Məhkəmə qərarları › İş №2-1(112)-1570/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1570/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1570/2025 11.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilərək riskli vergi ödəyiciləri siyahısından çıxarılma barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Cəmiyyət barəsində qəbul edilmiş xx.xx.2024-ü il tarixli, **********343700 nömrəli qərarın ləğv edilərək riskli vergi ödəyiciləri siyahısından çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2024-cü il taridə vergi ödəyicisi İddiaçı barəsində **********343700 nömrəli qərar qəbul edərək, İddiaçı MMC-ni riskli vergi ödəyiciləri siyahısına daxil etmişdir. Cavabdeh qərarını onunla əsaslandırmışdır ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, e-qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş malalr (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi qərara alınmışdır. Cavabdeh qərarını onunla əsaslandırmışdır ki, vergi ödəyicisinin 2023-cü il tarixində "xxxx" MMC, "xxxx" MMC-nin və "xxxx" MMC şirkətləri ilə apardğı əməliyyatları əmtəəsiz və riskli əməliyyatlar hesab edərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsaslanaraq vergi əvəzləşməsini ləğv etmişdir. Hesab edirlər ki, aşağıdakı hallara görə qərar ləğv edilməli və icraata xitam verilməlidir. Qeyd edir ki, xx.xx.2023-cü il tarixli, **********879300 nömrəli qərarla ƏDV sub-uçot hesabında pul vəsaiti dondurulmasına əsas olan faktlar onlara izah edilməmişdir. Şirkətin riskli vergi ödəyiciləri siyahısına daxil edilərək ƏDV sub-uçot hesabının dondurulmasına səbəb olmuş əməliyyatları qeyd edilməmişdir. Yuxarıda qeyd edilən əməliyyatlar apardığ şirkətlərin riskli vergi ödəyicisi hesab edildiyi tarixlər onların əməliyyat apardıqları tarixlərdən sonrakı tarixlərdə olduğundan vergi əvəzləşdirilməsinə əsas verməlidir. Cavabdehin qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı təqdim etdiyi e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktını aşkar etmiş və iddiaçıya həmin hallar barəsində izah verilmədən risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən iddiaçı hüquqi şəxsi riskli vergi ödəyicisi hesab etmişdir. İddiaçı qərarla razı olmayaraq şikayət etsə də, nəticəsi olmamışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək iddianının mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2024-cü il tarixli, **********343700 nömrəli qərar qəbul edilərək asandoc.az saytında müvafiq xanaya əlaə edilməklə portala əlavə edilmişdir. Həmin qərar iddiaçı tərəfindən elektron qutuda xx.xx.2024-cü il tarixində, saat 12:25-də oxunmuşdur. “Elektron imza və elektron sənəd haqqına” xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza gücləndirilmiş elektron imzadır. Həmin Qanunun 1.1.10-cu maddəsinə əsasən elektron imzanın həqiqiliyi dedikdə elektron imzam yoxlama məlumatları vasitəsilə yoxlanılan elektron imzanın sahibinə məxsus olmasının, imzanın əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünün, dəyişdirilmədiyinin və təhrif edilmədiyinin təsdiqi nəzərdə tutulur. Qeyd olunan Qanunun 1.1.9-cu maddəsinə əsasən elektron imza yoxlama məlumatları isə elektron imzanın həqiqiliyini yoxlamaq üçün istifadə edilən kod və ya kriptoqrafik açardan ibarət olan və elektron imza yaratma məlumatlarına uyğun təkrarolunmaz verilənlərdir. Maddənin tələbindən də, göründüyü kimi, elektron imzanın həqiqiqliyi yalnız QR kodla deyil, həm də, kriptoqrafik açarla müəyyən edilir. Cavabdeh tərəfindən imzalanan sənədlərdə elektron imzanın həqiqiliyini təsdiq edən kriptoqrafik kodlar mövcuddur və qeyd olunan məlumatlar məhkəməyə təqdim edilir. Eləcə də, bildirilmişdir ki, cavabdehin rəsmi internet səhifəsində vergi ödəyiciləri ASAN İmza ilə bağlı məlumatlandırılmış, asan imza ilə imzalanmış sənədlərin asando (adov) faylla açılması, həmin adoc faylın kim tərəfindən nə zaman imzalanmasının müəyyən edilməsi üçün hazırlanmış məlumat xarakterli videoların linkləri öz əksini tapmışdır. Eyni zamanda vergi ödəyicisi ilə vergi orqanı arasında xx.xx.2018-ci il tarixli “Elektron sənəd mübadiləsi haqqında” müqavilə imzalanmışdır. Həmin Müqavilənin 4.1.7-ci bəndinə əsasən, vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə 1 dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəciyisinin vəzifəsidir. Göründüyü kimi, vergi orqanı mübahisələndirilən qərarı elektron imza ilə imzalamış və vergi ödəyicinə çatdırmışdır. Cavabdeh tərəfindən asan imza ilə imzalanmış sənədlərə hər hansı dəyişikliyin edilə bilməsinin mümkünsüzlüyü də, onun fərdi, identifik olması həmin sənədlərin gücləndirilmiş elektron imza ilə imzalanmasını təsdiq edir. İddiaçı yuxarıda adıçəkilən qərarddan inzibati şikayət verməmiş, yalnız xx.xx.2024-cü il tarixində iddia ərizəsilə məhkəməyə müraicət edərək, xx.xx.2024-cü il tarixli, **********343700 nömrəli qərarı mübahisələndirmişdir. Qeyd olunanlara baxmayaraq, iddiaçı iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının qanuni nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının qanuni nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətə uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Azərbaycan Resublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********343700 nömrəli qərarına əsasən vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü və 48-ci maddələrinə müvafiq olaraq iddiaçıya hüquqi yardım məktubu göndərilərək mübahisəli qərarın tarixinin xx.xx.2024-cü il tarixli olmasına baxmayaraq, xx.xx.2024-cü il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi, bununla da, tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməli olması, ərizə məhkəməyə təqdim olunmadığı təqdirdə isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi bildirilmişdir. Lakin, iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edilməmişdir. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqanın “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********343700 nömrəli qərarı mübahisələndirilsə də, iddiaçı həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmiş, bununla bağlı, iddiaçıya hüquqi yardım məktubu göndərilərək, həmin qərarın onun tərəfindən nə vaxt alınması barədə sübutların məhkəməyə təqdim edilməsi, müddəti buraxdığı təqdirdə buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilməsi təklif edilməsinə baxmayaraq, iddiaçı tərəfindən belə bir ərizə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində, saat 12:25-də oxunmasını təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edildiyindən, iddiaçı tərəfindən isə bunun əksini təsdiq edəcək hər hansı bir sübut və eləcə də, buraxılmış prosessual müddətin bərpasına dair ərizə məhkəməyə təqdim edilmədiyindən iddiaçının xx.xx.2024-cü il tarixli qərardan xx.xx.2024cü il tarixdə, qanunvericiliklə nəzərdə tutulmuş müddət keçdikdən sonra müraciət etməsi üzürlü səbəbdən hesab edilə bilməz. İddiaçı qeyd olunan qərar ilə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da, göstərilən inzibati aktların mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsinəd həmin qərardan cavabdeh inzibati orqana şikayət etdiyini, lakin, cavabdeh tərəfindən şikayətinin təmin olunmadığını qeyd etsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətdə bildirilmişdir ki, iddiaçının mübahisəli qərardan vergi orqanına inzibati şikayəti daxil olmamışdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mübahisəli qərardan məhkəməyə şikayət edilənədək buraxılmış prosessual müddətlə bağlı hər hansı bir üzrlü hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar