Məhkəmə qərarları › İş №2-1(112)-1570/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1570/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1570/2021 14.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “iddiaçıya kompensasiya məbləğinin hesablanması və kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə hazırlıq icraatı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mərkəzi Bankda “Qalıq kredit borcu üzrə restrukturizasiya müqaviləsinin bağlanması və kompensasiyanın ödənilməsi” tələbi barədə öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Banı üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Daha sonra iddiaçının nümayəndəsi X7 tərəfindən İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmiş, ərizədə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən “xxxx” ASC ilə iddiaçı arasında bağlanmış kredit (borc) müqaviləsi üzrə kompensasiya ödənilməsi üçün iddiaçıya kompensasiya məbləğinin hesablanması və kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsini xahiş edilmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2014-cü ildə zaminliklə “xxxx ASC-ın Masallı rayon filialından 12.500 ABŞ dolları kredit götürmüş, həmin krediti bir müddət vaxtında versə də, sonradan 2015-ci ilin fevral ayında Respublikada gedən devalivasiya nəticəsində dollar bahalaşdığından daha sonra yenidən 2015-ci ilin dekabr ayında dollar bahalaşdığından ödəyə bilməmişdir. Bank onu məhkəməyə verərək iddiaçı və onun zaminlərinin aylıq əmək haqlarından tutmuşdur. Daha sonra xx xxxxxx 2019- cu ildə cənab Prezident “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman qəbul etdi və həmin fərmanın icrasını Maliyyə X3na həvalə edildi. X2 fərmanın icrasına başladığı vaxtdan 2019-cu ilin sentyabr ayına kimi palatanın onun da işinə baxacağını gözləmiş, lakin heç bir nəticə olmadığından xx.xx.2019-cu ildə Maliyyə X3nın elektron saytından apellyasiya komissiyasına elektron şikayət yazmışdır. Onun 360 gün gecikməsi olmasına və götürdüyü məbləğin qalıq hissəsi 10.000 ABŞ dolları və onun ekvivalentindən aşağı olmasına baxmayaraq, Maliyyə Palatası onun banka qalıq borcunun restrukturizasiya edilməsinə və kompensasiya ödənilməsi barədə qərar qəbul etməmişdir. Daha sonra cənab Prezidentin xx xxxxxx 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə X3 ləğv edildi və onun işləri Mərkəzi Banka tapşırıldı. Daha sonra elekton yazdığı şikayətdən nəticə çıxmadığını görüb kağız üzərində şikayətlər yazmağa başlamış və Mərkəzi Bank xx.xx.2020-ci ildə ona məktub yazaraq müraciətlərlə bağlı qəbul ediləcək qərarlarla tanış olmaq üçün mütəmadi şəkildə ak.cbar.az elektron səhifəsi və pk.cbar.az saytını izləməyini bildirmişlər. Aprel ayından bu günə kimi iddiaçı həmin elektron səhifəni izləsə də, mənim problemli krediti ilə bağlı hər hansı bir qərar qəbul edilməmiş, Mərkəzi Bank işi uzatmaqdan ötrü uydurma bır məktub yazaraq süründürməçilik etməkdə davam etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı onun xxxx ASC-yə olan borcu 360 gün gecikmədə olduğundan, eyni zamanda 10.000 ABŞ dolları və ya onun ekvivalentindən aşağı olduğundan həmin problemli krediti 5 il müddətinə onun 1 ili güzəşli olmaqla, illik 1 faizlə restrukturizasiya müqaviləsi bağlanılması və kompensasiyamın verilməsi üçün qərar qəbul edilməsi vəzifəsinin Mərkəzə Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdi. x xxxxxx 2020-ci il tarixli 16-04444-2020 saylı Sərəncama cavab məktubunda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı kredit tarixçəsinə “xxxx” ASC tərəfindən qeyri-dəqiq və tam olmayan məlumatlar yerləşdirildiyindən vətəndaşın adı Fərman çərçivəsində mübafiq siyahılara daxil edilməmişdir. Lakin İddiaçı X6 Komissiyasına müraciətindən sonra bu məsələ araşdırılmış və müvafiq sorğular əsasında kredit tarixçəsində olan natamamlıqlar aradan qaldırılmışdır. Müvafiq düzəlişlərdən sonra İddiaçı onunla “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 5.165,04 manat, habelə xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə 181,72 manat kompensasiya hesablanmış və bu barədə məlumatlar müvafiq siyahılara əlavələr edilmişdir. İş üzrə məhkəmə hazırlıq icraatının iclası xx xxxxx 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək, iddiaçıya kompensasiya hesablanması və müvafiq siyahıya daxil edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iş üzrə artıq mübahisənin mövcud olmadığını, inzibati orqan tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının tələblərinə müvafiq olaraq iddiaçı ilə “xxxx” ASC arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçıya kompensasiya məbləği hesablandığını, həmin kredit müqaviləsinin müvafiq kompensasiya ödənişi edilməli olan siyahıya salındığını bildirərək, icraata xitam verilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx xxxx 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Maliyyə X3 Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Sərəncamının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə X3 ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında X5 orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Göründüyü kimi, Mərkəzi Bankın əsas öhdəliyi kompensasiya məbləği hesablamaqla ödəniləcək kredit müqavilələri üzrə məlumatın (siyahının) və qalıq borcun restruktrizasiya ediləcək kreditlər siyahısına salınaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi ilə bağlıdır. Beləliklə, Azərbaycan Respublikası İPM-nin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İPM-nin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən “xxxx” ASC ilə iddiaçı arasında bağlanmış kredit (borc) müqaviləsi üzrə kompensasiya ödənilməsi üçün iddiaçıya kompensasiya məbləğinin hesablanması və kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi barədə iddia tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcüd olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16.3, 67-ci, 80-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “iddiaçıya kompensasiya məbləğinin hesablanması və kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar