Məhkəmə qərarları › İş №2-1(112)-1579/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1579/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1579/2021 28.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun və qeyrilərinin əmək müqaviləsinə xitam verilməsi barədə 24.04.2020-ci il tarixli, **********452400 nömrəli əmrinin ona münasibətdə hissəsinin ləğv edilməsi, onun əmək müqaviləsinə xitam verilənədək işlədiyi Bakı şəhəri X18 üzrə Baş İdarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinə dövlət vergi müfəttişi vəzifəsinə bərpa olunması və iş buraxmaya görə əmək haqqının hesablanaraq cavabdehdən tutulub ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehin 19.03.2019-cu il tarixli, **********323100 nömrəli əmri ilə VN yanında Bakı şəhəri X18 Departamentinin Vergi Ödəyicilərinə xidmət İdarəsinin vergi ödəyicilərinin məlumatlandırılınası şöbəsinin vergi ödəyicilərinin məlumatlarının təhlili şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə altı ay müddətinə stajçı təyin edilmişdir. 19.09.2019-cu il tarixdən VN-nin Bakı şəhəri X18 üzrə baş İdarəsinin vergi ödəyicilərinə xidmət idarəsinin vergi ödəyicilərinin məlumatlandırılınası şöbəsinin vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinin stajçı vəzifəsinə sınaq müddətinə təyin edilmişdir. Cavabdehin 24.04.2020-ci il tarixli, **********452400 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə və DVOXH Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən dövlət vergi orqanlarında xidmətinə xitam verilmişdir. Cavabdehin əmri qanunsuz və əsassızdır. Əvvəla cavabdeh əmək müqaviləsinə xitam verərkən o, ambulator müalicədə olmuşdur. Hansı ki, 800861 nömrəli əmək qabiliyyəti olmaması vərəqindən də görünmüşdür ki, o, hiportonik diaqnozu ilə 24.04.2020-ci ildən 27.04.2020-ci il larixdədək 5 saylı şəhər poliklinikasının ambulator müalicəsində olmuşdur. Baxmayaraq ki, xəstə olmağı barədə iş yerinə də telefonla məlumat vermişdir. İşin hallarından görünür ki, onun əmək müqaviləsinə nə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, nə də DVOXH Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsi ilə nəzərdə tutulmuş əsaslar yoxdur. Yəni işəgötürən əmrin faktiki və hüquqi əsasını da müvafiq şəkildə əmrdə göstərməmiş və əsaslandırmamışdır. İşə götürənin əmrinə əsasən ƏƏSMN-nin Mərkəzləşdirilmiş X1 işsiz kimi qeydiyyatda olmuş 23 əməkdaşa avtomatik olaraq 190 manat məbləğində birdəfəlik yardım təyin edildiyi, bunlardan 7 əməkdaşın müvafiq poçt şöbələrinə gedərək qeyd olunan vəsaitin əldə edildiyi və yalnız daxili təhlükəsizlik baş idartəsiııin müdaxiləsindən sonra onun geri qaytardıqları qeyd edilmişdir. Əmrdən də görünmüşdür ki, ittiham olunduğu əmələ görə o, 190 manat pulu nə almadığı, nə də büdcədən adına köçürülmədiyi halda onun əmək müqaviləsinə xıtam verilmiş, lakin həmin məbləği almış və sonradan büdcəyə qaytarmış əməkdaşlara hazırkı əmrlə töhmət verilmişdir. Bugünədək işə götürən tərəfindən ona nə əmrin rəsmi surəti, nə də son haqq hesabı ödənilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı dövlət qulluqçusu olmuş və 19.03.2019-cu il tarixdən 24.04.2020-ci il tarixədək Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət idarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinin dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Məlum olduğu kimi Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamı ilə Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər müəyyən edilmişdir. Qeyd edilən Sərəncamın 10.2-ci bəndinin icrası ilə bağlı tədbirlər planının İİ hissəsinin 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasının təsdiq edilməsi barədə 7 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarı qəbul edilmişdir. Qeyd edilən ödəmə ölkədə makroiqtisadi sabitliyin təmininə və məşğulluq məsələləri ilə bağlı dövlət tərəfindən mövcud vəziyyətdən çıxış üçün hazırlanmış tədbirlərin icrasına yönəldilmək məqsədilə nəzərdə tutulmuşdur. Lakin İddiaçı faktiki olaraq vergi orqanında işləməsinə baxmayaraq, dövlət tərəfindən koronovirus pandemiyası ilə bağlı işsiz vətəndaşlara verilən 190 manat birdəfəlik yardımın alınması ilə bağlı www.e-sosial.az saytı vasitəsi ilə 13.04.2020-ci il tarixdə şəxsiyyət vəsiqəsinin rekvizitlərini daxil etməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Qeyd olunan halla bağlı daxili araşdırma başlanılmış və 15.04.2020-ci il tarixdə İddiaçı ilə izahat işləri aparılmışdır. O, izahatında müraciətin səhvən qeydə alındığını bildirmiş, lakin bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Daha sonra ona həmin müraciətin etibarsız hesab edilməsi üçün yenidən aidiyyəti üzrə müraciət etməsi (təkzib bildirməsi) tövsiyyə edilmiş, lakin o, bundan boyun qaçırmış və yalnız təkrar tövsiyyədən sonra müraciətin etibarsız hesab edilməsi üçün aidiyyəti üzrə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı yaranmış vəziyyətdən suiistifadə etməyə çalışmış, öz hərəkətinin nəticəsinin qarşısını almaq əvəzinə məsuliyyətdən boyun qaçırmış və bununla da o, aztəminatlı və heç bir qazanc yeri olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş dövlət vəsaitindən əsassız bəhrələnmək niyyəti ilə dövlət vergi orqanı əməkdaşına yaraşmayan davranışa yol vermişdir. Həmin hərəkətləri ilə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “f” bəndlərinin, "Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin 1-ci hissəsinin, "Dövlət vergi orqanlarında daxili xidməti intizam” Qaydalarının 4.3-cü, 4.8-ci, 4.9-cu, 4.11-ci və 4.12-ci bəndlərinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.1.2-ci və 3.2.1-ci yarımbəndlərinin tələblərini pozduğuna görə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin 23.04.2020-ci il tarixli, **********965200 nömrəli məktubu nəzərə alınmaqla 24.04.2020-ci il tarixli, **********452400 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46cı maddəsinin 5-ci hissəsinə əsasən İddiaçı vergi orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçı öz iddia ərizəsində onun əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsində nəzərdə tutulan əsasların mövcud olmadığını bildirmişdir. Lakin qeyd edilir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İddiaçı isə öz hərəkətləri ilə vergilər nazirinin 9 dekabr 2015-ci il tarixli, **********840800 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış qaydaları”nın tələblərini pozmuş və bununla da vergi orqanının nüfuzuna ziyan vurmuşdur. Qeyd edilən Qaydaların 3.2-ci hissəsinə əsasən vergi orqanı əməkdaşı Azərbaycan Respublikasının və vergi orqanlarının nüfuzunu möhkəmləndirməli, vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə vergi orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, xidməti fəaliyyəti, eləcə də xidməti fəaliyyətindən kənar fəaliyyəti zamanı öz adını və şərəfini uca tutmalıdır. Əməkdaşın qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməsi və ya qərarlar qəbul etməsi qadağandır. Vergi orqanı əməkdaşı vergi orqanlarında ən mühüm etik dəyərlərdən olan dövlətçilik və ictimai mənafenin qorunması və nümunəvilik kimi dəyərlərə sadiq qalmalıdır. Bu dəyərlər dövlətçiliyə yüksək hörmət nümayiş etdirilməsində, dövlətin maraqlarının və nüfuzunun uca tutulmasında, ictimai mənafenin gözlənilməsində, xidməti fəaliyyət, habelə xidməti fəaliyyətdən kənar vaxtı hamılıqla qəbul olunmuş əxlaq, sosial və ailə-məişət dəyərlərinə riayət olunmasında, Azərbaycan Respublikasının vətəndaşı kimi qanunvericiliklə müəyyən edilmiş vəzifə və öhdəliklərin lazımi səviyyədə icra edilməsində özünü göstərir. Həmçinin, iddiaçı öz iddia ərizəsində 24.04.2020-ci il tarixdən 27.04.2020-ci il tarixdək ambulator qaydada müalicə aldığını və bu barədə iş yerinə məlumat verdiyini bildirmişdir. İddiaçı tərəfindən qeyd olunan müddət ərzindən keçirdiyi xəstəliklə bağlı vergi orqanına hər hansı təsdiqedici sənəd təqdim olunmamışdır. Öz iddia ərizəsində iddiaçı 24.04.2020-ci il tarixli əmr ilə vergi orqanın 23 əməkdaşına avtomatik olaraq 190 manat birdəfəlik yardımın verildiyini və onlardan 7 əməkdaşın poçt şöbəsinə gedərək həmin yardımı aldıqlarını, daha sonra büdcəyə geri qaytardıqlarını, lakin buna görə onlara töhmət verildiyinin qeyd etmişdir. Bununla bağlı bildirmişdir ki, aparılan xidməti araşdırma nəticəsində vergi orqanının əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş X1 işsiz kimi qeydiyyatda olmuş 23 əməkdaşına avtomatik olaraq birdəfəlik yardımın təyin edildiyi, onlardan 7 əməkdaşın müvafiq poçt şöbələrinə yaxınlaşaraq həmin yardımı aldıqları müəyyən edilmişdir. Ancaq vergi orqanın 7 əməkdaşının həmin yardımı almaq üçün özlərinin və ya ailə üzvlərinin müraciət etdiyi müəyyən edilmiş və onlardan 3 əməkdaşın dövlət qulluqçusu (rütbəli şəxs) olduğu aşkar edilmişdir ki, həmin şəxslər tutduqları vəzifədən azad olunmuşdurlar. Qeyd olunan halda differensial yanaşmanın səbəbi həmin şəxslərin ali savadlı vəzifəli şəxslər olması və ən əsası öz iradə ifadələri ilə müraciət etmələri olmuşdur. Bununla yanaşı, iddiaçı 24.04.2020-ci il tarixli əmrin surətinin ona təqdim olunmadığını və son haqq-hesabın ödənilmədiyini bildirmişdir. Lakin qeyd edilir ki, 01.05.2020-ci il tarixdə İddiaçı ilə təhvil-təslim işləri aparılmış, müvafiq əmr ona elan edilmiş, son haqq-hesab hesablanmış və müvafiq məbləğ bank hesabına köçürülmüşdür. Beləliklə, İddiaçıb iddia ərizəsində gətirdiyi dəlillər əsassız, onun işə bərpa olunmasına dair iddia tələbi isə qanunamüvafiq deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh etiraza əlavə təqdim edirək göstərmişdir ki, İddiaçı tərəfindən məhkəmə araşdırması zamanı xəstəlik barədə arayış və müddətin ötürülməsi barədə ərizə təqdim edilmişdir. Həmin ərizə də müddətin bərpa olunması məsələsinə aid olmadığı halda İddiaçı bildirmişdir ki: “...23.04.2020-ci il tarixdə naharımı ötürdüyümə görə səhhətimdə dəyişiklik baş verdi və özümü pis hiss etdim, saat 3 radələrində idarə rəisim Samir müəllimə özümü yaxşı hiss etmədiyimi bildirdim və icazə alaraq evə gəldim... Vergilər Nazirliyinin Birləşmiş Həmkarlar Komitəsinin iclasının keçirilməsi və mənim həmin iclasda iştirak etməli olmağım barədə hər hansı xəbərdarlıq edilməmişdir. 27.04.2020-ci il tarixdə işə çıxan zaman isə mənə əmək müqaviləsinə Vergilər Nazirliyinin 24.04.2020-ci il tarixli **********452400 saylı əmri ilə xitam verildiyi bildirildi...". Ancaq iddia ərizəsində İddiaçı 24.04.2020-27.04.2020-ci il tarixdə 5 saylı şəhər poliklinikasında ambulator müalicədə olduğunu və bu barədə iş yerinə telefonla əlaqə saxlayaraq məlumat verdiyini bildirmişdir. İddiaçı 23.04.2020-ci il tarixdə guya işdə olduğu, səhhəti pisləşdiyi üçün işdən icazə alaraq evə getdiyi, bundan sonra işdən çıxarıldığı və 27.04.2020-ci il tarixdə bundan bixəbər səkildə işə çıxdığı zaman işdən azad olunması barədə məlumatı olduğu barədə yanlış və bir-birinə ziddiyyətli ifadələr verməklə məhkəmə qarşısında hüquqları və ya qanunla qorunan maraqları pozulmuş şəxs kimi özünü qələmə verməyə çalışmışdır. Lakin bununla bağlı bildirilmişdir ki, Vergilər Nazirliyinin 20.04.2020-ci il tarixli **********442600 nömrəli “Təlimin keçirilməsi barədə” əmri əsasında İddiaçı 20.04.2020-02.05.2020-ci il tarixlərdə koronovirus xəstəlyinə qarşı mübarizə tədbirləri ilə əlaqədar olaraq distant üsulla (evdən) “ZOOM” proqramı vasitəsi ilə keçirilmiş təlimdə iştirak etdiyindən həmin tarixlərdə işə çıxmamışdır. Aparılmış daxili araşdırma nəticəsində İddiaçı 23.04.2020-ci il tarixdə keçiriləcək Vergilər Nazirliyinin Birləşmiş Həmkarlar Komitəsinin iclasına dəvət edilmiş, həmin iş günün sonunadək Vergilər Nazirliyinin Bakı şəhəri X18 üzrə baş idarəsinin inzibati binasında olmuş, lakin müvafiq iclas təxirə salınmış və İddiaçı iclasın növbəti gün, yəni 24.04.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. Buna baxmayaraq o, həmin iclasa gəlməkdən imtina etmiş və qeyd etdiyinin əksinə iclasa gəlməməsinin üzrlü səbəbləri barədə hər hansı məlumat verməmişdir. Vergilər Nazirliyinin 24.04.2020-ci il tarixli, **********452400 saylı əmri qəbul olunduğu tarixədək, həmçinin qəbul olunduğu tarixdən sonra da İddiaçı tərəfindən 24.04.2020-27.04.2020-ci il tarixlərində ambulator müalicə olduğu barədə hər hansı sənəd təqdim edilməmişdir. Əks halda iddiaçı gətirdiyi dəlilər ilə bağlı bir sıra suallar yaranır: “Əgər İddiaçı 27.04.2020-ci ıl tarixdə əmr məlumatı olmadığı üçün adi qaydada işə çıxmışdırsa onda nəyə görə xəstəliyi barədə arayışı həmin gün təqdim etməli olduğu halda iş yerinə təqdim etməmişdir və ya həmin gün evdən distant təlimdə iştirak etməli olduğu halda nəyə görə işə çıxma zərurəti hiss etmişdir və ya ambulator müalicə zamanı evdən müalicə ala bildiyi halda (stasionar müalicədən fərqli olaraq) nəyə görə distant təlimə qoşulmamışdır?". Bütün bu qeyd olunanlar, iddiaçının həmin dövrdə hər hansı xəstəlikdən əziyyət çəkmədiyini və məqsədinin məsuliyyətdən boyun qaçırmaq olduğunu göstərir. Həmin arayış ilk dəfə İddiaçı tərəfindən məhkəmə baxışı zamanı iş üzrə dəlil qismində təqdim edilmişdir kı, bu da öz növbəsində həmin sənədin məhkəməni yanıltmaq məqsədi ilə sonradan tərtib olunduğuna dəlalət edir. Göründüyü kimi, iddiaçı törətdiyi ciddi intizam pozuntusu nəticəsində onun barədə görülmüş intizam tənbehi tədbirindən boyun qaçırmaq məqsədiylə məhkəməyə biri digəri ilə ziddiyyət təşkil edən ifadələr verməklə məhkəməni yanıltmağa çalışmışdır. İddiaçı tutduğu vəzifədən azad olunmasına səbəb işə çıxmaması deyil, dövlət tərəfindən koronovirus pandemiyası ilə bağlı işsiz vətəndaşlara verilən 190 manat birdəfəlik yardımın alınması ilə bağlı www.e-sosial.az saytı vasitəsi ilə 13.04.2020-ci il tarixdə şəxsiyyət vəsiqəsinin rekvizitlərini daxil etməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Məşğulluq” altsistemində qeydiyyatdan keçməsi olmuşdur. Qeyd olunan halla bağlı daxili araşdırma başlanılmış və 15.04.2020-ci il tarixdə İddiaçı ilə izahat işləri aparılmışdır. O, izahatında müraciətin səhvən qeydə alındığını bildirmiş, lakin bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Daha sonra ona həmin müraciətin etibarsız hesab edilməsi üçün yenidən aidiyyəti üzrə müraciət etməsi (təkzib bildirməsi) tövsiyyə edilmiş, lakin o, bundan boyun qaçırmış və yalnız təkrar tövsiyyədən sonra müraciətin etibarsız hesab edilməsi üçün aidiyyəti üzrə müraciət etmişdir. Göründüyü kimi İddiaçı yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışmış, öz hərəkətinin nəticəsini qarşısını almaq əvəzinə məsuliyyətdən boyun qaçırmış və bununla da o, aztəminatlı və heç bir qazanc yeri olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş dövlət vəsaitindən əsassız bəhrələnmək niyyəti ilə dövlət vergi orqanı əməkdaşına yaraşmayan davranışa yol vermişdir. İddiaçı mübahisələndirdiyi 24.04.2020ci il tarixli, **********452400 saylı əmrin qanunsuz olduğunu, hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsası kimi barəsində qəbul edilmiş əmrin xəstə olduğu dövrdə qəbul edildiyini gətirmişdir. Cavabdeh tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqları o halda pozulmuş olardı ki, İddiaçı tərəfindən iş yeri üzrə, yəni 24.04.2020-ci il tarixli əmri qəbul etmiş inzibati orqana həmin əmrin qəbul edilməsini qanunsuz edən hallan təsdiq edən sənədi təqdim etmiş, inzibati orqan isə öz növbəsində buna məhəl qoymadan onun müvafiq əmri qəbul etmiş olardı. Lakin burada ilk növbədə elə iddiaçı tərəfindən öz hüquqlarının müdafiəsi və əmək müqaviləsi üzrə vəzifələrinin yerinə yetirilməmiş olması (işə gəlməməyinin üzrlü səbəbləri barədə məlumat verməməsi, xətəliyi təsdiq edən müvafiq sənədi təqdim etməsi və s.) inzibati orqan tərəfindən müvafiq əmrin qəbul edilməsi zamanı qanunpozuntusuna yol verməsi halını istisna edir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddiaya etirazın və ona əlavənin məzmunlarına uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə doğulmuşdur. - İşə götürən Azərbaycan Respublikası Vergilər Nazirliyinin adından vergilər nazirinin birinci müavini X8 ilə işçi İddiaçı arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı 19 dekabr 2019-cu il tarixdən Vergilər Nazirliyinin X18 üzrə baş idarəsinin Vergi ödəyicilərinə xidmət idarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsinə və iş təcrübəsinə görə 19 dekabr 2019-cu il tarixdən 19 mart 2020ci il tarixədək bağlanmışdır. - İddiaçı tərəfindən işəgötürənə verilmiş 15.04.2020-ci il tarixli izahatın surətindən görünür ki, Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyası” ilə bağlı 7 aprel 2020-ci il tarixli qərarından sonra qardaşı X11 işsiz olduğu üçün ondan dövlət tərəfindən işsiz şəxslərə verilən 190 manat yardımın alınması üçün onun adından www.e-sosial.az vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciət ünvanlamağını xahiş etdi. O bu məsələdən kütləvi informasiyalar vasitəsilə məlumatlı olduğu üçün onun əvəzindən müraciət edəcəyini ona bildirdi və şəxsiyyət vəsiqəsi məlumatlarını ona göndərməsini dedi. Daha sonra o ona şəxsiyyət vəsiqəsi məlumatlarını verdi və o internet vasitəsilə e-sosial.az saytına daxil olaraq qeyd olunan məsələ ilə bağlı 06.04.2020-ci il tarixdən 13.04.2020-ci il tarixədək hər gün orada müvafiq xanalaraq S.Aşurovun məlumatlarını daxil edirdi. Lakin sonda “Təsdiq et” düyməsini basdıqda ekrana “Göstərilənlərə uyğun şəxsiyyət vəsiqəsi tapılmadı”, “PİN səhvdir” məlumatı çıxırdı. O bunu günlərlə təkrarladı, yenə də “PİN səhvdir”, “Göstərilənlərə uyğun şəxsiyyət vəsiqəsi tapılmadı” və “Sistem xətası yenidən cəhd edin” məlumatı çıxdı. Həmin vaxt o şəxsiyyət vəsiqəsindəki məlumatların səhv olub-olmamasını yoxlamaq üçün qeyd etdiyi xanalara öz məlumatlarını daxil etdi və “Təsdiq et” düyməsini basdıqda müraciəti qeydə alındı. Daha sonra o S.Aşurovun da məlumatlarını daxil etdi və bir neçə cəhddən sonra onun da müraciəti qeydə alındı. Bildirir ki, 190 manat birdəfəlik yardımın ona aid olmadığını bilir, ehtimal etmişdir ki, onun müraciətinə baxıb araşdıran zaman işsiz olmadığı üçün əhəmiyyət verilməyəcək və müraciətinə baxılmayacaq. Əlavə olaraq bildirir ki, tezliklə ƏƏSMN-nə etdiyi müraciətin ləğv edilməsi və həmin ərizənin etibarsız olunması üçün müraciət edəcək. Onun 190 manat birdəfəlik yardım almaq fikri olmayıb, həmin vəsaitin dövlət tərəfindən işsiz vətəndaşlara verildiyini bilir, yuxarıda qeyd etdiyi kimi “PİN səhvdir”, “Göstərilənlərə uyğun şəxsiyyət vəsiqəsi tapılmadı” və “Sistem xətası yenidən cəhd edin” məlumatının səbəbini bilmək üçün müraciət etmişdir. Nəzərə almaqlarını xahiş edir. - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Birləşmiş Hİ Komitəsi Rəyasət Heyətinin 24 aprel 2020-ci il tarixli iclasının, 6 №-li protokolunun lazimi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Birləşmiş Hİ Komitəsi Rəyasət Heyəti Vergilər Nazirliyinin X18 üzrə baş idarəsinin Vergi ödəyicilərinə xidmət idarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinin dövlət vergi müfəttişi İddiaçı işdə yol verdiyi ciddi nöqsanlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilməsinə razılıq verilməsini qərara almışdır. - Vergilər Nazirliyinin **********452400 №-li, 24.04.2020-ci il tarixli intizam tənbehi tədbirinin görülməsi barədə əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin 22.04.2020-ci il tarixli, **********966900 nömərli xidməti məruzəsi əsas göstərilməklə Vergilər Nazirliyinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət idarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinin dövlət vergi müfəttişi – 3-cü dərəcəli müfəttiş İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. - 01 may 2020-ci il tarixli İddiaçı, Vergilər Nazirliyinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət idarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin rəisi X4, Maliyyə, təminat və mühasibat uçotu şöbəsinin rəhbəri- baş mühasib X5, sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsinin Dəftərxana və arxiv bölməsinin rəisi X9 tərəfindən imzalanmaqla tərtib edilmiş təhvil-təslim aktının və akta əlavə siyahının lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Vergilər Nazirliyinin 22.04.2020-ci il tarixli **********452400 nömrəli əmrinin icrası ilə əlaqədar dövlət vergi müfəttişi İddiaçı akta əlavə olunmuş siyahıda qeyd olunan sənədlər, inventar, avadanlıq və ofis ləvazimatı təhvil alınmışdır. - 19.08.2020-ci il tarixli, **********940500 №-li məlumatın təqdim edilməsi barədə məktubdan görünür ki, Bakı şəhəri X18 üzrə Baş İdarəsinin Maliyyə, təminat və mühasibat uçotu şöbəsi məlumat üçün bildirir ki, sabiq əməkdaş X6 17,34 istifadə etmədiyi məzuniyyət günlərinə görə 394,14 manat son haqq-hesab hesablanmış və həmin hesablanmış məbləğdən, Həmkarlar fonduna hesablanmış 7,88 manat, DSMF-na 11,82 manat, İşsizlikdən sığorta fonduna 1,97 manat, Gəlir vergisi 55,18 manat tutularaq 03 iyun 2020-ci il tarixdə 317,29 manat İddiaçı müvafiq bank hesabına köçürülmüşdür. - İş materiallarında olan e-sosial.az tərəfindən iddiaçıya ünvanlanan 22.04.2020-ci il tarixli sms-çıxarışdan görünür ki, İddiaçı aktiv əmək müqaviləsi aşkarlandığı üçün, Məşqulluq haqqında Qanuna əsasən ona işsiz kimi qeydiyyata alınmaqdan imtina edilmişdir. - Dövlət Məşgulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********8 №-li, 22.05.2020-ci il tarixli məktubdan görünür ki, müraciətdə elektron müraciətinə aidiyyatı üzrə Nəsimi rayon Məşğulluq Mərkəzi tərəfindən baxılmışdır. Müraciətində qeyd etdiyi telefon (***-***-**-**) nömrəsi ilə əlaqə saxlanılmış və ətraflı söhbət aparılmışdır. Telefon əlaqəsi zamanı 190 manat birdəfəlik maddi yardım ilə bağlı müraciət etdiyi, lakin işlədiyi üçün müraciətinin qeydə alınmamağını istədiyini bildirilmişdir. Ona Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli 127 saylı qərarı barədə ətraflı məlumat verilmiş, adında aktiv əmək müqaviləsi olduğu üçün birdəfəlik ödəmə ilə bağlı imtina SMS-idə göndərilmişdir. - Dövlət Məşgulluq Xidmətinin Abşeron rayon Məşğulluq Mərkəzinin 247 №-li, 30.08.2018-ci il tarixli arayışından görünür ki, X11 həqiqətən Abşeron rayon Məşğulluq Mərkəzində 06.04.2015-ci il tarixdən işaxtaran vətəndaş kimi qeydiyyata alınmışdır. Vətəndaş işsizlik müavinəti almamış və onun adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə X1 01.06.2018-ci il tarixdən əmək müqaviləsi qeydə alınmamışdır. - 5 saylı şəhər Poliklinikası tərəfindən verilmiş 800861 №-li, 24.04.2020-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 24.04.2020-ci ildən 26.04.2020-ci ilə qədər “VDD-hipotomik tipli” diaqnozu ilə ambulator müalicədə olmaqla işdən azad edilmişdir. - Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 5 nömrəli Şəhər Poliklinikası tərəfindən məhkəməyə ünvanlanmış 1709 №-li, 02.12.2020-ci il tarixli məktubdan görünür ki, Nəsimi rayon Bül-bül pr.ev 65 C, mən.30 ünvanda yaşayan, xx.xx.1984-cü il təvəllüdlü, İddiaçı, 23.04.2020-ci il tarixdə Nəsimi rayon 5 N-li şəhər poliklinikasına müraciət etmişdir. Xəstə poliklinikaya gec gəldiyinə görə sahə həkimi G.Qasımlı 24.04.2020-ci il tarixdə tibbi müayinələrdən keçmək üçün təkrar poliklinikaya gəlməsini bildirmişdir. 24.04.2020-ci il tarixdə EKQ-müayinənin nəticəsi "Miokardda mülayim dəyişiklik". Rentgen müayinənin nəticəsi:" Ağ ciyərin şəkli güclənib. Cor norma, sinus və diafraqma sərbəstdir". Diaqnoz: "G90.8-VDD hipotonik tipli”. Xəstəyə 24.04.2020-ci il tarixdən 26.04.2020-ci il tarixə kimi 800861 №-li əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh tərəfindən 19 dekabr 2019-cu il tarixdə Vergilər Nazirliyinin X18 üzrə baş idarəsinin Vergi ödəyicilərinə xidmət idarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmişdir. Cavabdehin daxili təhlükəsizlik baş idarəsi tərəfindən aparılmış araşdırma zamanı İddiaçı faktiki olaraq vergi orqanında işləməsinə baxmayaraq “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli Qərarı ilə bağlı 190 manat birdəfəlik yardımın alınması ilə bağlı 13.04.2020-ci il tarixdə müraciət etməsi müəyyən edilmiş, bununla bağlı 15.04.2020-ci il tarixdə İddiaçı izahatı alınmışdır. İddiaçı izahatında müraciəti qardaşı ilə bağlı etməsini, 190 manat almaq üçün müraciət etmək fikrində olmamasını bildirmişdir. 5 saylı şəhər Poliklinikası tərəfindən verilmiş 800861 №-li, 24.04.2020-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən İddiaçı 24.04.2020-ci ildən 26.04.2020-ci ilə qədər “VDD-hipotomik tipli” diaqnozu ilə ambulator müalicədə olmuşdur. Cavabdehin 24.04.2020-ci il tarixli, **********452400 nömrəli əmri ilə İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. - 10-cu maddəsinin “a” və “f” bəndlərinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələridir. - 70-ci maddəsinin “ç” bənində əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 72-ci maddəsinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli, 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin: - 75-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə; 4) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin vergi orqanlarında onun ixtisasına uyğun olan digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda; 5) xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə; 6) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 7) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda; 8) Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulan digər hallarda. - 76-cı maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir. - 80-cı maddəsinə əsasən vergi orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas müvafiq icra hakimiyyəti orqanının əmri və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir. - 81-ci maddəsinə əsasən xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət vergi orqanlarında xidmətə bərpa edilmiş vergi orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası əmək haqqı ödənilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə cavabdeh inzibati orqan tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin, Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 76-ci maddəsinin tələbləri pozulmaqla qəbul edilmiş 24.04.2020-ci il tarixli, **********452400 nömrəli əmr İddiaçı münasibətdə qanunsuz və əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 58.1.-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin 24.05.2020-ci il tarixli, **********452400 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilməli, iddiaçının Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət idarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinin dövlət vergi müfəttişi vəzifəsinə bərpa olunması və 24.04.2020-ci il tarixdən işə bərpa olunduğu tarixədək olan müddət ərzində məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdehin **********452400 №-li, 24.04.2020-ci il tarixli intizam tənbehi tədbirinin görülməsi barədə əmri İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət idarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin Vergi ödəyicilərinin məlumatlarının təhlili bölməsinin dövlət vergi müfəttişi vəzifəsinə bərpa olunması və 24.04.2020-ci il tarixdən işə bərpa olunduğu tarixədək olan müddət ərzində məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar