Məhkəmə qərarları › İş №2-1(112)-1571/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1571/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1571/2024 16.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X6, üçüncü şəxsin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı, X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 08 iyun 2019-cu il təvəllüdlü X15 Nuri və 26 yanvar 2017-ci il təvəllüdlü X12 Mehmet Nuri barəsində övladlarının vətəndaşlıq mənsubiyyətinin verilməsi barədə qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında ******* saylı və ******* saylı qərarların ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 iyun 2019-cu il tarixli X15 Nuri və 26 yanvar 2017-ci il təvəllüdlü Çapar X3 övladlarıdır və birgə nikahda olduğu X4 doğulmuşdur. X1 ilə nikahlarına xitam verilmə barədə Türkiyə Respublikasının İstanbul şəhərində məhkəmə prosesi gedir və proses 2022-ci ilin əvvəllərindən başlanmışdır. Razılığı olmadan hazırda nikahlarına xitam verilmək üzrə olan Türkiyə Respublikası vətəndaşları olan övladları adından cavabdehə müraciət edərək şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında ******* saylı və ******* saylı Qərarlar qəbul edilmişdir. Həmin qərarlar əsasında cavabdeh hesab etmişdir ki, AR NK-nın 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” ilə müəyyən edilmiş tələblərə uyğun təqdim edildiyindən, sorğu əsasında mənsubiyyəti tanınmışdır. Həmin qərarlar və nəticəsinə aid övladlarının ikinci vətəndaşlıq əldə etməsi və vəsiqə əldə etməsi onun razılığı olmadan olmuşdur. Hesab edir ki, övladlarının vətəndaşlıq mənsubiyyətinin verilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında ******* saylı və ******* saylı Qərarlar qanunsuzdur və ləğv edilməlidir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının vətəndaşı X5 xx.xx.2022-ci il tarixli sorğusu əsasında övladları – X12 Mehmet Nurinin və X15 Nurinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətlərinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1.5-ci bəndlərinə əsasən onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətlərinin tanınması barədə xx.xx.2022-ci il tarixli ******* və ******* nömrəli qərarlar qəbul edilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.5-ci bəndinə əsasən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuşdursa, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.6-cı bəndinə əsasən sorğu şəxsin qanuni nümayəndəsi tərəfindən verildikdə, bu hüququ təsdiq edən müvafiq sənəd sorğuya əlavə edilməlidir. İcraat materiallarından göründüyü kimi X12 Mehmet Nurinin və X15 Nurinin anası X8 Azərbaycan Respublikasının vətəndaşıdır (şəxsə məxsus müvafiq şəxsiyyət vəsiqəsi və ümumuvətəndaş pasportları etiraza əlavə edilir). Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Üçüncü şəxsin nümayəndəsi və vəkili iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı işdə X2 Mustafa Kemal Mehmet Nurinin və X15 Nurinin valideyni olaraq Azərbaycan Respublikası vətəndaşı olduğundan qanunvericiliyə də uyğun olaraq övladlarına da Azərbaycan Respublikası vətəndaşlığı verilə bilər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, uşaqların vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün valdieynlərin razılığının olması tələb edilmir. Belə ki, həmin Qaydaların 3.4cü bəndində hansı sənədlərin tələb olunması birbaşa göstərilmişdir və iddiaçınnı iddia irəli sürdüyü sənəd həmin sənədlər siyahısında mövcud deyildir. Qanunvericilikdə nəzərdə tutulur ki.ş bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan hallarda müvafiq razılıq ərizələri təqdim edilir. Qaydanın 4.2-ci bəndində isə qeyd edilir ki, bu Qaydanın 4.1.6-4.1.10-cu yarımbəndlərində nəzərdə tutulan hallarda 14 yaşından 18 yaşınadək uşaqların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onların razılıqları tələb olunur. Beləliklə, uşaqların Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması üçün X13 razılığı tələb edilmir. Azərbaycan Respublikası vətəndaşı olan Çapar Cəmilə və İddiaçı arasında məişət zəminində baş verən narazılıqlar səbəbindən, tərəflər arasında ailə münasibətlərinin davam etməsi mümkün olmadığından Çapar Cəmilə Azərbaycan Respublikasına qayıtmış, nikaha xitam verilməsi tələbi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra da qanunvericiliklə nəzərdə tutulmuş qaydada, qanunun tələblərinə uyğun olaraq övladlarının qanuni nümayəndəsi olaraq onların Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması üçün müraciət etmişdir. Yuxarıda sadalananlara əsasən iddia ərizəsinin rədd edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi və vəkili iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli ******* və ******* nömrəli qərarları mübahisələndirir. Həmin qərarların iddiaçıya hansı tarixdə təqdimn edilməsinə dair sübut olmadığından məhkəmə iddiaçı tərəfindən iddia müddətinə əməl edilməsi qənaətinə gəlir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 01 avqust 2022-ci il tarixli ******* nömrəli qərarı ilə 26 yanvar 2017-ci il təvəllüdlü X12 Mehmet Nurinin və həmin tarixli ******* nömrəli qərarı ilə 08 iyun 2019-cu il təvəllüdlü X15 Nurinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan müəyyən edilir ki, xx.xx.1985-ci il təvəllüdlü X8 Azərbaycan Respublikası vətəndaşıdır, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, uşaqların valideyni olan üçüncü şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması işin mübahisələndirilməyən halıdır. İddiaçı iddia ərizəsində onun razılığı olmadan 08 iyun 2019-cu il tarixli X15 Nuri və 26 yanvar 2017-ci il təvəllüdlü X15 Nurinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanındığını qeyd etmişdir. Məhkəmə qanunvericiliyin aşağıdakı müddəalarına istinad edərək iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, xx.xx.1998-ci il tarixdən qüvvədə olan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. - 5-ci maddəsinin 1-ci hissəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-ə dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. - 5-ci maddəsinin 4-cü hissəsinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 №-li qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın: -1.1-ci bəndinə əsasən bu Qayda «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir; -1.3-cü bəndinə əsasən bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir; -2.1-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. - 3.11-ci bəndinə əsasən Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir; 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: ... 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; .... - 4.4-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Göründüyü kimi qanunvericiliyin sadalanan normalarında hər hansı bir qeyd-şərt olmadan doğulduğu anda valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanındığı qeyd edilmişdir. Buna görə də cavabeh inzibati orqan tərəfindən qəbul edilmiş vətəndaşlığa mənsubiyyətin tanınması haqqında xx.xx.2022-cü il tarixli qərarlar qanuni və əsaslı olmuşdur. İddiaçı bildirir ki, uşaqlarının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınarkən onun razılığı olmamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 3.4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 3.4.1. 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil; 3.4.2. tərcümeyi-hal; 3.4.3. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə); 3.4.4. pasportun və ya şəxsiyyətini təsdiq edən digər sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.5. doğum haqqında şəhadətnamənin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.6. yetkinlik yaşına çatmamış uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti; 3.4.7. şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.8. övladlığa götürülmə halında əcnəbi uşağın və ya vətəndaşlığı olmayan uşağın övladlığa götürülməsi barədə sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.9. bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan hallarda müvafiq razılıq ərizələri; 3.4.10. bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti. Göründüyü kimi Qaydaların tələblərinə əsasən şəxsin Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı validenylərinin razılığının tələb edilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən cavabdeh tərəfindən iddiaçıların övladının vətəndaşlığa mənsubiyyətinin tanınmaması haqqında qərar qəbul edilərkən cavabdeh özünün səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı, X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarların ləğv edilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar