Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1570/2022 27.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinə qarşı (3-cü şəxs Binəqədi Rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi) “qərarın ləğv olunması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinə qarşı (3-cü şəxs Binəqədi Rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi) “qərarın ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29/49 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və həmin qərarla hesablanmış 4810 (dörd min səkkiz yüz on) manat borcun ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi vasitəsi ilə ona məlum olmuşdur ki, Bakı şəhəri Binqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən qəbul edilmiş 29/49 nömrəli, xx.xx.2020-ci il tarixli Qərarla İddiaçı bələdiyyə vergilərini ödəmədiyinə görə ümumilikdə cəmi 4810 (dörd min səkkiz yüz on) manat borcun tutulması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sözügedən 29/49 nömrəli xx.xx.2020-ci il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Qeyd etmişdir ki, sözügedən qərar fərdi yaşayış evinin tikintisi üçün alqısatqı yolu ilə iddiaçının əvvəllər mülkiyyətində olmuş torpaq sahəsinə görə yaranan borcla bağlıdır. Sonradan həmin torpaq sahəsi iddiaçı tərəfindən faktiki olaraq vətəndaş X1 və torpaq sahəsinin də faktiki olaraq Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin deyil məhz M.Ə.Rəsulzadə Bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində yerləşdiyi üçün, torpaq sahəsinə dair sənəddə (Qərarda) dəyişiklik edilmişdir. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2866/2014 saylı, xx.xx.2014 tarixli Qərarına əsasən torpaq sahəsinə dair hüquq müəyyənedici sənədin, yəni Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2007 tarixli Qərarının dəyişdirilərək, həmin torpaq sahəsinin vətəndaş X3 adına sənədləşdirilməsi Bakı şəhəri M.Ə.Rəsulzadə Bələdiyyəsinə həvalə edilmişdir. Göründüyü kimi torpaq sahəsi faktiki və hüquqi tərəfdən Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin inzibati ərazisində yerləşir, həmçinin 2014-cü il tarixdən etibarən X2 dəyişdirilmiş və həmin torpaq sahəsinə dair M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən yeni mülkiyyətçi (alıcı) vətəndaş Akif Nəbiyevin adına sənədləşmə aparılmışdır. Bununla da həmin torpaq sahəsinə dair tətbiq edilməli olan yerli vergilər və ödənişlərə nəzarəti isə torpaq sahəsinin inzibati ərazi vahidinə daxil olduğu M.Ə.Rəsulzadə Bələdiyyəsi həyata keçirir. Odur ki, yuxarıda göstərilənlərə əsasən Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29/49 nömrəli, xx.xx.2020-ci il tarixli Qərarı ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1570/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Binəqədi Rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının vəkilinin “Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin 29/49 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqan və üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 29/49 nömrəli Qərarının surəti; - Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2866/2014-cü il saylı Qəraının surəti; - Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 372 saylı Qərarının surəti; -Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin Mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2007-ci il tarixli, 237 saylı Müqavilə;
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə tərəfindən cavabdehə ünvanlanmış 2-1(112)-8445/2021 saylı, xx.xx.2021-ci il tarixli məktubla sorğu verilərək mübahisələndirilən qərarın iddiaçıya təqdim edilməsi ilə barədə məlumatın verilməsini tələb edilməsinə baxmayaraq cavabdeh qəbul etdiyi inzibati aktın iddiaçıya təqdim edilmə anı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İnzibati prosessual qanunvericilik mübahisələndirmə haqqında iddianın müddətinin inzibati aktın təqdim olunduğu vaxtdan başlamasını müəyyən etmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim və ya elan olunması iş materialları ilə öz təsdiqini tapmamışdır. Odur ki, iddia müddətinin buraxılması əsaslı sayıla bilməz. İddiaçı tərəfindən inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan prosessual müddətə əməl etmiş hesab edilməlidir. Belə ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş cavabdehin hüquqi ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İddiaçı xx.xx.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binqədi rayon Binəqədi Bələdiyyəsinin 29/49 saylı, xx.xx.2020-ci il tarixli qərarını mübahisələndirmişdir. İddia predmeti olan qərara əsasən, Binqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu 6-ci mikrorayon, qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün 500 kv.m torpaq sahəsinin alqı-satqısını və torpaq rüsumunu ödəməkdən yayınan İddiaçı torpaq sahəsinə görə yaranmış 4160 (dörd min yüz altmış) manat borcun və 650 (altı vüz əlli) manat torpaq rüsumu cəmi 4810 (dörd min səkkiz yüz on) manat ödənilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh 29/49 saylı, xx.xx.2020-ci il tarixli inzibati aktı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməmiş, inzibati icraat açmamış, inzibati icraat barədə iddiaçıya məlumat verməyərək onun icraatda iştirakını təmin etməmiş, inzibati aktı qəbul etməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında iddiaçıya məlumat verməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmiş, iddiaçının mülahizələrini dinləməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçı həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməmiş, icraatla bağlı məlumat almaq hüququnu pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən kollegial inzibati orqanın iclası haqqında protokol tərtib olunur. “Bələdiyyələrin statusu haqqında” Qanunun 16.6-ci maddəsinə əsasən bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Cavabdeh “Bələdiyyələrin statusu haqqında” Qanunun həmçinin “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməyərək kollegial inzibati orqan olmasına baxmayaraq kollegial inzibati orqanın iclası haqqında protokolu tərtib etməmiş və bununla da həmin qərar kollegial orqan olan Bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi qərarla (aktla) həyata keçirilmişdir. Belə ki, iş materiallarında olan cavabdehə ünvanlanmış məhkəmənin 2-1(112)- 8445/2021 saylı, xx.xx.2021-ci il tarixli sorğu məktubu ilə Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi tərəfindən qəbul edilmiş 29/49 saylı, xx.xx.2020-ci il tarixli qərar və həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri tələb edilmiş, lakin cavabdeh inzibati orqan tərəfindən məktuba cavab olaraq yalnız mübahisə predmeti olan qərar və torpağın ayrılmasına dair müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Vergi Məcəlləsinin: 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. 5.0. Vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). - 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. - 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. - 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. - 36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: 36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; 36.1.2. barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; 36.1.3. inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. - 56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. 56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır. - 58.1.İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun: - 1. Bu Qanun Azərbaycan Respublikasında yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsi ilə bağlı yaranan iqtisadi və hüquqi münasibətləri tənzimləyir. - 3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. - 3.4. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. - 5.1- ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. - 8.0-ci maddəsinə əsasən yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Beləliklə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2020-ci il tarixli, 29/49 nömrəli qərar qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının və inzibati icraat haqqında hüquq normalarının tələblərinin pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmış və inzibati icraat tam və hərtərəfli aparılmamış, cavabdeh inzibati icraatı qanunauyğun formada aparmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. - 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.- 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. - 70.1-ci İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli cavabdeh Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 29/49 nömrəli qərarı ləğv edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 29/49 nömrəli qərarı ləğv edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev