Məhkəmə qərarları › İş №2-1(112)-1582/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1582/2023

27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1582/2023 27.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə 27 iyul 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qərarın əsassız sayılmaqla ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli **********143551 nömrəli akta və xx.xx.2021-ci il tarixli **********848600 nömrəli sənədə əsasən vergi xidməti tərəfindən maliyyə sanksiyası tətbiq edilmiş və büdcəyə 1,278.175,78 manat ödənilməsi barədə qərar qəbul edilmişdir. Hesab edir ki, aparılmış yoxlama nəticəsində hesablanmış rəqəmlər qanunvericiliyə əsaslanmadan aparılmış və həmin yoxlamanın nəticəsi (qərar) təxirə salınmadan ləğv edilməlidir. Cavabdehin etirazı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********143431 nömrəli Qərarına əsasən xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək olan dövr üzrə İddiaçı MMC-nin (VÖEN: **********) fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama müəssisənin direktoru X1 və etibarnamə ilə nümayəndəsi X4 iştirakı ilə aparılmışdır. Yoxlama ilə 258311.29 manat mənfəət vergisinin az, 529094.54 manat əlavə dəyər vergisinin az və 20.0 manat artıq, Əmlak vergisi üzrə 80.57 manat artıq, Ödəmə mənbəyində tutulan vergi üzrə 680.40 manat az hesablanmaqla ümumilikdə 788086.23 manat məbləğində vergilərin azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 490190.12 manat məbləğində maliyyə sanksiyalarının tətbiq edilməsi təklif edilmişdir. Yoxlama müəssisənin hesabat və digər göstəricilərini əks etdirən vergi orqanlarında olan baza məlumatları, eyni zamanda ilkin mühasibat sənədlərinə əsasən aparılmışdır. Növbədənkənar səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2021-ci il tarixli **********143551 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 23.1.3-cü maddəsi ilə Məcəllə ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçiriməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsinin yoxlamanın dolğun və obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazilərinin, binalarının, habelə sənədlərin və əşyaların həmin orqanın əsaslandırılmış qərarı əsasında baxışını keçirmək hüququ vardır. Məcəllənin göstərilən bu maddələrinə əsaslanaraq yoxlama müddətində baxış zamanı müəssisənin ümumiyyətlə heç bir fəaliyyətinin olmadığı müşahidə edilmiş və bu barədədə vergi orqanına müraciət etdiyi, digər fəaliyyət növlərinin həyata keçirilməsi müəyyən edilməmişdir. Vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə xx.xx.2021-ci il tarixli Protokol tərtib edilmişdir. Yoxlanılan dövr üzrə müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində vergiyə cəlb edilən əməliyyatlar üzrə ümumi dövriyyə 9290783.45 manat, ondan hesablanmış ƏDV 1672341.02 manat, əvəzləşdirlən ƏDV 1477754.59 manat, büdcəyə ödənilməli ƏDV 194586.43 manat göstərilmişdir. Müəssisə yoxlanılan dövrünün əvvəlindən 2017-ci ilin noyabr ayından 2020-cı ilin noyabr ayına qədər istehsal (sink, alüminium, mis məftil, mərmər) və müxtəlif təyinatlı məhsulların topdansatışı fəaliyyəti ilə məşğul olmuş və həmin dövr, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2020-cı il tarixədək olan dövr üzrə müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü yoxlanıldıqda kənarlaşma müəyyən edilmişdir. Belə ki, səyyar vergi yoxlaması zamanı müəssisənin xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək təqdim etdiyi vergi hesab fakturalara əsasən 10 070 767,76 (ƏDV-siz) manat dəyərində malllar təqdim etmişdir. Müəssisənin yoxlanılan dövrdə aldığı və idxal etdiyi malları çeşidlər üzrə cədvəlləşdirərək müəssisədə 3 597 940,74 manat dəyərində malların əskik gəlməsi müəyyən edilmişdir. Müəssisə tərəfindən xx.xx.2017-xx.xx.2020-ci il tarixədək təqdim edilmiş bəyannamələrdə 9290783,45 manat (ƏDV-siz) və 1438511,04 manat (dövriyyə 0 faiz) dövriyyə göstərmişdir. Hesablama apararaq 10 070 767,76+3 597 940,74-9290783,45-1438511,04=2 939 414,01. Beləliklə, müəssisə tərəfindən dövriyyənin 2 939 414,01 (ƏDV-siz) manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67.15-ci, 159.5-ci maddəsinə əsasən cəmi 2 939 414,01 manat satışı sənədlə müəyyən edilməyən malların dəyərinə müəssisəyə əlavə 529 094,5 manat ƏDV və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 529 094,5 manat ƏDV-nin 50% miqdarına 264547.2 manat maliyyə sanksiyası hesablanmışdır. Yoxlanılan dövrdə müəssisədə 20 manat ƏDV artıq hesablama müəyyən edilmişdir. Müəssisə yoxlanılan dövrdə əmlak vergisinin ödəyicisi olmuşdur. Əmlak vergisi ilin əvvəlinə qalığın səhv göstərilməsi səbəbindən 2017-ci ildə 80.57 manat artıq hesablanmışdır. Yoxlanılan dövrdə müəssisə ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Müəssisə 2019cu ilin 2-3-4-cü rübləri üzrə və 2020-ci ilin 1, 2 və 3-cü rübləri üzrə bəyannamə təqdim etməmiş və 630.0 manat ödəmə mənbəyində tutulan verginin büdcəyə hesablanmasını təmin etməmişdir. 2019-cu ilin 3-4-cü rübü üzrə və 2020-ci ilin 1, 2, 3-cü rübündə verginin 680.4 manat azaldılması aşkar olunmuşdur. Eyni zamanda yoxlanılan dövrdə müəssisənin 953470,0 manat dəyərində alış sənədləri (hesab fakturalar) mövcud olmayıb satışı sənədlə müəyyən edilən mal-materialı müəyyən edilmişdir. Qeyd edilən mal-materiallar üzrə VM-nin 58.8.3-cü maddəsinə əsasən 10%-lə 95347 manat maliyyə saksiyası hesablanmışdır. Mənfəət vergisinin yoxlanılması üzrə aşağıdakılar müəyyən edilmişdir: Müəssisə tərəfindən 2017-cİ il üzrə mənfəət vergisinin bəyannaməsi təqdim edilmişdir. Müəssisə tərəfindən 2017-cl il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyanaməsində müəssisənin ümumi gəlirləri 3 291 033.63 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 3 144 402.35 manat, vergiyə cəlb olunan mənfəət 146 631.28 manat və mənfəət vergisi 29 326.26 manat göstərilmişdir. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsi ilə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatların və sənədlərin təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Lakin yoxlama gedişatında müəssisə tərəfindən gəlirlə bağlı xərclərin uçotunun düzgün aparılmadığı və yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərc sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Müəssisə tərəfindən yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri təqdim edilmədiyindən yoxlama ilə 2017-ci il üzrə gəlirin (mənfəətin) birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq mənfəət vergisi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü maddəsində nəzərdə tutulmuş qaydada hesablanmışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən “Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadıqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır”. Müəssisənin 2017-ci il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək yoxlama ilə təqdim edilmiş alış aktları, elektron baza məlumatları, (alış, satış, idxal, ixrac məlumatları) əsasında 2017-ci il üzrə müəssisənin əldə etdiyi gəliri 3 314 675,87 manat müəyyən edilərək (ƏDV nəzərə alınmadan) mənfəəti aşağıdakı kimi hesablandı. Vergi ödəyicisi 2017-ci il ƏDV bəyannamələrində cəmi 3314675.87 manat dövriyyə göstərmiş, lakin 2017ci ilin mənfəət vergisi bəyannaməsində 3291033.63 manat göstərməklə 23642.24 manat gəliri az göstərmişdir. 3 314 675,87 M1 = ---- x 20 = 552445.97 100+20 2017-ci il üzrə hesablanmış 552445.97 manat mənfəətdən 20% dərəcə ilə 110489.19 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisə tərəfindən 2017-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 81162.93 manat (110489.19-29 326,26) azaldılması müəyyən edilmişdir. Azərybaycan Respublikasının Vergi Məcəlləsinin 58.1.maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 80374,86 manat azaldılmasına görə 50% miqdarında, yəni 40187,43 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisə tərəfindən 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində müəssisənin ümumi gəlirləri 6 962 444.68 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 6 615 416.65 manat, vergiyə cəlb olunan mənfəət 347 028.03 manat göstərilməklə mənfəət vergisi 69 405.61 manat göstərilmişdir. 2017-ci il mənfəət vergisinin hesablanmasında qeyd edildiyi kimi müəssisənin 2018-ci il üzrə də əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarı ilə şərti rentabellik səviyyəsi 20%, götürülərək yoxlama ilə təqdim edilmiş alış aktları, elektron baza məlumatları, (alış, satış, idxal, ixrac məlumatları) əsasında 2018-ci il üzrə müəssisənin əldə etdiyi gəliri 6 962 444.68 manat müəyyən edilərək (ƏDV nəzərə alınmadan) mənfəəti aşağıdakı kimi hesablanmışdır. 6 962 444.68 M1 = ------------- x 20 = 1160407.44 100+20 2018-ci il üzrə hesablanmış 1160407.44 manat mənfəətdən 20% dərəcə ilə 232081.48 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisə tərəfindən 2018ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 162675.87 manat (232081.48-69 405.61) azaldılması müəyyən edilmişdir. Azərybaycan Vergi Respublikasının Məcəlləsinin 58.1. maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 162675.87 manat azaldılmasına görə 50% miqdarında, yəni 81337.94 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisə tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyanaməsində müəssisənin ümumi gəlirləri 434 174.01 manat, gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 443 224.92 manat, vergiyə cəlb olunan mənfəət 0.0 manat göstərilməklə zərər 9050.91 manat göstərilmişdir. 2017-2018-ci il mənfəət vergisinin hesablanmasında qeyd edildiyi kimi müəssisənin 2019-cu il üzrə də əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarı ilə şərti rentabellik səviyyəsi 20% götürülərək yoxlama ilə təqdim edilmiş alış aktları,elektron baza məlumatları, (alış, satış, idxal, ixrac məlumatları ) əsasında 2019-cu il üzrə müəssisənin əldə etdiyi gəliri 434 174.01 manat müəyyən edilərək (ƏDV nəzərə alınmadan) mənfəəti aşağıdakı kimi hesablandı. 434 174.01 M1 = ------------- x 20 = 72362.33 100+20 2019-cu il üzrə hesablanmış 72362.33 manat mənfəətdən 20% dərəcə ilə 14472.46 manat mənfəət vergisi hesablandı. Yoxlama ilə müəssisə tərəfindən 2019-cu il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 14472.46 manat (14472.46 -0.0) azaldılması müəyyən edilmişdir. Azərybaycan Vergi Respublikasının Məcəlləsinin 58.1. maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 14472.46 manat azaldılmasına görə 50% miqdarında, yəni 7236.23 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. İddiaçının direktoru X3 barəsində Cinayət Məcəlləsinin 213-3-cü maddəsilə xx.xx.2022-ci il tarixli Q2201548 nömrəli cinayət işi başlanmış və CPM-nin 53.1.1-ci maddəsilə xx.xx.2021-ci il tarixində cinayət işi dayandırılmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Cavabdehin təqdim etdiyi iddianın mümkün sayılmaması ilə bağlı vəsatətə münasibətdə Məhkəmə bildirir ki, iddiaçı müəssisənin elektron kabinetinə göndərilən sənəd Tələbnamədir, mübahisələndirilən inzibati akt deyil. O səbəbdən də çatdırılmış sayıla bilməz. Bundan başqa, Vergi Məcəlləsinin 49.1-ci maddəsinə uyğun olaraq qəbul olunmuş qərarlar həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən təqdim edilməlidir. (Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(102)-1932/2021 saylı qərarı) İş materiallarında isə inzibati aktın belə qaydada çatdırılmasına dair hər hansı sübut yoxdur. Bu səbəbdən iddia mümkün iddiadır. Faktiki hallar və sübutlar: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152908 nömrəli qərarla 2017-ci il üzrə 81.162,94 manat, 2018-ci il üzrə 162.675,88 manat, 2019-cu il üzrə 14.472,47 manat mənfəət vergisi, 2017-ci ilin noyabr ayından 2020-ci ilin oktyabr ayı daxil olmaqla dövr üzrə 529.094,52 manat ƏDV, 2019-cu ilin 3-4-cü rübləri və 2020-ci ilin 1-2-3-cü rübləri üzrə 680,4 manat ÖMV hesablanmış, ÖMV bəyannamələrini təqdim etmədiyinə görə maliyyə sanksiyası tətbiq olunmuş, həmçinin, iddiaçı avqust/2019 - avqust/2020 dövrləri üzrə ƏDV bəyannamələrini, İİİ rüb/2019 - İİİ rüb/2020 dövrləri üzrə ÖMV bəyannamələrini təqdim etmədiyinə görə ümumilikdə 800,0 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Həmçinin Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən 95.347,0 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: ... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, ... 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.8. səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: ... 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında. (yoxlanılan dövrdə qüvvədə olan redaksiya) … 62.1. hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır; 62.2. vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, növbədənkənar səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, yəni vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsi əsası ilə həyata keçirilmişdir. Cavabdeh qeyd olunan əsasın sübutu kimi xx.xx.2020-ci il tarixli xidməti məruzəni məhkəməyə təqdim etmişdir. İş materialına əlavə olunan həmin xidməti məruzədən göründüyü kimi, yoxlamanın həyata keçirilməsi barədə qərarın qəbul olunmasından öncə iddiaçının fəaliyyəti ilə əlaqədar mənbəyi bəlli məlumat mövcud olmuşdur. Bununla da, cavabdeh tərəfindən səyyar vergi yoxlaması qanunla müəyyən olunmuş qaydada həyata keçirmişdir. Cavabdeh xx.xx.2017 - xx.xx.2020-ci il dövrləri üzrə yoxlama aparmış, yoxlamanın nəticəsi olaraq yekun qərarı isə xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. Yoxlama ilə cavabdeh tərəfindən 2017-ci il üzrə 81.162,94 manat, 2018-ci il üzrə 162.675,88 manat, 2019-cu il üzrə 14.472,47 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama aktında qeyd olunan hesablamaların əsası kimi iddiaçının həmin dövrlərdə Vergi Məcəlləsinə uyğun olaraq gəlir və xərclərinin uçotunu aparmadığı, gəlirin əldə edilməsi ilə bağlı xərc sənədlərinin tam təqdim edilmədiyi qeyd olunmuşdur. Belə ki, vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Lakin iddiaçı 2017-ci, 2018-ci və 2019-cu illər üzrə gəlir və xərclərinin uçotunu təsdiq edən sənədləşməni nə yoxlama zamanı cavabdehə, nə də məhkəməyə təqdim etməmişdir. Həmçinin, qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 67.17-ci maddəsinə görə, Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Odur ki, Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən şərti rentabellik norması tətbiq edilməklə mənfəət vergisi əsaslı hesablanmışdır. Yoxlama zamanı iddiaçının ƏDV üzrə 2017-ci ilin noyabr ayından 2020-ci ilin oktyabr ayı daxil olmaqla dövrü yoxlanılmışdır. Aktın 13-cü səhifəsində müəssisənin xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək təqdim etdiyi vergi hesab fakturalara əsasən 10.070.767,76 (ƏDV-siz) manat dəyərində mallar təqdim etdiyi qeyd olunmuş, həmin malların cədvəlləşdirildiyi və mallardan 3.597.940,74 manat dəyərində hissəsinin əskik gəldiyi, müəssisənin xx.xx.2017-xx.xx.2020-ci il tarixədək təqdim etdiyi bəyannamələrdə göstərdiyi 9.290.783,45 (ƏDV-siz) manat və 1.438.511,04 manat (0 faiz) dövriyyələr çıxılmaqla 2.939.414,01(ƏDV-siz) manat dövriyyənin azaldıldığı əks etdirilmiş, həmin məbləğə ƏDV hesablamışdır (2.939.414,01 x 18 %= 529.094,52). Məhkəmə bununla bağlı bildirir ki, Vergi Məcəlləsinin 67.15-ci maddəsinə görə, Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Göründüyü kimi, vergi nəzarəti tədbiri zamanı iddiaçının 2.939.414,01 (ƏDV-siz) manat dövriyyənin azaltdığı müəyyən edilmişdir ki, göstərilən norma bu halda vergilərin yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə əks etdirilməsini tənzimləyir. Yoxlama ilə iddiaçıya 2019-cu ilin 3-4-cü rübləri və 2020-ci ilin 1-2-3-cü rübləri üzrə 680,4 manat ÖMV hesablanmış, ÖMV bəyannamələrini təqdim etmədiyinə görə maliyyə sanksiyası tətbiq olunmuşdur. İş materialında olan şəxsi hesab vərəqəsinin araşdırılması zamanı iddiaçı tərəfindən göstərilən bəyannamələrin təqdim olunmadığı təsdiqini tapmışdır. Həmçinin, iddiaçı avqust/2019 - avqust/2020 dövrləri üzrə ƏDV bəyannamələrini, İİİ rüb/2019 - İİİ rüb/2020 dövrləri üzrə ÖMV bəyannamələrini təqdim etməmiş, qeyd olunanlara görə ümumilikdə 800,0 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Məhkəmə tərəfindən şəxsi hesab vərəqəsinin araşdırılması zamanı qeyd olunan bəyannamələrin təqdim edilmədiyi müəyyən olundu. Həmçinin, iddiaçıya 953.470,0 manat dəyərində alış sənədləri (vergi hesab fakturaları) mövcud olub satışı sənədlə müəyyən edilməyən mal-materialının müəyyən edilməsi əsası ilə Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən 95.347,0 manat (953.470 x 10%) maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinin yoxlanılan dövrdə qüvvədə olan redaksiyasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Qeyd olunanlara əsasən iddiaçının 953.470,0 manat dəyərində alışının satışını təsdiq edən sənədlər mövcud olmadığı üçün cavabdeh tərəfindən tətbiq olunan maliyyə sanksiyası əsaslıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli Qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10 aprel 2023-cü il tarixli 9/1291 nömrəli rəy təqdim edilmişdir. Rəyin nəticə hissəsinə əsasən səyyar vergi yoxlaması aktı ilə hesablanması nəzərdə tutulmuş 787.385,83 manat vergilər (ƏDV,mənfəət) və tətbiq edilmiş maliyyə sanksiyasının düzgün olmadığı qeyd olunmuşdur. Həmçinin 680,4 manat məbləğində ÖMV məbləğinin az hesablanmasının müəyyən olunduğu göstərilmişdir. Qeyd olunan ekspert rəyinə münasibətdə Məhkəmə bildirir ki, rəyin nəticə hissəsində səyyar vergi yoxlaması ilə gəlinən nəticənin, yəni 787.385,83 manat vergilərin və hesablanmış maliyyə sanksiyasının düzgün olmadığı qeyd olunmuşdur. Lakin rəyin təsviriəsaslandırıcı hissəsində qeyd olunan nəticənin hansı qaydada müəyyən olunduğuna dair hər hansı izah verilməmiş, ekspertin xüsusi biliyinə aid olan mühasibatlıq sahəsi üzrə əsaslandırılmış mövqe əks olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar