Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15717/2023 07.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya qaçqın statusu verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzəyinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Pakistan İslam Respublikasının vətəndaşıdır. Pakistan İslam Respublikasının Pəncab vilayətinin Taksila şəhərində anadan olmuş, milliyətcə pəncablı, dini etiqadına görə müsəlmandır (şiə). Vətəndaşı olduğu dövlətdə fikir və seçim azadlığının təmin olunmasını tələb etdiyi üçün təqib olunmuşdur. Belə ki, islam dininin “şiə” cərəyanından olduğu üçün, eyni zamanda İslam Respublikasından yaşadığı üçün, ailə üzvləri onun seçim azadlığını qısıdlayaraq, Pakistan İslam Respublikasında yaşayan, islam dinin “sunni” cərəyanına mənsub olmuş şəxs ilə ailə həyatı qurmağına narazışılıq bildirmiş və həmin şəxsin islam dinin “sunni” cərəyanına mənsub olduğunu əsas gətirərək Taksila şəhərində yaşadığı evdə qətlə yetirmişdirlər. Baş vermis qətl hadisəsindən sonra ailə üzvləri onu zorla islam dinin “sunni” cərəyanına mənsub olan xalası oğlu ilə evləndirmək üçün, ona qarşı fiziki güc tətbiq etmiş, bundan başqa, evlənmək niyyətində olduğu, ailəsi tərəfindən qətlə yetirilən islam dinin “sunni” cərəyanına mənsub olan şəxsin valideyn və qohumları, onun ölümünə səbəbkar onun olduğunu bildirərək, öldürəcəklərini bildirmişdir. Qeyd olunanlardan əlavə, yaşamış olduğu Pakistan İslam Respublikasının Pəncab vilayətinin Taksila şəhərində yaşayan şəxslərin demək olar ki, tam hissəsi islam dininin “şiə” cərəyanına mənsubdur və mənim “sunni” cərəyanından biri ilə ailə qurmaq istəyinin olması orada yaşayan insanlar tərəfindən mənfi hal kimi başa düşülmüşdür. Qeyd olunan məsələlər nəticəsində istər ailə üzvləri, istər cəmiyyə, istərsə də səlahiyyətli dövlət orqanları tərəfindən ciddi təzyiqlərə məruz qalır və həyatı üçün ciddi təhlükə yaranmışdır. Bu səbəbdən də, o, Azərbaycan Respublikasına gəlmiş və bu ölkədə din, fikir, söz və seçim azadlığının olduğunu görərək qaçqın statusu alaraq burada yaşamaq istəyir. İddiaçı öz vətəninə qayıtmağa qorxur. Belə ki, qadın olaraq islam dininin “sunni” cərəyanına mənsub olan şəxs ilə evlənmək istəyinin olmuş olması və həmin şəxsin ailəsi tərəfindən qətlə yetirilməsi, bu səbəbdəndə qətlə yetirilmiş şəxsin ailə üzvlərinin qətl hadisəsinə səbəbkar kimi onu, yəni islam dininin “şiə” cərəyanına mənsub olan şəxsi görmələri səbəbindən işgəncələr, böyük ehtimalla ölüm hadisəsi gözlüyür. İddiaçı Azərbaycan Respublikasının Bakı şəhərində müxtəlif sahələrdə işləyir və orta aylıq qazanc əldə edərək öz keçimini təmin edir. 4 iyul 2023-cü il tarixində Dövlət Miqarsiya Xidmətinə vəsatətlə müraciət edərək Azərbaycan Respublikasında qaçqın statusu əldə etmək istəyini bildirmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elman Əliyevin 02 oktyabr 2023-cü il tarixli, İQ-60/1 nömrəli qərarı ilə ona qaçqın statusu verilməsindən imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, keçirilmiş müsabiqə nəticəsində “Qçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmnanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilə bilməz. Pakistan İslam Respublikasında dini baxışlarına, eləcə də seçim azadlığına görə qısnamaya, təqiblərə məruz qalır. Bu faktı inkar edən hər hansı dəlil qərarda göstərilməmişdir.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli İQ-60/1 nömrəli qərar qəbul edilmişdir. Hesab edilir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Ərizə anketində zorla xalası oğluna ərə veriləcəyini bildirsə də, müsahibəsində əmisi oğluna ərə veriləcəyini bildirmişdir; 2. Təqib olunması ilə bağlı hər hansı sübut təqdim etməmiş, 3. Digər bir məsələ iddiaçı müsahibəsində hər hansı məzhəb münaqişəsinin olmadığını bildirsə də, xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sisteminə əlavə olunmuş ərizəsində qeyd etmişdir ki, guya sevdiyi insan Əli sünni olduğu üçün onunla ailə qurmağına icazə verməmişlər və Əlini sünni olduğu üçün qətlə yetirmişlər. Burda da ziddiyyət mövcuddur. Belə ki, şəxs sonuncu ərizəsində qeyd etmişdir ki, onu zorla sünni məzhəbinə mənsub olan xalası oğlu ilə evləndirmək istəyirlər. Necə ola bilər ki, Əlini sünni olduğu üçün öldürürlər, amma xalası oğlu sünni olduğu üçün şiə olan iddiaçını zorla ona ərə verirlər ?! 4. 5. “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Bununla da müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdehin xx.xx.2023-cü il tarixli İQ-60/1 nömrəli “qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərarına əsasən Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusunun verilməsindən imtina edilməsi qərara alınmışdır. Qərarda qeyd olunmuşdur ki, Pakistan İslam Respublikasının vətəndaşı, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı (Pasport: № ET5167481) 4 iyul 2023-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, onun adına 79-2023 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Taksila şəhərində anadan olduğunu, milliyyətcə pəncablı, dini etiqadına görə müsəlman şiə) olduğunu, 2012-2022-ci illərdə Taksila şəhərində “UFG X1 1” adlı məktəbdə orta təhsil aldığını, 2022-2023-cü illərdə “POF Hospital”da tibb bacısı kursunu bitirdiyini, 2022-2023cü illərdə isə müxtəlif tibb müəssisələrində tibb bacısı kimi işlədiyini qeyd etmişdir. Ailə vəziyyəti barədə məlumat verərək ərizəçi dul olduğunu, valideynlərinin, 3 qardaşı və 1 bacısının Pakistanda yaşadıqlarını qeyd etmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəblərini izah edərkən İddiaçı bildirmişdir ki, onun valideynləri onu zorla xalası oğluna ərə vermək istəmiş, ərizəçi isə başqa oğlanı sevdiyindən onunla qoşulub qaçmaq istəmişdir. Lakin ailəsi tərəfindən sevdiyi oğlan öldürülmüş, buna görə də evdən qaçaraq 31 may 2023-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Lakin ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı dediklərində müəyyən uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, o, ərizə-anketin qeydiyyatı zamanı zorla xalası oğluna ərə veriləcəyini bildirsə də, müsahibə zamanı əmisi oğluna ərə veriləcəyini qeyd etmişdir ki, bu uyğunsuzluq da ərizəçinin xeyrinə qəbul edilməmişdir. Bundan əlavə söylədiyi faktlar da şəxsin 1951-ci il konvensiyasrnrn 1-ci maddəsinin “A” bəndinin 2-ci yarımbəndində göstərilən səbəblərə görə təqibə bərabər tutulan təhlükəyə məruz qalacağına dair əsaslar ehtimalın mövcudluğunu şübhə altına almışdır. Ərizəçi Azərbaycan Respublikasına gəlməkdə əsas məqsədinin ailə-məişət zəminində baş vermiş mübahisədən qurtulmaq oldugunu etiraf etmişdir. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamaq, irqi əlamətinə, siyasi əqidəsinə görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir.
İİ. İddianın növü və mümkünlüyü
7. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
8. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
9. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
10. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
İİİ. Məhkəmənin mövqeyi
11. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023cü il tarixli İQ-60/1 saylı qərarının surətindən görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır.
12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Pakistanın Pəncab vilayətinin Taksila şəhərində “şiə” cərəyanından olan ailədə anadan olmuş, islam dininin “sunni” cərəyanına mənsub olmuş bir şəxslə ailə həyatı qurmaq istədiyini, həmin şəxsin ailəsi tərəfindən öldürüldüyünü, qətlə yetirilmiş şəxsin ailə üzvləri tərəfindən ölkəsində hədələndiyini, dini etiqadına görə təqiblərə məruz qaldığını, bu səbəbdən də Pakistanı tərk edərək Azərbaycan Respublikasına gəldiyini bildirərək cavabdehin qərarı ilə razılaşmayıb qərarın qanunsuz hesab edilərək, ona qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir.
13. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”: Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında "Qaçqın" statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir.
3. “Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir.
7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır.
14. Məhkəməyə təqdim edilmiş qanunsuz hesab edilməsi tələb edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçı vətəndaşı olduğu ölkədə siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
15. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı barəsində əsaslandırılmış təqibin mövcud olmadığı müəyyən edilmişdir.
16. Göstərilən dəlillər «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində «qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmadığı, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, məhkəmə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli İQ- 60/1 saylı «Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında» qərarı qanuni və əsaslı hesab edir.
17. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.
18. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə qanunsuz hesab edilməsi tələb olunan qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddiaçının həmin qərarın qanunsuz hesab edilməklə qaçqın statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır və təmin edilə bilməz.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
21. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68- 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva