Məhkəmə qərarları › İş №2-1(112)-1583/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1583/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1583/2022 08.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin rəsinin 1-ci müavini vergi xidməti müşaviri X8 tərəfindən qəbul edilmiş 07 iyun 2021-ci il tarixli, **********2275 nömrəli qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X8 tərəfindən qəbul edilmiş 07 iyun 2021-ci il tarixli, **********2275 nömrəli qərara əsasən 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi müşavirləri tərəfindən 27 may 2021-ci ildə operativ vergi nəzarəti keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarətinin nəticəsi olaraq, vergi xidməti müşavirləri tərəfindən tərtib olunan 27 may 2021-ci il tarixli, DVX seriyalı 004920 nömrəli aktda müştəriyə xidmət göstərildikdən sonra xidmətə görə ödənişin ödənilməsi ilə bağlı çekin dərhal verilmədiyini, daha sonra onlar tərəfindən 6 saylı çekin NKA-ya bərpa edildiyi göstərilmişdir. Düşünmüşdür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilən bu qərar qeyri-obyektiv, əsassız və qərəzli şəkildə tərtib olunmuşdur. Qanunla nəzərdə tutulan, üzərlərinə düşən heç bir öhdəlikdən yayınmayaraq, vəzifələrini layiqincə yerinə yetirmişlər. Fəaliyyətə başlamazdan əvvəl qanunvericilikdə göstərildiyi kimi qeydiyyat məsələlərinin hər birini həll edilməsi də bunun göstəricisidir. Təsərrüfat subyektində quraşdırılan və qeydiyyatdan keçirilən nəzarət-kassa aparatları müştərilərə xidmət göstərilən zaman daima işlək vəziyyətdə olaraq, istifadə olunur. Salonda çalışan işçi də sadə insan olaraq fikir dağınıqlığı yaşaya bilər və ya hər hansı vəzifəni yerinə yetirmək, müəyyən hərəkətlər etmək nəzərindən qaça bilər. Vergi xidməti müşavirləri tərtib etdikləri aktda qeyd etmişlər ki, müştəri tərəfindən göstərilən xidmətə görə ödənilən məbləğ NKA-da qeydə alınmadı və çek verilmədi. İşçinin dərhal bu hərəkətləri etmək nəzərindən yayına bilər, amma bu o demək deyil, qısa müddət ərzində həmin ödənilən məbləğ NKA-da qeyd edilməyəcək. Həmçinin Vergi xidməti müşavirləri aktda yalnız bir müştəri tərəfindən ödənilən məbləğin NKA-da qeyd edilmədiyini göstəriblər. Əgər qanunvericiliklə üzərlərinə düşən öhdəlikdən yayınmağa çalışsaydılar, bu cür haldan bir neçəsi aşkarlanardı. Aktda yalnız bir halın qeyd olunmağı açıq-aşkar qanunla nəzərdə tutulan heç bir vəzifədən yayınmadıqlarının, üzərlərinə düşən öhdəlikdən boyun qaçırmadıqlarının və işçinin bir anlıq fikir dağınıqlığının təzahürüdür. Vergi xidməti müşavirləri bunları nəzərə almadan, xəbərdarlıq etmədən, akt tərtib edərək, qərar qəbul etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddia təmin edilməməlidir. İddiaçı (VÖEN: **********) cavabdeh Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vergi orqanı tərəfindən qəbul edilmiş 07.06.2021-ci il tarixli, **********2275 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələblərinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: işin halları ilə bağlı bildirilmişdir ki, vergi orqanının 07.06.2021-ci il tarixli, **********1096 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, 07.06.2021-ci il tarixli, DVX seriyalı 004920 nömrəli akt tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən 07.06.2021-ci il tarixli, **********2275 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 1000,00 (bir min) məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda 07.06.2021-ci il tarixli, **********619500 nömrəli məktubun vergi ödəyicisi tərəfindən 23.06.2021-ci il tarixdə saat 10:05:33-də oxunduğu müəyyən edilmişdir. İddiaçı öz ərizəsində işçisinin fikrinin dağınıq ola biləcəyini, öz vəzifələrini yerinə yetirərkən müəyyən hərəkətləri nəzərdən qaçıra biləcəyinin mümkün olduğunu və vergi orqanının da bu halları nəzərə alıb maliyyə sanksiyası tətbiq etmədən öncə xəbərdarlıq etməli olduğunu bildirmişdir. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli, 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun keçid müddəalarının 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-ci maddəsində müəyyən olunmuş maliyyə sanksiyaları 2019-cu il yanvarın 1-dən bir il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq edilir. Qeyd olunan halda isə operativ vergi nəzarəti 2021ci ildə həyata keçirildiyindən xəbərdarlıq edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, operativ vergi nəzarəti tədbiri hər hansı prosessual pozuntuya yol vermədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada həyata keçirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarət operativ vergi nəzarəti zamanı həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarətkassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş 27.05.2021-ci il tarixli, **********1096 №-li operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus ünvan 2 ünvandakı “Face Studio” adlı obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi məsələləri üzrə 27.05.2021-ci il tarixdən 10.06.2021-ci il tarixədək (10.06.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsinə qərar verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 27.05.2021-ci il tarixli, KY211582229 №-li çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus ünvan 2 ünvandakı “Face Studio” adlı obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi məsələləri üzrə 27.05.2021-ci il tarixdən 10.06.2021-ci il tarixədək yoxlayıcı şəxslər X2, X3 və X5 tərəfindən plandankənar operativ vergi nəzarətinin həyata keçirilməsi qeydə alınmışdır. - Dövlət vergi müfəttişi X2, dövlət vergi müfəttişi X3, baş dövlət vergi müfəttişi X6 tərəfindən tərtib olunmuş, İddiaçı tərəfindən də imzalanmış “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” 27.05.2021-ci il tarixli, seriya DVX 004920 №-li aktın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27.05.2021-ci il tarixli, **********1096 №-li qərarına əsasən fiziki şəxs İddiaçı (**********) məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov 4, 38 ünvanda yerləşən Face Studioda İddiaçı iştirakı ilə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına operativ vergi nəzarəti həyata keçirilərkən müəyyən olundu ki, Face Studioda quraşdırılmış **********Pİ0055719 zavod nömrəli, X18 markalı nəzarət-kassa aparatı İN DVX BKSİBİ-nin 24 may 2021-ci il tarixli, **********2 №-li qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmışdır. Face Studioda əhali ilə pul hesablaşmaların aparılmasında NKA-dan ciddi hesabat blanklarından istifadə olunur. 27.05.2021-ci il tarixdə saat 14:01-də OVN tədbiri zamanı müştəri qismində saç düzümünə görə nağd şəkildə 10 manat məbləğ ödəniş olundu. Ödənilmiş məbləğ NKA-da qeydə alınmaldı və kassa çeki təqdim olunmadı. Dövriyyədən yayındırılmış məbləğ saat 14:35-də 6 saylı çeklə NKA-a bərpa olundu. Bərpa çeki və “X” hesabatlar akta əlavə olundu. Ekspertizanın aparılmasına, mütəxəssis və ya tərcüməçi dəvət edilməsinə zərurət yaranmadı. Rəsmi məlumat əks olunan hər hansı bir sənəd təqdim olunmadı. Fiziki şəxs İddiaçı (**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli, 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərini pozmuş və buna görə də İddiaçı barəsində Vegi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini tərəfindən qəbul edilmiş 07.06.2021-ci il tarixli, **********2275 №li vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 4 ünvanında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, 27.05.2021-ci il tarixli, seriya DVX 004920 №-li akt tərtib edilmiş və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında cavabdeh inzibati orqan tərəfindən 07.06.2021-ci il tarixli, **********2275 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 1000,00 (bir min) məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 13.2.24-cü maddəsinə əsasən nəzarət-kassa aparatı - malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləridir. - 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. - 50.1.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını əhatə edən vergi nəzarəti formasıdır. - 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. - 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. - 50.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: vergi ödəyicisinin adı; VÖEN-i; çekin vurulmasının tarixi və saatı; təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği); gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi; nəzarət-kassa aparatının markası və zavod nömrəsi; nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti); malın sürətli məlumat kodu (X15); ödənilmiş məbləğ; müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə); nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr); çekin növü (satış, geri qaytarma və ya ləğvetmə); nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli, 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinə əsasən pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin vəzifəsidir. Azərbaycan Respublikasının Vergilər nazirinin 14.01.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: - 7.1-ci bəndinə görə bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. - 7.2-ci bəndinə görə əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. - 7.3-cü bəndinə əsasən vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. - 7.4-cü bəndinə əsasən NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X17), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. - 7.5-ci bəndinə görə alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. - 7.12-ci bəndinə görə işlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır. - 7.15-ci bəndinə görə əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarətkassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarətkassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. Məhkəmə icraatı zamanı tədqiq edilmiş işin halları ilə müəyyən olunur ki, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə İddiaçı fəaliyyət göstərdiyi obyektdə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmış, bu barədə məlumat sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmiş, yoxlama yuxarıda istinad olunan normaların tələblərinə uyğun aparılmış, operativ vergi nəzarəti zamanı aşkar edilmiş hüquqpozma aktlaşdırılmış, nəzarət-kassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilmiş, “X” hesabatı alınaraq akta əlavə edilmiş, həmin hüquqpozmaya görə məsuliyyətə cəlb etmə barədə qərar qəbul edilmiş, vergi orqanı bu zaman vergi qanunvericiliyinin hər hansı normasının pozulmasına yol verməmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək cavabdehin qəbul etdiyi inzibati aktın qanunsuz olduğunu bildirməklə onun ləğvini tələb etsə də, həmin qərarın ləğvinə əsas ola biləcək hər hansı bir dəlilə istinad etməmişdir. İddiaçı iddia ərizəsində və məhkəməyə ünvanladığı yazılı izahatlarında dolayı yolla baş vermiş pozuntunu qəbul etmiş, lakin bu halı işçinin fikrinin dağınıq olması ilə izah etmişdir, hansı ki, istinad olunan bu hal qərarın ləğvi üçün əsas deyildir. Eyni zamanda iddiaçı pozuntunun aşkar edildiyi vaxt tərtib edilən və yoxlama nəticələrini əks etdirən aktı imzalayaraq şəxsən qəbul etmiş, həmin aktda göstərilən pozuntu ilə bağlı hər hansı bir təkzibedici qeydi akta əlavə etməmiş, bununla da aktda göstərilənlərlə razılaşmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunlarınverilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3-cü maddəsinə əsasən təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, işin halları ilə iddiaçının istinad olunan hüquqpozmanı törətdiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, vergi orqanının Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə istinadən iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsi barədə 07.06.2021ci il tarixli, **********2275 №li qərarı əsaslı və qanuni olmuşdur, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar