Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1579/2023 17.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********3 saylı “Əmək pensiyasının təyin edilməsi haqqında” Qərarına əsasən xx.xx.2022-ci il tarixdən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 332.31 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, onunla işləyən neftçilərin 85 faizlə pensiyaya çıxıb 700-800 manat təqaüd adığı halda, 70000 manat sığorta kapitalına baxmayaraq onun niyə 330 manat pensiya aldığını sorğu etməklə, bununla bağlı ona kömək göstərilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla iddiaçıya bildirmişdir ki, ona 11 fevral 2022-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən işlədiyi dövrdə qazandığı 67791,85 manat sığorta kapitalına uyğun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci və 45-ci maddələrinin tələblərinə uyğun qaydada 332,31 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 5 yanvar 2022-ci il tarixindən hesablanaraq ona ödənilməli olan 289,43 manat pensiya məbləği müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, ona keçmiş dövr üzrə müəyyən edilmiş 289,43 manat pensiya məbləği cari ilin mart ayında əmək pensiyasının (332,31 manat) üzərinə əlavə edilərək (332,31+289,43=621,74 manat) müvafiq kart hesabına köçürülmüşdür. Əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması vaxtilə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulub. Sözügedən Qanun Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşüb. 1 yanvar 2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda əmək pensiyasının hesablanması pensiya sığorta kapitalına əsasən müəyyən edilib. Buna görə də əmək pensiyasının əmək haqqına əsasən hesablanması mümkün deyil. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını, iddia tələbinin 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmiş, iş üzrə cavabdeh əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 25 il Bahar enerjidə dənizdə neftçi kimi, 14 il isə Gön-Dəri fabrikində çalışmışdır. Təqaüdə Bahar enerjidən çıxmışdır. Onu hazırda təyin olunmuş pensiya qane etmir. Əslində ona pensiya daha çox, yəni 1150 manat hesablanmalıdır. Belə ki, onunla birlikdə çalışan şəxslər hazırda 700-800 manat pensiya alırlar. Ona isə 300 manat təyin edilmişdir. Bu vaxta kimi işlədiyi müəssisələr güzəştli olmuşdur. Onun xeyli iş stajı vardır. Hesab edir ki, bu düzgün deyil. O, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. İşdə olan sübutlarla, o cümlədən iddiaçının işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı”na əsasən güzəştli şərtlərlə pensiya çıxmaq hüququ verən vəzifə olması təsdiqlənir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahı"nın sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 nömrəli qərarı ilə qüvvədən düşməsinin hüquqi nəticəsi iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran və yüngülləşdirən normativ-hüquqi akt olmadığından iddiaçıya münasibətdə geriyə şamil edilə bilməz. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında göstərmişdir ki, İddiaçı güzəştli şərtlərlə əmək penisyasının təyin edilməsi ilə bağlı hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan normativ hüquqi akt “Əmək pensiyaları haqqında” Qanundur. Əgər hüquq qüvvədə olan qanuna əsasən yaranmışdırsa, onun tətbiqi qaydaları da qüvvədə olan müvafiq normaya əsaslanmalıdır. İddiaçının iddia ərizəsində iddia etdiyi kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin müəyyən edilməsi üçün hal-hazırda qüvvədə olan hüquq normalarından istifadə edildiyi kimi, onun hesablanması qaydası da indiki hüquq normalarına əsaslanaraq hesablanmalıdır, əks halda bu hüquqazidd bir situasiya doğuracaqdır. Digər tərəfdən iddiaçının 2006-cı ilədək, yəni “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinin tətbiqi üçün lazımi güzəştli sığorta stajı mövcud deyil. Cavabdeh iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə münasibət bildirərək göstərmişdir ki, İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati orqana müraciət etməmişdir. İddia ərizəsində göstərilən Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarına istinad edilmiş güzəştli arayış inzibati orqana təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı inzibati orqanla arasında mövcud olmayan mübahisənin həlli üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Belə ki, iddiaçı inzibati orqandan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqının 85 faizinə münasibətdə yenidən hesablanmasını xahiş etmişdirsə, məhkəmədən ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı hazırda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini, daha doğrusu ona 60 yaşdan deyil, 57 yaşdan pensiya təyin edilməsini xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-in 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın (bundan sonra Qayda) 5.5-ci bəndinə əsasən Qanunun 22-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla avtomatlaşdırılmış qaydada təyin edilən əmək pensiyaları istisna olmaqla, əmək pensiyalarının təyin edilməsi bu Qaydaya 5 nömrəli Əlavəyə uyğun formada qəbul edilən qərarla rəsmiləşdirilir. Həmin Qaydanın 6.5-ci bəndinə əsasən hərbi qulluqçuların və pensiya təminatı sahəsində qanunla onlara bərabər tutulan xüsusi rütbəli şəxslərin əmək pensiyalarının bu Qaydanın 6.1.3-6.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda yenidən hesablanması bu Qaydaya 10 nömrəli Əlavə ilə müəyyən olunmuş formada qəbul olunan qərarla rəsmiləşdirilir. İstinad olunan normalara əsasən müəyyən olunur ki, iddiaçının hazırkı tələbi məcburetmə haqqında iddiaya uyğun gəlir. İşdən görünür ki, iddiaçı ilkin olaraq ona təyin olunmuş pensiyanın məbləğindən narazı olmuş, həmin məbləğin əmək haqqının 85 faizi ilə hesablanmalı olmasına istinad edərək cavabdehə bununla bağlı müraciət etmişdir. Lakin iddia ərizəsindən görünür ki, iddiaçının məhkəməyə müraciəti ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahı"sında göstərilən vəzifələrdə işlədiyini iddia edərək ona güzəştli şərtlərlə pensiyanın 52 yaşdan təyin edilməsi ilə bağlı qanunvericiliyin müddəalarına istinad etmiş və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra isə məhkəmə iclasında tələbini dəqiqləşdirərərək ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı istər 52 yaş, istərsə də 57 yaşdan ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etməmişdir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilərə 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxslərin 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır. 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün isə onun 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. İşdə olan iddiaçıya məxsus əmək kitabçası və hərbi biletdən görünür ki, onun xx.xx.2006-cı il tarixə ümumi iş stajı 23 il 6 ay 13 gün təşkil edir. Deməli, hazırkı halda iddiaçıya əvvəllər qüvvədə olmuş qanunvericiliklə pensiya təyin edilməsi üçün onun “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulan vəzifələrdə işlədiyi sübuta yetirilməlidir. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmçinin hazırda qüvvədə olan Qaydanın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. İşdən görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2022-ci il tarixdə ilkin olaraq cavabdehə müraciət edərkən “X2 Company Limited” şirkətinin arayışını təqdim etmişdir, hansı ki, orada iddiaçının xx.xx.2010-xx.xx.2021-ci illərdə güzəştli vəzifələrdə işlədiyi göstərilmişdir. Görünüyü kimi, iddiaçı nə ilk dəfə ona pensiya təyin edilərkən, nə də sonra onun 1 nömrəli Siyahı üzrə 10 ildən artıq işləməsini təsdiq edən arayışı cavabdehə təqdim etməmişdir. Buna görə də məhkəmə iddiaçıya hüquqi yardım göstərərək izah edir ki, o, istədiyi hüquqi nəticəyə nail olmaq üçün ilk əvvəl xx.xx.2006-cı il tarixədək 10 ildən artıq 1 nömrəli Siyahıda nəzərdə tutulan vəzifədə işləməsini təsdiq edən iş yerindən güzəştli arayış əldə edərək ona 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etməli, ona imtina cavabı verildiyi təqdirdə isə həmin imtinanı məhkəmədə mübahisələndirməlidir. Hazırkı halda iddiaçı belə bir arayış təqdim etməklə müvafiq tələblə məhkəməyə qədər cavabdeh inzibati orqana müraciət etmədiyindən məhkəmə hesab edir ki, iddiaçının hazırkı məzmunda tələbi mümkün sayıla və məhkəmədə baxıla bilməz. Çünki məcburetmə haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasında məqsəd inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməsi zərurəti ilə əlaqədardır. Belə ki, məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Buna görə də məcburetmə haqqında iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək əldə etmək istədiyi hüquqla bağlı hər hansı bir hərəkət edib-etməməsi, başqa sözlə, inzibati orqana müvafiq hüququn əldə edilməsi ilə bağlı müraciət edib etməməsidir. O da qeyd olunmalıdır ki, iddiaçının cavabdehə ilkin müraciəti ona təyin edilmiş pensiya məbləğinin aldığı əmək haqqının 85 faizi miqdarında müəyyən edilməsi ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsində göstərilirdi ki, yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Həmin müddəa xx.xx.2006-cı il tarixdə qüvvədən düşmüşdür. Həmin Qanundan sonra qəbul edilən və xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş ƏPQ-nin 10.2-ci maddəsinin və 27-ci maddəsinin xx.xx.2010-cu il tarixədək qüvvədə olan redaksiyasında isə göstərilirdi ki: “10.1. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PS +(PSK /T), burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanununun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Maddə 27. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir.” Lakin xx.xx.2009-cu il tarixdə ƏPQ-yə dəyişiklik edildi və ƏPQ-nin 10.2-ci maddəsi və 27-ci maddəsi yeni aşağıda göstərilən redaksiyada verildi: “10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Maddə 27. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.” Qanunvericiliyə edilmiş və xx.xx.2010-cu il tarixdə qüvvəyə minmiş bu dəyişikliklə ƏPQ qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının pensiya kapitalına çevrilməsi, bununla da həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat kapitalın hesablanması müəyyən edilmiş, beləliklə də, əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqının nəzərə alınması ilə bağlı müddəa qanunvericilikdən çıxarılmışdır. İddiaçının pensiya hüququ (ona pensiyanın 52, 57, yaxud 60 yaşdan təyin edilməsindən asılı olmayaraq) xx.xx.2010-cu il tarixdən sonra yarandığından onun əmək pensiyasının məbləğinin əmək haqqına əsasən hesablanması mümkün deyil. Buna görə də həmin tələbin uğurluluq ehtimalı olmadığından məhkəmə iddiaçının tələbinin cavabdehə etdiyi müraciətə uyğun dəqiqləşdirilməsinə zərurət görməmişdir. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, işin hallarının araşdırması ilə İddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməsi müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. O da qeyd olunmalıdır ki, iddianın mümkün sayılmaması barədə hazırkı qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2lahova
Məhkəmə qərarları › İş №2-1(112)-1579/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1579/2023
17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver