiaçının vəkili onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin və cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsində yerləşən qeyri-yaşayış obyektinin tikintisinə dair təqdim olunmuş memarlıq-plandırmasının eskiz həlli müstəsna hal olaraq razılışdırılmışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 36 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsində inşa edilmiş qeyri-yaşayış obyektinə istismar aktının verilməsi qərara alınmışdır. xx.xx.2016-cı il tarixli 49 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsində inşa edilmiş, ümumi sahəsi 65,58 kv.m. qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,109 ha torpaq sahəsinə iddiaçının xx.xx.2025-ci il tarixədək icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2798 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı icarə hüququnun qeydiyyata alındığı ünvan 3 ünvanında yerləşən 0.109 ha torpaq sahəsi 80 saylı orta məktəbin ərazisi ilə 1020 kv.metr hissədə üst-üstə düşür. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi 80 saylı orta məktəbin ərazisi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Mərkəzə təqdim olunmuş elektron baza məlumatlarına əsasən (kadastrportali.az), İddiaçı icarə hüququnun qeydiyyata alındığı ünvan 1 ünvanında yerləşən 0.109 ha torpaq sahəsinin kateqoriyası “Yaşayış məntəqələrinin torpaqları”na aiddir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 1. Şəhərsalma və tikinti qanunvericiliyinin təyinatı Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçının müraciətinə qiymət verilərkən tikintisinə icazə tələb olunan obyektlərə dair qanunvericiliyin tələbləri nəzərdən keçirilməlidir. Şərh olunan qanunvericilyin müddəalarından göründüyü kimi, xx.xx.2013-cü il tarixdən sonra, o cümlədən həmin tarixdən əvvəl inşa edilmiş daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün tikintisinə icazə tələb olunan və məlumatlandırma icraatı tələb olunan tikililəri münasibətdə sənədlərin əhatə dairəsi fərqləndirilmişdir. Hazırkı iddia predmetini təşkil edən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2 və ya 8.0.10.1-ci maddəsində göstərilmiş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.5-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 4.18.2-ci bəndinə əsasən bu Əsasnamənin 44.11.11.5-ci yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının, icra hakimiyyəti başçılarına aid edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatın”dan bina və qurğular məsuliyyət səviyyələrinə görə 3 səviyyəyə ayrılmışdır kı, İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular – İİ normal məsuliyyət səviyyəli bina və qurğulara aid edilmişdir. Yuxarıda göstərilən normativ hüquqi aktların və qanunvericiliyin müddəalarından görünür ki, binaların memarlıq layihəsi təsdiq etmək və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək icra hakimiyyətinin başçısının səlahiyyətinə aid edilmişdir. Nəzərə alınmalıdır ki, iqtisadi, sosial və ekoloji səbəblərə görə binalar məsuliyyət səviyyələrinə görə ayrılmışdır ki, İ və İİ məsuliyyət səviyyələri tikililər ilə bağlı səlahiyyət yerli icra hakimiyyətinin başçısına, İİİ məsuliyyət səviyyəli tikililər ilə bağlı səlahiyyət isə şəhər rayonlarının icra hakimiyyəti başçılarına verilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatın”da “qeyri-yaşayış” sözü İİ məsuliyyət səviyyəli bina və qurğular bölməsində qeyd olunmamışdır. Lakin, siyahıya ümumən qiymət verdikdə məlum olur ki, İ məsuliyyət səviyyəli binalara daha çox dövlət standartlarına uyğun tikililər aid olmuş (məs.metropoliten stansiyaları, boru kəmərləri, muzey, kinoteatrlar və s.), 12 metr hündürlüyədək fərdi yaşayış evləri və kənd təssərüfatına aid olmuş təsarrüfat daxili obyektlər isə İİİ məsuliyyət səviyyəli bina və qurğulara aid edilmişdir. Göstərilmiş bu hallar ona dəlalət edir ki, qeyri-yaşayış sahələri digər bina və qurğularığın əhatəsini düşür və İİ normal məsuliyyət səviyyəli bina hesab olunur. Məhkəmə bu mövqedən irəli çıxaraq iddiaçının təqdim etdiyi sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə belə nəticəyə gəlir ki, hazırkı işdə iddia olunan qeyri-yaşayış sahəsi İİ məsuliyyət səviyyəli binalara aid olduğundan, tikintiyə icazə verilməsi barədə qərar qəbul etmək və tikilinin layihəsini razılaşdırmaq yalnız Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olmuşdur. İş materiallarında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən tikintiyə icazə verilməsi barədə qərar mövcud deyildir. İddiaçının istinad etdiyi 11 aprel 2005-ci il tarixli və 10 oktyabr 2017-ci il tarixli məktublar layihənin razılaşdırılması və tikintinin laiyhələndirilməsi üçün torpaq sahəsinin cizgisi ilə bağlıdır. Göründüyü kimi, mübahisə predmeti obyektin tikintisinə icazə verilməmişdir. İş materiallarında olan istismara icazə sənədi ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 sentyabr 2014-cü il tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın: 1-ci bəndinə əsasən, tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 1.1. tikintiyə icazə; 1.2. xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar; 1.3. tikinti obyektinin ünvanı haqqında arayış; 1.4. liftlərin istismara qəbulu aktı; 1.5. kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin, Azərbaycan Respublikası Mənzil X2 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həmin Agentliyin arayışı; 1.6. tikinti obyektinin sanitar-gigiyena və sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı; 1.7. obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış; 1.8. obyektə çəkilmiş maliyyə xərcləri (o cümlədən, tikinti-quraşdırma işlərinin dəyəri, avadanlıq, mebel və inventarın dəyəri, sair xərclər) haqqında arayış (obyekt dövlət vəsaiti hesabına tikildikdə); 1.9. obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt; 1.10. sənaye və istehsal obyektlərinin ekoloji təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arayışı; 1.11. tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı); 1.12. sifarişçi tərəfindən hissələrlə (tikinti növbələri kimi) istismarına icazə alınmış obyektlərin bütövlüklə qəbula qədər istismara verilmiş hissələrinin icazə sənədləri. Göründüyü kimi, tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün təqdim edilməli olan ilk sənəd tikintiyə icazə sənədidir ki, hazırkı işdə mövcud olmamış və təqdim edilmədiyi halda verilmiş istismara icazə sənədinin də heç bir hüquqi qüvvəsi ola bilməz. Məhkəmə xüsusilə qeyd edir ki, hətta istinad olunan istismara icazə sənədi qəbul edilsə belə, iddianın təmini üçün yetərli deyil. Çünki əks yanaşma (istismara icazə sənədinin təkbaşına yetərli olması) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2 və ya 8.0.10.1-ci maddəsində digər hüquqmüəyyənedici sənədlərin qeyd edilməsini əhəmiyyətsiz edər. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2 və ya 8.0.10.1-ci maddələrinin tələbləri təmin edilmədiyindən, imtinada (etirazda) göstərilən digər dəlillərin yoxlanılmasına zərurət qalmamışdır. Belə ki, həmin dəlillər öz təsdiqini tapmasa belə yuxarıda göstərilən səbəblərdən iddia təmin edilə bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəldiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq, 50 manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti və Bakı şəhəri üzrə Təhsil İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE**********00********) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar