Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1571/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsi) “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına Səbail rayonu, Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli Badamdar qəsəbəsi İİİ yaşayış massivində qərarla onun mülkiyyətinə verilmiş 400 kv.m torpaq sahəsinin üzərində inşa etdirilmiş 3 mərtəbəli mənzilə, yaşayış evinin və torpağın mülkiyyət hüququnun tanınması reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin iş üzrə üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında Səbail rayonu xx.xx.2006-cı il tarixdə Dadamdar qəsəbəsi, İİİ yaşayış massivində daş hasara alınmış X1 razılığı nəzərə alınmış, ona məxsus 400 kv.m torpaq sahəsinin onun adına sənədləşdirilməsi barədə qərar qəbul edilmişdir. Səbail rayonu, Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 253 saylı qərarı əsasında Badamdar qəsəbəsi İİİ yaşayış massivi ünvanında yerləşən 4 sot torpaq sahəsi üzərində yerləşən 3 mərtəbəli fərdi yaşayış evini inşa etmişdir. Hal-hazırda 3 mərtəbəli yaşayış mənzilində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə Badamdar qəs.3-cü yaşayış massivində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə ərizəsinə cavab olaraq bildirilmişdi ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir.
4. İddiaçının müraciətinə cavabdeh imtina məktubunda bildirmişdir ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir.
5. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş alqı-satqı aktı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Eyni zamanda elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir, dövlət mülkiyyəti torpağıdır. O cümlədən torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) müvafiq bələdiyyə qərarına istinad edilməmişdir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisi qeyrimüəyyən olduğundan sənədin göstərilən sahəyə aid oub-olmamasını müəyyənləşdirmək mümkün olamamışdır. Qeyd olunanlarla yanaşı iddiaçı tərəfindən fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
9. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
10. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
11. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 253 nömrəli qərarında qeyd edilmişdir ki, Badamdar qəsəbəsi İİİ yaşayış massivində 400 kv.m ölçüdə olan torpaq sahəsi İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır.
12. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2006-cı il tarixdə tərtib edilmiş torpaqların alqı-satqısına dair aktda qeyd edilmişdir ki, Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 253 nömrəli qərarına əsasən Badamdar qəsəbəsi İİİ yaşayış massivində 400 kv.m ölçüdə olan torpaq sahəsi İddiaçı 1.664 manata satılmışdır.
13. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cizgidə İddiaçı istifadəsində olan torpaq sahəsi yerləşdiyi müəyyən edilmişdir.
14. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2006-cı il tarixli 060428 nömrəli qəbzində qeyd edilmişdir ki, X2 tərəfindən Sabail rayon Badamdar Bələdiyyəsinə 1.664 manat pul vəsaiti ödənilmişdir.
15. Üçüncü şəxs Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin məhkəməyə ünvanlandığı xx.xx.2025-ci il tarixli 5/30/2025 nömrəli məktubda qeyd edilmişdir ki, sorğuda qeyd edilən İddiaçı adına 30 dekabr 2006-cı il tarixli 253 № -li qərar və onlara əsas olan sənədlər (ərizə, protokol, alqı-satqı aktı, ödəniş qəbzləri və s) eləcə də həmin dövrü əhatə edən digər qərarlar və onlara əsas olan sənədlər bələdiyyənin hazırda mövcud olan arxiv məlumat bazasında mövcud deyildir. Lakin vətəndaş İddiaçı 2024-cü il tarixdən Bələdiyyədə BAMS proqramında əmlak və torpaq vergi ödəyicisi kimi qeydiyyatdadır.
16. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 253 saylı qərarının qeydiyyatdan keçib-keçməməsi barədə sorğunuza baxılmışdır. Qeyd edilən qərar Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır.
17. Dövlət Arxivinin Bakı Filialının məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-48-2F/2- 1447/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Səbail rayon Badamdar Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
IV. Məhkəmənin mövqeyi
18. İddia tələbi Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə Badamdar qəsəbəsi İİİ yaşayış massivində iddiaçının mülkiyyətinə verilmiş 400 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş 3 mərtəbəli fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyət hüququnun tanınması, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsidir.
19. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
20. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
24. Məhkəmə qeyd edir ki, dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr səlahiyyətlidir.
25. Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən:
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
26. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 253 nömrəli qərarı və onun qəbul edilməsi üçün əsas olan sənədlərin Dövlət Arxiv İdarəsinin arxivindən əldə edilməsi mümkün olmamışdır. Bununla yanaşı Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin məhkəməyə ünvanlandığı məktubunda bildirilmişdir ki, İddiaçı adına 30 dekabr 2006-cı il tarixli 253 №-li qərar və onlara əsas olan sənədlər bələdiyyənin hazırda mövcud olan arxiv məlumat bazasında mövcud deyildir. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin məhkəməyə ünvanlandığı məktubunda həmçinin qeyd edilmişdir ki, Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 253 saylı qərarı Bələdiyyələrlə İş Baş İarəsində qeydiyyata alınmamışdır.
27. Torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
28. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. 3-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 4-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
29. Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır.
30. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.
31. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
32. Məhkəmə qeyd edir ki, cavabdehin etirazda göstərdiyi torpaq sahəsinin bələdiyyə ərazisi olmaması ilə bağlı əldə olunan sənədlərə əsasən müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsinin qonşuluğunda inzibati orqan tərəfindən qeydiyyatdan keçmiş torpaq sahələri mülkiyyətçilərinə Səbail Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə verilmişdir. Odur ki, qeyd edilən torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində olan torpaqlara aiddir. Həmin torpaq sahəsinin “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilməsi isə müəyyən olunmur.
33. Məhkəmə iddiaçının torpaq sahəsi üzərində inşa edilmiş 3 mərtəbəli fərdi yaşayış evinin qeydiyyata alınması tələbinə münasibətdə qeyd edir ki, sözügedən fərdi yaşayış evinə mülkiyyət hüququnun olmasını təsdiq edən qanunvericilikdə təsbit edilmiş hər hansı hüquqmüəyyənedici sənədi iddiaçı məhkəməyə təqdim edə bilməmişdir.
34. Belə ki, fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektin olub-olmamasını və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə müvafiq icra hakimiyyətinə məlumat verilməsini təsdiq edən ərizə məhkəməyə təqdim edilməmişdir.
35. Yuxarıda göstərilənlərə məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
37. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva