Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1571/2021 14.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən, 1000 kv.m ölçüdə 58-60 saylı bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi üçün lazımi hərəkətlərin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən, sahəsi 1000 kv.m olan 58-60 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 03.06.2020-ci il tarixli ərizəsinə baxılmışdır. Cavab olaraq imtina məktubu almışdır. Həmin məktuba əsasən, sənədlərdə uyğunsuzluq olduğunu bildirmişlər. Üzvlük kitabçasının istinad edilmiş protokoldan çıxarışın tarixi ilə təqdim olunan protokolda çıxarışın tarixi fərqlidir. Bundan əlavə olaraq, adı qeyd olunmuş X2 1 saylı Bakı Ərazi İdarəsinə bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında ata adı “İmanovna” kimi göstərilmişdir. Azərbaycan Təhsil İşçiləri X7 Suraxanı rayon komitəsi nəzdində “Müəllim” bağçılıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının 07 nömrəli, 13.11.1997-ci il tarixli protokoldan çıxarışına əsasən “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatının üzvü, 60 saylı bağ sahəsinin sahibi X5 təsərrüfatın becərilməsində iştirak etmədiyinə, Bakı şəhərindən köçüb getdiyinə görə təsərrüfat üzvlüyündən azad edilib və onun adında olan 60 saylı bağ sahəsi həmin protokoldan çıxarışa əsasən ona verilmişdir. Buna dair sənədi qoşma kimi ərizəsinə əlavə edir. Bundan əlavə olaraq, Azərbaycan Təhsil İşçiləri X7 Suraxanı Rayon Komitəsi “Müəllim” Bağçılıq-Yoldaşlıq təsərrüfatının idarə heyətinin sədri tərəfindən tərtib olunmuş sxemləri ərizəsinə əlavə edir. Bildirmək istəyir ki, aldıqları “Müəllim” bağçılıq yoldaşlıq üzvlük kitabçasının 58-60 nömrəli sənədin 18.12.1997-ci il tarixini, 13.11.1997-ci il tarixi ilə əvəz olunması üçün müraciət edib, dəyişiklilər ediblər və tarixlərlə bağlı mövcud uyğunsuzluq aradan qaldırılmışdır. Bundan əlavə bildirir ki, cavabdeh imtina məktubunda qeyd edir ki, X2 60 saylı bağ sahəsinin sahibi olaraq protokolda qeyd edilib, sonra onun ata adı “İmanovna” kimi göstərilmişdir. Qeyd edir ki, 60 saylı torpaq sahəsinin keçmiş sahibinin adı səhv və ya düz göstərilməyindən asılı olmayaraq, əsas fakt ondan ibarətdir ki, 60 saylı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir və protokoldan təqdim edilən mövcud çıxarışla bu faktı təsdiq edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş sənədlər arasında uyğunsuzluqlar var. Belə ki, üzvlük kitabçasında istinad edilmiş protokoldan çıxarışın tarixi ilə təqdim edilən protokoldan çıxarışın tarixi fərqlidir. Həmçinin, protokoldan çıxarışda adı qeyd olunmuş X1 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında ata adı “İmanovna” kimi göstərilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 09.07.2020-ci il tarixli, **********27 saylı cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Təhsil İşçiləri X7 Suraxanı rayon Komitəsi nəzində “Müəllim” bağçılıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının 07 saylı, 13 noyabr 1997-ci il tarixli protokolundan çıxarışdan görünür ki, müəllim “bağçılıq yoldaşlıq təsərrüfatının üzvü 58 saylı bağ sahəsinin sahibi X6 təsərrüfatın becərilməsində iştirak etmədiyinə, Bakı şəhərindən köçüb getdiyinə görə təsərrüfat üzvlüyündən azad edilməsi, “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatının üzvü 60 saylı bağ sahəsinin sahibi X3 təsərrüfatın becərilməsində iştirak etmədiyinə, Bakı şəhərindən köçüb getdiyinə görə təsərrüfat üzvlüyündən azad edilməsi, “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlüyünə daxil olmaq məqsədi ilə İdarə Heyətinə ərizə ilə müraciət etmiş, 118 saylı məktəbin müəllimi Bakı şəhəri, Hövsan qəsəbəsi, Zeytun sovxozu, ev 75-də yaşayan İddiaçı Abbas oğlunun “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlüyünə qəbul edilməsi, müvafiq olaraq İddiaçı “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatının 58 və 60 saylı kitabçasının verilməsi qərara alınmışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Təhsil İşçiləri X7 Suraxanı rayon Komitəsi nəzində “Müəllim” bağçılıq təsərrüfatı İdarə Heyətinin sədri tərəfindən təsdiq edilmiş bağçının üzvlük kitabçasının surətindən görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı, Suraxanı rayonu, 118 saylı orta məktəbin müəllimi vəzifəsində işləyir. Ona 13.11.1997-ci il tarixli, 07 saylı (27.10.1987-ci il tarixli, 20/34 nömrəli qeydlərinə düzəliş edilmişdir) protokoldan çıxarışa əsasən, 1000 kv.m ölçüdə, 58-60 saylı bağ sahəsi ayrılmış və həmin bağ sahəsinə dair İddiaçı 13.11.1997-ci il tarixli bağçının üzvlük kitabçası verilmişdir. İşdə olan bağ sahələrinin sxematik xəritəsindən görünür ki, Azərbaycan Təhsil İşçiləri X7 Suraxanı rayon Komitəsi tərəfindən iddiaçıya ayrılmış 58-60 saylı bağ sahəsinə dair sxematik xəritə təsdiq olunmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********27 nömrəli, 09.07.2020-ci il tarixli, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 58-60 saylı bağ sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 03.06.2020ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlər arasında uyğunsuzluqlar var. Belə ki, üzvlük kitabçasında istinad edilmiş protokoldan çıxarışın tarixi ilə təqdim edilən protokoldan çıxarışın tarixi fərqlidir. Həmçinin, protokoldan çıxarışda adı qeyd olumuş X1 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında ata adı “İmanovna” kimi göstərilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş “Müəllim” bağçılıq-yoldaşlıq Təsərrüfatının üzvlərinin siyahısının təsdiq olunmuş surətindən görünür ki, həmin siyahıda 25-ci sırada 60 saylı bağ sahəsinin sahibi X5 göstərilmişdir. Məhkəmə aşağıdakı qanunvericilik normalarına əsasən hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (maddə 8.0.7.) 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya 58-60 saylı bağ sahəsi ayrılması barədə Azərbaycan Təhsil İşçiləri X7 Suraxanı rayon Komitəsi nəzində “Müəllim” bağçılıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının 07 saylı, 13 noyabr 1997-ci il tarixli protokolundan çıxarış və onun əsasında verilmiş eyni tarixli üzvlük kitabçası mövcuddur ki, həmin sənədlərlə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən iddiaçının mübahisəli bağ sahəsi üzərində qanuni hüquqları yaranmışdır. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, üzvlük kitabçasında istinad edilmiş protokoldan çıxarışın tarixi ilə, təqdim edilən protokoldan çıxarışın tarixinin fərqli olmasına istinad etmişdir ki, cavabdehin həmin arqumenti Azərbaycan Təhsil İşçiləri X7 Suraxanı rayon Komitəsi nəzində “Müəllim” bağçılıq təsərrüfatı tərəfindən üzvlük kitabçasına düzəliş edilərək aradan qaldırılmışdır. Bundan əlavə cavabdehin imtinasının digər bir əsası protokoldan çıxarışda adı qeyd olunmuş X1 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında ata adının “İmanovna” kimi göstərilməsi olmuşdur ki, məhkəmə hesab edir ki, həmin yanlışlıq iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin mötəbərliyini şübhə altına almamışdır. Belə ki, təsərrüfatın üzvlərinin siyahısında həmin şəxsin adının qarşısında bağ sahəsinin nömrəsi 60 göstərilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin imtinasının əsası olan hər iki arqument əsassızdır və iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinin müddəalarına əsasən - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən, 1000 kv.m ölçüdə 58-60 saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair çıxarış verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1571/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1571/2021
14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver