Məhkəmə qərarları › İş №2-1(112)-1584/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1584/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1584/2022 05.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, böyük hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “08 iyun 2021-ci il tarixli, **********2654 nömrəli qərarın ləğv olunması” barədə iddia tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq cavabdehin rəis müavini, baş vergi xidməti müşaviri X2 tərəfindən tərtib olunan 08 iyun 2021-ci il tarixli, **********2654 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin rəis müavini, baş vergi xidməti müşaviri X2 tərəfindən qəbul edilmiş, 27 may 2021-ci tarixdə keçirilmiş operativ vergi nəzarəti yoxlamalarının nəticəsi olaraq 08 iyun 2021-ci il tarixli, **********2654 nömrəli Qərara əsasən 1000 (bir min) manat cərimə edilmişdir. Cavabdehin rəis müavini tərəfindən qəbul edilən bu qərar qeyri-obyektiv, əsassız və qərəzli şəkildə tərtib olunmuşdur. Cavabdeh tərəfindən 27 may 2021-ci il tarixində operativ vergi nəzarət keçirilmiş, keçirilən operativ vergi nəzarətinin nəticəsi haqqında 27 may 2021-ci il tarixli DVX seriyalı 006022 nömrəli aktda quraşdırılmış 00147651 zavod nömrəli “Merkuri 130F01” kassa aparatının olması qanun pozuntusu olaraq göstərilmişdir. İddiaçı üzərinə düşən heç bir öhdəlikdən yayınmayaraq, vəzifələrini bacardığı qədər yerinə yerirmişdir. “Face Studio”nun administratoru tərəfindən vergi xidməti müşavirlərinə lazımi çek təqdim olunmuşdur. Sadəcə olaraq çek 00147651 zavod nömrəli “Merkuri 130F01” kassa aparatından istifadə olunaraq verildiyi üçün heç bir xəbərdarlıq olunmadan, birbaşa olaraq bununla bağlı akt tərtib olunmuş və cərimə ödənilməsi barədə qərar qəbul olunmuşdur. İddiaçı bununla bağlı vergi xidməti müşavirlərindən humanist addım atılmasını gözləyirdi. Lakin cavabdeh buna məhəl qoymadan operativ vergi nəzarəti keçirərək, bu halın mövcudluğu ilə bağlı həmin anda akt tərtib edib və bunun əsasında qərar çıxarmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmənin sərəncamına əsasən təqdim edilmiş iddia ərizəsinə etirazında cavabdeh göstərmişdir ki, cavabdehin 27.05.2021-ci il tarixli, **********1095 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçının fəaliyyəti üzrə “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” və “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin yerinə yetirməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” ilə bağlı 27.05.2021-ci il tarixdən 10.06.2021-ci il tarixədək operativ vergi nəzarəti həyata keçirilmişdir. 27.05.2021-ci il tarixində keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçının ünvan 1 ünvanında yerləşən “Face Studio” gözəllik salonu obyektində saat 12:37 radələrində müştəri tərəindən ona göstərilmiş xidmətə görə 15 manat ödənildiyi və NK-dan çekin verildiyi aşkar edilmiş, lakin NKA Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.8-ci maddəsinin və Nazirlər Kabinetinin 14.02.2019-cu il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Nəzarət kassa aparatının tətbiqi qaydaları”nın tələblərinin pozulduğu faktı ilə bağlı DVX seriyalı 006022 nömrəli akt tərtib edilmişdir. Həmçinin həmin fakt üzrə tərtib edilən aktın bir nüsxəsini iddiaçı imza edərək qəbul etmişdir. Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08.06.2021-ci il tarixli **********2654 nömrəli qərarı ilə vergi ödəyicisi İddiaçı 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi mülahizələr həqiqətə uyğun deyildir və operativ vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən əhali ilə pul hesablaşmaların aparılması qaydalarına riayət edilməməsi faktı aşkar edilmiş və qanunvericiliyin tələblərinə müvafiq şəkildə rəsmiləşdirilmişdir. İddiaçı vergi orqanı tərəfindən hesablanmış maliyyə sanksiya məbləğinin əsassız olduğunu qeyd etsə də, tələbini əsaslandıra bilməmiş, qanunvericiliyin hansı normasının pozulduğunu qeyd etməmiş, belə nəticəyə gəlməsi üçün əsas olmuş halları izah edə bilməmiş, başqa sözlə iddiaçı vergi orqanının haqlı mövqeyini təsdiq edən sübutları təkzib edə bilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа gəlməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı tərəfindən iddianı təsdiq edən sübut qismində məhkəməyə **********2654 nömrəli, 08.06.2021-ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın, 006022 nömrəli, 27.05.2021-ci il tarixli Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında aktın və ********** qeydiyyat nömrəli fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətləri təqdim edilmişdir. Cavabdeh etirazını təsdiq edən sübut qismində **********1095 nömrəli, 27.05.2021-ci il tarixli qərarın, 27.05.2021-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışın, 006022 nömrəli, 27.05.2021-ci il tarixli Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında aktın, **********2654 nömrəli, 08.06.2021-ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın və satış çekinin surətlərini təqdim etmişdir. Vergi orqanının məhkəməyə təqdim etdiyi iddiaçının istifadə etdiyi nəzarət-kassa aparatının satış çekində aşagıdakı məlumatlar əks olunmuşdur. ********** VÖEN-ə malik olan İddiaçı Z. adlı şəxsə məxsus ünvan 2 ünvanında yerləşən “Face Studio” obyekti tərəfindən XX.05.21-ci il tarixdə, saat 12:37-də 15 manat məbləğində çek vurulmuş (malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı göstərilmədən), sadələşdirilmiş verginin məbləği 4%, yəni 0,60 manat. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Vergi qanunvericiliyinə əsasən, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Vergi Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15-ci maddəsində vergi ödəyicisinin hüquqları göstərilmişdir, o cümlədən, vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək(15.1.8.); müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək (15.1.9) Vergi Məcəllənin 23-cü maddəsində isə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək kimi vergi orqanlarının hüquqları nəzərdə tutulmuşdur. Vergi Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Həmin Məcəllənin 50.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN-i; çekin vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği), gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi, nəzarət-kassa aparatının markası və zavod nömrəsi, nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti), malın sürətli məlumat kodu (X5), ödənilmiş məbləğ, müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc), ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, binus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növü (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar barədə məlumatlar olmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İşin faktiki hallarına əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, 51 ünvanında yerləşən “Face studio” adlı obyektində keçirilmiş operativ vergi nəzarəti zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmişdir. Belə ki, iddiaçının obyektində qanun tələblərinə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatından istifadə edilməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçının obyektində həyata keçirildiyi operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinin tələblərinə əsasən iddiaçıya münasibətdə iddiaçının mübahisələndirdiyi qərar ilə maliyyə sanksiyası tətbiq edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İşin məhkəmə inzibati icraatında araşdırma zamanı cavabdeh tərəfindən iddiaçıya münasibətdə qəbul edilən mübahisələndirilən qərarın qanuna zidd və ya əsassız qəbul edilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin rəis müavini, baş vergi xidməti müşaviri X2 tərəfindən tərtib olunan 08 iyun 2021-ci il tarixli, **********2654 nömrəli qərarın ləğv olunması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin rəis müavini, baş vergi xidməti müşaviri X2 tərəfindən tərtib olunan 08 iyun 2021-ci il tarixli, **********2654 nömrəli qərarın ləğv olunması” barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar