Məhkəmə qərarları › İş №2-1(112)-1575/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1575/2021

07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1575/2021 07.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı «iddiaçıya məxsus evdə elektrik enerjisi üzrə sayğacın cavabdehin hesabına dəyişdirilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «iddiaçıya məxsus evdə elektrik enerjisi üzrə sayğacın cavabdehin hesabına dəyişdirilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçıya məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Yusif Məmmədəliyev küçəsindəki 13 saylı ev 1963-cü ildə inşa edilmişdir. Həmin ev bütün kommunikasiya xətləri, yəni işıq, su və qaz xətləri ilə təmin olunmuşdur. İddiaçı 1997-ci ildə həmin evi almış və ev indiyədək onun mülkiyyətindədir. O, həmin evi aldıqda, mənzildə əvvəlki dövrdə quraşdırılmış sayğacdan istifadə olunurdu, daha sonra isə Gəncə şəhərində kütləvi sayğac dəyişiklikləri aparıldıqda, ona məxsus evdə istifadədə olan köhnə sayğac həmin dövrdə elektrik enerjisi satışını həyata keçirən “Bayva enerji” şirkəti tərəfindən yeni “Sayman” tipli sayğacla əvəz edilmişdir. Sayğac evdən kənarda quraşdırılmışdır. Gəncə şəhərində yenidən kütləvi sayğac dəyişməsi keçirildikdə, elektrik enerjisi satış idarəsinin əməkdaşları qonşu evlərin sayğaclarını dəyişmiş, lakin iddiaçıya məxsus evin sayğacını dəyişməli olduqda, avtomobildə bir ədəd sayğacın qaldığını və həmin sayğacın nasaz olduğunu, qısa müddət ərzində həmin evdə də sayğacın yenisi ilə əvəz ediləcəyini bildirmişlər. Buna baxmayaraq uzun müddət keçsə də, iddiaçıya məxsus evdə quraşdırılmış sayğac dəyişdirilməmiş və o, bir neçə dəfə şifahi və yazılı qaydada “xxxx” ASC-уə sayğacın dəyişdirilməsi ilə bağlı müraciət etmişdir. 2019-cu ilin avqust ayında ona cavab məktubu göndərilmiş və bildirilmişdir ki “ASAN Kommunal” Mərkəzinə müraciət etməlidir. “ASAN Kommunal” Mərkəzinə müraciət etdikdə, isə oradan bildirilmişdir ki, texniki şərt tərtib olunmalı və bunun üçün o, pul vəsaiti ödəməlidir. İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Yusif Məmmədəliyev küçəsi, 13 saylı evin 1963-cü ildə inşa edildiyini, orada sayğacın quraşdırıldığını, 1963 ildən elektrik enerjisindən tam qanuni istifadə olunduğunu, artıq bir dəfə sayğacın dəyişdirildiyini bildirsə də, bunun heç bir əhəmiyyəti olmamışdır. Ona məxsus mənzilin texniki şərti olmasaydı, indiyədək orada sayğacdan istifadə oluna bilməzdi, sayğac varsa və artıq bir dəfə rəsmi olaraq dəyişdirilibsə, deməli texniki şərt mövcuddur. Texniki şərt itirilibsə, məsuliyyət elektrik enerjisi satışını həyata keçirən qurumunun üzərinə düşür, onun (iddiaçının) bunda bir təqsiri ola bilməz. Onun təkidinə baxmayaraq, nəinki sayğac dəyişdirilmədi, hətta “xxxx” İB-nin nümayəndələri tərəfindən mənzilinə verilən elektrik enerjisi qanunsuz olaraq dayandırıldı. O, hesab edir ki, “xxxx” ASC-nin hərəkətləri qanunsuzdur, onun evində quraşdırılmış sayğac “xxxx” ASC-nin hesabına yenisi ilə əvəz edilməli və elektrik enerjisinin verilməsi bərpa edilməlidir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 1.2-ci bəndinə əsasən bu Qaydalar «Enerji resurslarından istifadə haqqında», «Elektroenegetika haqqında», «Energetika haqqında» Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 2.1-ci bəndinə əsasən yeni, yaxud yenidən qurulan, həmçinin enerjitəchizatı sxemini dəyişən enerjitəchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının və istehlakçıların elektrik qurğularının şəbəkəyə qoşulması üzrə texniki şərtlərin verilməsi «Elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlərin verilməsi qaydaları»na əsasən həyata keçirilir. Göründüyü kimi, texniki şərt yalnız elektrik şəbəkəsinə yeni qoşulan və ya enerjitəchizatı sxemini dəyişən istehlakçılara verilir, onun evi isə 1963-cü ildə inşa edilmiş və həmin vaxtdan elektrik şəbəkəsinə qoşulmuş, enerjitəchizatı sxemi isə dəyişməmişdir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə – pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Göründüyü kimi, «Elektrik enerjisindən istifadə Qaydaları»nın tələblərinə əsasən onun evində olan sayğacın dəyişdirilməsi eneji təchizatı müəssisəsinin hesabına həyata keçirilməlidir. Göstərilənlərə və İPM-in 2.2.2, 39-cu maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 52.3-cü maddəsinə əsaslanaraq, iddiaçıya məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Yusif Məmmədəliyev küçəsi, 13 saylı evdə quraşdırılmış sayğacın “xxxx” ASC-nin öz hesabına dəyişdirilməsi öhdəliyinin cavabdeh “xxxx” ASC-nin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nünayəndəsi X3 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Elektroenergetika haqqında» AR Qanununun 11-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 1.1-ci bəndinə görə məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır, elektrik enerjisi istehlakçısı – müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Qaydaların 2.1-ci bəndinə əsasən yeni, yaxud yenidən qurulan, həmçinin enerjitəchizatı sxemini dəyişən enerjitəchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının və istehlakçıların elektrik qurğularının şəbəkəyə qoşulması üzrə texniki şərtlərin verilməsi «Elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlərin verilməsi qaydaları»na əsasən həyata keçirilir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Göründüyü kimi, mövcud qanunvericilik mühəndis-texniki parametrlərini özündə əks etdirən sənəd kimi texniki şərtin alınmasını o tikililərdə nəzərdə tutur ki, onlar yeni inşa edilmiş və ya yeni qurulmuş, onlarda yaxud enerjitəchizatı sxemi dəyişmiş olsun. Qanunvericilik fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsinin enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilməli olduğunu da müəyyən etmişdir. İşin hallarına görə isə, məlum olur ki, iddiaçıya məxsus ev yeni tikili deyil, evin yenidən quraşdırılması və ya enerjitəchizatı sxeminin dəyişdirilməsi ilə bağlı hallar mövcud deyil. Odur ki, həmin evə dair elektrik enerjisi təchizatı ilə bağlı texniki şərtin alınması zərurəti yaranmış olmur. Mübahisəli hal isə, iddiaçıya məxsus evin yeni elektrik sayğacı ilə təchizatı ilə bağlıdır, hansı ki, istehlakçı fiziki şəxsdir və müvafiq münasibətlərdə məişət abonenti qismində çıxış edir. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən evdə quraşdırılmış əvvəlki elektrik sayğacının istehlakçı kimi iddiaçı tərəfindən və ya onun təqsiri üzündən zədələnməsi, çıxarılması ilə bağlı xüsusatlar hazırkı inzibati məhkəmə icraatında dəlil kimi təqdim olunmur. Qeyd olunanlar belə qənaət yaradır ki, iddiaçıya məxsus evin elektrik sayğacının dəyişdirilməsi, yəni yeni elektrik sayğacı ilə təchizatı enerji təchizatı müəssisəsi qismində hazırkı cavabdeh “xxxx” ASC tərəfindən qurumun öz hesabına təmin edilməlidir. Odur ki, məhkəmə cavabdeh inzibati orqan “xxxx” ASC-nin imtinasını qanuna zidd qiymətləndirmir və hesab edir ki, bu imtina hazırkı İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal sayılır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Y.Məmmədəliyev küçəsi, 13 saylı evdə quraşdırılmış elektrik sayğacının “xxxx” ASC-nin öz hesabına dəyişdirilməsi öhdəliyi cavabdeh “xxxx” ASC-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Y.Məmmədəliyev küçəsi, 13 saylı evdə quraşdırılmış elektrik sayğacının “xxxx” ASC-nin öz hesabına dəyişdirilməsi öhdəliyi cavabdeh “xxxx” ASC-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar