Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1580/2024 19.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və müvafiq faiz dərəcəsinə uyğun əlillik meyarının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və müvafiq faiz dərəcəsinə uyğun əlillik meyarının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 19 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xxxxxxx0004 №-li, xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin M00086702EGH nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona əlillik təyin edilməsindən imtina etməsi barədə 09 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini və ona müvafiq faiz dərəcəsinə uyğun əlillik meyarının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı il “Aprel döyüş”lərinin və 44 günlük “Vətən Müharibəsi”nin iştirakçısıdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Sol ənsə nahiyyəsinin kor qəlpə yarası, kürək nahiyəsinin açıq yarası. Barotravma” xəsarətini almışdır. Hazırda bədənində 50-ə yaxın qəlpə vardır. xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2022xx.xx.2022-ci il aralığında 2 saylı X1 "Baş beynin Üzvi xəstəliyi” (Travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntular" diaqnozu ilə stasionar müayinə və müalicədə olunmuşdur. Daha sonra isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. Bundan başqa xx.xx.2020-xx.xx.2020-Şəki Mərkəzi rayon xəstəxanasında(MRX)-da, xx.xx.2020-xx.xx.2020-Qax RMX-da və xx.xx.2021-ci il tarixdə MN МНР-da müayinə və müalicədə olmuşdur. Bütün bu diaqnoz və xəsarət (yaralanmanın, travmanın, kontuziyanın) və xəstəliyin səbəbli əlaqəsi haqqında hərbi həkim komissyasının qərarına əsasən aşağıdakı diaqnozlar qoyulmuş və “Xəstəliklər cədvəli”nin 14b maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən Sülh dövründə hərbi xidmətə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. A) Baş beynin üzvi xəstəliyi nəticəsində mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə; B) Sol ənsə və kürək nahiyəsinin odlu qəlpə yaralanmasından (xx.xx.2020) sonraki bərkimiş dəri çapıqları (Bütün bu faktlar qoşma hissəsinə əlavə etdiyim sənədlərlə təsdiq olunur). Hazırda onda yaranmış şəxsiyyət dəyişikliyi xəstəliyi bütün həyat fəaliyyətini iflic edir. Sosial mühitdən təcrid olmaq məcburiyyətində qalır və yaxınları ilə görüşə bilmir. Gün ərzində dəfələrlə xəstəlik səbəbindən şəxsiyyət dəyişikliyi yaşayır, yəni normalda olduğu insandan fərqli bir insana çevrilir. Bu zaman özündən asılı olmayaraq əsəbiləşir, güclü həyəcan keçirir, hər kəsə kobud rəftar göstərir, nitqi qırılır, davranışları qeyri-adekvat olur və özünü idarə etmək iqtidarında olmur. Bunlarla yanaşı ciddi şəkildə yuxusuzluqdan və yaddaş pozulmasından da əziyyət çəkir. Bütün bunlara görə ali təhsilli olmağına baxmayaraq əmək qabiliyyətindən də məhrum olmuşdur. Heç bir yerdə işləyə bilmir və zəruri xərclərini, xüsusilə də tibbi xidmətlər və dərmanlarla bağlı xərclərini ödəyə bilmir. 2021-ci ildə əlilliyin təyin olunması üçün qeydiyyatda olduğu yer üzrə poliklinikaya müraciət edərək, ona əlillik təyin edilməsini xahiş etmişdir. Həmin Poliklinikadan “forma 88” arayışı təqdim edilərək Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. TSEK-dən xx.xx.2021, xx.xx.2021 və xx.xx.2023-cü il tarixlərində imtina cavabı gəlmişdir. Sonuncu imtina barədə məlumatı elektron hökumət portalının müvafiq bölməsindən əldə etmişdir. Bu imtinalar tamamilə əsassız olmuşdur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda maddi hüquq normaları sadalanmış, tələbin mahiyyətinə münasibət bildirilməmişdir. Tərəflərin iştirakı və izahatları: Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Cavabdeh iddiaçıya əlillik təyin etməsindən imtina edərkən onda olan diaqnozun əlillik təyinatına əsas vermədiyini qeyd etmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. Belə ki, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli qərardad ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş T 106/2024 №-li ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İ.T.lsayevin əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: F07.0üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi (travma mənşəli) şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə. Ağırlaşma: F07.8-baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin üzvi xəstəliyi (travma mənşəli) şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə. Ağırlaşma: F07.2-postkontuzion sindrom, baş beynin üzvi xəstəliyi (travma mənşəli) şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə. Yanaşı xəstəliklər: H52.1-miopiya, miopiya. Yanaşı xəstəliklər: L91.0-hipertrofık çapıq, sol ənsə və kürəkdə bərkimiş dəri çapığı” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. O, hazırda qeyd edilən xəstəliklərdən əziyyət çəksə də, üzvi şəxsiyyət pozuntusu kompensasiya mərhələsindədir. Ekspert rəyindən göründüyü kimi, iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnozlar mövcud olsa da, həmin xəstəliklərin kompensasiya mərhələsindədir. İddiaçıda olan əsas diaqnoz üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi ilə əlaqədar olduğunda məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və iş rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X4 göndərilmişdir. Lakin iddiaçı Ekspertiza Mərkəzinə getməkdən imtina etdiyindən inzibati iş rəy verilmədən məhkəməyə geri qaytarılmışdır. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbini təmin olunması üçün əsaslar müəyyən edilmir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və müvafiq faiz dərəcəsinə uyğun əlillik meyarının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-1580/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1580/2024
19.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver