Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1578/2022 04.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olduğuna görə 17.11.2019-cu il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə pensiyaya çıxması ilə əlaqədar - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, 29.06.2021-ci il tarixli **********6 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 25 ildən az (24 il 3 ay 9 gün (10.05.1981- 28.05.1983-cü il, 01.10.1983-26.04.1984-cü il, 29.04.1984-02.08.2002-ci il, 05.09.2002- 01.11.2004-cü il, 04.11.2004-01.01.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil etdiyinə görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına onun ümumi iş stajını və zərərli və ağır işdə iş stajını təsdiq edən və həmin sənədlərə əsasən onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ olduğunu sübut edən sənədləri təqdim etmişdir. Lakin cavabdeh orqan sənədlərinə baxarkən yalnız İT-İ ******* nömrəli əmək kitabçasına əsaslanmış, Qusar Rayon İstehsal-istehlak Kooperativinin pensiya hesablanması üçün əmək haqqı barədə arayışında qeyd olunan 1980-1981-ci il aralığındakı dövr ərzindəki əmək fəaliyyətini qeydə almamışdır. Belə ki, həmin arayışda ona verilən əmək haqqının 1980-ci və 1981-ci illərin müvafiq ayları üzrə məbləği göstərilmişdir. Həmin arayışdan aydın görünür ki, 1980-ci ilin mart, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr ayları üçün 2444,14 manat, 1981-ci ilin yanvar, fevral, mart, aprel, iyun ayları üçünsə 340,40 manat olmaqla ümumilikdə, 1980-1981-ci illər aralığındakı dövr ərzində 12 ay üçün 2784,54 manat əmək haqqı hesablanmışdır. Qeyd olunanlardan görünür ki, 1980-1981-ci illər aralığındakı dövrdə əmək haqqı hesablanan aylar da ümumi staja əlavə olunmalı idi. Beləliklə, əmək fəaliyyəti ilə məşğul olduğu və əmək haqqı ödənilən ayları da (11 ay) ümumi iş stajına əlavə etdikdə ümumilikdə onun 25 il 2 ay 9 gün ümumi iş stajı olmuş olur. Halbuki cavabdeh barəsində güzəştli şərtlərlə pensiya təyin olunması üçün ümumi stajı hesablayarkən bunu nəzərə almamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və digər sənədlərdən göründüyü kimi, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 3 ay 9 gün (10.05.1981-28.05.1983-cü il, 01.10.1983-26.04.1984-cü il, 29.04.1984-02.08.2002-ci il, 05.08.2002-01.11.2004-cü il, 04.11.2004-01.01.2006-cı il tarixləri arasındakı dövləri) təşkil edir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətinə əsasən, İddiaçı xx.xx.1962-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır; НЗ ******* hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 10.05.1981- 28.05.1983-cü illərdə hərbi xidmətdə olmuşdur; Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 04.09.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 01.10.1983-cü ildən 26.04.1984-cü ilə kimi 22 №-li peşə məktəbini bitirib 601361 №-li diplomunu almışdır. 29.04.1984-cü ildə Qafqazenerjiquraşdırma trestinin nəzdində olan Abşeron Quraşdırma İdarəsində BMU 122/K əmrlə dördüncü dərəcə quraşdırıcı (boru kəmərlərinin və metal konstruksiyası) dərəcəsini almışdır. 26.03.1993-cü ildə beşinci dərəcə quraşdırıcı 35/K əmrlə 02.04.1993cü ildə 77/K əmrlə usta vəzifəsi verilmişdir. 02.08.2002-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. 15/K əmrlə boru və metal quraşdırıcısı olan İddiaçı işlədiyi peşə zərərli peşə olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə əmək təqaüdü verən istehsalçıların vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 29-cu maddəsində Polad və X1 Quraşdırılması üzrə quraşdırıcılar bəndində uyğun olduğu üçün güzəştlə təqaüdə çıxmaq hüququ qazanmışdır. Abşeron quraşdırma idarəsinin adı dəyişdirilərək "xxxx" ASC olmuşdur (əmr 24/K 01.10.2001); X3 AZF-2016/98-K 17.11.2016-cı il tarixli arayışından görünür ki, İddiaçı X3 layihələrində boruçu, boru quraşdırılma işləri üzrə baş usta və boru işləri üzrə nəzarətçi vəzifəsində çalışıb. Onun X4 güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməli: 05/08/2002 - 01/11/2004 X3 layihəsində boruçu peşəsində 02 il, 02 ay, 27 gün (iki il, iki ay, iyirmi yeddi gün) çalışmışdır; 05/09/2011-04/10/2016 X3 Azf-083 layihəsində boru quraşdırılma işləri üzrə baş usta və boru işləri üzrə nəzarətçi vəzifəsində 05 il, 01 ay, 27 gün (beş il, bir ay, iyirmi yeddi gün) çalışmışdır. Cəmi: 07 il, 04 ay, 24 gün (yeddi il, dörd ay, iyirmi dörd gün). Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsində “Sənaye dəmir-beton borularının boruçəkənləri” başlığı altında nəzərdə tutulmuş b) mütəxəssisləri bölməsində “tikinti və quraşdırma işləri üzrə ustalar” bəndlərinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır; "xxxx" MMC-nin 135 nömrəli, 22.11.2016-cı il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" MMC-də 04.11.2004-cü il tarixdən (əmr No.192/K) 14.08.2006-cı il tarixədək (əmr No.143 a/K) boru quraşdırıcısı işində, bilavasitə çənlərin, rezervuarların, aşağı legirli polad boruların, buxar qazanlarının daxilində ligerli polad borularının quraşdırılması işləri ilə tam 8 (səkkiz) saatlıq iş günü ərzində, iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin edilmişdir. İddiaçı, icra etdiyi – rezervuarların, bakların, mazut sistemlərinin və polad borularının quraşdırılması üzrə boru quraşdırıcısı vəzifəsi Azərbaycan Respublikası NK-nin 23.01.2007-ci il tarixli 12 saylı qərarını “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” 35-ci bölməsinə uyğundur; "xxxx" MMC-nin 18 oktyabr 2016-cı il tarixli “İzahlı arayışı”ndan görünür ki, İddiaçı 15 avqust 2006-cı il tarixində (15.08.2006-cı il tarixli əmək müqaviləsinə əsasən) AMEC Services LTD şirkətinə dəniz platformalarında Boru quraşdırıcısı peşəsi üzrə işə qəbul edilib, 04 dekabr 2007-ci il tarixində Boru quraşdırılması üzrə Baş Usta peşəsinə keçirilmişdir. İddiaçı 15 avqust 2011-ci il tarixində 32 saylı 12 avqust 2011-ci il tarixli əmrinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10-cu maddəsinin “10.1” bəndinə əsasən Boru quraşdırıcısı və Boru quraşdırılması üzrə Baş Usta peşələri güzəştli şərtlərlə pensiya hüququ verir. AMEC Services LTD şirkətində həmin peşələr üzrə ümumi əmək stajı 5 (beş) il hesablanmışdır. AMEC MMC-AMEC Services LTD şirkətinin hüquqi varisidir; "xxxx" İnsan Resursları və İnzibati İşlər üzrə Departamentinin 28.02.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 01.05.2017-ci il tarixindən "xxxx" MMC şirkətində Dənizdə boru quraşdırıcı vəzifəsində çalışır və Şirkət işçiyə hər saatına görə 6.93 AZN (vergilər daxil olmaqla) Azərbaycan manatı məbləğində ümumi əmək haqqı ödəyir. Hazırkı arayış əsasında “SDL Nobel MMC” şirkəti İddiaçı adından, onun xeyrinə və ya ona münasibətdə hər hansı məsuliyyət və ya öhdəlik qəbul etmir, o cümlədən onun xeyrinə maliyyə və ya digər zəmanət vermir; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29.06.2021-ci il tarixli **********6 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi 1 yanvar 2006cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 3 ay 9 gün (10.05.1981-28.05.1983-cü il, 01.10.1983-26.04.1984-cü il, 29.04.1984-02.08.2002-ci il, 05.08.2002-01.11.2004-cü il, 04.11.2004-01.01.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: AZFEN B.M-in 25.08.2021-ci il tarixli "xxxx"ndan görünür ki, İddiaçı X3 layihələrində boruçu, boru quraşdırılma işləri üzrə baş usta və boru işləri üzrə baş usta və boru işləri üzrə nəzarətçi vəzifəsində çalışıb. Onun X4 güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməli: 05.08.2002-01.11.2004 X3 layihəsində boruçu peşəsində 02 il, 02 ay, 27 gün (iki il, iki ay, iyirmi yeddi gün) çalışmışdır; 05/09/2011-04/10/2016 X3 Azf-083 layihəsində boru quraşdırılma işləri üzrə baş usta və boru işləri üzrə nəzarətçi vəzifəsində 05 il, 01 ay, 27 gün (beş il, bir ay, iyirmi yeddi gün) çalışmışdır; Cəmi: 07 il, 04 ay, 24 gün (yeddi il, dörd ay, iyirmi dörd gün). Onun 05.08.2002-01.11.2004-cü illərdə işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş b) mütəxəssislər bölməsində “tikinti və quraşdırma işləri üzrə ustalar” bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır; Qusar Rayon Dövlət Arxivinin 13.01.2022-ci il tarixli, 2022 nömrəli məktubunda qeyd edilmişdir ki, Qusar rayon İstehsal-İstehlak Kooperativinin heç bir illərin şəxsi heyət üzrə əmrlər və şəxsi hesab kitabları rayon dövlət arxivinə təhvil verilməmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür, 1984-cü il tarixdən hal-hazıradək müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı 57 yaşı tamam olduğuna görə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. İş materiallarından görünür ki, iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajının olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin imtina məktubunda, etirazında yeganə mübahisə etdiyi məsələ iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etməsi ilə bağlıdır. Məhkəmə iş materiarında olan sənədləri, o cümlədən iddiaçıya məxsus hərbi biletin və əmək kitabçasının təsdiq edilmiş surətini tədqiq edərək, iddiaçının iş stajını aşağıdakı kimi müəyyən etmişdir: - 10.05.1981-28.05.1983-cü illərdə hərbi xidmətdə (02 il 20 gün) - 01.10.1983-26.04.1984-cü illərdə texniki peşə məktəbində təhsil almışdır (06 ay 26 gün); - 29.04.1984-02.08.2002-ci illlərdə Qafqazenerjiquraşdırma trestinin nəzdində olan Abşeron Quraşdırma İdarəsində quraşdırıcı (18 il 3 ay 04 gün); - 05.08.2002-01.11.2004-cü illərdə X4 boruçu (02 il 02 ay 28 gün); - 04.11.2004-14.08.2006-cı illərdə "xxxx" ASC-də boru quraşdırıcısı (01.01.2006-cı il tarixədək 01 il 01 ay 27 gün); Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə qeyd edilən şərtlər birlikdə mövcud olmamışdır. Belə ki, iddiaçının 01.01.2006-cı ilə qədər ümumi iş stajı 25 ildən az olmaqla 24 il 3 ay 15 gün təşkil etdiyindən, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan ümumi iş stajı ilə bağlı şərt ödənilmir. Belə olan halda, iddiaçının güzəştli iş staj ilə bağlı şərtin yerinə yetirilib-yetirilməməsinə ayrıca hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş 1980-1981-ci illərdə əmək haqqı alması barədə 29.04.2021-ci il tarixli Qusar Rayon İstehsal-İstehlak Kooperativinin əmək haqqı cədvəlini mötəbər sübut hesab etməyərək qeyd edir ki, iddiaçının 1980-1981-ci illərdə işləməsinə dair qeydlər əmək kitabçasında öz əksini tapmır. Həmçinin 1980-1981-ci illər üzrə əmək haqqı cədvəlinin iddiaçının işlədiyi dövrdə deyil, 2021-ci il tarixdə tərtib olunması sözügedən sənəddə əks olunan məlumatların əsaslılığını şübhə altına alır. Bundan əlavə məhkəmə araşdırması zamanı iddiaçının Qusar Rayon İstehsal-İstehlak Kooperativinə işə qəbul olunması və işdən azad olunması barədə əmrlər müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçı əmək kitabçasında qeyd edilməyən dövrlə bağlı kifayət qədər güclü, aydın və “əsaslı şübhədən kənar” sübut təqdim edə bilməmişdir. İddiaçının dəlilləri məhkəmə araşdırması zamanı da təsdiqini tapmamış və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən iddianın əsaslı olması qənaətinə gəlmək mümkün deyildir. Məhkəmə həmçinin vurğulayır ki, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması barədə “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək olan redaksiyası iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, qeyd edilən maddəyə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş və yaş həddi 57-dən 60-a qaldırılmışdır. Qeyd edilən dəyişiklik 01 iyul 2017-ci ildən qüvvəyə minmişdir. İddiaçı xx xxxxxx 1962-cü il təvəllüdlü olmaqla 57 yaşı 17 noyabr 2019-cu ildə tamam olmuşdur və qeyd edilən tarixdə artıq “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə güzəştli pensiya hüququ verən yaş həddi 60 olmuşdur. İddiaçıya hal-hazırda qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi də tətbiq edilə bilməz. Belə ki, iddiaçının qanunla müəyyən edilmiş 60 yaşı tamam olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1578/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1578/2022
04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver