Məhkəmə qərarları › İş №2-1(112)-15740/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15740/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15740/2023 19.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin koordinatlarının və naturada yerinin müəyyən edilməklə plan və ölçüsünün verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (ünvan: ünvan 1yən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, ümumi torpaq sahəsi 0,25 ha olan 20 L saylı bağın koordinatlarının və naturada yerinin müəyyən edilməsi və həmin torpaq sahəsinə dair yeni “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək mübahisəyə dair qüvvədə olan məhkəmə qərarı ilə bağlı icra icraatı qaydasında ərizə ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, keçmiş Bağlar İdarəsinin xx.xx.1990-cı il tarixli 17710 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hovsan bağ massivində 20L saylı 0,25 ha bağ sahəsi iddiaçının istifadəsinə verilmiş, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü ildə torpaq sahəsinin planı 1:1000 miqyasda tərtib edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 aprel 2013-cü il tarixli 2in(82)-1447/2013 saylı qərarına əsasən onun iddiası təmin edilərək, İddiaçı Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 28 avqust 1990-cı il tarixli 17710 saylı icarə müqaviləsi ilə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində 20L saylı 0,25 ha bağ sahəsinə, X2 Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 28 avqust 1990-cı iltarixli 17711 saylı icarə müqaviləsi ilə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində 20M saylı 0,25 ha bağ sahəsinə və qeyrilərinə plan-ölçünün verilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmiş, həmin qərar qanuni qüvvəsini alaraq bu barədə müvafiq plan-ölçülər verilmiş, bundan sonra isə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarış və plan-ölçülər tərtib edilmişdir. Hüquqlar məhkəmə qərarının icrasına uyğun olaraq dövlət reyestrində təqdim olunmuş sənədlər əsasında qeydə alındıqdan sonra hər iki şəxsə məxsus plan-ölçülərin düzgün olmaması əsası ilə ləğv edilməsi barədə məhkəmə çəkişmələri olmuş, 2015-ci ildən sonrakı 6-7 il müddətində məhkəmə çəkişmələri davam etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 578/2018 saylı, 2018-ci il 25 iyun tarixli qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin 2013-cü il 22 may tarixli 449907 və 449906 nömrəli “Torpaq sahəsinin plan və cizgisi” və həmin sənədlər əsasında cavabdehin 2013-cü il 07 iyun tarixli AA 049569 saylı, 2013-cü il 06 iyun tarixli AA049563 nömrəli və 2014-cü il 14 oktyabr tarixli AA0670029 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədləri ləğv edilmişdir. Qeyd olunan qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(103)-81/2021 saylı qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1177/2021 saylı qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Birliyin icarə müqaviləsi, DƏDRX-nin verdiyi torpaq sahəsinin planı, torpaq sahəsinin planı və ölçüsü və çıxarışı əsasında onun xüsusi mülkiyyətində olan bağ sahəsinin planı və ölçüsünün cavabdeh inzibati orqan tərəfindən səhv verilməsi nəticəsində iddiaçının mülkiyyət hüquqları pozulmuş və torpaq sahəsinin yerini səhv göstərdiyinə görə həmin sahələri hazırki vaxtadək istifadə edə bilmir. Bununla əlaqədar iddiada göstərilən tələblə ilkin olaraq cavabdeh inzibati orqana müraciət edilmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə ərizə təmin edilməmiş, imtinaya əsas kimi göstərilmişdir ki, qeyd olunan ünvanda daşınmaz əmlakla bağlı mübahisənin mövcudluğu barədə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3030/2018 saylı xx.xx.2018-ci il tarixli və 2(103)-2563/2022 saylı xx.xx.2022-ci il tarixli bildirişləri, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(103)- 5570/2017 saylı xx.xx.2017-ci il tarixli və 2-1(82)-1220/2015 saylı xx.xx.2015-ci il tarixli sərəncamları, Ali Məhkəmənin 2-1(102)-1703/2019 saylı xx.xx.2019-cu il tarixli və 2- 1(102)-1074/2017 saylı xx.xx.2017-ci il tarixli bildirişləri daxil olmuş, lakin qanuni qüvvəsini almış məhkəmənin yekun aktı İdarəyə daxil olmamışdır. Odur ki, “Daşınmaz əmlakı dövlət reyestri haqqında” Qanunun 9.1.2-ci maddəsinə istinad edilərək ərizənin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və qanunsuz olmaqla, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtina məktubunda bildirilmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********50 saylı məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirilir ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsi üzərinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1706/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi əsasında həbs qoyulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 fevral 2016-cı il tarixli 2-1(82)-344/2016 saylı qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 20 “L” saylı bağ sahəsinə dair İddiaçı adına verilmiş və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 20 “M” saylı bağ sahəsinə dair X1 adına verilmiş xx.xx.2013-cü il tarixli planların ləğv edilməsi qərara alınmış və qərar qanuni qüvvəyə minmişdir. Bundan əlavə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3989/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı "xxxx" (Nikoyl İKB) ASC-də ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarış əsasında X3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,174141 ha sahədən ibarət 20M saylı bağ sahəsinin/torpaq sahəsinin koordinatlarının və naturada yerinin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia tələbinin mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçıya məhkəmə tərəfindən icra icraatı qaydasında müvafiq məhkəməyə müraciət etməsi ilə bağlı hüquqi yardım göstərilməsinə baxmayaraq münasibət bildirilmədiyindən məhkəmə iclasında iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (qərarın 1.1, 1.3, 1.4, 2.1, 2.3, 6.1-ci bəndləri). İş materiallarından göründüyü kimi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1447/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 28 avqust 1990-cı il tarixli 17710 saylı icarə müqaviləsi ilə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində 20 “L” saylı 0,25 ha torpaq sahəsinə dair plan və ölçünün verilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Məhkəmə Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-420/2023 nömrəli qərarındakı hüquqi mövqeyinə istinadən xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə qeyd olunan qərarda hesab etmişdir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Məhkəmə qeyd etmişdir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir. Məhkəmə həm də nəzərə alır ki, torpaq sahəsinin mövcud vəziyyəti, o cümlədən faktiki ölçüləri, konfiqurasiyası və koordinatları məhkəmə araşdırmasının predmeti olmuş və bağ torpaq sahəsinin müvafiq sənəddə göstərilən ölçüyə uyğun olduğu müəyyən edilmişdir. X7 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X7 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın). Belə ki, məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). Bu səbəbdən hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğu üçün iddia tələbi mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında təmin edilməlidir. Məhkəmə hesab edir ki, konkret halda iddia tələbinin mümkün sayılmaması hüquq müəyyənliyi prinsipinə xidmət edir və bu səbəbdən məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması qanuni məqsəd daşıyır. Yuxarıda qeyd edilmiş məhkəmə qərarlarından göründüyü kimi müvafiq məhkəmə araşdırması iddiaçının hazırda mübahisə açdığı tələblə bağlı aparılmışdır. Hazırki iddiasında iddiaçı həmin qərarın icrası ilə bağlı cavabdehin hərəkətlərinin qanuniliyini mübahisələndirir. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırkı iş üzrə iddianın mümkünlük şərtlərini istisna edən halların mövcudluğunu müəyyən etdiyinə görə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbləri baxımından 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1447/2013 nömrəli xx.xx.2013-cü il tarixli qərarı da yekun məhkəmə aktı hesab olunur. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı qərar və hərəkətlərdən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, ayrıca inzibati iddia vermişdir. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar (şikayətlər) inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün də iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddianın mümkün sayılmadığı qənaətinə gəldiyindən, iddiaçıya izah edilir ki, icra sənədini vermiş məhkəməyə şikayətlə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38.2, 39, 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar